Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-486/2024 15.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 72.000 manat məbləğində borc pulun, həmçinin iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 410 manat və vəkilə ödənilmiş 120 manat pul vəsaitinin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh ilə tikinti işlərinin aparılması ilə əlaqədar əməkdaşlıq etmiş və həmin əməkdaşlıqla əlaqədar cavabdeh tərəfindən qismən ödənişlər həyata keçirilsə də, nəticədə cavabdehin iddiaçıya 72.000 manat məbləğində qalıq borcu yaranmışdır. Məhkəmənin diqqətinə çatdırır ki,Cavabdeh MMC tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli ST/CC/23-001 nömrəliməktub da cavabdehin qeyd olunan borcunun mövcudluğunu təsdiq edir. Məlumat üçün bildirir ki, mübahisənin məhkəməyə qədər nizama salınması üçün Cavabdeh MMC-yə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 55.907 manat məbləğində əsas borcun, 16.092 manat cərimə borcu, həmçinin iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 410 manat və vəkilə ödənilmiş 120 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin müqavilə üzrə 72000 manat borcu yaranmış, həmin borcdan xx.xx.2014-cü ildə 10000 manat, xx.xx.2014-cü 4500 manat, xx.xx.2014-cü il tarixdə 2400 manat ödənilmişdir. Üzərindən 10 il keçməsinə baxmayaraq qalıq 55907 manat ödənilməmiş, bu səbəbdən cavabdeh əlavə olaraq illik 5 faizlə hesablanan 16092 manat ödəməlidir. Cavabdehlə bu barədə razılıq əldə edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə işlər tam həcmdə icra edilmiş, iddiaçı tərəfindən hər hansı əlavə iş icra edilməmişdir. İşlər tam həcmdə görülüb qəbul edilməsinə baxmayaraq cavabdeh qismən ödəniş etmiş, qalıq borc ödənilməmişdir. Cavabdeh borcu uzun müddət ödəmədiyi üçün ona tərəflərindən illik 5 faiz tətbiq edilməklə faiz borcu hesablanmış, cavabdeh onların pretenziya məktubuna cavab olaraq 72000 manat (həm əsas, həm faiz borcu) ödəməyi öhdəsinə götürmüşdür.
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin edilməsini xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı (icraçı) ilə cavabdeh (sifrarişçi) arasında bağlanmış 12 sentyabr 2014-cü il tarixli 02/2014 nömrəli müqaviləyə əsasən tərəflər Lənkəran rayonu 6 saylı Vergilər İdarəsinin inzibati binasının əsaslı təmiri işlərində hər türlü söküntü işlərinin görülməsi və hər növ dəmir quraşdırma işlərinin hazırlanması, rənglənməsi və montaj edilməsi işlərinin yerinə yetirilməsi üçün müqavilə bağlayırlar.
11. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə aylıq görülmüş işlərin dəyərinin hesablanması bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "Qiymətlərin razılaşdırma” protokoluna və görülmüş işlərin təhvil-təslim aktına əsasən aparılacaqdır.
12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli 1 saylı qiymət razılaşdırma protokolundan görünür ki, tərəflər görüləcək işlərin dəyərini 40190,60 manat məbləğində razılaşdırmışlar.
13. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2015-ci il tarixli qiymət razılaşdırma protokolundan görünür ki, tərəflər görüləcək işlərin dəyəri 32616,50 manat məbləğində razılaşdırmışlar.
14. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 12 sentyabr 2014-cü il tarixli 02/2014 nömrəli müqaviləyə əsasən xx.xx.2014-cü il tarixdə 10 000 manat, xx.xx.2014-cü il tarixdə 4500 manat, xx.xx.2014-cü 2400 manat məbləğində ödənişlər olmuşdur.
15. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən cavabdeh podrat müqaviləsi üzrə yaranmış 72000 manat məbləğində borcunu mart ayının onuna qədər ödəməyi öhdəsinə götürmüşdür.
16. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 12 sentyabr 2014-cü il tarixli 02/2014 nömrəli müqavilə imzalanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri tam həcmdə icra etmiş, cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Belə ki, müqavilə üzrə görülmüş işlərinin ümumilikdə 72807,10 manat məbləğindən cavabdeh ümumilikdə 16900 manat ödəniş etmiş, qalıq 55907,10 manat ödənilməmişdir. Cavabdehin həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə, habelə Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
20. Bu səbəbdən məhkəmə hesab edir ki, podrat müqaviləsi üzrə yaranmış 55907 manat borcun tələb edilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir.
21. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 16092 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
24. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
25. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
26. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
27. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
28. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
31. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.
32. Bundan başqa iddia ərizəsində 120 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.
33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı iddiaçının çəkdiyi xərc cavabdehə aid edilməlidir.
34. Belə ki, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət haqqına görə Nümayəndə 120 manat vəsait ödənilmişdir.
35. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
36. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 55.907 manat məbləğində əsas borc, 16.092 manat faiz borcu, hüquqi yardımla bağlı ödənilmiş 120 manat pul tutularaq iddiaçıya ödənilməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 410 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 55907 manat məbləğində əsas borc, 16092 manat faiz borcu, 410 manat mediasiyaya dair xərc, hüquqi yardıma görə ödənilmiş 120 manat vəsait, ümumilikdə 72529 (yetmiş iki min beş yüz iyirmi doqquz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova