Məhkəmə qərarları › İş №e-2-2(113)-4879/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4879/2022

18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4879/2022 18.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı “əldən çıxmış fayda və zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı BOKT İddiaçı QSC BOKT (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “əldən çıxmış fayda və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2011-ci il tarixli, 10770 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2.295.404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1.085.949,29 manat məbləğində əldən çıxmış faydanın, əsas borca Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanlarına əsasən İddiaçı QSC tərəfindən dövlət zəmanəti əsasında istiqrazlar emissiya edilmiş və illik 4 % olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankında illik 4 % komissiya ödəmək şərti ilə hesablanmış 457.040,45 manat məbləğində zərərin, həmçinin ödənilmiş 1561,50 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1.544.551,24 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması; borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivlər (borclar) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında iddiaçıya keçmişdir. Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı cavabdehin "xxxx" ASC-yə olan cəmi 4.484.575,58 manat məbləğində problemli borcu üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında iddiaçıya keçmişdir. Təhvil verilən sənədlər araşdırılarkən məlum olmuşdur ki, "xxxx" ASCnin Nəqliyyat filialı ilə cavabdeh arasında 01 aprel 2011-ci il tarixdə 10770 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə "xxxx" ASC və digər müəssisələrin sifarişi ilə ölkəyə yol tikintisi üçün zəruri olan texnikanın gətirilməsi üçün illik 16 % tətbiq edilməklə, 36 ay müddətinə 5.770.000,00 manat məbləğində kredit xətti açılmışdır. 09 aprel 2014-cü il tarixdə müqaviləyə 1 saylı əlavə edilərək müqavilənin müddəti 36 ay uzadılmaqla, kredit vəsaitindən istifadə müddətinin 11 aprel 2017-ci il tarixdə bitməsi razılaşdırılmışdır. 01 aprel 2011-ci il tarixli, 10770 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilmə üsulu kimi Nümayəndə2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksi (“Qızıl Balıq” X4) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank və İddiaçı QSC tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin cavabdeh öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən cavabdehin borcu ilə bağlı müvafiq iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edilmiş, Binəqədi rayon Məhkəməsinin 2(001)-111/2019 saylı 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh MMC-yə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Nümayəndə2 qarşı iddiası qismən təmin edilərək, 2.295.404,07 manat məbləğində (əsas borc) pul vəsaitinin Cavabdeh MMC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Nümayəndə2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan- Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinə (“Qızıl Balıq” X4) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 5.800.000,00 manat müəyyən edilməklə açıq hərracdan satılması, evin satışından əldə edilmiş vəsait hesabına 2.295.404,07 manat məbləğində borcun ödənilməsi, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinə (“Qızıl Balıq” X4) tutma yönəldikdən və satıldıqdan sonra həmin əmlakın boşaldılması, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq məbləğin cavabdehdən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ümumi qaydada tutulması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 100 manat məbləğində hissəsinin müştərək qaydada Cavabdeh MMC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən, 100 manat mənləğində hissəsinin isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, məhkəməqiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 364 manat məbləğində pul vəsaitinin 182 manat məbləğində hissəsinin müştərək qaydada Cavabdeh MMC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən, 182 manat məbləğində hissəsinin isə İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı QSC, cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Nümayəndə2 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4558/2021 saylı 21 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin apellyasiya şikayəti isə təmin edilmiş, hazırki iş üzrə Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi faiz borcunun tutulması barədə tələbin rədd edilməsi hissəsində və cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid hissədə ləğv edilmiş, faiz borcunun tutulması barədə tələb qismən təmin edilərək, faiz borcu kimi 965.174,24 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməsi, faiz borcunun tutulması barədə tələbin qalan hissədə rədd edilməsi və iddianın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4558/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC və cavabdeh Nümayəndə2 tərəfindən kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-14/2022 saylı 22 fevral 2022ci il tarixli qərarı ilə həmin kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMCxx.xx.2011-ci il tarixli, 10770 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün cavabdehə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yuxarıda qeyd olunan məhkəmə qərarları ilə təsdiq edilmiş 2.295.404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1.542.989,74 manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Cavabdehə hesablanmış1.542.989,74 manat məbləğində əldən çıxmış fayda və zərərin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Həmin təklifə cavabdeh tərəfindən münasibət bildirilmədiyindən iddiaçı tərəfindən ərizə ilə mediasiya təşkilatına müraciət edilərək kommersiya mübahisəsi ilə əlaqədar mediator təyin edilməsi xahiş edilmişdir. Cavabdehə qarşı irəli sürülmüş “əldən çıxmış fayda və dəymiş zərərin ödənilməsi” tələbinə dair yaranmış kommersiya mübahisəsi üzrə X6 medaitor təyin edilmiş və mediator tərəfindən ilkin mediasiya sesssiyası ilə bağlı iclas xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumat verilməsinə baxmayaraq həmin iclasda iştirak etməmişdir. X1 tərəfindən cavabdehin nümayəndəsinin təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə MŞB/11-00367 nömrəli 28 iyun 2022-ci il tarixli arayış təqdim etmişdir. Eyni zamanda, ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulan 400 manat məbləğində mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir. Bundan sonra cavabdeh ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən əldən çıxmış fayda və dəymiş zərərin iddiaçıya qaytarılması mümkün deyil və o, borcun qaytarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinə etiraz etmir. Buna görə də qeyd edilən borcun hüquqi şəxsə məxsus daşınar və daşınmaz əmlaklara, bank hesablarındakı pul vəsaitlərinə yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların, bank hesabındakı pul vəsaitlərinin iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təhvil verilən sənədlər araşdırılarkən məlum olmuşdur ki, iddiaçı bildirir ki, cavabdeh xx.xx.2011-ci il tarixli, 10770 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün ona xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tərəflər arasında olmuş məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə qərarları ilə təsdiq edilmiş 2.295.404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1.542.989,74 manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Həmidov iddia ərizəsini müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx"nın Nəqliyyat filialı ilə cavabdeh arasında bağlanmış 01 aprel 2011-ci il tarixli 10770 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana "xxxx" ASC-nin və digər müəssisələrin sifarişi ilə ölkəyə yoltikinti üçün zəruri olan texnikasının gətirilməsi məqsədilə 5.770.000 manat məbləğində kredit xətinin açılmasını öhdəsinə götürür. Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatı ABB Nəqliyyat filialı, "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanmış 01 aprel 2011-ci il tarixli zaminlik müqaviləsi təşkil edir. Cavabdehin kredit borcları barədə xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, kredit üzrə əsas borcun qalığı 3.388.993 manat, faiz borcu 1.095.582,58 manat, cəmi qalıq borcu 4.484.575,58 manat təşkil edir. 13 iyun 2017-ci il tarixli S-19 nömrəli aktdan görünür ki, Cavabdeh MMC-nin cəmi borcu 4.484.575,58 manat, əsas borc 3.388.993 manat, faiz borcu 1.095.582,58 manat təşkil edir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılan tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli 570 nömrəli Fərmanının və Nazirləri Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq tələb hüququ "xxxx" ASC-dən “Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatına ötürülmüşdür. "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli. 101S nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Bazarların Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə banka məxus problemli aktivlərin bankdan satın alınmasnı və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri banka verir, eyni zamanda bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt edir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-111/2019 saylı 16 sentyabr 2019cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı QSC-nin cavabdehlər Cavabdeh MMC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Nümayəndə2 qarşı “kredit və zaminlik müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 2295404,07 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, Nümayəndə2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbədi, Gürgan-Zirə Şahidli yolu, 9-cu km., 10 ünvanında yerləşən., ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinə (“Qızıl Balıq” X4”) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin ******* manat müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə edilmiş vəsait hesabına 2295404,07 manat məbləğində borcun ödənilməsi, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahidli yolu, 9-cu km., 10 ünvanında yerləşən, ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinə (“Qızıl Balıq” X5) tutma yönəldikdən və satıldıqdan sonra həmin əmlakın boşaldılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq məbləğin "xxxx" MMC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ümumi qaydada tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli 2(103)- 4558/2021 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin apellyasiya şikayəti təmin edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi faiz borcunun tutulması barədə tələbin rədd edilməsi hissəsində və cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid hissədə ləğv edilmiş, faiz borcunun tutulması barədə tələb qismən təmin edilmiş, faiz borcu kimi 965174,24 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi, faiz borcunun tutulması barədə tələbin qalan hissədə rədd edilməsi, iddianın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-14/22 saylı İddiaçı QSC BOKT cavabdeh Nümayəndə2 və digərlərinə qarşı işi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli 2(103)- 4558/2021 saylı qətnaməsindən İddiaçı QSC BOKT və cavabdeh X2 kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli 2(103)-4558/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4558/2021-002 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi tərəfindən Cavabdeh MMC və Nümayəndə2 göndərilmiş xx.xx.2022-ci il tarixli 4610/120 saylı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4558/2021-002 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Bakı şəhər Xəzər rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2022-ci il 24/12Q nömrəli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4558/2021-002 nömrəli. xx.xx.2021-ci il tarixli icra vərəqəsi və digər sənədlər hərracın keçirilməsi üçün göndərilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Belə ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). Belə ki, zərərin əvəzinin ödənilməsi üçün zəruri olan hüquqi əsaslardan biri zərər vuran şəxsin təqsirli olmasıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Ona görə də Məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilmir. Belə ki, materiallardan müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-111/2019 saylı 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən şikayət verilməmiş, qətnamə qəbul edildiyi tarixdən 1 ay keçdikdən sonra icraya yönəldilməmiş, sonradan icraya yönəldildikdə isə cavabdehin hərəkətləri nəticəsində deyil, ipoteka predmetinin açıq hərracda satılmasının mümkün olmaması səbəbindən icra sənədinin icrasının sona çatdırılması mümkün olmamışdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Xəzər rayon icra şöbəsinə göndərilmiş 26 sentyabr 2022-ci il tarixli 348 nömrəli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-4558/2021-02 saylı icra vərəqi və Xəzər rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli 2412Q saylı sifariş məktubuna əsasən Nümayəndə2 Vladimirovnaya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1.99342 ha olan əmlak kompleksinin (X8 Turizm Kompeksi) dəyərinin yüksəkliyini və işin həcmini nəzərə alaraq qeyd olunan məsələlərə aydınlıq gətirilməsi üçün qısa müddət ərzində mütəxəssis dəvət edilməsi və texniki pasportun işə əlavə olunması xahiş olunmuşdur. Bakı şəhər Xəzər rayon icra şöbəsi tərəfindən Capitals Auction” MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli 13507 12Q nömrəli məktubdan görünür ki, Nümayəndə2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahidli yolu 9-cu km, 10 ünvanında yerləşən torpaq sahəsinin real sahəsini, dəqiq sərhədlərininin müəyyən olunması üçün mütəxəssis dəvət olunması ilə bağlı qərar qəbul edilmiş, eyni zamanda həmin əmlak kompleksinə dair sənədlərin əldə olunması üçün müvafiq sorğular göndərilmişdir. Bakı şəhər Xəzər rayon icra şöbəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş məktubdan görünür ki, Nümayəndə2 Vladimirovnaya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1.99342 ha olan əmlak kompleksinin dəqiq sərhədlərinin müəyyən edilməsi üçün mütəxəssis iştirakının təmin edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən Bakı şəhər, Xəzər rayonu İcra Şöbəsinə göndərilmiş 28 sentyabr 2022-ci il tarixli 349 nömrəli məktubdan görünür ki, Nümayəndə2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən torpaq sahəsinin real sahəsinin və dəqiq sərhədlərinin müəyyən olunması üzrə dəvət etdikləri mütəxəssis rəyinin və həmin əmlak kompleksinə dair digər sənədlərin əldə olunması üçün göndərdikləri müvafiq sorğulara cavabın işə əlavə edilərək sifarişin yenidən göndərilməsi üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 61.3.3 və 61.3.4-cü maddələrinin tələblərinə əsasən sifariş üzrə təyin olunmuş xx.xx.2022-ci il tarixli açıq hərac təxirə salınaraq sənədlər toplusu icra olunmadan qaytarılmışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 4558/2021-02 saylı icra sənədinin hazıradək icra olunmamasına görə cavabdeh məsuliyyət daşımır. Belə ki, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmişdir. Göründüyü kimi icra sənədinin hərəkətsiz qalmasında cavabdehin təqsiri olmamışdır. Belə ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 560.2-ci maddəsində isə təsbit olunmuşdur ki, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının hərəkətləri hüquqdan suiistifadə kimi qiymətləndirilməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında icra olunmamasına görə cavabdehin təqsirinin olmadığı müəyyən edildiyindən iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, iddia ərizəsindən görünür ki, iddiaçı borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələblərinin birinci hissədə əsassız hesab edilərək təmin edilməməsi qənaətinə gəldiyindən iddia tələblərini yuxarıda qeyd olunan hissədə də əsassız hesab edərək həmin hissədə əlavə əsaslandırılma aparılmasına zərurət görmür. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 1561,50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı “əldən çıxmış fayda və zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 1561,50 manat dövlət rüsumu İddiaçı QSC BOKT-a aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar