Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4898/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, torpaq icarəsi, icarə haqqı) Bakı Kommersiya Məhkəməsi hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 26099,65 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 6600 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 16978.0 kv.m. torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdehlər öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdehlər tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 26099,65 manat icarə haqqı borcu mövcuddur. Cavabdehlərə xx.xx.2024-cü il tarixli, 3-21- 3/2-6234/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdehlər məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15,19, 23-cü maddəsinə istinad olunmuşdur. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, icarə müqaviləsinin qüvvədə olmasına istinad edərək, xx.xx.2023-cü il tarixli, 6600 nömrəli icarə müqaviləsi üzrə cavabdehlər tərəfindən ödənişlər həyata keçirildiyinə görə cavabdehlərdən xx.xx.2024-cü il tarixə 24981,97 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 ərizə ilə müraciət edərək mübahisəli torpaq sahəsinin xx.xx.2024-cü il tarixindən X1 mülkiyyətinə keçməsi səbəbilə iddia tələbinin həcminin artırılması barədə xx.xx.2024-cü il tarixli ərizənin ona aid hissədə təmin olunmamasını və ona aid hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 icarə götürdüyü torpaq sahəsinin üzərindəki əmlakda olan payını başqa şəxsə satması və torpaqdan həmin şəxsin istifadə etməsi barədə 2024-cü ilin avqust ayında deyil, oktyabr ayının sonlarında icarə müqaviləsinin ləğv edilməsi barədə müraciət edərkən məlumat vermişdir. Buna görə də həmin müddətə qədər olan icarə haqqı hər iki cavabdehdən tutulmalıdır. Sonda o, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “İcarəyəverən” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “İcarəçi” Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 6600 nömrəli müqavilədən görünür ki, “İcarəyəverən” Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin xx.xx.2023-cü il tarixli, 224 saylı Sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 16978.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi torpaq sahəsindən bu müqavilədə müəyyən edilmiş həddə sərbəst istifadə etmək və icarəyəverənin yazılı razılığı ilə torpaq sahəsini subicarəyə vermək, icarəçi hüquqlarını girov qoymaq hüququna malikdir. 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı məbləği 86049 manat, aylıq icarə haqqı 7170,75 manat müəyyən edilir. 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X3 idarəsindəki hesabına ödənilməlidir. 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilir. Cavabdeh1 və Cavabdeh2 məxsus sonuncu şəxsi hesab vərəqəsindən görünür ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 26099,65 manat məbləğində ödəniş edilmiş və xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 24981,97 manat məbləğində borc mövcuddur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyerstrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 8915.5 kvm olan əmlak kompleksi üzrə istifadə hüququ xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1 adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 2-ci maddəsinə əsasən icarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. 7-ci maddənin 1-ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 7-ci maddənin 5-ci bəndinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 8-ci maddənin 1-ci bəndinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. ...Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... . 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 14-cü maddəsinə əsasən icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir... . 5-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; meşə fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları; yay və qış otlaqlarının torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq, baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin, toxumçuluq və damazlıq müəssisələrinin torpaqları; sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar; dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar. Digər dövlət torpaqlarının icarəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və müvafiq qanunvericiliyi ilə tənzimlənir. Dövlət torpaqları icarəyə verilərkən, onların hüquqi statusu, rejimi, məqsədli təyinatı nəzərə alınır, istifadəsi və mühafizəsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və digər qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 22-ci maddəsinin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. İcarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsindən könüllü imtina edildikdə xitam verilir. 75-ci maddəsinin 2-ci bəndinə əsasən qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. 75-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. 82-ci maddəsinə əsasən torpaq icarəçilərinin vəzifələrindən biri də icarə haqqının vaxtında ödənilməsidir. 99-cu maddəsinin 1-ci bəndinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. 99-cu maddəsinin 4-cü bəndinə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti)onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun təbii faydalı xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 706-cı maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 710-cu maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. 712-ci maddəsinə əsasən icarəçi icarəyəverənin icazəsi olmadan torpağı üçüncü şəxslərin istifadəsinə vermək, o cümlədən ikinci əldən icarəyə vermək hüququ yoxdur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə-büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Beləliklə iş materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdehlər icarə haqqı ödəməyə borclu olduqları halda, öhdəliklərini tam icra etməmişlər, habelə icra etmədikləri təqdirdə, onun yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəblərini bildirməmişlər. Buna görə də Torpaq Məcəlləsinin 82-ci və Mülki Məcəllənin 700-cü maddələrinə əsasən iddiaçı cavabdehdən icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən təqdim edilmiş sonuncu şəxsi hesab vərəqəsində 24981,97 manat məbləğində icarə haqqı borcunun olması öz təsdiqini tapır. Mübahisəli icarə obyektinə istifadə hüququnun özgəninkiləşdirilməsi səbəbilə iddia tələbinin Cavabdeh1 münasibətdə rədd edilməsi barədə sonuncunun mülahizəsinə münasibətdə məhkəmə qeyd edir ki, icarə müqaviləsi icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ verir, lakin mülki hüquq subyektleri icarəçinin əmlakdan istifadə hüquqlarının dairəsini sərbəst müəyyən edirlər. İcarəçi mülki hüquq münasibətlərində əmlakdan istifadə hüququnu həyata keçirən subyekt olduğundan, torpaq sahəsini başqa şəxsə istifadəyə verərək əmlakdan istifadə hüququnun əhatə etdiyi imkanlardan kənara çıxmışdır. Halbuki, cavabdehlərin AR Mülki Məcəlləsinin 712-ci maddəsinin tələblərini pozaraq, icarəyəverənin razılığı olmadan icarə hüququnu alqı-satqı müqaviləsi əsasında üçüncü şəxslərə ötürmələri icarəyəverənin icarə müqaviləsi bağladığı şəxslərdən icarə haqqını tələb etməkdə haqlı olmasını istisna etmir, habelə bu hal cavabdehin qeyd edilən əsasla icarə haqqını ödəməkdən azad olması üçün əsas deyildir. Həmçinin Cavabdeh1 ərizəsində də icarə müqaviləsinin ləğv olunması barədə iddiaçıya xx.xx.2024-cü il tarixdə müraciət etdiyini bildirmişdir. Göründüyü kimi cavabdeh iddiaçının icarə haqqını tələb etdiyi xx.xx.2024-c il tarixinə kimi icarə müqaviləsinin ləğv edilməsi və ya icarə hüququnun başqa şəxsə keçməsi barədə iddiaçıya məlumat verməmiş, sonuncudan razılıq almamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 icarəyə verənin razılığı olmadan icarə obyekti üzərindəki əmlakda olan payını özgəninkiləşdirərək icarəyə götürdüyü torpaq sahəsini başqa şəxsin istifadəsinə verməsi onu icarə haqqını ödəməkdən azad etmir. Buna görə də cavabdehin qeyd edilən əsasla iddia tələbinin rədd edilməsi barədə mülahizəsini əsassızdır. Beləliklə məhkəmə tərəflər arasında imzalanmış müqavilənin şərtlərini və yuxarıda qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən 24981,97 manat icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən ödənilməli olan 164,95 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixə olan 24981 (iyirmi dörd min doqquz yüz səksən bir) manat 97 (doxssan yeddi) qəpik məbləğində borc tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 164 (yüz altmş dörd) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4898/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4898/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver