Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4879/2023 23.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, dəbbə pulunun azaldılması, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 346017- CNS-35451 saylı kredit müqaviləsinə əsasən 3188,40 manat əsas borc, 253,60 manat faiz borcu və 768,90 manat cərimə olmaqla, ümumilikdə 4210,90 manat məbləğində pulun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2,11 manat və onun ödənilməsi üçün xidmət haqqının əvəzi olaraq 0,40 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı ASC ilə fərdi sahibkar olan fiziki şəxs Cavabdeh2 arasında bağlanmış 24 may 2022-ci il tarixli 346017-CNS-35451saylı kredit müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədi üçün illik 22% hesablanması şərti ilə 12 ay müddətinə 5319 manat məbləğində kredit verilmişdir. Verilmiş kredit vəsaiti Cavabdeh2 adına açılmış cari hesabına, cari hesabdan isə onun adına açılan kart hesabına köçürülmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.4.7-ci bəndinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən bu Müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və (və ya) faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5% həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. 2.2. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh1 arasında 27 oktyabr 2022-ci il tarixli 346017-1-2185 №-li zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh2 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinə əsasən kredit alan kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, zamin kredit alan ilə birlikdə bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyır. 2.3. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən lazımınca icra etməmiş və nəticədə iddiaçıya 3188,40 manat əsas borc, 253,60 manat faiz borcu və 768,90 manat cərimə olmaqla, ümumilikdə 4210,90 manat məbləğində borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri kredit alan tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. 2.4. İddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Mediasiya Şurasına müraciət edilmiş, mediator təyin edilmiş, mediator tərəfindən ilkin mediasiya sessiyası təşkil edilərək keçirilmiş və Bakı 12 saylı Mediasiya Təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/12/2023-00635 nömrəli arayışı verilmişdir. Cavabdehlər kommersiya mübahisəsi üzrə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən 2,11 manat məbləğində dövlət rüsumu və onun ödənilməsi üçün 0,40 manat məbləğində xidmət haqqı da ödənilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 462.1, 472.1, 739.1 və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4879/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.
7. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh2 maddi vəziyyəti ilə bağlı ödəniş edə bilmədiyini, hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, 5319 manat kredit götürmüş, maliyyə arayışında qeyd olunan ödənişləri etmişdir.
8. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir.
9. Cavabdehlər məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
10. Məhkəmə iddiaçı və cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC (bank qismində) ilə Cavabdeh2 (kredit alan qismində) arasında bağlanmış 24 may 2022-ci il tarixli 346017-CNS-35451 saylı kredit müqaviləsinə əsasən, bank kredit alana bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizləri bu Müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərin alınması, təchizatçılar və podratçıla hesablaşmalın aparılması) təyinatı üzrə istifadə etməlidir (1.1). Kreditin taqdim olunma tarixi (günü) kreditin cari hesaba köçürüldüyü tarix (gün) hesab edilir. Kreditin məbləği va valyutası: 5319 manat; kreditin müddəti: kredit alan krediti tam məbləğdə 24 may 2023-cü il tarixində və ya Müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir; faiz dərəcəsi: kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 22 %; kreditin qaytarılması və faizlərin ödənilməsi: hər ay, ödəniş cədvəlinə uyğun olaraq (Əlavə 1) müəyyən edilir (2-ci bənd).
15. Məhkəməyə təqdim edilən 24 may 2022-ci il tarixli 346017-CNS-35451 saylı kredit müqaviləsinə 1 saylı Əlavə ilə razılaşdırılmış ödəniş cədvəlindən görünür ki, ilk ödəniş 24 iyun 2022-ci il, son ödəniş tarixi isə 24 may 2023-cü il olmaqla 5319 manat kredit məbləği və 656,97 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
16. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 346017-1-2185 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 24 may 2022-ci il tarixli 346017-CNS- 35451 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
17. İddiaçı tərəfindən təsdiq edilmiş izahlı maliyyə arayışından görünür ki, 24 may 2022-ci il tarixli 346017-CNS-35451 saylı kredit müqaviləsi üzrə 2130,60 manat əsas borc, 496,50 manat faiz borcu ödənilmiş, kredit üzrə faizin hesablanması xx.xx.2023-cü il tarixində dayandırılmışdır. Həmçinin görünür ki, ödənilməmiş əsas borc 3188,40 manat, faiz borcu 253,60 manat təşkil edir.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında 24 may 2022-ci il tarixli 346017-CNS-35451 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 5319 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit məbləğini təşkil edən 5319 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
19. İddiaçı adıçəkilən kredit razılaşması üzrə 3188,40 manat əsas borc, 253,60 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
20. Cavabdeh2 kredit müqaviləsi üzrə borc məbləğini götürdüyünü, maddi vəziyyəti ilə bağlı ödəyə bilmədiyini bildirir, borc məbləğini mübahisələndirmir.
21. Cavabdeh1 isə məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz təqdim etməmişdir.
22. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
23. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
25. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
27. Məhkəmə qeyd edir ki, iddiaçı qalıq əsas borcu ödəniş cədvəlində razılaşdırılmış kreditin qaytarılma müddəti (xx.xx.2023) başa çatdıqdan sonra tam tələb etmişdir. Belə olan halda iddiaçı kredit müddəti üçün bütün gecikdirilmiş faiz borcunu və kreditin əsas məbəğini tam şəkildə tələb edə bilər. Lakin iddiaçı hazırkı iddia ilə əsas borcu və ancaq xx.xx.2023-cü il tarixə olan faiz borcunu tələb edir.
28. Məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, izahlı maliyyə arayışında qeyd olunan qalıq əsas borc 3188,40 manat, gecikdirilmiş faiz borcu isə 253,60 manat təşkil edir.
29. Belə olan halda məhkəmə hesab edir ki, 24 may 2022-ci il tarixli 346017-CNS- 35451 saylı kredit müqaviləsi üzrə borc məbləği maliyyə arayışına əsaslanmaqla 3188,40 manat əsas borc, 253,60 manat faiz borcu kimi müəyyən edilməlidir.
30. Bundan başqa. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
31. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
32. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
33. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 24 may 2022-ci il tarixli 346017-CNS- 35451 saylı kredit müqaviləsi üzrə 3188,40 manat əsas və 253,60 manat faiz borcu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
34. İddia ərizəsində iddiaçı 768,90 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
35. 24 may 2022-ci il tarixli 346017-CNS-35451 saylı kredit müqaviləsinin 8.2-ci bəndinə əsasən bu Müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və/və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5% həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir.
36. 27 oktyabr 2022-ci il tarixli 346017-1-2185 №-li zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsinə əsasən əsas öhdəlik, faizlərin, cərimələrin, borc tutulması üzrə məhkəmə xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin bank qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır.
37. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
38. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
39. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
40. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2023-ci il tarixdə edilsə də, iddiaçı uzun müddət sonra, yəni kredit müqaviləsinin müddəti bitdikdən sonra (xx.xx.2023-cü il tarixdə) məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
41. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 160 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
42. İddiaçı eləcə də 60 manat mediasiya xərcinin, 2,11 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının cavabdehlərdən tutulmasını xahiş etmişdir.
43. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB\12\2023-00635 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödənmişdir.
44. Elektron iddia ərizəsindən görünür ki, 2,11 manat dövlət rüsumu ödənilmişdir.
45. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
46. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
47. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
48. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 51 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 may 2022-ci il tarixli 346017-CNS-35451 saylı kredit müqaviləsi üzrə 3188 (üç min yüz səksən səkkiz) manat 40 (qırx) qəpik əsas borc, 253 (iki yüz əlli üç) manat 60 (altmış) qəpik faiz borcu, 160 (yüz altmış) manat cərimə borcu olmaqla ümumilikdə 3602 (üç min altı yüz iki) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 51 (əlli bir) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2 (iki) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova