Məhkəmə qərarları › İş №e-2-2(113)-4874/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4874/2023

20.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4874/2023 20.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Nümayəndə1 (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qanunsuz hesablanmış 6480 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır , o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərişıq” ASC X1 Təchizatı və Satışı İdarəsi obyektinə elektrik sayğacı qoymuşdur. "xxxx" ASC-nin Nəzarət Departamenti Salyan Nəzarət İdarəsinin tərtib etdiyi 02 iyun 2023-cü il tarixli AKT NDQ 016299 nömrəli aktda göstərilir ki, “baxış zamanı sayğacın giriş xəttinin izolyasiyanın KTM-nin alt hissəsində pozulması, həmin xətdə hər üç fazada xüsusi sıxacların izi olması aşkar olundu. Həmin akta görə 6480 manat ziyan yazılmışdır. Həmin akt qanunsuz yazılıb. Belə ki, orada aktın yazılmasında iştirakı, hal şahidlərinin iştirakı təmin olunmayıb. Aktda guya nümayəndəsinin iştirak etməsi, “imtina etdi” sözləri yazılıb və cavabdehin işçiləri özləri imzaları ilə təsdiq ediblər. Onların aktı ilə razılaşmır. Ona heç bir sənəd verməmişlər. Bir neçə gün bundan əvvəl ona borcu deyəndən sonra veriblər. Akt qanunsuz tərtib edildiyinə görə etibarsız hesab edilməli, onun doğurduğu nəticələr, borc əsassız sayılmalıdır. İşıq idarəsi işçilərinin həmin hərəkətləri bir istehlakçı kimi hüquqlarını pozur.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4874/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Nümayəndə1 əsl İddiaçı ilə əvəz edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qardaşı Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, akt onların iştirakı olmadan tərtib edilmiş, sayğacda qüsur olması barədə onlara ümumiyyətlə məlumat verilməmiş, aktın tərtib edilməsi və borcun yazılmasından yalnız elektrik enerjisinin verilişinin dayandırılması nəticəsində xəbər tutmuşlar. Bundan əlavə, həmin sayğacın olduğu sahə təxminən 18 ha olan əkin sahəsidir, lakin orada hər hansı fəaliyyət aparılmır, elektrik enerjisindən yalnız sahəyə nəzarət etmək məqsədilə quraşdırılmış 12 müşahidə kamerasının fəaliyyətinin təmin edilməsi məqsədilə aparılır. Borc tamamilə əsassızdır.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, aparılmış yoxlama dövlət reyestrində qeydiyyata alınmamışdır, aktda da qeyd olunmuşdur ki, nümayəndə VÖEN məlumatlarını təqdim etməmişdir. Sayğaca baxış keçirilərkən sayğacda nöqsanlar aşkar edilmiş, bu səbəbdən akt tərtib edilərək əlavə olaraq iddiaçıya 6480 manat borc hesablanmışdır. Sayğaca müdaxilə edilmiş, belə ki, sayğacda xüsusi sıxacların izi olması aşkar olunmuşdur. Bu səbəbdən borc əsaslıdır.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Cavabdehin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib olunmuş 02 iyun 2023-cü il tarixli NDQ 016299 nömrəli aktdan görünür ki, İmişli rayonu Şolalar /Cavadxanlı kənsi ərazisində yerləşən taxıl əkin sahəsində sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac obyektin (təsərüfat sahələri) daxilində, komplekt transformator məntəqəsinin 0,4 kv.lıq tərəfində, xüsusi qutuda quraşdırılıb. Güc transformatorunun 0,4 kv.-lıq faza və neytral çubuqlardan en kəsiyi sahəsi S=4x35 mm2 ÖİN (SİP) naqillə sayğaca giriş verilmişdir. Sayğac sxemindən əvvəl, sayğacın giriş ÖİN (SİP) xəttinin izolyasiyasının KTM-in alt hissəsində pozulması aşkar olundu. Belə ki, həmin xətdə hər üç fazada xüsusi sıxacların izləri vardır. Baxış zamanı sayğac sxemindəki güc: Psay=0, kvt. Nasosxanada olan mühərrikin gücü: Pmüh.=30 kvt. Qoyulmuş güc güc transformatoruna görə S=63 kvt təşkil edir.

8. 301590701953012 saylı abunəyə məxsus abunə haqqında məlumatdan görünür ki, iddiaçının NDQ 01629 nömrəli akt üzrə 6480 manat borcu vardır.

9. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçıya məxsus (taxıl əkin sahəsi, nasosxana, vətəgə) ərazidə baxış keçirilməsi nəticəsində müəyyən olunmuşdur ki, sayğac obyektin daxilində komplekt transformator məntəqəsinin 0,4 kv-luq tərəfində xüsusi qutuda quraşdırılmış, sayğac sxemindən əvvəl sayğacın giriş sip xəttinin izolyasiyasının KTM-in alt hissəsində pozulması aşkar olunmuşdur. Belə ki, həmin xətdə hər üç fazada xüsusi sıxacların izləri vardır.

10. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

11. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 02 iyun 2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, baxış nəticəsində sayğacda nasazlıq olması halı müəyyən edilmiş, bu barədə NDQ 016299 saylı akt tərtib edilərək iddiaçıya həmin akt əsasında 6480 manat borc hesablanmışdır.

12. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən sayğaca kənar müdaxilə edilməsi nəticəsində yaranmış nasazlıq səbəbindən sayğacın xətdən axan yükü tam qeydə almamasına istinad edilməklə hesablanmış borcdur.

13. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən aktda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.

14. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

15. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.

16. Materiallardan görünür ki, cavabdeh həmin aktla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır.

17. Belə ki, cavabdeh tərəfindən sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edilməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

18. Məhkəmə həmçinin qeyd edir ki, “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

19. Materiallarda olan abonent saldosundan görünür ki, sayğac göstəricilərinə əsasən sayğacın nasaz olduğu müddətdə xx.xx.2023-cü il tarixli aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə ziddir.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus sahədə quraşdırılmış və xx.xx.2023-cü il tarixdə çıxarılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “Elektrik enerjisindən istifadə qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borc iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır.

21. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

22. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

23. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

24. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

25. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

26. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

27. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

28. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

29. “7.18-ci bəndə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

30. Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə elektrik sayğacının yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, akt tərtib edərək borc hesablamışdır.

31. Göründüyü kimi, cavabdeh elektrik enerjisinin təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

32. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

33. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya ümumilikdə 6480 manat məbləğində borc hesablamaqda haqlı olmamışdır.

34. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 6480 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz.

35. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin akta görə iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 6480 manat məbləğində borc silinməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 6480 (altı min dörd yüz səksən) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar