Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-488/2025 10.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması, pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: vindikasiya iddiası, sahibliyin müdafiəsi, sahiblikdən məhrumetmə nəticəsində dəyən zərər, sübutetmə, əşya hüquqları və tələb hüquqları: mütləq və nisbi hüquqlar) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) “maneənin aradan qaldırılması, pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçının icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən mənzilin 5 kv.m. hissəsi olmaqla obyektdən və həmin obyektdə olan iddiaçıya məxsus əmlakdan qanunsuz istifadələrinə son qoyulması, cavabdehlərin həmin obyektdən məcburi qaydada çıxarılmaları, həmin obyekt üzərində iddiaçının istifadə və sahiblik hüquqlarının bərpa edilməsi, iddiaçının əmlakından istifadə və işləmədiyi müddət üçün əldən çıxmış fayda olaraq 12000 manat məbləğində pulun və ödənilmiş 126 manat dövlət rüsumu, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, X3 ilə iddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən mənzilin 5 kv.m. hissəsi iddiaçıya xx.xx.2026-cı il tarixinədək icarəyə verilmişdir. Həmin icarə obyekti iddiaçı tərəfindən dönərxana kimi istifadə edilir. Həmin mənzilin digər hissəsi isə Cavabdeh2 icarəyə verilmiş və həmin hissədən cavabdeh kafe kimi istifadə edir. İyul ayının sonundan cavabdehlər Cavabdeh2 və onun qardaşı Cavabdeh1 qanunsuz olaraq iddiaçıya icarə obyektinə daxil olmağa və ondan istifadə etməyə mane olmuş və iddiaçını faktiki olaraq öz obyektindən uzaqlaşdırmışlar. Obyektin üzərində olan reklam qanunsuz olaraq cavabdehlər tərəfindən sökülmüş və iddiaçının dönər aparatı onlar tərəfindən istifadə edilmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri bu günədək davam edir və iddiaçı öz qanuni icarə obyekktindən və əmlakından qanunsuz əsaslarla məhrum edilmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 152.5, 152.6, 152.7, 157, 700-ci maddələri göstərilmişdir.
4. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddia yalan, uydurma və əsassız olduğundan təmin edilməməlidir. İddiaçını həmin əmlakdan cavabdehlərdən heç biri çıxarmamışdır, iddiaçı 2-3 ay müddətində icarəyə götürdüyü əmlaka gəlib-getmiş, mənzilin kiçik bir hissəsi onun icarəsində olsa da, orada Şərbətov Rövşən adlı şəxs işləmişdir Lakin iddiaçı orada işləyən qadınlara xoşagəlməz, mənəviyyatsız hərəkətlər etmiş, sözlər atmış, həmin qadınların ailələri gəlib onunla dəfələrlə mübahisələr etmişlər. Obyektdə hər dəfə müxtəlif vətəndaşlarla münaqişəli vəziyyət yaratdığına görə özü həmin obyektə gəlməmiş, çıxıb getmişdir. Onun icarəsində olmuş obyektin cavabdehlərə hər hansı bir aidiyyəti yoxdur. İddiaçı ilə icarə müqaviləsini mənzilin mülkiyyətçisi X3 imzalamışdır. İddiaçının onunla hüquqi münasibətdə olmayan cavabdehlərə qarşı iddia verməsi əsassızdır. İddiaçının həmin mənzildə hər hansı bir əmlakı olmamışdır, iddia ərizəsində göstərdiyi əmlaklardan cavabdehlərin məlumatı yoxdur. İdddia ərizəsində göstərilən hərəkətlərin heç biri iddiaçıya qarşı edilməmişdir, özü icarə əmlakından çıxıb getmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Cavabdeh1 tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs kimi işə cəlb edilmişdir.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və eyni zamanda bildirdilər ki, icarə müqaviləsi X3 ilə bağlansa da, mülkiyyətçi icarə haqqının Cavabdeh1 ödənilməsini demişdir. Hər ay 800 manat icarə haqqı ödənilirdi. 2024-cü ilin iyul ayınadək icarə obyektində fəaliyyət göstərsə də, cavabdehlər həmin tarixdən sonra iddiaçını icarə obyektinə buraxmamışlar. Belə ki, sahənin ümumi ölçüsü 50 kv.m.-dir və onun 5 kv.m.-i iddiaçının icarəsindədir. İcarə obyektinə giriş cavabdehlərin obyektindən olduğundan onlar icazə verməsələr, iddiaçı öz obyektinə daxil ola bilməz. Mülkiyyətçi isə problemi öz aralarında həll etmələrini bildirmişdir.
9. Məhkəmənin suallarına cavab olaraq iddiaçı göstərdi ki, icarə obyekti üçün dönər aparatı almış, xərc çəkmişdir. Lakin icarə obyektinə daxil olmağa ehtiyat edir.
10. Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdilər və eyni zamanda göstərdilər ki, cavabdehlər tərəfindən iddiaçıya hər hansı maneə törədilmir. İddiaçı obyektdə qadınlara qarşı xoşagəlməz hərəkətlər etidiyindən oğluna məlumat verilmiş, sonuncu da iddiaçını obyektdən kənarlaşdırmışdır. İddiaçının hazırkı iddia ilə cavabdehlərə qarşı çıxış etməyə hüququ yoxdur. Belə ki, iddiaçı mülkiyyətçiyə qarşı iddia qaldıra bilər. Məhkəmə icraatının gedişində iddiaçıya icarə obyektinə daxil olmasına onlar tərəfindən hər hansı maneə törədilmədiyi, obyektə daxil ola biləcəyi bildirilsə də, iddiaçı heç bir addım atmamışdır.
11. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 göstərdi ki, obyekti Cavabdeh2 icarəyə götürmüşdür, digər cavabdeh isə Cavabdeh2 qardaşı kimi arabir obyektə baş çəkir. Onlar tərəfindən iddiaçıya hər hansı maneə yaradılmır, istədiyi vaxt icarə obyektinə daxil ola bilər.
12. Digər Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada – yaşayış yeri üzrə qeydiyyata alındıqları ünvana məhkəmə bildirişləri göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Cavabdeh1 və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Sahibliyin müdafiəsi və vindikasiya iddiası ilə bağlı
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə üçüncü şəxs X4 arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmış, üçüncü şəxs ünvan 1 ünvanında yerləşən mənzilin 5 kv.m. hissəsini iddiaçıya icarəyə verməyi, iddiaçı isə icarə obyektini qəbul edib aylıq 300 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən icarə sahəsini qəbul edərək orada dönərxana fəaliyyəti ilə məşğul olmuşdur.
17. İddiaçı icarə obyektindən – ünvan 1 ünvanında yerləşən mənzilin 5 kv.m. hissəsindən cavabdehlər tərəfindən məhrum edildiyini bildirir və icarə obyektindən və həmin obyektdə olan iddiaçıya məxsus əmlakdan qanunsuz istifadəyə son qoyulması, cavabdehlərin həmin obyektdən məcburi qaydada çıxarılmaları, həmin obyekt üzərində iddiaçının istifadə və sahiblik hüquqlarının bərpa edilməsini tələb edir.
18. Cavabdeh2 iddiaçının icarə obyektindən xoşagəlməz hərəkətlərinə görə oğlu tərəfindən çıxarıldığını, o və qardaşı olan digər cavabdeh tərəfindən iddiaçıya hər hansı maneə yaradılmadığını bildirir.
19. Cavabdeh1 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
20. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
21. Əvvəla göstərilməlidir ki, hazırda iddiaçı icarə hüququna əsaslanmaqla icarə obyektinə sahibliyi həyata keçiridiyini, lakin cavabdehlər tərəfindən sahiblikdən məhrum edildiyini bildirir. Digər tərəfdən, icarə obyektində olan və mülkiyyət hüququ ilə ona məxsus əşyalardan məhrum edildiyinə istinad edir.
22. Göstərilməldir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa), iddia təmin olunur, uzlaşmırsa, rədd edilir.
23. Bu səbəbdən iddiaçının icarə obyektinə sahibliklə bağlı tələbi Mülki Məcəllənin 164-cü maddəsi (sahibliyin müdafiəsi), icarə obyektinə olan əşyaları ilə bağlı tələbi isə Mülki Məcəllənin 157.2-ci maddəsi (vindikasiya iddiası) baxımından qiymətləndirilməlidir.
24. Belə ki, Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
25. Həmin norma sahibin iradəsi olmadan sahiblikdən məhrumetmənin və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Belə ki, Mülki Məcəllənin 164.2-ci maddəsi sahiblikdən məhrumetməni tənzimləyərək göstərir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
26. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün isə iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Eyni zamanda qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud vəziyyətdə iddianın icarə obyektinə sahibliklə bağlı hissəsinin təmin edilməsinin mümkünlüyü sahibliyin müdafiəsinə dair normalar çərçivəsində yoxlanılmalıdır.
28. Digər tərəfdən, Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri isə öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddialarını nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır.
29. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Bununla belə sözügedən normaların tətbiqinin Mülki Məcəllənin 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümkündür. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
30. Məhkəmə vurğulayır ki, bu normalarda müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir. Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır.
31. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər.
32. Qanunverici Mülki Məcəllənin 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs həmin maddəyə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. Normanın bu cür təfsirinə və tətbiqinə dair qənaət ondan irəli gəlir ki, əvvəla, sözügedən müddəa Mülki Məcəllənin “Əmlak və Əşya hüququ” bölməsində yer alan “Mülkiyyət hüququnun ümumi müddəaları” adlı 6-cı fəslindəki “Mülkiyyətin müdafiəsi”nə dair 157-ci maddənin tərkibində nəzərdə tutulmuşdur. Yəni məsələyə normaların sistematik təfsiri baxımından yanaşdıqda Məcəllənin Xüsusi Hissəsində tənzimlənən tələb hüquqlarına (7ci bölmədəki müqavilədən əmələ gələn öhdəliklərə) aid bir qaydanın tam əşya hüququ sayılan mülkiyyət hüququna aid fəsildə və normada yer alması ağlabatan deyil. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli gələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir. Halbuki yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin hüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu hüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı.
33. Bu səbəbdən də iddiaçının icarə obyektinə sahiblikdən irəli gələn hüquqları Mülki Məcəllənin 157.2 və 157.8-ci maddəsinə əsaslanmaqla müdafiə oluna bilməz. İddia tələbinin yalnız icarə obyektində olan iddiaçıya məxsus əşyalarla bağlı hissəsi məhz həmin normalar əsasında qiymətləndirilə bilər.
34. Qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə aydın olur ki: icarə obyektinin qanunsuz sahiblikdən geri qaytarılması üçün (sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün) iddiaçının əşyanın sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməli; icarə obyektində olan əşyaların qaytarılması üçün (vindikasiya iddiası üçün) iddiaçının mülkiyyətçi olması, əşyanın cavabdehin sahibliyində olması, sahibliyin qanunsuz olması; qanunsuz sahibliyin vicdanlı və ya vicdansız olması müəyyən edilməlidir.
35. Məhkəmə göstərməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən sahibliyin özbaşınalıqla pozulması və ya icarə obyektində olan əşyaların iddiaçının mülkiyyətində və cavabdehin qanunsuz sahibliyində olması iş materialları ilə öz təsdiqini tapmır.
36. Belə ki, iddiaçı tərəfindən iddianın sübut edilməsi üçün təqdim edilən fotoşəkillər və vergi bəyannamələri yuxarıda sadalanan halların sübutu kimi çıxış edə bilməz. Əksinə, məhkəmə tərəfindən şahid kimi dindirilmiş X1 iddiaçı və cavabdehləri tanıdığını, cavabdehlərin onun müdiri olduğunu, iddiaçının həmin obyektdə işləyən xadiməyə qeyrietik hərəkətlər etdiyini, yaranan narazılıqdan sonra iddiaçının oğlunun iddiaçını obyektdən kənarlaşdırıdığını bildirdi. Cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq isə şahid göstərmişdir ki, iddiaçı dönər satışı ilə məşğul idi və bir işçisi var idi. Qadınlara qarşı olan hərəkətlərinə görə oğlu iddiaçını apardıqdan sonra dönərxana boş qalmışdır. Hazırda fəaliyyət göstərmir.
37. Göründüyü kimi, məhkəmədə şahid kimi dindirilmiş X1 iddiaçının bildirdiklərinin əksinə hər hansı maneənin olmadığını göstərmişdir.
38. Həmçinin, cavabdeh tərəf bildirmişdir ki, iddiaçıya icarə obyektindən istifadəyə hər hansı maneə törədilmir, istədiyi vaxt icarə obyektinə daxil ola bilər. Buna görə də, məhkəmə tərəfindən iddiaçıya təklif edilmişdir ki, icarə sahəsinə daxil olsun. Bununla bağlı məhkəmə iclasları dəfələrlə təxirə salınmasına baxmayaraq iddiaçı hər hansı addım atmamışdır. Eyni zamanda, iddiaçı işçisi olmuş X2 şahid qismində dindirilməsi barədə vəsatət vermiş, həmin şəxsin məhkəmə iclasında iştirakını özünün təmin edəcəyini bildirmişdir. Məhkəmə vəsatəti təmin edərək şahidə bildiriş göndərsə də, şahid məhkəmə iclasında iştirak etməmiş, iddiaçı da iştirakını təmin etməmişdir.
39. Digər tərəfdən, iddiaçı icarə obyektində mülkiyyətində əmlakların olduğunu bildirsə də, həmin əmlaklarla bağlı hər hansı sübut təqdim etməmiş, əmlakların qanunsuz sahiblikdə olması öz təsdiqini tapmamışdır.
40. Ümumiyyətlə, hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu işdə iştirak edən şəxslərin izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
41. Şahid ifadəsi isə iddiaçının bildirdiyi halların təsdiqinə yönəlməmişdir.
42. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdehlər tərəfindən iddiaçının icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən mənzilin 5 kv.m. hissəsi olmaqla obyektdən və həmin obyektdə olan iddiaçıya məxsus əmlakdan qanunsuz istifadələrinə son qoyulması, cavabdehlərin həmin obyektdən məcburi qaydada çıxarılmaları, həmin obyekt üzərində iddiaçının istifadə və sahiblik hüquqlarının bərpa edilməsi hissəsində iddia rədd edilməlidir.
b) Dəymiş zərərlə bağlı
43. İddiaçı eyni zamanda əmlakından istifadə və işləmədiyi müddət üçün əldən çıxmış fayda olaraq 12000 manat məbləğində pulun tutulmasını tələb edir.
44. Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
45. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
46. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, sahiblikdən məhrumetmə ilə dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə sahiblikdən məhrumetmə arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
47. Hazırkı iş üzrə sahiblikdən məhrumetmə halı müəyyən edilmədiyindən onun nəticəsində zərərin dəyməsindən də söhbət gedə bilməz. Belə ki, yalnız sahiblikdən məhrumetmə müəyyən edildiyi halda, iddia tələbi yuxarıda göstərilən meyarlar üzrə yoxlanıla bilərdi.
48. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 12000 manat məbləğində pulun tutulması hissəsində də iddia rədd edilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. V. Nəticə:
52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması, pulun tutulması və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova