Məhkəmə qərarları › İş №e-2-2(113)-490/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-490/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-490/2021 30.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, ilkin iddia üzrə İddiaçı və nümayəndəsi, vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh X1 (bundan sonra MTRK) qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbi barədə ilkin iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MTRK-nin qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MTRK arasında bağlanılmış xx xxxxxxxx 2020-ci il tarixli hər iki əməkdaşlıq müqavilələləri üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, yəni bir il müddət ərzində hər gün ayrı-ayrılıqda saat 14:00-dan saat 15:00-dək və saat 17:00-dan saat 18:00-dək radio efirinin ona təqdim olunması və həmin müqavilələrdən irəli gələn hüquqlarımın məhdudlaşdırılmasını cavabdehə qadağan edilməsi, müqavilələrdə nəzərdə tutulmuş 1 (bir) il müddətinin axımının başlanğıcı qətnamənin faktiki icra olunacağı tarixdən hesablanması və Cavabdeh MTRK-dan əldən çıxmış fayda qismində 105000 manat, işgüzar nüfuza vurulmuş zərərin əvəzi qismində 20000 manat məbləğində, mənəvi zərərin əvəzi qismində isə 20000 manat məbləğində, cəmi, 145000 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh MTRK ilə iddiaçı arasında bağlanılmış xx xxxxxxxx 2020-ci il tarixli əməkdaşlıq müqavilələrinin 1-ci bəndinin şərtlərinə əsasən, iddiaçı, «Sifarişçi» qismində cavabdeh («İcraçı») tərəfindən ayrıayrılıqda saat 14:00-dan saat 15:00-dək və saat 17:00-dan saat 18:00-dək təqdim olunan radio efirində radioverilişlərin, layihələrin hazırlanmasını, aparılmasını və nəzarət etməli, cavabdeh isə öz növbəsində müqavilədə göstərilən müddət ərzində radio efiri təmin etməlidir. Hər iki müqavilələrinin 3-cü bəndinin tələblərinə əsasən müqavilələr imzalandığı tarixdən, yəni xx xxxxxxxx 2020-ci il tarixdən qüvvəyə minmiş və xx xxxxxxxx 2021-ci il tarixədək etibarlıdırlar. Bu müqavilələrin bitməsi tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir. Müqavilələrin maddələrinin və ya digər tərəfdən yerinə yetirilməsinə görə tərəflər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Müqavilənin 5.2-ci bəndinə əsasən, hazırkı müqavilələr hər iki tərəf imza atdıqdan sonra qüvvəyə minir. Cavabdeh MTRK ilə iddiaçı arasında bağlanılmış xx xxxxxxxx 2020-ci il tarixli hər iki əməkdaşlıq müqavilələri elə xx xxxxxxxx 2020-ci il tarixdə həm iddiaçının, həm də cavabdeh tərəfindən imzalanmış və 5.2-ci bəndinin tələblərinə uyğun olaraq həmin tarixdən qüvvəyə minmişlər. Sözügedən müqavilələrin qüvvəyə minməsinə baxmayaraq, Cavabdeh MTRK üzərinə götürdüyü öhdəlikləri xx xxxxxxxx 2020-ci il tarixdən yerinə yetirməkdən imtina edir və razılaşdırılmış radio efiri vaxtlarını ona təqdim etməkdən boyun qaçırır. Cavabdehin müqavilə şərtlərinin pozması nəticəsində iddiaçıya ciddi maddi zərər yetirilir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin «Öhdəliklərin icrası zamanı vicdanlılıq» adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Cavabdeh MTRK-nın müqavilə şərtlərinin pozması nəticəsində iddiaçıya ciddi maddi zərər yetirilir. Cavabdeh MTRK ilə sözügedən əməkdaşlıq müqavilənin bağlanması razılaşdırılan ərəfədə «xxxx» MMC ilə baş sponsor qismində xx xxxxxx 2020-ci il tarixdə «Reklam işlərinin görülməsi bardə» № 01-2020 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinin şərtlərinə əsasən, həmin müqavilə imzalandığı tarixdən qüvvədə olma müddəti üç ildir, müqavilənin vaxtı bitdikdən sonra «Alıcının» tələb etdiyi müddətə yenidən uzadılır. Müqavilənin 2.2-ci bəndinin şərtlərinə əsasən isə, «xxxx» MMC ilə baş sponsor qismində müqavilənin qüvvədə olduğu müddətin ilk üç ayda İddiaçı hər ay 2000 manat ödəməli, müddətin sonrakı aylıq ödənişləri 3000 manata qədər artırma planlaşdırılırdı. Cavabdeh MTRK tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində «xxxx» MMC mənimlə müqavilə münasibətlərinə xitam vermiş, bu da öz növbəsində xx xxxxxx 2020-ci il tarixli xidmət müqaviləsi üzrə gözlənilən gəlirlərdən məhrum edilməyinə birbaşa səbəb olmuşdur. «xxxx» MMC ilə bağlanmış xx xxxxxx 2020-ci il tarixli müqaviləsi ilə nəzərdə tutulmuş 3 (üç) illik müddətinin ilk 3 (üç) aylıq ödənişlərin 2000 manat, qalan ayların isə 3000 manat hesabı ilə əldən çıxmış faydanın cəmisi 105000 manat məbləğini təşkil edir. Cavabdeh MTRK-nın məsul şəxslərin hüquqa zidd davranışı digər əməkdaşlıq müqavilələrinin müsbət həllinin qeyri-mümkünsüzlüyünə səbəb olmuşdur və cavabdehin təqsiri ucbatından işgüzar nüfuzuna xələl gətirilmiş, İddiaçı mənəvi zərər də yetirilmişdir. Cavabdeh MTRK-nin hüquqazidd hərəkətləri nəticəsində İddiaçı yetirilmiş mənəvi zərər 20000 manat miqdarında qiymətləndirilir. İddiaçı kütləvi informasiya vasitələrində, o cümlədən internet resurslarında, radio və televiziyada aparıcılıq və bloggerlik fəaliyyəti ilə məşğuldur. Müxtəlif mövzularda proqram və verilişləri hazırlayıb aparmış, bu sahədə uzun müddət çalışmaqla artıq kifayət qədər tanınmağa nail olmuşdur. Məhz həmin fəaliyyəti nəticəsində əldə etdiyi nüfuzu “xxxx” MMC-nin ona etimad göstərilməsinə zamin yaratmış və onunla xx xxxxxx 2020-ci il tarixli müqavilənin bağlanmasına səbəb olmuşdur, digər sponsorlarla da razılaşmalar əldə olunma ərəfədə idi. Lakin Cavabdeh MTRK-nın müqavilə öhdəliklərini pozduğu üçün və müqavilə şərtləri ilə nəzərdə tutulmamış qaydada efir vaxtının haqqının ödənilməsi tələbləri ona qarşı irəli sürdüyündən, habelə bəzi mövzularda radioyayımlara maneələri yaratdığından, sonda isə radioefirləri ona təqdim etməkdən ümumiyyətlə imtina etdiyindən “xxxx” MMC ilə bağlanmış müqavilə üzrə gözlənilən gəlirlər əldən çıxmaqla yanaşı apardığı radioefirlərdə sponsor qismində çıxış etmək barədə digər təkliflərdən və dəvətlərdən çəkinməli oldu. Bu isə etibarlı və ciddi kontraqent şəxs olması barədə yaranmış rəyə kifayət qədər ciddi mənfi təsir göstərir. Cavabdeh MTRK-nın hüquqazidd hərəkətləri nəticəsində işgüzar nüfuzuna yetirilmiş zərərin miqdarını 20000 manat məbləğində qiymətləndirilir. İlkin iddia üzrə İddiaçı məhkəməyə Cavabdeh MTRK-nın qarşılıqlı iddia ərizəsinə və digər dəlillərinə dair mülahizə təqdim edərək, qeyd etmişdir ki, qarşılıqlı iddia tam əsassızdırdır, ona görə də təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 -ci maddəsinin tələblərinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Əvvəlki məhkəmə iclasında da bildirildiyi kimi, iş üzrə tərəflər arasında bağlanmış hər iki müqavilələrinin 2.4-cü bəndlərində ödənişlərin hər ayın 15-dək ödənilməsi qeyd olunmaqla, iradə ifadəsinin həqiqi mənasına görə müqavilə bağlandığı gündən ilk aylıq efir vaxtının haqqının tam ödənilməsi 2020-ci ilin oktyabr ayının 7-dən 15-dək nəzərdə tutulurdu. Müqavilədə hər aylıq efir vaxtının haqqının məhz ayın əvvəlində ödənilməsi nəzərdə tutulmadığından, xx xxxxxxx 2020-ci il tarixədək verilməli olan efir vaxtının haqqının artıq xx xxxxxxxx 2020-ci il tarixdə ödənilməsi barədə öhdəliyin İddiaçı tərəfindən üzərinə götürməyini yəqin ehtimal etmək məntiqə sığmır və sadəlövlük olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 423cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (423.1.). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (423.2.). - 427.1 -ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. - 560-cı maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. ... (560.1.). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (560.2.). Qarşı tərəfin nümayəndəsinin xx xxxxxx 2021 -ci il tarixli məhkəmə iclasında etirafına əsasən, Cavabdeh MTRK tərəfindən İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə artıq avansın ödənilməsi, 2020-ci ilin sentyabr ayının 7-dən oktyabr ayının 7-dək müddət ərzində təqdim olunmalı efir vaxtının haqqının artıq xx xxxxxxxx 2020-ci il tarixdə tam həcmdə ödənilməsi tələb olunmuşdur. Halbuki, aralarında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli müqavilələrinin şərtlərində avansın ödənilməsi, o cümlədən xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək təqdim olunmalı efir vaxtının haqqının artıq xx xxxxxxxx 2020-ci il tarixdə ödənilməsi də nəzərdə tutulmamışdır. İddiaçı isə 2020-ci ilin sentyabr ayının 07-dən 15-dək faktiki istifadə olunan efir vaxtının haqqı barədə hesab-faktura təqdim olunmayıb. Halbuki, müqavilə şərtlərinə əsasən, bu öhdəlik məhz Cavabdeh MTRK-nm üzərinə düşür. Eyni zamanda qarşı tərəfin etirafına əsasən, İddiaçı hələ xx xxxxxxx 2020-ci il tarixdə bitməli olan bir aylıq efir vaxtının haqqını məhz xx xxxxxxxx 2020-ci il tarixdə ödəmədəyindən cavabdeh təşkilatının fəaliyyət göstərdiyi inzibati binasına buraxılmamışdır. Cavabdeh MTRK qarşılıqlı iddia tələblərinin hüquqi əsasları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin müddəalarına da istinad etmişdir. Həmin normada ehtiva olunan işgüzar adətləri və ya adətən irəli sürülən digər tələbləri ilə müqavilə münasibətlərinin müddəti bir aydan artıq müddətdə nəzərdə tutulduğu təqdirdə xidmət haqqı adətən hər ayının sonunda ödənilməsi də nəzərdə tutula bilər. Cavabdeh MTRK ardınca Mülki Məcəllənin 427.3-cü maddəsinə istinad etsə də, 427.1-ci maddəsinin müddəalarından nədənsə yan keçmiş və onları nəzərə almamışdır. Bununla yanaşı qeyd etmək istəyir ki, qarşı tərəfin o cümlədən etdiyi etirafına əsasən, xx xxxxxxxx 2020-ci il tarixli müqavilələrə xitam verilməsi ilə bağlı Cavabdeh MTRK tərəfindən yazılı şəkildə heç bir tədbir görülməyib, tələb etdiyi ödənişlər üçün əlavə vaxtının təyin olunması barədə yazılı bildirişləri də İddiaçı təqdim etməyib. Cavabdeh MTRK ilə münasibətlərinin korlanmasına əsl səbəbi isə ondan ibarət olmuşdur ki, Cavabdeh MTRK rəhbərliyi İddiaçı təqdim etdiyi efir vaxtlarında bəzi mövzülara məhdudiyyət tətbiq etməyə çalışırdı. Məqsəd efir təqdim etdiyi digər şəxslərin şəxsi maraqlarını qorumaqdan ibarət idi və bu zaman İddiaçı hüquqlarının pozulmasını nəzərə almırdı. Bununla da göründüyü kimi, Cavabdeh MTRK müqavilə şərtlərini tam əsassız olaraq pozmuş, həmin MTRK tərəfindən İddiaçı qarşı irəli sürülmüş bir aylıq efir vaxtının haqqının artıq xx xxxxxxxx 2020-ci il tarixdə ödənilməsi barədə tələbi tamamilə əsassızdır, müqaviləyə bu barədə Cavabdeh MTRK tərəfindən faktiki olaraq birtərəfli qaydada edilmiş dəyişikliklər müqavilə şərtlərinə və mülki qanunvericiliyinin normalarına tamamilə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İşin hallarından göründüyü kimi, İddiaçı hərəkətlərim nəticəsində mülki hüquq pozuntusu (delikt) baş verməmiş, tərəfindən Cavabdeh MTRK-nm birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl törədilməmişdir. Əksinə, məhz Cavabdeh MTRK-nm qanunsuz əməlləri nəticəsində İddiaçı, xx xxxxxxxx 2020-ci il tarixli müqavilələrdən irləi gələn hüquqlarını həyata keçirə bilmədi, nəticədə zərərlə üzləşdi və külli miqdarda gəlirlərdən mərum edildi. Hazırkı halda Cavabdeh MTRK Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları ilə ehtiva olunan hüququ pozulmuş şəxslərə aid deyil. Ona görə də hesab edir ki, Cavabdeh MTRK qarşılıqlı iddia üzrə tələb olunan 2574,52 manat məbləğində itki ilə məhz öz təqsiri ucbatından üzləşdiyindən, habelə İddiaçı, Cavabdeh MTRK- nın zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməlləri nəticəsində xx xxxxxxxx 2020-ci il tarixli müqavilələrdən irəli gələn hüquqlarını həyata keçirə bilmədiyindən və gəlirlərdən məhrum olduğundan, Cavabdeh MTRK-nın 2574,52 manat məbləğində və digər pul tələbləri təmin olunmamalıdır. Sonda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddia tələblərinin artırılmasına dair xx xxxxxx 2021-ci il tarixli ərizədə qeyd olunduğu kimi, Cavabdeh MTRK ilə sözügedən əməkdaşlıq müqavilənin bağlanması razılaşdırılan ərafədə «xxxx» MMC ilə baş sponsor qismində xx xxxxxx 2020-ci il tarixdə «Reklam işlərinin görülməsi bardə» № 01- 2020 saylı xidmət müqaviləsi bağlanmış, müqavilənin qüvvədə olma müddəti üç ildir, «xxxx» MMC ilə baş sponsor qismində müqavilənin qüvvədə olduğu müddətin ilk üç ayda İddiaçı hər ay 2000 manat ödəməli, müddətin sonrakı aylıq ödənişləri 3000 manata qədər artırma planlaşdırılırdı. İddiaçı isə, məhz «xxxx» MMC ilə baş sponsor qismində bağladığı xx xxxxxx 2020-ci il tarixli müqaviləsinin mövcudluğuna güvənərək Cavabdeh MTRK ilə xx xxxxxxxx 2020-ci il tarixli müqavilələri bağladı. Çünki bu tipli müqavilə və gəlir mənbəyinin təminatı olmadan xx xxxxxxxx 2020-ci il tarixli müqavilələr üzrə dəyəri kifayət qədər yüksək məbləğdə təqdim olunan efirin haqqının ödənilməsi riskin altına girməzdi, bu heç cür ağlabatan deyil və ola da bilməzdi. «xxxx» MMC ilə bağladığı xx xxxxxx 2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərimi yerinə yetirərək, birinci - cümə günlərində (həftənin beş iş günü) saat 17 - 18 radələrində «X2» veriliş aparılmış və həmin verilişlərdə «xxxx» MMC-nin distribütor olduğu avtomobil yağ markasının reklamı verilirdi. Cavabdeh MTRK tərəfindən İddiaçı efir vaxtının verilməsindən qanunsuz olaraq imtina edildiyi üçün, «xxxx» MMC xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə İddiaçı ilə müqavilə münasibətlərinə xitam vermişdir. Bununla yanaşı qeyd etmək istəyir ki, Cavabdeh MTRK-nın məsul şəxslərin hüquqa zidd davranışı digər əməkdaşlıq müqavilələrinin də müsbət həllinin qeyri-mümkünsüzlüyünə səbəb olmuşdur və cavabdehin təqsiri ucbatından İddiaçı işgüzar nüfuzuna xələl gətirilmiş, İddiaçı mənəvi zərər də yetirilmişdir. Cavabdeh MTRK ilə xx xxxxxxxx 2020-ci il tarixli müqavilələr bu gün də qüvvədədir və adı çəkilən MTRK tərəfindən mübahisələndirilməyib. Qeyd olunanları nəzərə alaraq Cavabdeh MTRK-nın qarşılıqlı iddia tələblərinin rədd olunması və İddiaçı iddia tələblərimin tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTRK qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı Cavabdeh MTRK-nın xeyrinə 2574,52 manat məbləğində borcun və ona 5 ay ərzində 5% dərəcəsi ilə hesablanmış 53,6 manat dəbbənin, habelə hüquqi xidmətlərə görə 1500 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 4158,12 manat) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTRK (“Cavabdeh”) ilə İddiaçı (“İddiaçı”) arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli əməkdaşlıq müqavilələrinin (“Müqavilələr”) şərtlərinə əsasən, cavabdeh iddiaçını Müqavilələrdə göstərilən müddət ərzində radio efiri ilə təmin etməli (1.2-ci bənd), iddiaçı isə cavabdehə hər ayın 15-dən gec olmayaraq (2.4-cü bənd) Müqavilələrin 2.1-ci bəndində nəzərdə tutulmuş müvafiq ödənişləri hesab fakturalar əsasında (2.2-ci bənd) həyata keçirməli idi. Müqavilələrin 2.4-cü bəndinə əsasən, iddiaçı ilkin ödənişləri xx.xx.2020-ci il tarixinədək həyata keçirməli idi. xx.xx.2020-ci il tarixdə iddiaçıya ödənişlərin həyata keçirilməsi üçün cavabdeh tərəfindən müvafiq hesab fakturalar təqdim edilmişdir, elə həmin gündə də bir müqavilə üzrə elektron qaimə-faktura da təqdim edilmişdir. Cavabdeh tərəfindən öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsinə baxmayaraq, iddiaçı tərəfindən qeyd olunan öhdəlik kobud şəkildə pozulmuş, müvafiq ödənişlər (2360+2360=4720 manat ƏDV daxil) həyata keçirilməmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək iddiaçının Müqavilələrin 2.1-ci bəndi ilə müəyyən olunmuş borcu hər bir müqavilə üzrə 1287,26 manat olmaqla, bütövlükdə 2574,52 manat (ƏDV daxil) təşkil etmişdir. Ödənişin vaxtında edilməməsini rəhbər tutaraq xx.xx.2020-ci il tarixdə cavabdeh iddiaçının elektron poçtuna müqavilələrə birtərəfli qaydada xitam verdiyi bildiriş göndərmişdir. Sonradan isə elektron-fakturalar göndərərək müqavilələrin faktiki qüvvədə olduğu dövr üzrə cəmi 2574,52 manatın ödənilməsini tələb etmişdir. xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi də etiraf etmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə cavabdeh iddiaçıdan ödənişlərn həyata keçirilməsini tələb etmişdir və iddiaçı ödənişin icrasından imtina etmişdir (çünki, guya ödənişin yalnız xx xxxxxxx 2020-ci il tarixdə icra edilməsi zənnində olmuşdur). Yəni, hətta fərz etsələr ki, xx xxxxxxxx 2020-ci ilədək cavabdeh iddiaçıya hesab fakturalar təqdim etməmiş və ödənişi tələb etməmişdir, xx xxxxxxxx 2020-ci il tarixdə bu baş vermiş və iddiaçı bunu etiraf edir. Beləliklə, əsas mübahisə predmeti ilk ödənişin 15 sentyabr, yoxsa 15 oktyabrda həyata keçirilməsi məsələsidir. Qeyd olunanlara əsasən, iddiaçının cavabdehə hazırki borcu 2574,52 manat məbləğindədir (7-xx xxxxxxxx 2020-ci il dövrünü, yəni Müqavilələrin qüvvədə olduğu müddəti əhatə edir: İddiaçı cavabdehin təqdim etdiyi efirdən istifadə etmişdir). Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ötən 5 ay üçün bu faiz məbləği (2574,52X5%=128,72/12=10,72x5=53,6) 53,6 manat təşkil edir. Əslində, cavabdehin itkisi daha çoxdur, çünki iddiaçı daha böyük məbləği ödəməmiş və nəticədə cavabdehə əldən çıxmış fayda formasında zərər dəymişdir. Lakin Cavabdeh yalnız müqavilələrin faktiki qüvvədə olduğu dövr üzrə ödənişi tələb edir. Buna baxmayaraq, iddiaçı məhkəməyə müraciət edərək müqavilələr üzrə öhdəliklərə riayət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tamamilə əsassızdır. Belə ki, cavabdehin öhdəliklərinin icrasını dayandırmasının və müqavilələrə xitam verməsinin səbəbi məhz iddiaçının öz öhdəliklərini icra etməməsi olmuşdur. Beləliklə, iddiaçı tərəfindən müqavilələr üzrə əsas öhdəlikləri icra edilmədiyindən, cavabdeh də öhdəliklərinin icrasını dayandırmış və müqavilələrə xitam vermişdir. Buna görə də, iddiaçının ilkin iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçının ödəniş üzrə öhdəlik vaxtının guya xx xxxxxxx 2020-ci il tarixdən başlanmasını bildirməsi nə müqavilələrə, nə də işgüzar dövriyyə adətlərinə uyğun deyil. Belə ki, müqavilələr x xxxxxxxx 2020-ci ildə bağlanıb. Ondan sonra gələn “ayın 15-i” oktyabrda deyil, sentyabr ayındadır. Digər tərəfdən, müqavilələr üzrə müəyyən edilmiş ödəniş məbləği sabitdir. Buna görə də onun ayın sonunda ödənilməsi ehtiva olunsaydı, işgüzar dövriyyə adətlərinə uyğun olaraq hər ayın 15-i deyil, hər ayın 7-i, uzağı 8-i nəzərdə tutulardı. Ödəniləcək məbləğ qabaqcadan məlumdursa, ayın 15-i gözləməyin heç bir mənası yoxdur. Beləliklə, bu işin əsas məğzi ondan ibarətdir ki, müqavilələr üzrə ilk ayın ödənişi 15 sentyabradək, yoxsa 15 oktyabradək həyata keçirilməli idi. Ən azı 23 sentyabrda, yəni 15 oktyabradək iddiaçıya cavabdehin mövqeyi bəlli idi: 15 sentyabradək. İddiaçı da bununla razılaşmayıb. Buna görə də hazırda iddiaçının hesab fakturaların ona guya təqdim olunmaması ətrafında spekulyasiya etməsi yersiz və mənasızdır (hər bir halda 16 sentyabrda bir elektron qaimə-fakturanın təqdim edildiyini inkar edə bilməz). Heç olmasa 23 sentyabrda cavabdehin mövqeyi (Müqavilələrdən irəli gələn) ilə razılaşıb ödənişləri həyata keçirə bilərdi, amma bundan imtina edib. Ödənişlərin niyə məhz əsasən qabaqcadan ödəniş xarakterli olmasını (yəni ilk ödəniş 15 sentyabradək olmalı idi) yuxarıda əsaslandırmışıq. Deməli, cavabdeh vəzifələrini icra edib, iddiaçı isə yox. Nəticədə cavabdehin hətta vəzifələrini icra etdiyi dövr üçün də belə iddiaçı ödəniş etməyib. Başqa sözlə, onların qarşılıqlı iddiası təmin edilmədiyi təqdirdə iddiaçı sadəcə əsassız varlanmış olacaq. Məhz bu faktları ört-basdır etmək və gözdən pərdə asmaq üçün iddiaçı suçlu olduğu halda özünü qurban kimi göstərməyə çalışır. Üstəlik hələ ona dəyən hansısa zərərdən danışır. Məsələn, “xxxx” MMC ilə “Reklam işlərinin görülməsi barədə” xx xxxxxx 2020-ci il tarixli xidmət müqaviləsini təqdim edərək guya cavabdehin təqsiri ucbatından ona xitam verildiyini bildirir. Əvvəla, həmin müqavilə onların müqavilələrdən 16 gün əvvəl bağlanıb. Yəni, onların müqavilələr bağlanmasaydı da, iddiaçının “xxxx” MMC ilə problemi olacaqdı. Onlara aidiyyəti yoxdur. Yeri gəlmişkən, “xxxx” MMC ilə müqavilənin 5.1-ci bəndinə əsasən iddiaçıya xidmət dəyərinin 50%-i qabaqcadan ödənilməli idi. Ödənilmə ilə bağlı iddiaçı heç nə demir. Ödənişi təsdiq etmir. Həmin ödəniş məntiqlə “xxxx” MMC tərəfindən iddiaçıdan indi geri tələb edilməlidir. Belə tələb böyük ehtimalla yoxdur. Böyük ehtimalla söhbət yenə də sadəcə gözdən pərdə asmaqdan gedir və iddiaçının növbəti fəndgirliyidir. Digər tərəfdən, iddiaçı “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli sözügedən müqaviləyə xitamı haqda məktubunu təqdim edib. Məktubun sonunda deyilir ki, “xidmət haqqının ödənilməsi məqsədəmüvafiq hesab edilmədi”. Deməli, qabaqcadan ödəniş olmayıb iddiaçıya. Bunun da təqsirkarı cavabdeh deyil. Bəlkə, əksinə, sadəcə bunların hamısı uydurmadır. Həmin məktubun ikinci abzasında "xxxx" MMC-ni maraqlandıran verilişin saat 17-dən 18-dək olması göstərilir. Yəni, iş günün sonu. Sonra da qeyd edilir ki, “xx xxxxxxxx 2020-ci il tarixdən bu xidmətlərin təqdim edilməsi dayandırılmışdır”. Məktub da guya elə xx xxxxxxxx 2020-ci il tarixlidir. Bu tarixdən etibarən xidmətlərin tam dayandırılmasını hardan biliblər ki, bu məktubu da həmin gün göndəriblər. Bunlar əlbəttə ki, inandırıcı deyil və açıq-aşkardır ki, sadəcə iddiaçının fəndgirliyinin təzahürüdür. Cavabdeh bu məhkəmə işi üzrə hüquqi xidmətin alınması üçün 1500 manat ödəmişdir. Həmin məbləğ də iddiaçıdan tutulmalıdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, TV və Radio efir məkanında 15 illik fəaliyyət göstərdiyinə görə saat 17:00-18:00-a qədər “Radar” adlı veriliş üçün radio efirinin ayrılması barədə Cavabdeh MTRK-nın vitse-prezidentinə olan müraciəti müsbət nəticə vermiş və bununla bağlı müqavilə bağlanmışdır. Eyni zamanda qarşı tərəfdən saat 14:00-dan 15:00-a qədər “Sport Taym” verilişin təşkil edilməsi və həmin verilişin populyarlıq əldə edənə qədər ondan heç bir vəsaitin tələb olunmayacağı təklifi gəlmiş o, təkliflə razılaşmış və tərtib olunan müqavilədə tam bir il üçün ödənişin aparılması barədə müddəanın olmasına baxmayaraq sözügedən müqavilə tərəfindən imzalanmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə hər iki saat üçün ona radio efir təqdim edilmiş, lakin pandemiya davam etdiyinə görə bir çox idman yarışlarının keçirilmədiyi səbəbindən “Sport Taym” verilişin populyarlığın qazanmasında kifayət qədər problemlərin olduğunu nəzərə alaraq o, xx.xx.2020-ci il tarixdə saat 14:00-15:00 olan verilişdən sonra Cavabdeh MTRK-nın vitse-prezidentinə müraciət edərək həmin efirdə idman formatlı verilişi deyil, aktual olan tibbi sahəsinə aid olan veriliş ilə əvəz edilməsini təklif etmiş, lakin rədd cavabı aldıqda, müqavilənin şərtlərində mövzu ilə bağlı heç müddəanın olmadığını əsas gətirərək tibb sahəsinə aid verilişlərin hazırlayacağını bildirəndən sonra, ona saat 17:00-18:00-a olan efiri təqdim edilmədən kompaniyanın binasını tərk etməsi bildirilmiş, o, tələbə riayət etmiş və həmin vaxtdan bir daha binaya buraxılmamışdır. Əlavə olaraq izahatında bildirmişdir ki, ona efir təqdim edilən dövrdə, ona bir aylıq ödənişin edilməsi barədə təklif edilmiş, hətta xx.xx.2020-ci il tarixdə elektron qaimə göndərilmiş, lakin ona tam bir aylıq efir təqdim edilməməsi əsası ılə ödənişi etməmiş, elektron qaiməyə isə etirazını bildirmişdir. Bununla yanaşı o, müqavilə şərtlərinə görə efirin təqdim edilməsi ilə məqsədi ilə məhkəməyə müraciət etmiş, onun istifadəsində olan elektron poçtuna xx.xx.2020-ci il tarixdə göndərilən “müqaviləyə birtərəfli xitam verilməsi” barədə göndərişdən cari ildə xəbəri olmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi, vəkili Vəkil2 iddianı müdafiə edərək, iddia ərizəsində, iddia tələbinin həcminin artırılması barədə ərizədə, məhkəməyə təqdim etdikləri Cavabdeh MTRK-nın qarşılıqlı iddia ərizəsinə və digər dəlillərinə dair mülahizədə qeyd olunanlarla, həmçinin iddiaçı ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, İddiaçı hazırki tələblə öncə xx.xx.2020-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, ərizə geri qaytarıldığına görə təkrarən məhkəməyə ərizə ilə xx.xx.2020-ci il tarixdə müraciət edilmişdir. Odur ki məhkəmədən tədqiq olunana sübutlara əsasən ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələblərinin isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MTRK-nin nümayəndəsi, Vəkil1 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, İddiaçı öz öhdəliyini vaxtında yerinə yetirmədiyi və vaxtında ödəniş etmədiyi üçün müqavilə ləğv edilmişdir. İstənilən müqavilə üzrə 2 cür ödəniş, yəni avans və yaxud müəyyən işlər, xidmətlərin görülməsi ilə bağlı ödənişlər nəzərdə tutulur, yəni sentaybrın 7dən 15-ə kimi verilmiş efir vaxtı üçün ödəniş, avans kimi qabaqcadan verilməlidir. Qeyd olunanlara əsasən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli, 01-2020 nömrəli reklam işlərinin görülməsi barədə xidmət müqaviləsindən görünür ki, xidmət təqdim edən – İddiaçı alıcıya – “xxxx” MMC-yə “X2” radio verilişində baş sponsor kimi reklam xidmətləri təqdim edir, alıcı isə xidməti qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada xidmətin dəyərini xidmət təqdim edənə ödəyir. Bu müqavilə imzalandığı tarixdən 3 il müddətinə qüvvədədir. xx xxxxxxxx 2020-ci il tarixli əməkdaşlıq müqaviləsindən görünür ki, sifarişçi – İddiaçı icraçı – Cavabdeh MTRK tərəfindən təqdim olunan radio efirində (saat 14:00-dan 15:00dək) radio verilişlər, layihələr hazırlayır, aparır və nəzarət edir, icraçı isə öz növbəsində sifarişçiyə müqavilədə göstərilən müddət ərzində radio efiri təmin edir və sifarişçi icraçıya təqdim olunan efir üçün müqavilə üzrə hər ay ƏDV daxil 2360 manat ödəməlidir, ödəniş hər ayın 15-dək həyata keçirilməlidir. Müqavilə imzalandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixindən qüvvəyə minir və xx.xx.2021-ci il tarixinədək etibarlıdır. xx xxxxxxxx 2020-ci il tarixli əməkdaşlıq müqavilədən görünür ki, sifarişçi – İddiaçı icraçı – Cavabdeh MTRK tərəfindən təqdim olunan radio efirində (saat 17:00-dan 18:00dək) radio verilişlər, layihələr hazırlayır, aparır və nəzarət edir, icraçı isə öz növbəsində sifarişçiyə müqavilədə göstərilən müddət ərzində radio efiri təmin edir və sifarişçi icraçıya təqdim olunan efir üçün müqavilə üzrə hər ay ƏDV daxil 2360 manat ödəməlidir, ödəniş hər ayın 15-dək həyata keçirilməlidir. Müqavilə imzalandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixindən qüvvəyə minir və xx.xx.2021-ci il tarixinədək etibarlıdır. Cavabdeh MTRK tərəfindən verilən EBAQ seriyalı, 413360 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, (xx.xx.2020-ci il tarixinə) Cavabdeh MTRK-nın İddiaçı göstərilmiş xidmətlərin (Cavabdeh 101FM-də saat 14:00-dan 15:00-dək gedən efir yayımının) ümumi dəyəri 1287,26 manat (ƏDV daxil) məbləğində təşkil edir. Cavabdeh MTRK tərəfindən verilən EBAQ seriyalı, 413251 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, (xx.xx.2020-ci il tarixinə) Cavabdeh MTRK-nın İddiaçı göstərilmiş xidmətlərin (Cavabdeh 101FM-də saat 17:00-dan 18:00-dək gedən efir yayımının) ümumi dəyəri 1287,26 manat (ƏDV daxil) məbləğində təşkil edir. xx.xx.2020-ci il tarixli hesab-fakturanın sürətindən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə (xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən dövr üçün) Cavabdeh 101FM-də müvafiq olaraq saat 17:00-dan 18:00-dək gedən efir yayımı üçün İddiaçı borcu 2360 manat (ƏDV daxil) məbləğində təşkil edir. xx xxxxxxxx 2020-ci il tarixli Cavabdeh MTRK-nin səlahiyyətli əməkdaşı ilə İddiaçı arasında elektron poçtı (e-mail) vasitəsilə aparılan yazışmasının sürətindən görünür ki, Cavabdeh MTRK İddiaçı müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilələrin 2.4-cü bəndi (ödəniş hər ayın 15-dək həyata keçirilməldir) əsas gətirilərək xx.xx.2020-ci il tarixdən etibarən saat 17:00-18:00-dək, sabahdan etibarən isə saat 14:00-dan 15:00-dək yayımlanan verilişlərin yayımı dayandırılır və hər iki efir saatı üçün xx.xx.2020-ci il tarixində imzalanan müqavilələrə Cavabdeh MTRK tərəfindən birtərəfli xitam verilməli olduqlarını bildirmişlər. xx.xx.2020-ci il tarixli məktubunun sürətindən görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 01-2020 nömrəli reklam işlərinin görülməsi barədə xidmət müqaviləsinə xitam verilmiş və xidmət haqqının ödənilməsi məqsədəmüvafiq hesab edilməmişdir. xx.xx.2020-ci il tarixli Cavabdeh MTRK tərəfindən birtərəfli təsdiq edilmiş iki nüsxədən ibarət olan aktlardan görünür ki, xx.xx.2020-ci il tarixində imzalanmış müqavilələrə əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər ƏDV daxil olmaqla 2360 manat dəyəri olan radio efirinin yayımını Cavabdeh MTRK-nın meneceri Çinarə Cəfərova təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli, 275 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixli ödənişin təyinatı və əsası göstərilmiş hüquqi xidmətin haqqı üzrə 1000 manat vəsait Cavabdeh MTRK tərəfindən Vəkil1 hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixli, 281 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixli ödənişin təyinatı və əsası göstərilmiş hüquqi xidmətin haqqı üzrə 500 manat vəsait Cavabdeh MTRK tərəfindən Vəkil1 hesabına köçürülmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 421.2, 421.3, 427.1, 442, 443.1 və 445.7-ci maddələri). İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.2020-ci ildə İddiaçı ilə Cavabdeh MTRK arasında bağlanmış əməkdaşlıq müqaviləyə əsasən Cavabdeh MTRK tərəfindən İddiaçı saat 14:00-dan 15:00-dək və saat 17:00-dan 18:00-dək radio efirin təqdim edilməsi, sonuncunun isə bunun müqabilində hər ay ƏDV daxil 2360 manat məbləğində vəsaitin hər ayın 15-dək ödənilməsi nəzərdə tutulurdu. xx.xx.2020-ci il tarixdən sonra müqavilə şərtlərinə görə İddiaçı ödənişin edilməsi təklif edilmiş, sonuncu tam bir aylıq efir təqdim edilməməsi əsası ilə imtina etmiş və xx.xx.2020-ci il tarixdə saat 14:00-dan 15:00-dək olan verilişdən sonra İddiaçı ilə razılıq əldə edilmədən Cavabdeh MTRK birtərəfli müqaviləni ləğv etmiş və bununla bağlı iddiaçının elektron poçtuna məlumat göndərmişdir. Müqavilənin birtərəfli ləğv edilməsi ilə razılaşmayan İddiaçı hüquqularını müdafiə etmək üçün hazırki tələblə öncə xx.xx.2020-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, ərizə geri qaytarıldığına görə təkrarən məhkəməyə xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə diqqət yetirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin birtərəfli ləğv edilməsi yalnız tərəflərin razılığı ilə mümkündür, əks təqdirdə isə təşəbbüskar tərəf bununla bağlı məhkəməyə müraciət etməlidir. Həmçinin tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilədə nəzərdə tutulan digər ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi hal-hazıradək qüvvədə olan tərəflər arasında bağlanmış əməkdaşlıq müqavilələrində təqdim olunan efir üçün ödənişin hər ayın 15-dək dedikdə məhz bir aylıq radio efirin təqdim edilməsindən sonra və ya əvvəl həyata keçirilməsi müqavilədə öz əksini tapmamışdır. Lakin məhkəmə İddiaçı öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı iddiasını qanunvericiliyin tələblərinə əsasən əsaslı hesab edir, yəni, xx xxxxxxxx 2020-ci il tarixdə müqavilə Cavabdeh MTRK tərəfindən birtərəfli ləğv olunan bilməzdi, belə ki, bununla bağlı İddiaçı razılığı alınmamış, həmçinin bir il üçün bağlanmış müqavilə ilə bağlı 16 gün üçün ödənişlərin edilməməsi əhəmiyyətli pozuntu sayıla bilməz, yəni Cavabdeh MTRK dəymiş zərərə görə müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmamışdır. Odur ki, məhkəmə iddiaçı öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı tələbinin əsaslı hesab edərək, qeyd edir ki, sonuncuya 16 gün radio efiri təqdim edildiyindən iddia həmin hissədə qismən təmin edilərək qətnamə faktiki icra olunacağı tarixdən başlayaraq 11 ay 14 gün müddət ərzində saat 14:00-dan saat 15:00-dək və saat 17:00-dan 18:00-dək olan radio efiri İddiaçı təqdim olunmalıdır. Həmin müqavilələrdən irəli gələn hüquqlarımın məhdudlaşdırılmasını cavabdehə qadağan edilməsi və əldən çıxmış fayda qismində 105000 manat, işgüzar nüfuza vurulmuş zərərin əvəzi qismində 20000 manat məbləğində, mənəvi zərərin əvəzi qismində isə 20000 manat məbləğində, cəmi, 145000 manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə bağlı iddia təmin edilə bilməz belə ki, gələcəkdə baş verə biləcək hallarla bağlı qərar verilə bilməz, pul tələbi ilə bağlı isə məhkəmə kifayət qədər sübut təqdim edilməmiş, xx xxxxxx 2020-ci il tarixli, 01-2020 nömrəli müqavilə ilə xx.xx.2020-ci il tarixli hər iki müqavilələrlə heç bir qarşılıqlı bağlılıq və öhdəliyin yaranması müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTRK İddiaçı Cavabdeh MTRK-nın xeyrinə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr üçün hər bir müqavilə üzrə 1287,26 manat olmaqla, cəmi 2574,52 manat məbləğində borcu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 16 gün radio efir təqdim edildiyinə görə həmin vəsait İddiaçı tutulmalıdır. Məhkəmə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTRK-nın 5 ay ərzində 5% dərəcəsi ilə hesablanmış 53,6 manat dəbbə pulu hissəsində tələbi təmin edilə bilməz, çünki ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTRK bu barədə mötəbər sübut təqdim etməmiş, müqavilədə isə məhz hansı ayın 15-i ödənişin aparılması barədə müddəalar qeyri-müəyyəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 275 nömrəli və xx.xx.2020-ci il tarixli ödəniş tapşırıqlarını nəzərdən keçirərən məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə tələb olunan 1500 manat qarşılıqlı iddia tələbinin həcminə münasibətdə ağlabatan məbləğ olmadığından ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTRK-nın tələbi həmin hissədə qismən, yəni 200 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTRK-nın dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 4128,12 manat məbləğində olan iddia tələbinin yalnız 2774,52 manatı (67,21%) təmin olunduğuna görə dövlət rüsumu da, ödənilmiş tələbin məbləğinə münasib olaraq qismən təmin edilməli və 20,16 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh MTRK-nın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Qətnamə faktiki icra olunma tarixdən başlayaraq xx xxxxxxxx 2020-ci il tarixli iki əməkdaşlıq müqavilələrin şərtlərinə uyğun olaraq 11 ay 14 gün müddət ərzində saat 14:00-dan saat 15:00-dək və saat 17:00-dan saat 18:00-dək Cavabdeh MTRK tərəfindən İddiaçı radio efir təqdim olunsun. Həmin müqavilələrdən irəli gələn hüquqlarının məhdudlaşdırılması cavabdehə qadağan edilməsi və Cavabdeh MTRK-dan əldən çıxmış fayda qismində 105000 manat, işgüzar nüfuza vurulmuş zərərin əvəzi qismində 20000 manat məbləğində, mənəvi zərərin əvəzi qismində isə 20000 manat məbləğində, cəmi, 145000 manat məbləğində pul vəsaitinin tələbi hissəsində iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 2574,52 manat, habelə hüquqi xidmətlərə görə 200 manat və dövlət rüsumu kimi ödənilmiş 20,16 manat cəmi 2794,68 manat məbləğində pul tutularaq Cavabdeh MTRK-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar