Məhkəmə qərarları › İş №e-2-2(113)-4920/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4920/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4920/2023 23.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maliyyələşdirmə üçün ərizə, zaminlik, əsas borc, faiz borcu, cərimə, iddianın qismən etirafı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada DC00014221- 04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19379,05 manat əsas borc, 4749,48 manat faiz borcu, 1511,74 manat cərimə borcu olmaqla cəmi 25 640,27 manat məbləğində borcun, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7221 manat əsas borc, 1785,68 manat faiz borcu, 494,31 manat cərimə borcu olmaqla, cəmi 9500,99 manat məbləğində borcun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2017-ci il tarixdə GTC- 146LE/2017 saylı “Bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusu imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: xx.xx.2022ci il tarixli DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21 710 manat məbləğində dövlət və digər xərclərin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. 2.2. Daha sonra xx.xx.2022-ci il tarixli DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 7221 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. 2.3. Borcalanın bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh1 arasında DC00014221-04 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********525 saylı, DC00014221-05 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********802 saylı zaminlik müqaviləsi bağlanmışdır. 2.4. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X3 4cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. 2.5. Borcalanın xx.xx.2023-cü il tarixə iddiaçı qarşısında öhdəlikləri DC00014221- 04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19379,05 manat əsas borc, 4749,48 manat faiz borcu, 1511,74 manat cərimə borcu olmaqla, cəmi 25 640,27 manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7221 manat əsas borc, 1785,68 manat faiz borcu, 494,31 manat cərimə borcu olmaqla, cəmi 9500,99 manatdır. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya prosesinin tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421.2, 442, 443.1, 448.1 və s. maddələri göstərilmişdir.

4. Cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) Cavabdeh1 məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19379,05 manat əsas borc, 4365,12 manat faiz borcu, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 7221 manat əsas borc, 1642,46 manat faiz borcu hissəsində etiraf etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmənin iclaslarında iştirak edən cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi (qanuni təmsilçi) Cavabdeh1 iddianı xx.xx.2023-cü il tarixə hesablanmış əsas və faiz borcu hissəsində etiraf etmiş, maddi vəziyyəti ilə bağlı borcu ödəyə bilmədiyini, hissə-hissə ödəniş edə biləcəyini qeyd etmişdir.

7. Cavabdehlərə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdır.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2017-ci il tarixdə GTC-146LE/2017 saylı “Bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusu imzalanmışdır. Ümumi şərtlər toplusu çərçivəsində bank tərəfindən borcalana tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə dövlət və digər xərclərin ödənilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21 710 manat məbləğində, xx.xx.2022-ci il tarixli DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 7221 manat məbləğində birdəfəlik kredit verilmişdir. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında DC00014221-04 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********525 saylı, DC00014221-05 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********802 saylı zaminlik müqavilələri bağlanmışdır.

11. İddiaçı xx.xx.2023-cü il tarixə hesablanmış DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19379,05 manat əsas borc, 4749,48 manat faiz borcunun, DC00014221-05 saylı mlaiyyələşdirmə üçün ərizə üzrə 7221 manat əsas borc, 1785,68 manat faiz borcunun cavabdehlərdən birgə qaydada tutulmasını xahiş edir.

12. Cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) Cavabdeh1 xx.xx.2023-cü il tarixə hesablanmış əsas və faiz borclarını qəbul etdiyini bildirmiş və məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19379,05 manat əsas borc, 4365,12 manat faiz borcu, DC00014221-05 saylı mlaiyyələşdirmə üçün ərizəyə əsasən 7221 manat əsas borc, 1642,46 manat faiz borcu hissəsində etiraf etmişdir.

13. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

14. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

16. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

17. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

18. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli GTC-146LE/2017 saylı “Bank xidmətlərinin göstərilməsinə dair” X3 şərtlərinə əsasən bu Müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər qeyd olunan Ərizə formalarında öz əksini tapacaq. Bu Müqavilə çərçivəsində tərəflərin imzaladığı bütün Ərizə formaları bu Müqavilənin ayrılmaz hissəsini təşkil edir (İ bölüm).

19. X3 kredit (maliyyələşdirmə) adlanan 4-cü bölümünün 5.2 və 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.

20. İddiaçının cavabdehlərə ünvanladığı mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, mübahisənin predmeti kimi DC00014221-04 və DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizələr qeyd edilmiş, hər iki ərizə üzrə icra edilməli öhdəlik olaraq əsas borc (müvafiq olaraq 19 379,05 manat və 7221 manat) borcludan tam tələb edilmiş, həmin məktub xx.xx.2023-cü il tarixdə cavabdehlərə çatdırılmışdır.

21. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

22. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

23. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

24. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir.

25. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehlərə, o cümlədən əsas borcalan Cavabdeh2 MMC-yə xəbərdarlıq məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi (xx.xx.2023-cü il) tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək (xx.xx.2023-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək əsas və xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu hissəsində (maliyyə arayışında qeyd olunan məbləğlərə uyğun) iddianı etiraf etmişdir.

26. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 19379,05 manat, faiz borcu 4365,12 manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 7221 manat, faiz borcu 1642,46 manat təşkil edir.

27. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

28. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

29. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

30. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

31. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddianı qismən etiraf edərək əsas və xx.xx.2023-cü il tarixə kreditdən istifadəyə görə razılaşdırılmış faiz məbləği hissəsində iddianı etiraf etməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.

32. İddiaçı xx.xx.2023-cü il tarixədək hesablanmış faiz məbləğinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, müqavilələr xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab olunduğundan iddiaçı həmin tarixədək hesablanmış faiz borcunu tələb edə bilər, cavabdeh isə xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu hissəsində iddianı etiraf etməklə razılığını ifadə etmiş, etiraf məhkəmə tərəfindən qəbul edilmişdir. Belə olan halda, xx.xx.2023-cü il tarixdən sonrakı tarixə cavabdehdən kreditdən istifadəyə görə faiz borcu tutula bilməz. Lakin məhkəməyə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən (tərəflər arasında müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Belə olan halda, xx.xx.2023-cü il tarixdən sonrakı dövr üçün (iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixədək) cavabdehlərdən iddiaçının xeyrinə əsas borca hesablanmış gecikdirilmiş vaxt üçün illik beş faiz tutula bilər.

33. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).

34. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, xx.xx.2023-ci il tarixdən etibarən iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixədək (42 gün üçün) DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borca illik 5 faizlə hesablanmış məbləğ 111,50 (19379,05*5/100/365*42) manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borca illik 5 faizlə hesablanmış məbləğ 41,55 (7221*5/100/365*42) manat təşkil edir.

35. Cavabdehin iddianı xx.xx.2023-cü il tarixə hesablanmış əsas və faiz borcu hissəsində etiraf etdiyini, xx.xx.2023-cü il tarixdən iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixədək iddiaçının xeyrinə əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan pulun tutula biləcəyini nəzərə alan məhkəmə hesab edir ki, borc məbləği DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19 379,05 manat əsas borc, 4365,12 manat faiz borcu, əsas borca illik 5%-lə hesablanmaqla 111,50 manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 7221 manat əsas borc, 1642,46 manat faiz borcu, əsas borca illik 5%-lə hesablanmaqla 41,55 manat kimi müəyyən edilməlidir..

36. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

37. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

38. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

39. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19 379,05 manat əsas borc, 4365,12 manat faiz borcu, əsas borca illik 5%-lə hesablanmaqla 111,50 manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 7221 manat əsas borc, 1642,46 manat faiz borcu, əsas borca illik 5%-lə hesablanmaqla 41,55 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Cərimənin tutulması tələbi ilə bağlı

40. İddiaçı DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1511,74 manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 494,31 manat cərimə məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə birgə qaydada tutulmasını məhkəmədən xahiş edir.

41. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli DC00014221-04 saylı və xx.xx.2022-ci il tarixli DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizələrdən görünür ki, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 32% razılaşdırılmışdır.

42. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

43. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

44. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

45. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamış, lakin məhkəmə icraatının gedişində cavabdeh tərəf əsas və faiz borcu hissəsində iddianı qismən etiraf etmişdir. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh pul məbləğini qaytarmadığı halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.

46. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cərimə məbləğinin DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 970 manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 360 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

47. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 970 manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 360 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

48. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

49. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/9/2023-01605 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.

50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

51. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

52. Göründüyü kimi, kommersiya mübahisələri üzrə fiziki və hüquqi ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

53. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

54. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehlərdən tutulmalıdır.

55. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19 379 (on doqquz min üç yüz yetmiş doqquz) manat 05 (beş) qəpik əsas borc, 4365 (dörd min üç yüz altmış beş) manat 12 (on iki) qəpik faiz borcu, 970 (doqquz yüz yetmiş) manat cərimə borcu, əsas borca illik 5%-lə hesablanmaqla 111 (yüz on bir) manat 50 (əlli) qəpik, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 7221 (yeddi min iki yüz iyirmi bir) manat əsas borc, 1642 (bir min altı yüz qırx iki) manat 46 (qırx altı) qəpik faiz borcu, 360 (üç yüz altmış) manat cərimə borcu, əsas borca illik 5%-lə hesablanmaqla 41 (qırx bir) manat 55 (əlli beş) qəpik olmaqla, ümumilikdə 34 090 (otuz dörd min doxsan) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar