Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-489/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 236.458,76 manat məbləğində zərər məbləğinin və ödənilmiş 127 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017 - xx.xx.2018-ci il tarixlərdə cəmi dəyəri 676956.51 ABŞ dolları olan İtaliya və Avropa istehsalı park salınması üçün müxtəlif mal-materialları idxal etmişdir. Həmin mal-materiallar Moldova Respublikasının “Landsaftul Verde” SRL şirkəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli, “Gran Decor” şirkəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli və “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti ilə bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələri üzrə Azərbaycana idxal olunmuşdur. Bu mal-materialların idxalı Dövlət Gömrük Komitəsinin iddiaçı tərəfindən xx.xx.2017 - xx.xx.2018 dövrü ərzində idxal əməliyyatları haqqında məlumatda əksini tapmışdır. Mal-materiallara görə görə ödənilmiş vergilər iddiaçının Dövlət Vergi Xidmətinin elektron sistemindəki şəxsi hesab vərəqəsində əksini tapmışdır. Sözü gedən mal-materiallar cavabdehin sahibliyindədədir. Cavabdeh mal-materiallara görə iddiaçıya ödənişi etmədiyi səbəbdən mal-materiallar iddiaçının balansında qalır. Bu əsasla vergi orqanı 236.458,76 manat vergi hesablamış və iddiaçıdan tutmuşdur. Cavabdehin hərəkətləri (mal-materiallara görə iddiaçıya ödəniş etməməsi) nəticəsində iddiaçıya ondan tutulan vergi məbləğində (236.458,76 manat) zərər dəymişdir. Cavabdehə həmin zərərin ödənilməsinə dair xx.xx.2022-ci il tarixli pretenziya göndərilmişdir. Lakin, cavabdeh həmin pretenziyaya cavab verməmişdir və bu səbəbdən mübahisənin pretenziya qaydasında nizama salınması mümkün olmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Məhkəməyə vəsatət ünvanlayaraq hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassızdır, iddia ərizəsində qeyd olunanlarla bağlı məhkəmənin diqqətinə çatdırılır ki, tərəflər heç vaxt müqavilə və ümumiyyətlə mülki hüquq münasibətlərində olmamışdır. Bundan əlavə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi E.Hüseynzadə vəsatəti müdafiə edib onun məzmunua uyğun izahat verərək vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətə etiraz edib vəsatətin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələri üzrə iddia tələblərinin predmet və əsasları başqa olmuşdur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib vəsatəti materiallarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək cavabdehdən 1.100.000 avro məbləğində pulun və ödənilmiş 208953,23 manat əlavə dəyər vergisinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1102/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)972/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-1102/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyini bildirilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair e-2-2(113)-489/2023 saylı iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-489/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-489/2023
23.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver