Məhkəmə qərarları › İş №e-2-2(113)-485/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-485/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-485/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, təhvil-təslim aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21927.50 manat əsas borcun, 282 manat faiz məbləğinin, ümumilikdə 22209.50 manat məbləğin, 200 manat mediasiya xərcinin, 156.63 manat dövlət rüsumu, 500 manat hüquqi yardımın göstərilməsinə dair xərcin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 28 fevral 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə İddiaçı MMC (“İcarəyə verən”) Razılaşdırma Protokolunda göstərilmiş nəqliyyat vasitələrinit,exnika və avadanlıqları Cavabdeh MMC-yə (“İcarəçi”) icarəyə vermişdir. İcarəçi isə müqavilə üzrə razılaşdırılmış avadanlıqları təyinatı üzrə istifadə edib İcarəyə verənə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 114943 manat məbləğində texnika icarəyə verilmiş, cavabdeh tərəfindən qarşılığında 93015.50 manat pul vəsaiti ödənilmişdir. Yekun olaraq cavabdehin iddiaçıya 21927.50 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 3.1-ci bəndinə əsasən “İcarəyə verən” Nəqliyyat vasitələri, Texnika və ya avadanlıqlar üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş iş üçün tərtib etdikləri cədvəllər əsasında Tərəflər arasında“Görülmüş işlərin təhvil-təslim Aktı”tərtib olunur, imzalanır, möhürlənir. Tərəflər arasında bağlanılmış müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə icarə haqqı növbəti ayın ilk 10 günü ərzində bank köçürmə yolu ilə həyata keçir. Dəfələrlə cavabdehlə şifahi danışıqlar aparılmasına baxmayaraq cavabdeh tərəf həmin borcu ödəməmişdir. Hesab edirik ki, cavabdehdən əsas borcla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə borcun gecikdirilməsinə görə faizlər tutulmalıdır. Belə ki, illik gecikmə üzrə 282 manat faiz borcu 21927.50 (ümumi borc)/5%=1096 manat (illik faiz məbləği), 1096 manat (illik faiz məbləği)/365(1 il ərzində günlərin sayı)=3 manat (1 gün üzrə faiz məbləği) 3 manat (1 gün üzrə faiz məbləği)*94(gecikdirilən günlərin sayı)=282 manat (pretenziyanın təqdim edildiyi gündən xx.xx.2023-cü il) tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair Məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış 28 fevral 2022-ci il tarixli, **-SM-***2 nömrəli icarə müqaviləsinə əsasən icraçı razılaşdırma protokolunda göstərilmiş nəqliyyat vasitələrini, texnika və avadanlıqları sifarişçiyə icarəyə verir, sifarişçi isə onları təyinatı üzrə istifadə edib, icraçıya icarə haqqı ödəyir.

8. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı nəqliyyat vasitələri, Texnika və ya Avadanlıqlar üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş iş üçün tərtib etdikləri cədvəllər əsasında Tərəflər arasında “Görülmüş işlərin təhvil-təslim Aktı” tərtib olunur, imzalanır, möhürlənir.

9. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə icarə haqqı növbəti ayın ilk 10 (on) iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir.

10. Müqavilənin 8.3-cü bəndinə əsasən icraçı və sifarişçi bu müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. Sifarişçi öz öhdəliyinin icrasını gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq icarə haqqının 0,1 faizi həcmində məsuliyyət daşıyır.

11. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 01 saylı və xx.xx.2022-ci il tarixli 02 saylı razılaşma protokolları ilə icraçı tərəfindən sifarişçiyə verilən nəqliyyat vasitələri, texnika, avadanlıqların modeli, tipi, ədəd, aylıq icarə haqqına dair məlumatlar göstərilmişdir.

12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli SM-SK 05/23 saylı təhvil aktına əsasən ödənilməli icarə haqqının məbləği 11125,71 manat, xx.xx.2023cü il tarixli SM-SK 06/23 saylı təhvil aktına əsasən 7488,46 manat, xx.xx.2022-ci il tarixli SM-SK-07/22 saylı təhvil aktına əsasən 5010,46 manat, xx.xx.2022-ci il tarixli SM-SK- 06/22 saylı təhvil aktına əsasən 14468,62 manat, xx.xx.2022-ci il tarxli SM-SK-05/23 saylı təhvil aktına əsasən 23663,54 manat, xx.xx.2022-ci il tarixli SM-SK-04/23 saylı təhvil aktına əsasən 34306,23 manat, xx.xx.2022-ci il tarixli SM-SK-03/23 saylı təhvil aktına əsasən 18739,31 manat (ƏDV daxil olmaqla) icarə haqqı ödənilməlidir.

13. İddiaçı tərəfindən cavabdehə EBDK 024678 saylı xx.xx.2023-cü il tarixli (7488,46 manat), EBDH 168289 xx.xx.2023-cü il tarixli (11125,71 manat), EBBY 194478 saylı xx.xx.2022-ci il tarixli (23663,54 manat), EBCC 264339 saylı xx.xx.2022-ci il tarixli (5010,46 manat), EBBT 437211 saylı xx.xx.2022-ci il tarixli (18880 manat), EBCA 511759 saylı xx.xx.2022-ci il tarixli (14468,62 manat), EBBW 584410 saylı, xx.xx.2022-ci il tarixli (34306,22 manat) elektron qaimələr təqdim edilmişdir.

14. İddiaçı tərəfindən verilmiş hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 93015,50 manat məbləğində ödəniş edilmişdir.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

22. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 21927,50 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 21927,50 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

23. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 282 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

26. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

27. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

28. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

29. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

30. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

32. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

33. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.

34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı iddiaçının çəkdiyi xərc cavabdehə aid edilməlidir.

35. Belə ki, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Mirzəyev və partnyorları” Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 300 manat pul ödənilmişdir.

36. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş ümumilikdə 356,63 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 21927,50 manat əsas borc, 282 manat faiz borcu, ödənilmiş 356,63 manat dövlət rüsumu, 500 manat hüquqi yardıma görə xərc, ümumilikdə 23066,13 (iyirmi üç min altmış altı manat on üç qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar