Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4909/2022 23.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən əsassız yazılmış borca görə ödənilmiş 2.514,16 manat və mediasiya xərcləri üçün ödənilmiş 60 manat, ümumilikdə 2.574,16 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında iddiaçıya məxsus Abşeron rayonu, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən müəssəsənin elektrik enerjisi ilə təmin olunmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx" ASC Abşeron rayonu, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən müəssisəni elektrik enerjisi ilə təmin etməyi, İddiaçı MMC isə istifadə olunmuş elektrik enerjisinə görə haqq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin obyektdə 9213064M181918E sayılı elektrik sayğacı xx.xx.2021-ci il tarixdə YG 18/21E-061 "xxxx" MMC tərəfindən quraşdırılmışdır. Daha sonra Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixli YG 18/21E-061 istismara buraxılış aktı tərtib olunaraq istismara buraxılmışdır. Bundan sonra cavabdeh "xxxx" ASC tərəfindən istifadə olunmuş elektrik enerjisinə görə aylıq olaraq elektron qaimələr elektron kabinet vasitəsi ilə İddiaçı MMC-nin hesabına göndərilmişdir. Qeyd olunan qaimələr vaxtında gecikdirilmədən ödənilmişdir. Lakin aprel ayının axırı "xxxx" ASC-nin əməkdaşları tərəfindən müəssisələrinə gələrək indiyə kimi səhv əmsalla sayğac göstəricilərinin səhv hesabladığı bildirilmiş və xx.xx.2022-ci il tarixində MMC-nin adına hesabına "xxxx" ASC tərəfindən əsassız olaraq 2.514,16 manat məbləğində X1yə görə №505096 saylı elektron qaimə göndərilmişdir. MMC müəssisədə elektrik enerjisininin və iş fəaliyyətinin davamiyyətini təmin etmək üçün qeyd olunan əsassız borcu ödəmişdir. Lakin həmin borc əsassız olaraq hesablanmışdır və "xxxx" ASC tərəfindən İddiaçı MMCyə geri ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında hesablanmış borc məbləğinin tamamilə qanuni olduğunu, aktda sayğacın sxeminin tərs olması səbəbi ilə sayğacın dövrədən keçən yükü düzgün qeyd etməməsinin göstərildiyini, yəni, cavabdehin hər hansı hesablama aparmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, bugünki günə olan borc abonent saldosunda qeyd edilib. Borc məbləği xüsusi texnika vasitəsilə hesablanıb. Aktda qeyd edilən 17,706 sayğacın üzərindəki göstərici idi, 5,7 isə əvvəlki göstərici idi. Fərq hesablanaraq 1.800 əmsala vurulmuşdur. Bu göstəriciləri təsdiq edən sənədlər yoxdur. Sayğaca müdaxilə olunsa idi bu hal aktda qeyd edilərdi. Aktda faktiki sərfiyyat qeyd edilib. Sayğaca müdaxilə edilməyib. Plomb ilə bağlı aktda qeyd yoxdur. Plomb sınmış olsa idi və ya olmasa idi aktda bu hal qeyd edilərdi. Akt tərtib edilən vaxt sayğacın işlək vəziyyətdə olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, NDQ 011276 saylı aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən İddiaçı MMC-də elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış zamanı sayğac sxeminin tərs olması səbəbilə sayğacın dövrədən keçən yükü düzgün qeyd etmədiyi aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli, NDQ 011276 saylı akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, abonentə 22.856 kvt sərfiyyata görə 2514,16 manat tələb edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin (**********30094 saylı) abunə haqqında məlumatından görünür ki, abonentə xx.xx.2022-ci il tarixdə “X1 Qaydaları”nın pozulmasına görə NDQ 011276 saylı akta əsasən 2.514,16 manat (22.856 Kvt x 0,11 manat) məbləğində borc hesablanmışdır. xx.xx.2022-ci il tarixə abonentin borcu yoxdur. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 505096 nömrəli elektron qaiməyə əsasən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən (ƏDV daxil) 2.514,16 manat dəyərində (22.856 Kvt aktiv enerji) göstərilmiş xidmətlərə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, "xxxx" ASC-dən əsassız yazılmış borca görə ödənilmiş 2.514,16 manat pulun qaytarılması tələb edilmiş, əks halda 5 iş günü ərzində pulun qaytarılması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsində elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxışın nəticəsi olaraq həmin sahəni elektrik enerjisi ilə təmin edən xəttə quraşdırılmış sayğacın sxeminin tərs olması və göstərilən səbəbdən sayğacın dövrədən keçən yükü düzgün qeyd etməməsi barədə xx.xx.2022-ci il tarixli, NDQ 011276 saylı akt tərtib edilmişdir. Həmin akt əsasında verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqinə əsasən abonentə 22.856 kvt sərfiyyata görə 2514,16 manat borc hesablanmışdır. İddiaçı MMC tərəfindən həmin borc ödənilmişdir. Hazırda İddiaçı MMC əsassız olaraq tutulmuş 2514,16 manat məbləğində pul vəsaitinin qaytarılmasını tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borc məbləğinin hesablanmasına əsas kimi İddiaçı MMC-nin elektrik enerjisi sayğacının texniki nasazlıq – sayğacın sxeminin tərs olması səbəbi ilə sayğacın dövrədən keçən yükü düzgün qeydə almaması, bunun nəticəsində "xxxx" ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, mübahisəli sayğacın elektrik enerjisi sərfiyyatını düzgün qeydə almaması, eləcə də düzgün qeydə almadığı halda elektrik enerjisi itkilərinin nə qədər təşkil etməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəməyə təqdim edilmiş NDQ 011276 saylı akta münasibətdə isə qeyd edilməlidir ki, həmin akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edildiyindən aktlarda sayğacda göstərilən qüsurun həqiqətdə mövcud olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyil. Bundan əlavə cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatdan da göründüyü kimi sayğac sxeminin bərpa edilməsi laboratoriya şəraitində aparılmalı olduğu halda hazırda cavabdeh tərəfindən sayğacın laboratoriyaya aparılması, laboratoriyada qüsurun təsdiq edilməsi və sayğac sxeminin bərpa edilməsinə dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. Ehtimal edilən pozuntu nəticəsində yaranmış elektrik enerjisi itkilərinin məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən dəfələrlə təklif edilməsinə baxmayaraq cavabdeh tərəfindən itkilərin hesablaması a qaydasına dair izahat verilməmiş, eləcə də hesablamada istifadə olunan göstəricilərin düzgünlüyü sübuta yetirilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. Odur ki, hazırkı halda sayğacın sxeminin həqiqətən də tərs qoşulmasını və nəticədə sayğacın yükü düzgün qeydə almamasını ehtimal etsək belə, işin halları ilə elektrik enerjisi sayğacına müdaxilə olunması, yəni baş verən nasazlığın istehlakçının təqsiri üzündən baş verməsi müəyyən edilmədiyindən göstərilən hala görə məsuliyyətin istehlakçının üzərinə qoyulması və “X1 Qaydaları”nın 8.17-ci bəndinə əsasən yenidən hesablaşma aparılması istisna olunur. Beləliklə, cavabdeh Azərişıq” ASC tərəfindən İddiaçı MMC-yə akta əsasən hesablanmış 2.514,16 manat məbləğində borcun əsaslı olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh Azərişıq” ASC tərəfindən əsassız hesablanmış həmin borc məbləği İddiaçı MMC tərəfindən ödənilmişdir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli 011276 saylı akta və xx.xx.2022-ci il tarixli icra vərəqinə əsasən əsassız hesablanmış borca görə İddiaçı MMC tərəfindən ödənilmiş 2.514,16 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 45,15 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli 011276 saylı akta əsasən hesablanmış borca görə cavabdeh "xxxx" ASC-yə ödənilmiş 2.514,16 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya qaytarılsın. Çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4909/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4909/2022
23.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver