Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4906/2024 08.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 Əbülfəz oğlu və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi iş (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 Əbülfəz oğlu və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 Əbülfəz oğlundan və Cavabdeh1 birgə qaydada İKZ096 saylı kredit müqaviləsi üzrə 400000 manat əsas borc, 12666,67 manat faiz borcu, 29332,67 manat cərimə borcu olmaqla, cəmi 441999,34 manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 732 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən, Cavabdeh3 Əbülfəz oğlundan və Cavabdeh1 birgə qaydada: İKZ096 saylı kredit müqaviləsi üzrə 360968,52 manat əsas borc, 12666,67 manat faiz borcu, 67250,79 manat cərimə borcu olmaqla, cəmi 440885,98 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 732 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2023-cü il tarixli İKZ096 saylı kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “20” fevral 2023-cü il tarixli 02/2023 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərti ilə Borcluya illik 15% faiz dərəcəsi ilə 12 ay müddətinə 500000 manat məbləğində kredit xətti ayrılmışdır. Bank ilə Borcalan arasında bağlanılmış İKZ096 saylı Kredit Xətti Müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli ZİKZ096_01 saylı; Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli Z5701 saylı zaminlik müqaviləsi imzalanmışdır. Lakin Müştəri qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bildirir ki, hazırda Borcalanın xx.xx.2024-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri İKZ096 saylı kredit müqaviləsinə əsasən 400000 manat əsas borc, 12666,67 manat faiz borcu, 29332,67 manat cərimə borcu olmaqla, cəmi 441999,34 manat təşkil edir, gecikmə günü:
133. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 732 manat dövlət rüsumu ödəmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələri gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh2 MMC tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli PB/GTC-206/2016 saylı “Bank xidmətlərinin göstərilməsinə dair X1nun 1-ci bəndinə əsasən müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yerləşdirilmə, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkrediti, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 22 fevral 2023-cü il tarixli İKZ096 saylı kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən Kreditor Azərbayca Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 20 fevral 2023-cü il tarixli 02/2023 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istidadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcalana 500000 manat məbləğində illik 15 % faiz dərəcəsi ilə 12 ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 11 ay olmaqla) kredit xətti verir. Kredit xətti Kreditor tərəfindən kredit xətti müddəti və kredit xətti məbləği çərçivəsində hissəvi/tam məbləğdə pul vəsaitləri şəklində ayrılır. Borcalan bu müqaviləyə 1 nömrəli əlavəyə uyğun olaraq kredit tranşının ayrılması iıə bağlı ərziə ilə kreditora müraciət etdikdən sonra, kreditor müvafoq kredit tranşını bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş təyinatı üzrə köçürür. Müqavilənin 1.4.1-ci bəndinə əsasən borcalanın Kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürməsinə dair Cavabdeh1 ilə Kreditor arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci və 2.2-ci bəndinə əsasən kredit tranşı üzrə əsas borc və faizlər (bu müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla) aşağıdakı qaydada hesablanıb ödənilir: hər ayrılan kredit tranşına görə faizlər kredit tranşı üzrə əsas borc qalığına müvafiq olaraq həmin əsas borc qalığının Kreditora geri ödənilməsi tarixinədək hesablanır və ən azı rüblük qaydada ödənilir. Kredit tranşı üzrə əsas borc qalığı kredit xəttinin müddətinin sonunadək ödənilir. Borcalan hər kredit tranşı üzrə ödənişləri bu müqavilənin 2.1-ci bəndinə uyğun olaraq tərtib edilmiş və onun ayrılmaz hissəsi olan ödəniş cədvəli (bundan sonra - ödəniş cədvəli) əsasında həyata keçirir. Əgər ödəniş günü iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş iş günü hesab olunmayan gündən sonra gələn növbəti iş günü ödənilir. Müqavilənin 4.2-ci bəndinə əsasən Borcalan ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit tranşı üzrə əsas borcun gecikdirilmiş hissəsinin 0,1% həcmində dəbbə pulu ödəməlidir. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, Z5701 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Bank ilə bu müqavilənin 2.3. bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi əsasmda Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1. bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. Bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini Kredit Xətti (Maksimal borclanma limiti və mahiyyəti buna bərabər olan digər müqavilələr) təşkil etdikdə zaminlik sözügedən Kredit Xətti çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir. İddiaçı ASC ilə Cavabdeh1 arasında “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur Qaydaları”na 7 nömrəli Əlavə olaraq xx.xx.2023-cü il tarixli ZİKZ096_01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1ci bəndinə əsasən zamin Kreditor və Borcalan arasında Bakı şəhərində bağlanmış “22" fevral 2023-cü il tarixli İKZ096 Ne-li Kredit xətti müqaviləsinə (bundan sonra - Kredit müqaviləsi) əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün Borcalan tərəfindən bu öhdəlik İcra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, PB-OUT-02367-2024/4 saylı bildiriş məktubundan və ona qoşma cədvəldən görünür ki, Cavabdeh2 MMC xx.xx.2020-ci il tarixli, OnGTC-90057507LE/2019 nömrəli bank xidmətlərinin göstərilməsinə dair X1 çərçivəsində İKZ096 saylı 22 fevral 2023-cü il tarixli müqavilə üzrə 133 gün gecikmə yarandığı qeyd olunmuşdur və öhdəliyin icrası tələb olunmuşdur. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli PB/PBL-OUT-00466-2024 saylı maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri İKZ096 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 360968,52 manat əsas borc, 12666,67 manat faiz borcu, 67259,79 manat cərimə borcu olmaqla, cəmi 440885,98 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 732 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 22 fevral 2023-cü il tarixli İKZ096 saylı kredit xətti müqaviləsinə əsasən illik 15 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 500000 manat məbləğində kredit xətti ayrılmışdır. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, Z5701 saylı zaminlik müqaviləsi, Cavabdeh1 arasında “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur Qaydaları”na 7 nömrəli Əlavə olaraq xx.xx.2023-cü il tarixli ZİKZ096_01 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə qiymət verərək, cavabdehlərin öhdəliklərini icra etmədiklərini, iddiaçının borcu tələb etməkdə haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasındakı müqaviləyə əsasən 360968,52 manat məbləğində əsas borc və 12666,67 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında imzalanmış 22 fevral 2023-cü il tarixli İKZ096 saylı kredit xətti müqaviləsinə əsasən 67250,79 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq cavabdehlərdən 18050 manat cərimə məbləği tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ödənilmiş 732 manat məbləğində dövlət rüsumunun 681,69 manatının əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 Əbülfəz oğlu və Cavabdeh1 müştərək qaydada İKZ096 saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 360968,52 manat əsas borc, 12666,67 manat faiz borcu, 18050 manat cərimə borcu olmaqla, cəmi 391689 (üç yüz doxsan bir min altı yüz səksən doqquz) manat 19 (on doqquz) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 681 (altı yüz səksən bir) manat 69 (altmış doqquz) qəpiyinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Kənan Hüseynov