Məhkəmə qərarları › İş №e-2-2(113)-493/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-493/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-493/2023 14.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ƏDV-də daxil olmaqla ümumi məbləği 18077,60 manat olan borcun, ilkin mediyasiya sessiyasının aparılmasına ödənilmiş 200 manat xərcin və hüquqi xidmətin göstəriməsi üçün vəkilə ödənilmiş 210 manatın, cəmi 18487,60 manat pulun Cavabdeh MMC-dən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında təkər və ehtiyat hissələrinin alqı-satqısına dair 27 aprel 2022- ci il tarixli 037 saylı alqı-satqı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinin tələbinə görə satıcı malları alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı mallara görə satıcı tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini satıcının hesabına ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinin tələbinə görə ödəniş köçürülmə yolu ilə aparılırsa satıcı alıcıya ödəniş aparılması üçün müvafiq sənədləri təqdim edir. Mallar təhvil verildikdən sonra ödəniş ən geci 30 gün ərzində satıcının hesabına ödənilməlidir. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli hesab № 426-ı olan təhvil-təslim aktı əsasında ölçüləri 265/70R19,5 S637 olan 24 ədəd SAİLUN, ölçüləri 11R22,5CTNVOY olan 20 ədəd SAİLUN və ölçüləri 11R22,5AT35 olan 4 ədəd AUSTONE markalı təkərlər alıcı Cavabdeh MMC-nin məsul şəxsinə təhvil verilmişdir. Eyni zamanda satılan malların ƏDV-də daxil olmaqla ümumi məbləğ 18077,60 manat pul vəsaitinin İddiaçı MMC-nin hesabına ödənilməsi barədə xx.xx.2022-ci il tarixli EBBV seriya, 355495 saylı elektron qaimə Cavabdeh MMC-yə göndərilmişdir. Lakin ötən müddət ərzində Cavabdeh MMC-nin tərəfində alınan malların dəyəri cəmiyyətə ödənilməmişdir. Nəticədə alıcı üzərinə götürdüyü öhdəlikləri vaxtı vaxtında və lazımi qaydada yerinə yetirməyərək müqavilənin şərtlərini pozmuşdur. Borcun ödənilməsinin təmin edilməsi məqsədilə satıcı tərəfindən alıcıya xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yazılı müraciətlər edilməsinə baxmayaraq, heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görməmişdir. Eyni zamanda onu da bildiririk ki, müqavilə öhdəliyinin yerinə yetirilməməsi barədə pul tələbinə dair iddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunmuşdur. Mediyasiya Şurasının Bakı 5 saylı Mediyasiya təşkilatı tərəfləri ilkin mediyasiya sessiyasında iştirak etməyə dəvət etsə də, cavabdeh tərəf həmin iclasa gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi ƏDV-də daxil olmaqla ümumi məbləğ 18077,60 manat təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, Cavabdeh MMC sistemə ərizə yükləyərək tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını xahiş etmişlər. Sistemə yüklənilən xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 1.2. Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri onlara tam izah edilmişdir. 2.1. İddiaçının hüquq və vəzifələri 2.1.1. Bu saziş üzrə qalıq 18487,60 manatı tam məbləğdə qəbul etdikdən sonra cavabdehə qarşı hər hansı bir tələb və ya iddia irəli sürmür 2.1.2. Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır 2.2. Cavabdehin hüquq və vəzifələri 2.2.1 Cavabdeh öhdəsinə götürür ki. saziş imzalandıqdan sonra xx.xx.2023-ci ildən xx.xx.2023-cü il tarixinədək hər ay 6162,53 manatdan az olmamaqla cəmi 18487,60 manat məbləğini şərtsiz ödəyəcəkdir 2.2.2 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır 3.1. Tərəflər bəyan edirlər ki, bu barışıq sazişi ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaq və bu barışıq sazişi üzrə tənzimlənməli olan məsələlər başa çatdıqdan sonra bir-birilərinə qarşı heç bir tələb irəli sürməyəcəklər 3.2. Barışıq sazişi məhkəmədə təsdiq edilir, barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. 3.3. Barışıq sazişi imzalandığı gündən qüvvəyə minir və bu saziş üzrə tərəflər öhdəliklərini vaxtında və layiqincə icra edənədək öz qüvvəsini saxlayır. 3.4. Bu saziş 3 nüsxədən ibarət olmaqla, bir nüsxəsi iddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılmaqla, digər nüsxəsi Bakı Kommersiya Məhkəməsinə göndərilir AR Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-493/2023 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar