Məhkəmə qərarları › İş №e-2-2(113)-487/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-487/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-487/2021 24.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC 189.580,71 manat məbləğində əsas borcun, 28.354,6 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz borcunun, 10.404,07 manat məbləğində gecikməyə görə hesablanan cərimənin, 1448,15 manat məbləğində Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərələrindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, kredit, ipoteka müqavilələrinin, mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 29 manat məbləğində rüsum məbləğinin tutulub iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 05.02.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzilin 1 ay müddətində boşaldılması, əmlakların satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh2 MMC-dən tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı LPO İddiaçı ASC-nin “Paytaxt” filialı ilə Cavabdeh2 MMC arasında bağlanılmış 13.08.2015-ci il tarixli, 006 SKMF saylı kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 60 ay müddətinə, illik 6 faiz dərəcəsi ilə, 200.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı qismində Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 05.02.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir: Kredit müqaviləsinin 3.3. bəndinə əsasən, kredit məbləği kreditin kredit alan üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürmə yolu ilə 4.1. bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd olunan kredit müqaviləsinin 3.4. bəndinə əsasən, kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 6 faiz ödəyir. Həmin müqavilənin 3.6. bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2. bəndinə əsasən, müqavilənin 3.3. bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda, gecikdirilmiş borc məbləği tam şəkildə geri qaytarılanadək hər gecikdirilmiş günə görə gecikdirilmiş əsas borca 3.4. bəndi ilə müəyyən olunan faizlər iki misli miqdarında hesablanacaqdır. Cavabdeh LPO bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Sonradan iddiaçının nümayəndəsinin vəsatəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 məhkəmə tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Paytaxt” filialı (kredit verən) ilə Cavabdeh2 MMC (kredit alan) arasında bağlanmış 13.08.2015-ci il tarixli 006 SKMF saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan 1.2. bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə kredit alana 200.000 manat məbləğində kredit verilir. 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 6 % faiz ödəyir. 3.5-ci bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən 30 təqvim gününün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. 3.7-ci bəndinə əsasən kredit məbləği kredit alan tərəfindən Kredit verənə 4.1-ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə kredit 60 ay müddətinə verilir. 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə 1il 360, 1 ay 30 təqvim günü hesablanır. 4.3-cü bəndinə əsasən bu müqavilə kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklər kredit verənə icra olunduğu andan ləğv edilir. 4.4.-cü bəndinə əsasən bu müqavilə üzrə kredit verən tərəfindən aşağıdakı hallarda 2.4.10. yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. 4.4.1. kredit və faizlərin ödənilməsi kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə. 4.4.2. kredit müqaviləsinin 1.2 bəndi ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə. 4.4.3. kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı kredit verənin ehtimalları yarandıqda. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. LPO İddiaçı ASC tərəfindən verilmiş **********924 saylı 19.10.2020-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, Cavabdeh2 MMC-nin LPO İddiaçı ASC ilə aralarında bağlanmış 13 avqust 2015-ci il tarixli 006 SKMF saylı kredit müqaviləsi üzrə 08.10.2020-ci il tarixə Cavabdeh2 MMC-nin 189.580,71 manat məbləğində əsas, 28.354,60 manat məbləğində faiz, 10.404,07 manat məbləğində cərimə, MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 1.448,15 manat məbləğində faiz olmaqla, ümumilikdə 229.787,53 manat məbləğində borcu vardır. İddiaçı ASC (ipoteka saxlayan), Cavabdeh2 MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ilə müəyyən edilir ki, həmin müqavilə kredit alanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilədə göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi kredit alan tərəfindən müqavilədə müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə 9.1 bəndi ilə müəyyənləşdirilən hallarda ipoteka saxlayanın kredit alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti, AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li. **********10-05101-093005 reyestr №-li, ********** qeydiyyat №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 3 nömrəli binada yerləşən, 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzildir. 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə ipoteka ilə təmin edilən tələb ipoteka saxlayanla kredit alan arasında 13.08.2015-ci il tarixdə Bakı şəhərində bağlanmış 006 SKMF saylı kredit müqaviləsindən, ona edilmiş əlavələrdən əmələ gələn mövcud, həm də ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn ipoteka saxlayanın kredit alana qarşı olan əsas borc, faizlər, öhdəliyin idra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklər üzrə tələblərin ölçüsü və icra müddəti kredit alanla ipoteka saxlayan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrində göstəriləcəkdir. -2.2-ci bəndinə əsasən ipotekanın predmeti 418.000 manat məbləğində qiymətləndirilmişdir. -9.1-ci bəndinə əsasən ipoteka saxlayanın aşağıdakı hallarda ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır; Bu müqavilənin 6.2., 6.3., 6.6., 6.8., 6.9., 6.11 və 6.12. bəndləri ilə müəyyənləşdirilən vəzifələr ipoteka qoyan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə; Kredit alan ipoteka ilə təmin edilən əsas öhdəlik üzrə kreditdən onun verildiyi ınəqsəd(lər) üçün istifadə etmədikdə; Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı ipoteka saxlayanın ehtimalları yarandıqda; Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 9.2-ci bəndinə əsasən İpoteka saxlayan məhkəməyə müraciət etmədən ipoteka predmetinə qanunvericiliklə müəyyənləşdirilən qaydada tutma yönəltməyə haqlıdır. 11.1-ci bəndinə əsasən bu müqavilə müqavilənin 2.1. bəndi ilə nəzərdə tutulan bütün pul tələbləri tam ödənilən müddətədək qüvvədədir. Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli 05.02.2015-ci il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 3 nömrəli binada yerləşən, 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. LPO İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış 26.10.2020-ci il tarixli, **********045 saylı xəbərdarlıq məktubundan (bildiriş) görünür ki, kredit müqaviləsi üzrə borcun (229.787,53 manat) 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı ASC-nin Cavabdeh1 ünvanladığı 29.10.2020-ci il tarixli ipotekaya tutma yönəldilməsi barədə bildiriş; bildirişin qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 03.11.2020-ci tarixli ərizə; müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi ilə təsdiq edilir ki, İddiaçı ASC Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 3 nömrəli binada yerləşən, 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilinə tutma yönəldilməsi barədə bildiriş Cavabdeh1 göndərilmiş və qeydiyyata alınmışdır. -"xxxx" MMC-nin 30 iyun 2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 3 ünvanında yerləşən 10 saylı mənzilin 30.06.2015-ci il tarixə bazar qiyməti 418.000 manat və ya 398.740 ABŞ dolları, likvid qiyməti 397.100 manat və ya 378.803 ABŞ dolları təşkil edir. -"xxxx" MMC-nin 09 aprel 2021-ci il tarixli, LP-056/21 saylı qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 3 ünvanında yerləşən 10 saylı mənzilin hazırkı bazar qiyməti 1.100.000 manat, likvid qiyməti 1.020.000 manat təşkil edir. -“X4 Mərkəzi” MMC-nin 21 iyun 2021-ci il tarixli, 065 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 3 ünvanında yerləşən 10 saylı mənzilin hazırkı bazar qiyməti 1.077.000 manat, likvid qiyməti 1.050.000 manat təşkil edir. -"xxxx" MMC-nin 19 noyabr 2021-ci il tarixli, ƏEM/N 66-1070/21 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 3 ünvanında yerləşən 10 saylı mənzilin 19.11.2021-ci il tarixə hazırkı bazar qiyməti 1.193.000 manat, likvid qiyməti 1.135.000 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Paytaxt” filialı (kredit verən) ilə Cavabdeh2 MMC (kredit alan) arasında 13.08.2015-ci il tarixli 006 SKMF saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC Cavabdeh2 MMC-yə müqavilədə müəyyən edilmiş şərtlərlə 200.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilə üzrə Cavabdeh2 MMC-nin banka 189.580,71 manat əsas, 28.354,6 manat faiz borcu yaranmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə Cavabdeh2 MMC-nin 13.08.2015-ci il tarixli 006 SKMF saylı kredit müqaviləsi üzrə LPO İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin banka əsas və faiz borcunun yarandığını, iddiaçı LPO İddiaçı ASC-nin isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən 189.580,71 manat əsas, 28.354,6 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə 10.404,07 manat məbləğində dəbbə pulunun tutulması barədə iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tutulması tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq 8.000 (səkkiz min) manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin tutulmasına dair iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin sözügedən maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 1448,15 manat məbləğində faizlərin tutulmasına dair hissədə də iddiaçı LPO AtaBank” ASC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iş materiallardan görünür ki, LPO AtaBank” ASC borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Paytaxt” filialı (kredit verən) ilə Cavabdeh2 MMC (kredit alan) arasında bağlanmış 13.08.2015-ci il tarixli 006 SKMF saylı kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 MMC (kredit alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən müvafiq olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 3 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 10 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” AR Qanununda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımi icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” AR Qanununun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh2 MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmiş, nəticədə “İpoteka haqqında” AR Qanununun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 3 nömrəli binada yerləşən, 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına LPO İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ Cavabdeh2 MMC-dən tutulmalıdır. Bundan əlavə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı üç qiymətləndirici şirkətin rəyi alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli, LP-056/21 saylı qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 3 ünvanında yerləşən faktiki sahəsi 229,3 kv.m. olan 10 saylı mənzilin bazar qiyməti 1.100.000 manat, likvid qiyməti 1.020.000 manat olması müəyyən edilmişdir. “X4 Mərkəzi” tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, 065 nömrəli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 3 ünvanında yerləşən faktiki sahəsi 220 kv.m. olan 10 saylı mənzilin hazırkı bazar qiyməti 1.077.000 manat, likvid qiyməti 1.050.000 manat olması müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, ƏEM/N 66-1070/21 nömrəli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 3 ünvanında yerləşən sahəsi 226,45 kv. m olan 10 saylı mənzilin 19.11.2021-ci il tarixə hazırkı bazar qiyməti 1.193.000 manat, likvid qiyməti 1.135.000 manat olması müəyyən edilmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, ipoteka predmeti olan əmlak ipoteka müqaviləsi bağlanarkən də "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və həmin qiymətləndirmə rəyinə əsasən ipoteka predmeti olan 63 kv.m. yaşyış sahəsindən ibarət Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 3 ünvanında yerləşən 10 saylı mənzilin bazar qiyməti 418.000 manat, likvid dəyəri isə 397.100 manat məbləğində müəyyən edilmişdir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması gedişində alınmış qiymətləndirici şirkətlərin rəyləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli 05.02.2015-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 3 ünvanında yerləşən 10 saylı mübahisəli mənzilin sahəsi 63 kv.m. təşkil edir. Bununla yanaşı mübahisəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 3 ünvanında yerləşən 63 kv.m. sahəsi olan 3 otaqlı 10 saylı mənzildən ibarətdir. Lakin buna baxmayaraq məhkəmə tərəfindən alınmış hər üç qiymətləndirmə rəyində mübahisəli mənzilin qiymətləndirilməsi mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ipoteka ilə yüklü edilmiş 63 kv.m. sahəsinə görə deyil, mənzilin faktiki sahəsinə görə (təxmini 220 kv.m., 7 otaqlı) aparılmışdır. Bu baxımdan məhkəmə həmin rəylərdə müəyyən edilmiş mənzilin likvid dəyərinin ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməsini qeyri-mümkün hesab edir. Məhkəmə onu da qeyd edir ki, həmin rəylərdə göstərilmiş hesablama cədvəllərindən və məlumatlardan istifadə etməklə ipoteka predmeti olan əmlakın təxmini likvid dəyərinin hesablanması mümkündür. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş sonuncu rəydə mübahisəli mənzilin faktiki sahəsi 226,45 kv.m. kimi göstərilmiş və həmin sahə əsas götürülməklə mənzilin likvid dəyəri 1135.000 manat məbləğində müəyyən edilmişdir. Həmin rəyə əsasən adi riyazi hesablamalardan istifadə etməklə 63 kv.m. sahəli mənzilin təxmini likvid dəyərini aşağıdakı kimi müəyyən etmək olar. 1.135.000 manat/225,45kv.mx63kv.m.=315.765 manat. Və yaxud -“X4 Mərkəzi” tərəfindən verilmiş rəydə faktiki sahəsi 220 kv.m. olan mənzil üçün müəyyən edilmiş 1.050.000 manat məbləğində likvid dəyərə əsasən isə 63 kv.m. sahəli mənzil üçün likvid dəyər aşağıdakı kimi hesablana bilər: 1.050.000 manat/220 manatx63 kv.m.=300.682 manat. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi R.İsmayılov məhkəmədə verdiyi izahatında iddiaçının əmlakın ilkin satış qiymətinin ipoteka müqaviləsi bağlanarkən "xxxx" MMC tərəfindən verilmiş rəydə müəyyən edilmiş likvid dəyərlə, yəni 397.100 manat məbləğində müəyyən edilməsinə razı olduğunu bildirmişdir. Odur ki, "xxxx" MMC tərəfindən verilmiş rəydə müəyyən edilmiş ipoteka predmeti olan mənzilin (63 kv.m. sahəli) likvid dəyərinin məhkəmə araşdırması zamanı alınmış qiymətləndirici rəylərinə əsasən 63 kv.m. sahə üçün hesablanmış likvid dəyərlərə nisbətən daha yüksək məbləğdə (yəni cavabdeh üçün daha qənaətbəxş) olduğunu, iddiaçının isə ilkin satış qiymətinin həmin məbləğdə müəyyən edilməsinə razı olduğunu nəzərə alaraq məhkəmə ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 3 ünvanında yerləşən 63 kv.m. sahəsi olan 3 otaqlı mənzilin ilkin satış qiymətinin (likvid dəyərinin) - "xxxx" MMC tərəfindən verilmiş 30 iyun 2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 397.100 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 3 nömrəli binada yerləşən, 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin ilkin satış qiyməti 397.100 manat məbləğində müəyyən edilməlidir. İddianın ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra 1 ay müddətində həmin mənzilin boşaldılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının qət edilməsi hazırkı iş üzrə ipoteka qoyanın qanunla qorunan hüquqlarını pozur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyan və onun ailə üzvlərinin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması bu barədə məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilə bilər. Odur ki, ipoteka qoyanın sahəni boşaltması barədə məhkəmə qərarının qəbul edilməsi həmin əmlakı açıq hərracda əldə edəcək şəxsin qanunla qorunan hüquqlarının müdafiəsi baxımından da zəruri hesab edilə bilməz. Belə bir qərarın qəbul edilməsi zərurəti mövcud olsa belə ipoteka saxlayanın əmlakı əldə edəcək şəxsin hüquqlarını müdafiə etmək üçün belə bir iddianı qaldırmağa dair subyektiv hüququ da yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın boşaldılması tələbinə dair hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddia qiymətinin 99%-ə yaxın hissəsinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 59 manat məbləğində pul vəsaiti Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməli, qiymətləndiricinin rəylərinin alınmasına görə cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 müştərək qaydada 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə, 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq “X4 Mərkəzi” MMC-yə ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 189.580,71 (yüz səksən doqquz min beş yüz səksən manat yetmiş bir qəpik) manat məbləğində əsas, 28.354,6 manat (iyirmi səkkiz min üç yüz əlli dörd manat altmış qəpik) məbləğində faiz borcu, 8.000 (səkkiz min) manat məbləğində dəbbə pulu, müqavilə üzrə kreditin verilməsi müddəti bitdikdən sonrakı müddət üçün 1448,15 manat (bir min dörd yüz qırx səkkiz manat on beş qəpik) məbləğində faiz borcu, cəmi 227.383,46 manat (iki yüz iyirmi yeddi min üç yüz səksən üç manat qırx altı qəpik) məbləğində borc, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti və digər məhkəmə xərclərinin əvəzi olaraq 59 (əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 63 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 397.100 (üç yüz doxsan yeddi min yüz) manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılsın. Satışdan əldə edilmiş vəsait ödənilməsi qət edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ Cavabdeh2 MMC-dən tutulsun. Eyni zamanda qiymətləndiricinin rəylərinin alınmasına görə cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 müştərək qaydada 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə, 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq “X4 Mərkəzi” MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar