Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-485/2021 08.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi) istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətindən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 133278,37 manat, həmçinin sayğac quraşdırmaya görə 493 manat, ümumilikdə 133771,37 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu 12/0155 olan Xətai rayon İcra Hakimiyyətinin elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 133771,37 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 133771,37 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Xətai rayon İcra Hakimiyyətinin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatımüəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin «Enerji və Su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında» 25.03.2002-ci il tarixli, 893 saylı Sərəncamı ilə təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda elektrik enerjsinin təchizatı ilə məşğul olan şirəktlərə tapşırılmışdır ki, elektrik enerjisinə görə ödənişləri aparmayan təşkilatların şərtsiz olaraq şəbəkədən açılması üçün müvafiq tədbirləri həyata keçirsinlər. "xxxx" ASC mülki hüquq subyekti olduğu üçün digər hüquqi şəxs tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Xətai rayon İcra Hakimiyyəti ilə 29.01.2016-cı il tarixdə 12/0155 abonent kodu ilə bağlı müvavilə imzalanmış, həmin kodun altında həm icra hakiyyətinin, həmdə parkların işıqlandırılması həyata keçirilmiş, 133771,37 manat borc parkların işıqlandırılması və sayğacın quraşdırması ilə bağlı yaranmışdır. Cavabdeh 2003-cü ildən 2017-ci ilədək müəyyən ödənişlər etsə də, 2018-ci ildən sonra heç bir ödəniş aparmamışdır. Odur ki, məhkəmədən qeyd olunaları nəzərə alaraq tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında rayonun ərazisində çox saylı parkların yerləşdiyini, lakin həmin parkların işıqlandırılması ilə bağlı yaranmış borcların icra hakimiyyəti tərəfindən ödənilmədiyini və bununla bağlı heç bir öhdəliklərin olmadığını bildirmişdir. Əlavə olaraq izahatında iddiaçının məhkəməyə təqdim etdiyi 29.01.2016-cı il tarixli 12/0155 abonent kodu ilə bağlı imzalanmış müqaviləyə əsasən yalnız Xətai rayon İcra Hakimiyyətinin inzibati binasının işıqlandırılmasını nəzərdə tutulmuş, cavabdeh isə məhz binanın işıqlandırılması ilə bağlı yaranmış borcu hər il ödəmiş, 2018-ci ildə isə Xətai rayon İcra Hakimiyyətinin abonent kodu dəyişmiş və inzibati binasının işıqlandırılmasını ilə bağlı digər kod üzrə ödənişlərin aparıldığını bildirmişdir. Bununla yanaşı izahatında 12/0155 abonent kodu altında inzibati binadan başqa ərazidə yerləşən parkların olması ilə bağlı onları ümumiyyətlə məlumatın olmadığını, parklarda istifadə edilən sayğaclar aktlarla icra hakimiyyətinə təhvil verilmədiyini və müvafiq müqavilələrin bağlanmadığını bildirmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 29 yanvar 2016-cı il tarixli “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra abonent) arasında elektrik enerjisinin alqı-satqısı barədə birtipli” müqavilədən görünür ki, enerjitəzhizatı müəssisəsi - "xxxx" ASC ilə abonent kodu 12/0155 - Xətai rayon İcra Hakimiyyəti arasında olan razılığa əsasən büdcədən ayrılmış vəsaitə uyğun illik buraxılacaq elektrik enerjisinin miqdarı 300000 kvt/s və dəyəri 18000 manat məbləğində müəyyən edilməklə enerji təzhizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak etdiyi elektrik enerjisini elektrik sayğacının göstəricisinə uyğun olaraq enerjitəzhizatı müəssisəsi tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. "xxxx" ASC tərəfindən təqdim edilmiş 30.03.2021-ci il tarixli nömrəli maliyyə arayışından görünür ki, abonent kodu 12/0155 olan Xətai rayon İcra Hakimiyyətinin sərf etdiyi elektrik enerjisinə görə 2002-ci il tarixinə borc 412,80 manat, ödəniş 0 manat, qalıq borc 412,80 manat, 2003-cü il tarixinə borc 7333,90 manat, ödəniş 7509,92 manat, qalıq borc 236,78 manat, 2004-cü il tarixinə borc 5824,60 manat, ödəniş 5824,60 manat, qalıq borc 236,78 manat, 2005-ci il tarixinə borc 2442,13 manat, ödəniş 2431,44 manat, qalıq borc 247,47 manat, 2006-cı il tarixinə borc 3547,84 manat, ödəniş 3131,16 manat, qalıq borc 664,15 manat, 2007-ci il tarixinə borc 6929,44 manat, ödəniş 6663,48 manat, qalıq borc 930,11 manat, 2008-ci il tarixinə borc 8831,03 manat, ödəniş 7858,75 manat, qalıq borc 1902,39 manat,2009-cu il tarixinə borc 8271,77 manat, ödəniş 7319,48 manat, qalıq borc 2854,68 manat, 2010-cu il tarixinə borc 37086,42 manat, ödəniş 7742,20 manat, qalıq borc 32198,90 manat, 2011-ci il tarixinə borc 6082,20 manat, ödəniş 6082,20 manat, qalıq borc 32198,90 manat, 2012-ci il tarixinə borc 6651 manat, ödəniş 6551 manat, qalıq borc 32198,90 manat, 2013-cü il tarixinə borc 9364,64 manat, ödəniş 6980,47 manat, qalıq borc 34583,07 manat, 2014-cü il tarixinə borc 23416,02 manat, ödəniş 7450 manat, qalıq borc 50549,09 manat, 2015-ci il tarixinə borc 35379,77 manat, ödəniş 18579,99 manat, qalıq borc 67348,87 manat, 2016-cı il üzrə borc 36057,41 manat, ödəniş 12032 manat, qalıq borc 91374,28 manat, 2017-ci il üzrə borc 33073,02 manat, ödəniş 7812 manat, qalıq borc 116635,30 manat, 2018-ci il üzrə borc 4406,40 manat, ödəniş 0 manat, qalıq borc 121041,70 manat, 2019-cu il üzrə borc 7373,97 manat, ödəniş 0 manat, qalıq borc 128415,67 manat və 2020-ci il üzrə borc 4862,70 manat, ödəniş 0 manat, qalıq borc 133278,37 manat təşkil edir. "xxxx" ASC-nin abunə haqqında məlumatlarından görünür ki, 12/0155 abunə kodunun ünvanı: Xocalı 21, qeydiyyat: parklar, nazirlik: ünvan 3 ünvan Xətai, massivsiz, Nobel pr. kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” elektrik şəbəkə müəssisəsinin 01/04/648 nömrəli 23.09.2021-ci il tarixli məktubundan görünür ki, həmin müəssisəsinin Xətai TİXS-i səkkiz parka xidmət göstərir, həmin parklardan dördü balansda olmaqla, digər dörd park isə balanslarında deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə tədiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı parkların işıqlandırılması ilə bağlı borcu tələb etməklə məhkəməyə 29.01.2016-cı il tarixli 12/0155 abonent kodu ilə imzalanmış müqaviləni təqdim etmiş, halbuki həmin müqavilədə Xətai rayon ərazisində hər hansı parkın işıqlandırılması ilə bağlı heç bir müddəa, həmçinin parkların işıqlandırılması ilə bağlı sərfiyyatı hesablayan sayğacların nömrələri göstərilməmişdir. “Bakı Şəhər İşığı” elektrik şəbəkə müəssisəsinin məhkəməyə ünvanladığı məktubda isə Xətai rayon ərazisində fəaliyyət göstərən səkkiz parka həmin müəssisə tərəfindən xidmətin göstərildiyi, həmin parklardan dördünün isə onların balansında olduğu qeyd edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının təqdim etdiyi maliyyə arayışında borcla bağlı illər üzrə qeyri-müəyyən dinamika müəyyən etmişdir, belə ki, 2010-cu ildə əvvəlki ilə nisbətdə 4 dəfə artım, növbəti ildə isə 6 dəfə azalma, 2014-cü ildə təxminən 2,5 dəfə artım və 2018-ci ildə isə 8 dəfə azalma müşayiət edilir. Eyni zamanda "xxxx" ASC-nin məhkəməyə təqdim olunan 12/0155 abunə kodu, parklar adlanan abunə haqqında məlumatda dəqiq olmayan ünvanlarla yanaşı, Bakı şəhəri İcra Hakimiyyəti kimi qeydin aparıldığı müşayiət edilir. İddiaçı tələbində quraşdırılmış sayğaca görə pul ödənilməsini tələb etsə də, parklarda quraşdırılmış sayğacların (nömrələri göstərilməklə) cavabdehə təhvil verilməsi ilə bağlı aktları təqdim etməmişdir. Bununla yanaşı iddiaçı izahatında əvvəlki illərdə cavabdeh tərəfindən parkların işıqlandırılmasına görə 12/0155 nömrəli koda ödənişlərin aparılmasını qeyd etsə də, nəzərə alınmalıdır ki, 2018-ci ilədək həmin 12/0155 nömrəli kod Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin ödəniş kodu olmuş və sonuncu inzibati binanın işıqlandırılması ilə bağlı ödənişləri məhz həmin kodun vasitəsi ilə həyata keçirmiş, iddiaçı isə sözügedən ödənişlərin məhz parkların işıqlandırılması ilə bağlı olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, 12/0155 nömrəli bir kodun altında həm inzibati binanın, həm də parkların (rayonun müxtəlif yerlərində yerləşən, ayrıca sayğacların olması nəzərə alınmaqla) işıqlandırılması ilə bağlı yaranmış borcun hesablanması mümkün deyil. Göründüyü kimi iddiaçı parkların işıqlandırılması, həmdə sayğacın quraşdırılması ilə bağlı yaranmış borcla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı istifadəadə etdiyi elektrik enerjisi üzrə yaranmış 133278,37 manat, həmçinin sayğacın quraşdırılmasına görə 493 manat, ümumilikdə 133771,37 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 133278,37 manat, həmçinin sayğacın quraşdırılmasına görə 493 manat, ümumilikdə 133771,37 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-485/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-485/2021
08.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver