Məhkəmə qərarları › İş №e-2-2(113)-4878/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4878/2021

23.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4878/2021 23.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21320,47 (iyirmi bir min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat məbləğində borc və 200 (iki yüz) manat ödənilmiş mediasiyaya dair xərcin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında 14.10.2019cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə məbləği satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, mal alıcıya təhvil verildikdən sonra alıcı beş işi günü ərzində malın dəyərinin 100 faizi həcmində ödəniş etməlidir. Mallar iddiaçı tərəfindən cavabdehə göndərilmiş və malların göndərilməsi də elektron qaimələrlə təsdiq edilmişdir. Həmçinin cavabdeh tərəf də malların qəbul edilməsini elektron qaydada təsdiq etmişdir. "xxxx" ASCnin vergi orqanında olan elektron sistemindən çıxarışına əsasən qeyd edilən elektron qaimələr üzrə mallar cavabdehə göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. EBAT 271448 saylı qaimə üzrə cavabdehə 6400,15 manat, EBAR 264424 saylı elektron qaiməyə əsasən cavabdehə 2150,7 manat, EBAL 549300 saylı elektron qaimə üzrə cavabdehə 2532 manat, EBAL 552678 saylı elektron qaimə üzrə cavabdehə 3391,75 manat məbləğində mal göndərilmişdir. EBAL 510597 saylı elektron qaimə üzrə cavabdehə 3150,29 manat məbləğində mal göndərilmiş, həmin mala görə isə cavabdeh tərəfindən 3000 manat məbləğində ödəniş edilmiş, 150,29 manat məbləğində borc yaranmışdır. EBAG 452189 saylı elektron qaiməyə əsasən cavabdehə 1875,28 manat, EBAF 787804 saylı elektron qaiməyə əsasən 7977,22 manat məbləğində mal təhvil verilmişdir. Qeyd edilən elektron qaimələr üzrə yalnız yuxarıda qeyd edildiyi kimi, EBAL 510597 saylı elektron qaimə üzrə cavabdehə 3150,29 manat məbləğində mal göndərilmiş, həmin mala görə isə cavabdeh tərəfindən 3000 manat məbləğində ödəniş edilmiş, digər qaimələr üzrə isə heç bir ödəniş edilməmişdir. Həmçinin qeyd olunmuşdur ki, EBAN 623378 saylı elektron qaimə üzrə 1843,08 manat məbləğində mal cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin qaimə üzrə 5000 manat məbləğində ödəniş etmişdir, yəni cavadeh tərəfin həmin elektron qaimə üzrə 3156,92 manat məbləğində artıq ödəməsi ümumi borcdan çıxılmış, 21320,47 manat (iyirmi bir min üç yüz iyirmi manat qırx yeddi qəpik) məbləğində borc ödənilməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə verərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 13343,25 (on üç min üç yüz qırx üç manat iyirmi beş qəpik) manat pulun və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırkı borc məbləğini etiraf edir, lakin 200 manat mediasiya xərcinin onlardan tutulmasına etiraz edirlər. İddianın əsas borcla bağlı hissədə təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - 17.02.2020-ci il tarixli, EBAG seriyalı, 452199 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1875,28 manat təşkil edir. - 24.06.2020-ci il tarixli, EBAL seriyalı, 549300 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2532,00 manat təşkil edir. - 24.06.2020-ci il tarixli, EBAL seriyalı, 552678 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3391,75 manat təşkil edir. - 24.06.2020-ci il tarixli, EBAL seriyalı, 510597 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3150,29 manat təşkil edir. - 14.10.2020-ci il tarixli, EBAR seriyalı, 264424 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2150,70 manat təşkil edir. - 01.12.2020-ci il tarixli, EBAT seriyalı, 271448 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6400,15 manat təşkil edir. - "xxxx" QSC tərəfindən tərtib edilmiş 16.08.2021-ci il tarixli Hesabdan çıxarışdan görünür ki, İddiaçı AZ83ACAB******************** nömrəli hesabına müxtəlif tarixlərdə "xxxx" ASC tərəfindən köçürmələr həyata keçirilmişdir. İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borcun ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanan alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında rəsmi qaydada imzalanmış alqısatqı müqaviləsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Həmin borcun mövcudluğunu cavabdeh tərəf də təsdiq etmişdir. Borcun mövcudluğu iş materialları ilə də sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 13343,25 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 13343,25 manat (on üç min üç yüz qırx üç manat iyirmi beş qəpik) məbləğində pul və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 13543,25 manat (on üç min beş yüz qırx üç manat iyirmi beş qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar