Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-487/2023 07.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 532 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-ci il tarixinə mövcud olan 216.268 manat icarə haqqı borcunun və mediasiya ilə bağlı ödənilmiş 200 manat pulun, cəmi 216.468 manat məbləğində vəsaitin cavabdehdən tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 532 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 5961.0 kv.m torpaq sahəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2 icarə haqqı üzrə borcunun olduğunu lakin məbləğin müəyyənləşdirilməsi zərurətinin olduğunu və iş üzrə mediasiya sessiyası üzrə qaydaya riayət edilmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən edilmiş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Dövlət Əmlak Xidməti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli, 532 nömrəli icarə müqaviləsi bağlanılmış və müqaviləyə əsasən ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 5.961 kv.m. torpaq sahəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin icarəsinə verilmişdir. Qeyd edilən icarə müqaviləsi üzrə aylıq icarə haqqı 11.903,5 manat təşkil edir (sözügedən müqavilənin 3.1-ci bəndi). Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq ödənilməli olması nəzərdə tutulmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mübahisə tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdehin xx.xx.2023-cü il tarixinədək olan icarə haqqı borcunun tələb edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə tələbin hüquqi əsası kimi, Mülki Məcəllənin 675, 700.1-ci maddələri və Torpaq İcarəsi haqqında qanunun 23-cü maddəsi, Torpaq Məcəlləsinin 82-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq İcarəsi haqqında qanunun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq vergisini və ya icarə haqqını vaxtında ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən icarə haqqını ödəmək vəzifəsi və iddiaçının da müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən məlum olur ki, cavabdehin xx.xx.2023-cü il tarixə cəmi ödənilməli borcu 216.267,28 manat təşkil edir. Cavabdeh tərəf isə iddiaya etiraz edir və etirazının ilk dəlili kimi ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda tələb edilən borc məbləğinin hazırkı iddiada göstərilən borc məbləğinin olmadığını, ikinci dəlili isə borc məbləğinin dəqiqləşdirilməli olduğunu qeyd edir. Məhkəmə iclasında hər iki tərəfdən aralarında başqa hər hansı bir məhkəmə mübahisəsi və yaxud mediasiya sessiyasında olan mübahisənin olub-olmaması soruşulmuş və hər iki tərəf də, tərəflər arasında ancaq bu mübahisənin olduğunu bildirmişdir. İddiaçı tərəf avqust 2022-ci il tarixə şəxsi hesab vərəqində borcun 132.942,78 manat olmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda məbləğin 40.217 manat göstərilməsini texniki səhv olduğunu qeyd etmiş, sonra isə vaxt keçdikcə növbəti aylar üzrə icarə haqqı ödənmədiyindən iddianın həcminin artırıldığını qeyd etmişdir. Cavabdehin ilk dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə qeyd edir ki, mediasiyanın əsas məqsədi tərəflər arasında mübahisələrin məhkəmədən kənar həll edilməsidir. Ümumiyyətlə kommersiya mübahisələri üçün məcburi olan ilkin mediasiyanın məqsədi tərəfləri tam mediasiya prosesinə aparmaqdır. Bu məqsədlə də, Mediator ilkin mediasiyada tərəfləri dəvət etməklə onları tam mediasiya prosesinə keçirilməsi üçün tədbirlər görməlidir. Bu xüsusda məhkəmə qeyd edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda məbləğin 40.217 manat göstərilməsini texniki səhv olduğunu qeyd etmişdir. Ancaq məhkəmə buna rəğmən qeyd edir ki, mediasiyanın təbiətinə uyğun olaraq əgər tərəflər hətta iddia tələbində göstərilmiş məbləğə münasibətdə daha az məbləğ olan 40.217 manat barədə razılığa gələ bilməyiblərsə, artırılmış məbləğ üzrə də, razılığa gəlmələri ağalabatan deyildir. Ona görə də, cavabdehin ilk dəlili əsassızdır. Cavabdehin digər dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan şəxsi hesab vərəqəsindən məlum olur ki, cavabdehin xx.xx.2023-cü il tarixə cəmi ödənilməli borcu 216.267,28 manat təşkil edir və cavabdeh tərəfindən də, qeyd edilən borc məbləğinin ödənilməsinə dair dəlil ümumiyyətlə qeyd edilməmiş və bu barədə sübut təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 216.267,28 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 200 məbləğində pul 5 X2 ödənmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddianın qiyməti 216.268 manat təşkil edir. Qeyd edilən iddianın qiymətinə uyğun olaraq 506,27 manat məbləğində rüsum tələb olunur. Ancaq qeyd edilmiş rüsumun 200 manat hissəsi mediasiya sessiyasında ödənmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 306,27 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanan xx.xx.2021-ci il tarixli 532 nömrəli müqaviləyə əsasən 216.267 (iki yüz on altı min iki yüz altmış yeddi) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 306 (üç yüz altı) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-487/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-487/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver