Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4877/2023 15.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2022-ci tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə əsasən, Cavabdeh MMC-dən ödənilməmiş icarə haqqı üzrə 4.336,5 manat məbləğində əsas, 434 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4.770,5 manat məbləğində pulun, 70 manat məbləğində mediasiya xərcinin və 10 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində İddiaçı MMC (icarəyə verən) və Cavabdeh MMC (icarəçi) arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsinə əsasən, icarəyə verən icarəçiyə Caspian Plazanın 2.4-cü mərtəbəsində 49 m2 sahəni icarə verir, icarəçi isə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aylıq 980 manat + 18% ƏDV, xx.xx.2022-ci il tarixinədək xx.xx.2023-cü il tarixinədək 1225 manat +18% ƏDV olmaqla icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.2-ci maddəsinin (a) bəndinə əsasən, icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək cavabdehə 4 (dörd) elektron qaimə göndərilmiş, bu qaimələr üzrə 2022-ci ilin iyun ayı üçün cəmi 980 manat + 18% ƏDV – 1.156,40 manat ödəniş olunmuşdur. Buna baxmayaraq 2022-ci ilin iyul, avqust və sentyabr ayları üçün aylıq 1225 manat +18% ƏDV – 1.445,5 manat olmaqla ümmulikdə 4.336,5 manat cavabdeh tərəfindən ödənilməmişdir. Müqavilənin 5.1-ci maddəsinə əsasən, icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 0.1 faizini ödəməlidir. İddiaçı MMC müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri lazimi qaydada yerinə yetirməmiş və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4.336,5 manat və gecikdirilmiş günlər üçün 434 manat məbləğində borcu qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə mediasiya Prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Lakin cavabdeh tərəfindən həmin təklif 10 gün ərzində qəbul edilmədiyindən iddiaçı Mediasiya Şurasına müraciət etmişdir. 3 avqust 2023-cü il tarixli MSB18-2023/01042 saylı İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC nümayəndəsi mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh MMC-nin nümayəndəsi mediasiya sessiyasına gəlmədiyinə görə sessiyaya xitam verilmişdir. İddiaçı MMC tərəfindən 70 (60+10) manat məbləğində mediasiya rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə onlayn kargüzarlıq və elektron məhkəmə portalı vasitəsilə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4877/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 07 iyun 2022-ci il tarixdə ofis icarəsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2-ci maddəsinə görə icarəyə verən Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”da Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında icarəçiyə verir. 4.2-ci maddəsinin: a) bəndinə əsasən icarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. b) bəndinə əsasən icarəçi kommunal xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə bu ödənişləri vaxtında həyata keçirməlidir. 5.1-ci maddəsinə görə icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1%-ini ödəməlidir. 8.1-ci maddəsinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarə müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qüvvədədir. Təflərdən biri, digərinə icarə müddətinin bitməsinə ən azı 90 gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməlidirlər. Müqavilə icarə müddəti bitdikdə qüvvədən düşür. 9-cu maddəsinə əsasən icarəçi Əlavə 1-in 2.1-ci maddəsində göstərilən məbləği, bu maddədə göstərilən qaydada icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında imzalanmış ofis icarəsinə dair müqavilənin 1 saylı əlavəsinin (ofis sahəsi): 1.1-ci bəndinə görə icarəyə verən, Plaza 2, 4-cü mərtəbəsində yerləşən 49 m2 sahəni icarəçiyə icarəyə verir. 2.1-ci bəndinə əsasən icarəçi xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 980 manat+18% ƏDV, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 1225 manat+18% ƏDV, olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq olaraq, hər ayın əvvəlində elektron hesab-faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. 2.2-ci bəndinə görə icarə haqqına sahədən tam istifadə, texniki xidmət xərcləri, kommunal xidmətlər (elektrik enerjisindən istifadə haqqı, telefon nömrələrinin alınması, aylıq abunə, beynəlxalq danışıq və internetdən istifadə haqqının ödənməsi, ofis daxilində internet şəbəkəsinin çəkilməsi istisna olmaqla) daxil olacaqdır. Əlavə 1 tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli ĞLL seriyalı 111360 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2022-xx.xx.2022-ci il (23 gün) üçün 1.156,40 manat icarə haqqı ödəmişdir. Kassa mədaxil orderi İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 31 avqust 2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borc məbləğinin 3 gün müddətdə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 07 iyun 2022-ci il tarixli ofis icarəsinə dair müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə razılaşdırılmış müqavilədə göstərilmiş qeyri-yaşayış sahəsini (Plaza 2, 4-cü mərtəbəsində yerləşən 49 m2 sahəni) cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh isə icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövrdə cavabdeh 2022-ci ilin iyun ayı üçün cəmi 980 manat + 18% ƏDV – 1.156,40 manat məbləğində ödəniş etmiş, 2022-ci ilin iyul, avqust və sentyabr ayları üçün aylıq 1225 manat +18% ƏDV – 1.445,5 manat olmaqla ümumilikdə 4.336,5 manat məbləğində icarə haqqını ödəməmişdir. Mülki Məcəllənin: 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh MMC-nin mübahisəli icarə müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə icarə haqqına görə ödənişlər üzrə “ƏDV daxil cəmi 4.336,5 manat məbləğində əsas borcunun yarandığını, eləcə də icarə müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 200 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 07 iyun 2022-ci il tarixli ofis icarəsinə dair müqavilə üzrə 4.336,5 manat məbləğində icarə haqqı borcu, 200 manat məbləğində dəbbə pulu, cəmi 4.536,5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 70 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 10 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 67,7 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 70 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4336,5 manat məbləğində borc, 200 manat məbləğində dəbbə pulu, cəmi 4.536,5 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia verilərkən artıq ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4877/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4877/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver