Məhkəmə qərarları › İş №e-2-2(113)-486/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-486/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-486/2021 17.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC İddiaçı MMC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında ümumi sahəsi 570 m2 təşkiledən qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 04 yanvar 2018-ci il tarixli, 129 №-limüqavilə üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında 01 mart 2019-cu il tarixli üçtərəfli razılaşma üzrə 08 may 2019- cu il tarixinə mövcud olan əsas borc üzrə ƏDV daxil 20,350.00 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 20,380.40 manat məbləğinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 İddiaçı MMCnin xeyrinə birgə/müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh2 MMC arasında Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında ümumi sahəsi 570 m2 təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 04 yanvar 2018-ci il tarixli, 129 №-li müqavilə bağlanmış və Cavabdeh2 MMC tərəfindən Türkiyənin “Jimmy Key” və “Collezione” brendinə məxsus geyim əşyalarının satışını həyata keçirən mağazalar açılmışdır. İcarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq icarəyə verilən əmlak üçün aylıq icarə haqqı ƏDV daxil 8500.00 manat müəyyən edilmişdir. İcarə müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh2 MMC icarəyə verilən əmlakda icarə müddəti ərzində istifadə etdiyi su, kanalizasiya, qaz, elektrik enerjisi, telefon (o cümlədən beynəlxalq, mobil telefon danışıqları və internet xidmətləri) və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi öhdəliyini daşıyacaq. İcarə müqaviləsinin 3.2-ci bəndinə əsasən icarə haqqı hər cari ayın əvvəlində həyata keçirilərək, İddiaçı tərəfindən müvafiq hesab-faktura təqdim olunan tarixdən 3 (üç) iş günündən gec olmayaraq Cavabdeh2 MMC tərəfindən iddiaçıya nağd və ya bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 5.1.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqını və sayğac üzrə xidmət haqlarını vaxtlı-vaxtında ödəmək Cavabdeh2 MMC-nin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə Cavabdeh2 MMC dəfələrlə xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq icarəyə verilən əmlakdan istifadə etdiyi 2018-ci ilin yanvar, fevral və mart ayları ərzində hər dəfə müxtəlif əsassız səbəb və bəhanələr gətirərək, iddiaçıya heç bir ödəniş etməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edərək ona xeyli miqdarda ziyan vurmuşdur. Cavabdeh2 MMC-nin direktoru Qanuni nümayəndə2 iddiaçıya ünvanlandığı 30 mart 2018-ci il tarixli, 04/17 №-li məktub ilə “Collezione” brendinin mallarının istehlakçıların zövqünə və tələbatına cavab verməməsi səbəbi ilə “Collezione” mağazasına məxsus 420 m -lik qeyri-yaşayış sahəsinə münasibətdə icarə müqaviləsinə 01 aprel 2018-ci il tarixindən etibarən xitam verilməsini, “Jimmy Key” mağazasına məxsus 150 m-lik qeyri-yaşayış sahəsinə münasibətdə isə yeni icarə müqaviləsi bağlanmasını (yeni icarə müqaviləsi üçüncü şəxslə bağlanmışdır) xahiş etmişdir. Sözügedən məktubun sonunda Cavabdeh2 MMC icarə müqaviləsi üzrə 01 aprel 2018-ci il tarixinədək yığılmış borcu tam məbləğdə ödəyəcəyinə zəmanət verdiyini vurğulamışdır. İcarə müqaviləsinin 8.5-ci bəndinə əsasən qarşılıqlı razılıq əsasında tərəflər istənilən vaxt bu müqaviləni ləğv edə bilərlər. Cavabdehin qeyd olunan müraciəti nəzərə alınaraq, Ttərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə31 mart 2018-ci il tarixində xitam verilmişdir. Xitam razılaşmasının 2-ci bəndində Cavabdeh 1-in icarə müqaviləsinin şərtlərinə uyğun olaraqi verilən əmlakın iddiaçıya təhvil verildiyi xitam tarixinədək icarə haqqının, icarə müqaviləsində nəzərdə tutulmuş xidmət haqlarının və digər ödənişlərin həyata keçirilməsini təmin etməsinə dair öhdəlik, 3-cü bəndində isə xitam tarixinə yığılmış borcun məbləği (ƏDV daxil 25.500 manat) təsbit edilmişdir. Habelə xitam razılaşmasının 4-cü bəndində qeyd edilmişdir ki,i müqaviləsinə xitam verilməsi cavabdehi icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Borcun ödənişinin təmin edilməsi məqsədi ilə Cavabdeh2 MMC ilə telefon əlaqəsi yaradılmasına dəfələrlə cəhd göstərilmiş, ona xəbərdarlıqlar ünvanlanmış, lakin yenə də borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. 17 oktyabr 2018-ci il tarixində Cavabdeh2 MMCyə xitam tarixinə yığılmış borc məbləğinin ödənilməsi haqqında xəbərdarlıq məktubu göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin on iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Borc məbləğinin məhkəməyə qədər könüllü olaraq ödənilməsini təmin etmək məqsədilə iddiaçı, Cavabdeh2 MMC və zamin qismində çıxış edən Cavabdeh1 arasında icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında 01 mart 2019-cu il tarixli üçtərəfli razılaşma imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən icarəyə verilən əmlakın icarəsi ilə əlaqədar xitam tarixinə yığılmış borc məbləğinin ƏDV daxil 25.500 manat təşkil etdiyi və müvafiq borc məbləğinin ödənişinin MMC tərəfindən 01 mart 2019-cu il tarixindən başlayaraq ardıcıl gələn hər ayın ilk on günü ərzində, hər hansı fasiləyə yol vermədən ƏDV daxil 2.550 manatdan az olmayan həcmdə ödənilməklə, 10 aydan gec olmayan müddətdə tam təmin edilməsi öhdəliyi təsbit edilmişdir. Razılaşmanın 3-cü bəndinə əsasən cavabdeh borc məbləğinin müəyyən olunmuş qrafik üzrə tam həcmdə ödənilməsini təmin etməlidir. Göründüyü kimi, iddiaçı üçün kommersiya baxımından səmərəli olmasa belə, borc məbləğinin ödənilməsi üçün Cavabdeh2 MMC-yə bütün güzəştlər edilmiş və uzunmüddətli olsa belə, hissə-hissə ödəməklə cavabdehlərin öz öhdəliklərini təmin etməsi üçün kifayət qədər vaxt verilmişdir. Qeyd olunan razılaşmanın 4cü bəndinə əsasən iddiaçı razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş borc məbləği üzrə ödənişlərin həyata keçirilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Razılaşmanın 5-ci və 6-cı bəndlərinə əsasən Cavabdeh1 razılaşmanı imzalamaqla, Cavabdeh2 MMC-nin birinci razılaşma üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüş və MMC birinci razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə zamin Cavabdeh1 iddiaçı qarşısında MMC-nin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. Razılaşmanın 9-cu bəndinə əsasən zamin borc məbləği, dəbbə pulu, faizlər, habelə onların tutulması üzrə məhkəmə xərclərinin və Cavabdeh2 MMC-nin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində iddiaçıya dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, iddiaçı qarşısında Cavabdeh2 MMC ilə eyni həcmdə məsuliyyət daşıyır. Razılaşmanın 7-ci bəndinə uyğun olaraq Cavabdeh1 Cavabdeh2 MMC-nin iddiaçı qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi haqqında iddiaçının bildirişini aldığı gündən 5 iş günü ərzində həmin öhdəliklərini yerinə yetirməyə borcludur. Cavabdeh1 tərəfindən 2019-cu ilin mart ayında (29.03.2019-cu il) borcun ƏDV daxil 1,550.00 manatlıq hissəsi, 2019-cu ilin may ayında (08.05.2019-cu il) isə cavabdehlərin adından üçüncü şəxs (X2) tərəfindən ƏDV daxil 3600 manatlıq hissəsi ödənilmişdir. Beləliklə, razılaşma üzrə ümumi borc azalaraq, ƏDV daxil 20.350 təşkil etmişdir. Göründüyü kimi, Cavabdeh2 MMC və Cavabdeh1 iddiaçı qarşısında razılaşmadan irəli gələn öhdəliklərini (hər ayın ilk on günü ərzində, hər hansı fasiləyə yol vermədən ƏDV daxil 2,550 manatdan az olmayan həcmdə müəyyən olunmuş qrafik üzrə ödənişlərin edilməsinə dair) lazımi qaydada yerinə yetirməmiş və onları kobud şəkildə pozmuşdur. Razılaşma üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməsi və mövcud borcun ödənişinin təmin edilməsi haqqında cavabdehlərə ayrıca pretenziya məktubları göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquqmühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, vurulmuş bütün zərərin əvəzinin ödənilməsinin cavabdehlərdən birgə qaydada tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdehlər sözügedən pretenziya məktublarına da məhəl qoymamış və xitam tarixindən təqribən 2 il 5 aya yaxın bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənişi təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.02.2021-ci il tarixli e-2-2(113)-486/2021 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh2 MMC-dən və Cavabdeh1 20.350 (iyirmi min üç yüz əlli) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.08.2021-ci il tarixli e-2-2(113)-486/2021 saylı qərardadı ilə 05.02.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsi üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək eyni zamanda zaminliyə xitam verilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh1 yalnız icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə dair 01 mart 2019cu il tarixli icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında müqaviləyə zamin kimi imza etmişdir. Həmin razılaşmanın 1-ci maddəsindən görünür ki, Cavabdeh1 təmin etdiyi öhdəliyin icra müddəti 01 mart 2019-cu il tarixdən başlayaraq hər ardıcıl gələn ayın ilk 10 günü ərzində həyata keçirilməlidir.Yəni Cavabdeh1 öhdəliyi icra müddəti 10 aprel 2019-cu il müəyyən edilmişdir. Bundan başqa qeyd edilən razılaşmada zaminliyin verilmə müddəti göstərilməmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili AR Mülki Məcəlləsinin 477.0.4-cü maddəsini rəhbər tutaraq razlaşma üzrə zaminliyə xitam verilməsini xahiş etdi. Bununla yanaşı cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq bildirdi ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış icarə müqaviləsi notarial formada təsdiq edilməmişdir. Odur ki, həmin müqavilə etibarsız olduğundan onun əsasında bağlanmış borcun etiraf edilməsi barədə razılaşma etibarsızdır. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə zaminlik müqaviləsinə xitam verilməsinə dair ərizəyə etiraz təqdim edərək, Cavabdeh1 nümayəndəsi öz vəsatətini onunla əsaslandırmışdır ki, MM-in müvafiq maddəsində zaminliyə xitam verilməsinin əsasları göstərilir, sözügedən maddədə göstərilmiş hallardan başqa, digər halların tətbiq olunması nəzərdə tutulmur, müvafiq norma imperativ xarakterli olmaqla, onun əhatə dairəsi genişləndirilə bilməz. Həmçinin MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməsi əsaslarından biri kimi zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarması göstərilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İlk olaraq vurğulayırlar ki, hazırki iş üzrə zaminliyin yaranmasının hüquqi əsası qismində Cavabdeh2 MMC tərəfindən ödənilməmiş ƏDV daxil 20,350.00 manat məbləğində borcun məhkəməyə qədər könüllü olaraq ödənilməsini təmin etmək məqsədilə iddiaçı və Cacavabdehlər arasında icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında bağlanmış 01 mart 2019-cu il tarixli üçtərəfli razılaşma çıxış edir. Razılaşmanın 1-ci bəndinə əsasən icarəyə verilən əmlakın icarəsi ilə əlaqədar xitam tarixinə yığılmış borc məbləğinin ƏDV daxil 25.500 manat təşkil etdiyi və müvafiq borc məbləğinin ödənişinin Cavabdeh2 MMC tərəfindən 01 mart 2019-cu il tarixindən başlayaraq ardıcıl gələn hər ayın ilk on günü ərzində, hər hansı fasiləyə yol vermədən ƏDV daxil 2.550.00 manatdan az olmayan həcmdə ödənilməklə, 10 (on) aydan gec olmayan müddətdə tam təmin edilməsi öhdəliyi təsbit edilmişdir. Razılaşmanın 3-cü bəndinə əsasən Cavabdeh2 MMC borc məbləğinin müəyyən olunmuş qrafik üzrə tam həcmdə ödənilməsini təmin etməlidir. Razılaşmanın 5-ci və 6-cı bəndlərinə əsasən Cavabdeh1 razılaşmanı imzalamaqla, Cavabdeh2 MMC –nin razılaşma üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür və Cavabdeh2 MMC Razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Cavabdeh1 iddiaçı qarşısında Cavabdeh2 MMC –nin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. Razılaşmanın 9-cu bəndinə əsasən borc məbləği, dəbbə pulu, faizlər, habelə onların tutulması üzrə məhkəmə xərclərinin və Cavabdeh2 MMC-nin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində iddiaçıya dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Cavabdeh1 İddiaçı qarşısında Cavabdeh2 MMC ilə eyni həcmdə məsuliyyət daşıyır. Razılaşmanın 7-ci bəndinə uyğun olaraq Cavabdeh1 Cavabdeh2 MMC –nin iddiaçı qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi haqqında İddiaçının bildirişini aldığı gündən 5 iş günü ərzində Cavabdeh2 MMC –nin iddiaçı qarşısındakı öhdəliklərini yerinə yetirməyə borcludur. Yuxarıda qeyd olunanlara əsasən, təkrarən qeyd etməyi zəruri hesab edirlər ki, Cavabdeh2 MMC və Cavabdeh1 2019-cu ilin mart ayından etibarən 2019-cu ilin dekabr ayına kimi (dekabr ayı da daxil olmaqla) müvafiq borc öhdəliyinin icra edilməsi öhdəliyi daşıyır. Borc məbləğinin razılaşmada nəzərdə tutulmuş aylıq hissələrdə icra edilməsi öhdəliyi mart ayından başlamaqla (mart ayı da daxil) ilk 10 gün ərzində icrası təmin edilməlidir. Həmçinin razılaşmanın 15-ci bəndinə əsasən sözügedən razılaşma 01 mart 2019-cu il tarixindən qüvvəyə minməklə, Cavabdeh2 MMC və/və ya Cavabdeh1 tərəfindən razılaşma üzrə nəzərdə tutulmuş öhdəliklər tam təmin edilənədək öz qüvvəsini saxlayır. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 570 m2 olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 11276 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC (mülkiyyətçi) ilə İddiaçı MMC (idarə edən) arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, FOT-27/12/17-853 saylı “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqaviləyə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyekt(lər)i idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. 5.1-ci bəndinə görə bu müqavilənin müddəti qüvvəyə minmə tarixindən etibarən 10 il müddətinə davam edəcək. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" MMC (mülkiyyətçi) ilə İddiaçı MMC (idarə edən) arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli, FOT-27/12/17-853 saylı “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqaviləyə 1.54. saylı əlavəyə əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 570 m2 olan obyekt 10 il müddətinə icarə və idarəetməyə verilmişdir. Həmin əlavənin: 2-ci bəndinə əsasən idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. 3-cü bəndinə görə hazırki əlavə aid olduğu müqavilənin tərkib hissəsidir və tərəflərin imza və təsdiqindən sonra 01 yanvar 2018-ci il tarixindən qüvvəyə minir və tətbiq olunur. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh2 MMC (icarəçi) arasında bağlanmış 04 yanvar 2018-ci il tarixli, 129 saylı “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında ümumi sahəsi 570 m2 təşkil edən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən icarəçi icarəyə verilən əmlakdan “Jimmy Key” və “Collezione” ticarət markalarının mallarının satışı mağazası kimi istifadə edəcəkdir. 2.1-ci bəndinə görə bu müqavilə tərəflər arasında 01 yanvar 2018-ci il tarixindən etibarən yaranmış münasibətlərə tətbiq edilir. 2.2-ci bəndinə əsasən icarə müddəti 01 yanvar 2018-ci il tarixdə başlaır və hazırki icarənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 31 dekabr 2018-ci il tarixdə saat 23:59-da başa çatacaq. 3.2-ci bəndinə uyğun olaraq icarəçi icarəyə verənə 01 yanvar 2018-ci il tarixdən başlayaraq bu icarənin qüvvədə olduğu müddət ərzində ƏDV daxil olmaqla 8500.00 manat icarə haqqı ödəməlidir. 3.3-cü bəndinə əsasən icarə haqqı hər cari ayın əvvəlində həyata keçiriləcək və müvafiq hesab-faktura təqdim olunan tarixdən 3 (üç) iş günündən gec olmayaraq icarəçi tərəfindən hər ay əvvəlcədən icarəyə verənə nağd və ya bank hesabına köçürmə yolu ilə ödənilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh2 MMC (icarəçi) arasında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 04 yanvar 2018-ci il tarixli, 129 saylı müqaviləyə xitam verilməsi barədə 09 mart 2018-ci il tarixdə razılaşma bağlanmışdır. Həmin razılaşmanın: 1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 31 mart 2018-ci il tarixində xitam verilir. 2-ci bəndinə görə icarəçi icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın icarəyə verənə təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının, icarə müqaviləsində nəzərdə tutulmuş xidmət haqlarının və digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. 3-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 25.500 manat təşkil edir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən), Cavabdeh2 MMC (icarəçi) və Cavabdeh1 (zamin) arasında bağlanmış icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimləməsi və ödənilməsinin təmin edilməsi haqqında 01 mart 2019-cu il tarixdə razılaşma bağlanmışdır. Həmin razılaşmanın: 1-ci bəndinə əsasən tərəflər bir daha təsdiq edirlər ki, icarəyə verilən əmlak(lar)ın icarəsi ilə əlaqədar xitam tarixinədək ödənilməmiş borc məbləği ƏDV daxil 25.500, manat təşkil edir və icarəçi müvafiq borc məbləğini 01 mart 2019-cu il tarixindən etibarən hər ardıcıl gələn ayın ilk on günü ərzində hər hansı fasiləyə yol vermədən ƏDV daxil 2.550 manat ödəməklə, 10 aydan gec olmayan müddətdə tam təmin etməyi öhdəsinə götürmüşdür. 4-cü bəndinə görə icarəyə verən bu razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş borc məbləği üzrə ödənişlərin həyata keçirilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i məbləğində dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. 5-ci bəndinə əsasən zamin bu razılaşmanı imzalamaqla, icarəçinin bu razilaşma üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür. 6-cı bəndinə görə icarəçi bu razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə zamin icarəyə verən qarşısında icarəçinin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. 7-ci bəndinə əsasən zamin icarəçinin icarəyə verən qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi haqqında icarəyə verənin bildirişini aldığı gündən 5 (beş) iş günü ərzində icarəçinin icarəyə verən qarşısındakı öhdəliklərini yerinə yetirməyə borcludur. 8-ci bəndinə görə icarəçi zaminin zaminliklə təmin etdiyi öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə icarəçi və zamin icarəyə verən qarşısında birgə məsuliyyət daşıyırlar. 9-cu bəndinə əsasən borc məbləği, dəbbə pulu, faizlər, habelə onların tutulması üzrə məhkəmə xərclərinin və icarəçinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində icarəyə verənə dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin icarəyə verən qarşısında icarəçi ilə eyni həcmdə məsuliyyət daşıyır. 15-ci bəndinə görə bu razılaşma tərəflər və ya onların səlahiyyətli nümayəndələri tərəfindən təsdiq olunması şərti ilə 01 mart 2019-cu il tarixindən qüvvəyə minir və icarəçi və/və ya zamin bu razılaşma üzrə öz öhdəliyini tam təmin edənədək öz qüvvəsində qalır. İddiaçı tərəfindən Cavabdeh2nə və Cavabdeh1 30 aprel 2019-cu il tarixli pretenziya məktubu ünvanlanaraq borc məbləğinin 5 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 04 yanvar 2018-ci il tarixli, 129 saylı icarə müqaviləsinə əsasən Cavabdeh2 MMC iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında ümumi sahəsi 570 m2 təşkil edən qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Eyni tərəflər arasında bağlanılmış 09 mart 2018-ci il tarixdə razılaşmaya əsasən sözügedən icarə müqaviləsinə 31 mart 2018-ci il tarixindən xitam verilmiş, eləcə də həmin razılaşmada icarə müqaviləsi üzrə Cavabdeh2 MMC-nin iddiaçıya 25.500 manat məbləğində borcunun olması qeyd edilmişdir. Bundan sonra 01.03.2019-cu il tarixdə İddiaçı MMC ilə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 arasında icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimləməsi və ödənilməsinin təmin edilməsi haqqında 04 yanvar 2018-ci il tarixli razılaşma bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh2 MMC iddiaçıya icarə müqaviləsi üzrə ƏDV daxil 25.500 manat məbləğində borcunun olmasını bir daha təsdiq etmiş və həmin borcu hissə-hissə 10 aydan gec olmayan müddətdə ödəməyi öhdəsinə götürmüş, digər Cavabdeh1 isə Cavabdeh2 MMC-nin göstərilən öhdəliyini icra edəcəyinə zamin durmuşdur. Hal-hazırda Cavabdeh2 MMC-nin İddiaçı MMC-yə olan borcu 20.350 manat təşkil edir. Mülki Məcəllənin: 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehin Cavabdeh1 zaminliyinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilməli olması barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin istinad edilən 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından isə görünür ki, hazırkı halda tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimləməsi və ödənilməsinin təmin edilməsi haqqında razılaşmada zaminliyin verilmə müddəti müəyyən edilməmişdir. Eyni zamanda razılaşmada nəzərdə tutulmuşdur ki, əsas öhdəliy 01 mart 2019-cu il tarixindən etibarən hər ardıcıl gələn ayın ilk on günü ərzində hər hansı fasiləyə yol vermədən ƏDV daxil 2.550 manat ödəməklə, 10 aydan gec olmayan müddətdə icra edilməlidir. Göründüyü kimi razılaşmada öhdəliyinin 01 yanvar 2020-ci il tarixinədək tam şəkildə icra edilməli olması göstərilmişdir. Odur ki, iddiaçı 13.11.2020-ci il tarixdə - öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində hazırkı iddianı irəli sürdüyündən Cavabdeh1 zaminliyinə Mülki Məcəllənin 477.0.4-cü maddəsində göstərilən əsaslarla xitam verilməsi üçün əsaslar mövcud deyil. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış icarə müqaviləsi notarial qaydada təsdiq edilmədiyindən etibarsız olması, belə olan halda həmin müqaviləyə əsaslanaraq bağlanmış mübahisəli razılaşma da etibarsız olmaqla onun əsasında tərəflərin hüquq və öhdəliklərinin yaranmaması barədə cavabdehin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, mübahisəli razılaşma mahiyyətinə görə borcun etirafı barədə mücərrəd müqavilə və həmin müqavilə üzrə borclunun öhdəliklərinin təmin edilməsi məqsədilə bağlanmış zaminlik müqaviləsinin elementlərini özündə cəmləşdirir. Mülki Məcəllənin: 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.5-ci maddəsinə görə əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Göstərilən normaların məzmunundan da göründüyü kimi borcun etirafı barədə mücərrəd müqavilə tərəflərin qarşılıqlı hüquq və öhdəliklərinin yaranması üçün əsas olan müstəqil əqd olduğundan həmin əqdin etibarlılığı başlıca əqdin etibarlılığından asılı deyildir. Yuxarıda göstərilən qanunvericilik normalara və işin hallarına əsasən həmçinin müəyyən edilir ki, mübahisəli razılaşma borcun etirafı barədə mücərrəd müqavilə və zaminlik müqaviləsi üçün qanunvericilikdə nəzərdə tutulmuş forma tələblərinə riayət edilməklə bağlanmışdır. Odur ki, razılaşmanın etibarsız olması barədə Cavabdeh1 istinad etdiyi dəlillər əsassızdır. Belə olan halda məhkəmə tərəflər arasında bağlanmış 01.03.2019-cu il tarixli razılaşmaya əsasən Cavabdeh2 MMC-nin iddiaçıya borcunun olmasını etiraf etdiyini və həmin borcu 10 ay ərzində ödəməyi öhdəsinə götürdüyünü, eləcə də Cavabdeh1 Cavabdeh2 MMC-nin göstərilən öhdəliklərinə zamin durduğundan həmin öhdəliyə görə borclu ilə birgə məsuliyyət daşıdığını, eləcə də sözügedən borcun bir hissəsi ödənilərək hal-hazırda 20.350 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC həmin borcun borclu Cavabdeh2 MMC-dən və zamin Cavabdeh1 müştərək (birgə) qaydada tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 MMC-dən və Cavabdeh1 20.350 (iyirmi min üç yüz əlli) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar