Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4897/2022 15.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, əsas borc, cərimə borcu, məhkəmə xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən 15378,83 manat (ƏDV ilə) icarə haqqı borcunun, 13907,92 manat cərimənin, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat xərcin və 179,36 manat mediasiya xərci olmaqla ümumilikdə 29966,11 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış ERS-28-2021 nömrəli 7 noyabr 2021-ci il tarixli “Daşınar əmlakın icarə müqaviləsi”nə əsasən, 1 (bir) ədəd X1 16.00 T markalı avadanlıq cavabdehin istifadəsinə verilib. ERS-28-2021 saylı müqaviləyə Əlavə 1-ə (Qaydalar və şərtlər) və ERS-28-2021 saylı müqaviləyə Əlavə 3-ə əsasən, ayda 28 gün, gündə 10 saat (08:00-18:00) tarifi ilə 1 (bir) aylıq icarə haqqı ƏDV-siz 4600 manat müəyyənləşdirilib. İddiaçı müqavilə ilə üzərinə götürdüyü vəzifələrini vaxtında və lazımi qaydada icra edib. Cavabdehə təqdim edilmiş - ERS-2798 nömrəli xx.xx.2022-ci il tarixli Hesab və EBBP Seriyalı, 558784 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV-ilə 6325,70 manat 70 qəpik icarə haqqı borcu, ERS-2826 nömrəli xx.xx.2022-ci il tarixli Hesab və EBBR Seriyalı, 109457 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV-ilə 6009,57 (altı min doqquz) manat 57 qəpik icarə haqqı borcu və ERS-2848 nömrəli xx.xx.2022-ci il tarixli Hesab və EBBS Seriyalı, 146803 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV-ilə 3043,56 (üç min qırx üç) manat 56 qəpik icarə haqqı borcu, cəmi ƏDV-ilə 15378,83 (on beş min üç yüz yetmiş səkkiz) manat icarə haqqı borcu ödənilməyib. Müqavilənin 2.2-ci bəndinə əsasən, “İcarəçi” icarə haqqını aylıq əsasla elektron qaimə-faktura təqdim edildiyi tarixdən 15 təqvim günü ərzində “İcarəyə verən”in müvafiq bank hesabına köçürür. ERS-2798 nömrəli xx.xx.2022-ci il tarixli Hesab və EBBP Seriyalı, 558784 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV-ilə 6325,70 manat icarə haqqı borcunun ödənilməsinin gecikdirildiyi 202 gün üçün 6389,26 manat, ERS-2826 nömrəli xx.xx.2022-ci il tarixli Hesab və EBBR Seriyalı, 109457 nömrəli xx.xx.2022-ci il tarixli Elektron qaimə üzrə ƏDV-ilə 6009,57 manat icarə haqqı borcunun ödənilməsinin gecikdirildiyi 173 gün üçün 5190 manat və ERS-2848 nömrəli xx.xx.2022-ci il tarixli Hesab və EBBS Seriyalı, 146803 nömrəli xx.xx.2022-ci il tarixli Elektron qaimə üzrə ƏDV-ilə 3043,56 manat icarə haqqı borcunun ödənilməsinin gecikdirildiyi 153 gün üçün 2 328,66 manat, cəmi 13 907,92 manat cərimə də cavabdehdən tam həcmdə tutulub iddiaçıya ödənilməlidir. Müqavilənin 2.2-ci bəndinin ikinci cümləsinə əsasən, “İcarəyə verən” icarə haqqının bu Müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş müddətdə köçürülməməsinə görə “İcarəçi”dən hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0.5 faizi həcmində dəbbə pulu tələb edə bilər.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 462.1, 462.3, 465.2-ci maddələri qeyd olunmuşdur.
II. Tərəflərin mövqeyi
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi/vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, icarə predmetindən razılaşdırılmış saatlardan artıq istifadə saatı hər ay üçün müəyyən olunaraq tərəflərin imzası, möhürü ilə təsdiq edilmiş cədvəldə öz əksini tapmışdır. İcarə predmetinin subicarəyə verilməsi onlarla razılaşdırılmayıb, icarə haqqının ödənilməsi ilə bağlı iddiaçı qarşısında icarəçi, yəni hazırki iş üzrə cavabdeh məsuliyyət daşıyır. Eyni zamanda bildirmişdir ki, 179,36 manat pulu mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq tələb edirlər.
5. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə bildirmişdir ki, texnikanı icarəyə götürmüş, birinci ayın ödənişini etmiş, icarə predmetini subicarəyə vermiş, subicarəçi icarə haqqını ödəmədiyi üçün o da iddiaçıya icarə haqqını ödəyə bilməmişdir. Subicarəçi ödənişi etdikdən sonra icarə haqqını ödəyəcəkdir. Eyni zamanda bildirmişdir ki, hər ay üzrə icarə predmetindən istifadə barədə tərtib olunmuş cədvəl onun tərəfindən təsdiqlənmiş, həmin cədvəldə qeyd olunan saatlar icarə predmetindən razılaşdırılmış saatlardan artıq istifadə olunmuş saatları əks etdirmişdir.
6. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
7. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə baxış iclasında iştirak etməmişdir və belə olan halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
10. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının öbyektibliyi və ədalətliliyi üçün zəruridir.
11. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
a. İcarə müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
12. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış (hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmaqla) xx.xx.2021-ci il tarixli, ERS-28-2021 saylı daşınar əmlakın icarə müqaviləsinə əsasən icarəyə verən (İddiaçı MMC) texniki göstəriciləri müqaviləyə əlavədə müfəssəl qeyd olunan avadanlığı icarə müqaviləsində göstərilən müddət və şərtlərə müvafiq olaraq icarəçiyə verməyi, icarəçi (Cavabdeh MMC) isə avadanlığı müqavilədə (əlavədə) göstərilən tarixdən icarəyə verəndən götürməyi, hər bir təqvim ayı üçün elektron qaimə-faktura təqdim edildiyi tarixdən 15 təqvim günü ərzində icarə haqqını icarə verənin bank hesabına köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürmüş, müqavilənin qüvvədə olma müdəti xx.xx.2022-ci il tarixə qədər razılaşdırılmışdır.
13. İş materiallarında olan tərəflərin imzası və möhürü ilə təsdiq olunmuş icarə müqaviləsinə Qaydalar və şərtlər adlı 1 saylı Əlavəyə əsasən tariflər bir növbəli iş rejimi (ayda 28 gün, gündə 10 saat) üçün nəzərdə tutulub, standart nəzərdə tutulmuş saatdan artıq işlədilən əlavə saatlar üçün aylıq tarifə əsasən hesablanıb hesab fakturaya əlavə olunacaq.
14. İş materiallarında olan tərəflərin imzası və möhürü ilə təsdiq olunmuş icarə müqaviləsinə 3 saylı Əlavədən görünür ki, icarə predmeti “X1 16.00 T”ə görə icarə haqqı aylıq ƏDV xaric 4600 manat olaraq razılaşdırılmışdır.
15. İş materiallarında olan 30 dekabr, 31 yanvar və 28 fevralda tərəflərin imzası və möhürü ilə təsdiq olunaraq tərtib olunmuş cədvəllərdən aydın olur ki, icarə predmetindən istifadəyə görə razılaşdırılmış aylıq saatdan dekabr ayında 23 saat, yanvar ayında 20 saat, fevral ayında 17 saat artıq istifadə olunmuşdur. Bundan başqa, icarə predmetindən istifadəyə görə razılaşdırılmış aylıq gündən yanvar ayında 1 gün artıq istifadə olunmuşdur.
16. İş materiallarında olan ERS-2798 saylı, xx.xx.2022-ci il tarixli hesab-fakturadan (invoice) icarə predmetindən razılaşdırılmış istifadəyə görə 4953,84 manat, əlavə 23 saat istifadəyə görə 406,92 manat olmaqla cəmi 6325,70 (5360,77 + 964,94 ƏDV) manat, ERS- 2826 saylı, xx.xx.2022-ci il tarixli hesab-fakturadan (invoice) razılaşdırılmış istifadəyə görə 4764,29 manat, əlavə 20 saat istifadəyə görə 328,57 manat olmaqla cəmi 6009,57 (5092,86 + 916,71 ƏDV) manat, ERS-2848 saylı, xx.xx.2022-ci il tarixli hesab-fakturadan (invoice) razılaşdırılmış istifadəyə görə 2300 manat, əlavə 17 saat istifadəyə görə 279,29 manat olmaqla cəmi 3043,56 ( 2579,29 + 464,27 ƏDV) manat icarə haqqı hesablandığı görünür.
17. İş materiallarında olan elektron qaimələrdən görünür ki, 6325,70 (964,94 ƏDV daxil) manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 558784 saylı, 6009,57 (916,71 ƏDV daxil) manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 109457 saylı, 3043,56 ( 464,27 ƏDV daxil) manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 146803 saylı elektron qaimə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir.
18. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə daşınar əşyanın icarəsi müqaviləsi bağlanmış, icarə predmetindən ayda 28 gün, gündə 10 saat istifadə üçün 4600 manat (ƏDV xaric) icarə haqqı müəyyən olunmuş, nəzərdə tutulmuş saatdan artıq işlədilən əlavə saatlar üçün aylıq tarifə əsasən hesablama aparılacağı razılaşdırılmışdır. İcarəçi hər bir təqvim ayı üçün elektron qaimə-faktura təqdim edildiyi tarixdən 15 təqvim günü ərzində icarə haqqını icarə verənin bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüş, dekabr, yanvar və fevral ayları üzrə icarə haqqını ödəməmişdir. İcarə predmetindən razılaşdırılmış gündən və günlük saatdan dekabr ayında 23 saat, yanvar ayında 1 gün və 20 saat əlavə istifadə olunmuş, fevral ayında icarə predmetindən cəmi 14 gün istifadə olunmaqla günlük razılaşdırılmış saatdan 17 saat artıq istifadə olunmuşdur.
19. Göründüyü kimi, iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir. Belə olan halda hazırki iddia üzrə tələbin hüquqi əsası kimi, Mülki Məcəllənin 700.1-ci maddəsi nəzərdən keçirilə bilər.
20. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
21. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. İddiaçı xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 558784 saylı, xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 109457 saylı, xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 146803 saylı elektron qaimələr üzrə 15378,83 manat (ƏDV daxil) ödənilməsini tələb edir. Cavabdeh icarə haqqının ödənilmədiyini qəbul edir və öhdəliyini icra etməməsinin əsası kimi icarə predmetini subicarəyə verdiyinə və subicarəçinin icarə haqqını ödəmədiyinə istinad edir. Məhkəmə cavabdehin qeyd etdiyi arqumeni əsassız hesab edir və qeyd edir ki, İddiaçı MMC ilə bağlanmış icarə müqaviləsinin tərəfi kimi icarəçi Cavabdeh MMC icarə predmetini icarəyə götürüb icarəyə verən qaşısında icarə haqqının ödənilməsi üçün birbaşa öhdəlik götürmüşdür. İcarə haqqının ödənilməsi ilə bağlı müqavilədə istisna hal nəzərdə tutulmamışdır.
24. Bundan başqa, qanunvericilikdə icarə predmetinin subicarəyə verilməsi imkanı nəzərdə tutulsa da, bu halla bağlı qanunvericilikdə icarəyə verənin icarə haqqını tələb etməsi hüququnun ziyanına tənzimləmə və ya icarəçini icarə haqqını ödəmək vəzifəsindən tam və ya qismən azad edən əsas təsbit olunmamışdır.
25. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.
26. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.
27. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir.
28. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən icarəçi icarə haqqından savayı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergiləri və digər tədiyyələri də ödəyir, bir şərtlə ki, bu, icarəyəverənin vəzifəsinə daxil edilməsin.
29. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
31. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Cavabdeh üzərinə götürdüyü icarə haqqı ödəmək öhdəliyini dekabr, yanvar, fevral ayları üzrə icra etməmişdir. İddiaçı qeyd olunan aylar üzrə 15378,83 icarə haqqı tələb edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərini hazırki işin halları üzrə tətbiq edərək qeyd edir ki, iddiaçının qeyd olunan ayları üzrə icarə haqqı tələbi əsaslıdır. Lakin ERS-2798 saylı xx.xx.2022-ci il tarixli hesab-faktura ilə dekabr ayı üçün icarə haqqı iddiaçı tərəfindən artıq hesablanmışdır.
34. Belə ki, tərəflər ayda 28 gün, gündə 10 saat istifadəyə görə (28x10=280 saat) ƏDV xaric 4600 manat icarə haqqı razılaşdırmışlar.
35. ERS-2798 saylı xx.xx.2022-ci il tarixli hesab-fakturadan (invoice) görünür ki, icarə predmetindən razılaşdırılmış istifadəyə görə (28 gün) 4953,84 manat, əlavə 23 saat istifadəyə görə 406,92 manat olmaqla, cəmi 6325,70 (5360,77+ 964,94 ƏDV) manat hesablama aparılmışdır.
36. Göründüyü kimi, icarə predmetindən razılaşdırılmış istifadəyə görə (28 gün) 353,84 (4953,84 - 4600) manat, artıq istifadə saatı (23 saat) üçün isə 29,07 (4600 manat : 280 saat = 16,********** manat; 16,********** manat x 23 saat= 377,85 manat; 406,92 manat -377,85 manat =29,07 manat) manat olmaqla, cəmi 382,91 (353,84+29,07) manat (ƏDV xaric) artıq hesablanmışdır. 382,91 manatın ƏDV məbləği də əlavə edildikdə ((382,91 manat x 18 (ƏDV)) :100=68,92) dekabr ayı üzrə iddiaçı tərəfindən 451.83 (382,91 + 68,92 ) manat artıq hesablama aparılmışdır.
37. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi icarə haqqı borcunun tutulması hissəsində qismən əsaslı olmaqla 14927 manat icarə haqqı (15378,83 - 451,83) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
b. Dəbbə pulunun tutulması tələbi ilə bağlı
38. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ERS- 28-2021 saylı daşınar əmlakın icarə müqaviləsinin: - 2.2-ci bəndinə əsasən icarəyə verən icarə haqqının elektron qaimə-faktura təqdim edildiyi tarixdən 15 təqvim günü ərzində köçürülməməsinə görə icarəçidən hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,5 % həcmində dəbbə pulu tələb edə bilər; - 4.2-ci bəndin (icarəçinin hüquq və öhdəlikləri) a) yarımbəndinə əsasən təhvil-təslim aktını aldıqdan sonra 7 iş günü ərzində icarə haqqını ödəmək; əks halda icarəçi ödəniş şərtlərini pozduğu halda icarəyə verən tərəfindən gecikdirilən hər həftə üçün gecikmə məbləğinin 0,5 % həcmində cərimə olunacaqdır.
39. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
40. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
41. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
42. Məhkəmə dəbbə pulu ilə bağlı tələbə qiymət verərkən müqavilədə dəbbə pulunun hesablanması ilə bağlı 2 fərqli (günlük və həftəlik) hesablama qaydasının nəzərdə tutulduğunu, cavabdeh tərəfindən icarə haqqı şərtləşdirilmiş vaxtda ödənilmədiyi halda iddiaçının razılaşdırılmış vaxtdan xeyli müddət keçdikdən sonra məhkəməyə müraciət etməyini, həmçinin iddiaçının da bu müddət ərzində icarə haqqından heç bir ödəniş etmədiyini nəzərə alır.
43. Məhkəmənin qənaətinə görə iddiaçının tələb etdiyi dəbbə pulu əsas borca mütənasib deyildir. Məhkəmə cavabdehin əmlak vəziyyətini, iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 750 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
44. Məhkəmə belə qənaətə gəlir ki, dəbbə pulu olaraq 750 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
c. Mediasiya xərcinin tutulması tələbi ilə bağlı
45. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
46. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
47. İddia ərizədinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 03 avqust 2022-ci il tarixli MŞB/5-02589/2022 nömrəli arayışdan görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə 8 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılsa da, xx.xx.2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Həmçinin arayışda qeyd edilmişdir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir.
48. Mediasiya prosesinə çəkilmiş xərc 200 manat olsa da, iddiaçı 179,36 manat xərcin tutulmasını tələb edir. 49.Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 179,36 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
d. Vəkilin göstərdiyi yardıma görə xərcin tutulması tələbi ilə bağlı
50. Məhkəmə müəyyən edir ki, İddiaçı MMC ilə Nümayəndə arasında hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 08/K saylı müqavilə imzalanmış, bu müqavilə üzrə 500 manat hüquqi yardım xərci (000İPX1222020E9E nömrəli qəbz) iddiaçı tərəfindən ödənilmişdir.
51. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
53. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
54. Məhkəmə hesab edir ki, vəkilə göstərdiyi hüquqi yardıma görə 500 manat pul hazırkı kommersiya mübahisəsi üzrə ağlabatandır. Ona görə də, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 07 noyabr 2021-ci il tarixli icarə müqaviləsi üzrə 14927 (on dörd min doqquz yüz iyirmi yeddi) manat əsas borc, 750 (yeddi yüz əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 15677 (on beş min altı yüz yetmiş yeddi) manat pul Cavabdeh MMC -dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 179 (yüz yetmiş doqquz) manat 36 (otuz altı) qəpik və hüquqi yardım xərcinin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova