Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-49/2025 07.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "AG Bank” ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi,zaminlik müqaviləsi, rüsum) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı "AG Bank” ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "AG Bank” ASC cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cəmi 89072,68 (səksən doqquz min yetmiş iki manat altmış səkkiz qəpik) manat – bundan 60823 (altmış min səkkiz yüz iyirmi üç manat) manat əsas, 6660,53 (altı min altı yüz altmış manat əlli üç qəpik) manat faiz, 12353,30 (on iki min üç yüz əlli üç manat otuz qəpik) manat cərimə borcunun, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 9235,85 (doqquz min iki yüz otuz beş manat səksən beş qəpik) manat faiz borcu və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin cavabdehlər Cavabdeh5 tutulması, - tutmanın 1) ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X2 məxsus ünvan 1 ünvanında yerləşən 38 saylı mənzilə; 2) ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 220 saylı bağ evinə; 3) ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi, 2a saylı fərdi yaşayış evinə yönəlməsi, - yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh5 tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra əmlakların boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 100.LN.2004.030913.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh5 60 (altmış ay) ay müddətinə illik 6.00 (altı) faiz ödənilmək şərti ilə 135000 (Bir yüz otuz beş min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli, 100.CL.030913.00001/e saylı İpoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi 1)Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X2məxsus ünvan 1, ev 38; 2)Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X2məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 220 saylı bağ evi; 3)Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi, 2a saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh5 müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişdir və belə olan halda, o məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh5 (borc alan) arasında xx.xx.2013-cü il tarixli 100.LN.2004.030913.00001 saylı kredit müqaviləsi bağlanmış və borc alana 60 ay müddətiə illik 6% faiz dərəcəsi ilə 135.000 (bir yüz otuz beş min) manat məbləğində kredit verilmişdir.
10. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh5 (borc alan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli 100.LN.2004.030913.00001 saylı kredit müqaviləsi və ona edilmiş və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə bank ilə ipotekaqoyanlar Cavabdeh3 və X4 arasında xx.xx.2013-cü il tarixli 100CL030913.00001/e saylı ipoteka müqaviləsi bağlanmışdır.
11. xx.xx.2013-cü il tarixli 100CL030913.00001/e saylı ipoteka müqaviləsinə 1 saylı Əlavəyə əsasən X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 220 saylı bağ sahəsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi, 2a saylı fərdi yaşayış evi ipoteka qoyulmuşdur.
12. Müqavilələr tərəflərin imzası, bankın möhürü ilə təsdiq edilmişdir.
13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
14. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
16. X3 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
17. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
18. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Məhkəmə ilk növbədə qeyd edir ki, ipoteka qoyan X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, adı çəkilən şəxsin vərəsələrinin olub-olmaması ilə bağlı Qeydiyyat və notariat baş İdarəsinə sorğu göndərilmişdir.
20. Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən X1 adına vərəsəlik işinin açılmasının müəyyən edilmədiyi məlum olur.
21. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2013-cü il tarixli 100.LN.2004.030913.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlərin xx.xx.2021-ci il tarixinə əsas borcu 60.823 manat, faiz borcu üzrə 6.660,53 manat borcu vardır.
22. Cavabdehlərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər.
23. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və Cavabdeh5 əsas borc üzrə 60.823 manat, faiz borcu üzrə 6.660,53 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində qismən iddia əsaslıdır.
25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
26. Hazırki işin hallarından görünür ki, cavabdehlərin əsas borcuna münasibətdə 3.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
27. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 9.235,85 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
28. Müqavilənin müddətinin xx.xx.2018-ci il tarixdə bitməsini və maliyyə arayışının xx.xx.2021-ci il olmasını nəzərə alsaq görünür ki, 3 il müddət keçmişdir. Bu halda isə əsas borca illik 5 faiz üzrə hesablanmalı olan məbləğ 9.123,45 manat (60.823x5%=3.041,15 (1 il üçün) 3.041,15x3=9.123,45 (3 il üçün)) təşkil edir.
29. Belə olan halda, iddiaçının iddiasında əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğin 9.123,45 manat olmasını nəzərə alaraq məhkləmə hesab edir ki, sonuncu məbləğ Cavabdeh5 bankın xeyrinə tutulmalıdır.
30. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
31. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-234/2024 saylı qərardadı ilə ipoteka ilə yüklü edilmiş əmlakın likvid və bazar dəyərini nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.
32. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən ipoteka predmeti olan X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 saylı mənzilin likvid dəyəri 110.000 manat, bazar dəyəri 120.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 220 saylı bağ sahəsinin likvid dəyəri 35.000, bazar dəyəri 35.000 manat, Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi, 2a saylı fərdi yaşayış evinin likvid dəyəri 170.000, bazar dəyəri 190.000 müəyyən edilmişdir.
33. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən müəyyən edilməlidir.
34. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli 100.LN.2004.030913.00001 saylı kredit müqaviləsi üzrə tutma X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 saylı mənzilə ilkin satış qiyməti 120.000 (bir yüz iyirmi min) manat müəyyən edilməklə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 220 saylı bağ sahəsinə ilkin satış qiyməti 25.000 (iyirmi beş min) manat müəyyən edilməklə, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi, 2a saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 170.000 manat müəyyən edilməklə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir.
35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
36. Bundan başqa, məhkəmə qeyd edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 38 saylı mənzil, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 220 saylı bağ sahəsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi, 2a saylı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli 100.LN.2004.030913.00001 saylı Krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə xx.xx.2013-cü il tarixli 100CL030913.00001/e saylı ipoteka müqaviləsi ilə yüklü edildiyindən həmin əmlaklar satıldıqdan sonra 01 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməlidir.
37. Məhkəmə həmçinin hesab edir ki, qətnamə ilə pulun tutulması qət edildiyindən, ipoteka predmeti satıldıqdan sonra vəsait kifayət etməszə pulun tutulması ümumi qaydada həyata keçiriləcəyindən iddianın “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh5 tutulması” hissəsi təmin edilə bilməz.
38. Bundan başqa Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
39. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
40. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, İddiaçı ASC tərəfindən 410 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.
41. Belə olan halda, hazırkı hissədə iddia təmin edilməli, 400 manat məbləğində pul da Cavabdeh5 iddiaçının xeyrinə tutulmalıdır.
42. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:
43. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli 100.LN.2004.030913.00001 saylı Krеdit müqaviləsinə əsasən əsas borc üzrə 60.823 (altmış min səkkiz yüz iyirmi üç) manat, faiz borcu üzrə 6.660 (altı min altı yüz altmış) manat 53 (əlli üç) qəpik, cərimə borcu üzrə 3.000 (üç min) manat olmaqla, cəmi 70.483 (yetmiş min dörd yüz səksən üç) manat, 53 (əlli üç) qəpik məbləğində pul Cavabdeh5 tutularaq “AGBANK" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 9.123 (doqquz min yüz iyirmi üç) manat 45 (qırx beş) qəpik məbləğində pul Cavabdeh5 tutularaq “AGBANK" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. xx.xx.2013-cü il tarixli 100.LN.2004.030913.00001 saylı Krеdit müqaviləsi üzrə tutma X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 saylı mənzilə ilkin satış qiyməti 120.000 (bir yüz iyirmi min) manat müəyyən edilməklə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 220 saylı bağ sahəsinə ilkin satış qiyməti 25.000 (iyirmi beş min) manat müəyyən edilməklə, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi, 2a saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 170.000 manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılsın, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. ünvan 1 ünvanında yerləşən 38 saylı mənzil, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 220 saylı bağ sahəsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi, 2a saylı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra boşaldılsın. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh5 tutularaq “AGBANK" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov