Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-493/2024 11.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, dəbbə pulu barədə razılaşma, qanuni faiz, özgəsinin pul vəsaitindən faydalanma, məhkəmə xərclərinin işin nəticəsindən asılı olmayaraq bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X2, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdehlər Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 07 aprel 2023-cü il tarixli icarə müqaviləsi üzrə 18667,37 manat icarə haqqı, 1250,6 manat faiz borcu, 358,98 manat cərimənin və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 07 aprel 2023-cü il tarixdə 07/04 nömrəli icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsəsən iddiaçı “Liu Gong CLG 6614” markalı, AZ1** FA *** dövlət qeydiyyat nişanlı torpaq vərdənəsini aylıq 7000 manat icarə haqqı müqabilində cavabdehə icarəyə verməyi, cavabdeh isə texnikanı təyinatı üzrə istifadə etməklə, iddiaçıya icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin işlər bir təqvim ayı ərzində icra edildikdən sonra xidmət haqqının 45 gün tamamlandıqda nağdsız qaydada iddiaçıya ödənilməsi razılaşdırılmışdır. 2.2. Adıçəkilən icarə müqaviləsinin şərtlərinin birtərəfli qaydada pozulması nəticəsində cavabdehin iddiaçıya ümumilikdə 18667,37 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı qarşı tərəfə dəfələrlə şifahi və yazılı qaydada müraciət edilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Mübahisənin mediasiya qaydasında həllinə çalışılsa da, cavabdeh Bakı 9 saylı mediasiya təşkilatının təşkil etdiyi 29 sentyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş, mübahisənin mediasiya qaydasında həlli baş tutmamışdır. 2.3. Cavabdeh ödəməli olduğu 18667,37 manat məbləğində borcu, 6 aydan çoxdur ki, ödəmədiyindən həmin 6 ay üçün əsas borca illik 5 faizlə hesablanmaqla 466,6 manat (18667,37 x ((5/12) x6) / 100), həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən xx.xx.2023-cü il tarixdən bank uçot faiz dərəcəsi 8,5% olaraq müəyyən edildiyindən əsas borca illik 8,5 faizlə xx.xx.2023-cü il tarixdən hesablanmaqla 6 ay üçün 784 manat (8,5% / 12=0,70 %; 0,70 % x 6 (ay) = 4,2 %; 18667,37 x 4,2 % / 100) məbləğində faiz borcu da əsas borc məbləğinin üzərinə gəlinərək iddiaçıya ödənilməlidir
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443, 448, 445.7, 449-cu və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi X3 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 07 aprel 2023-cü il tarixli icarə müqaviləsi üzrə torpaq vərdənəsi 2023-cü ilin aprel, may və iyun aylarında cavabdehin istifadəsində olmuş, sonuncu həmin müqavilə üzrə hər hansı məbləğdə icarə haqqı ödəməmişdir. Üç ay üçün icarə haqqı daha çox olsa da, hazırkı iddia ilə tələb olunan məbləğ iddiaçı tərəfi qane edir.
6. Məhkəmənin icarə obyektindən istifadə ilə əlaqədar təhvil-təslimlə bağlı suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, hər ay üçün təhvil-təslim aktı cavabdehin baş ofisinə göndərilmiş, onlar tərəfindən təsdiqlənərək iddiaçıya qaytarılmışdır. Yalnız akt təsdiqləndikdən sonra cavabdehə elektron qaimə göndərilmiş, bu səbədən bəzən elektron qaimə-fakturalar gec tərtib edilmişdir. İş üzrə bütün elektron qaimələr sistem tərəfindən təsdiqlənmişdir.
7. Məhkəmənin iddia tələbinin cərimənin və faizin tutulması ilə bağlı suallarına münasibətdə iddiaçının nümayəndəsi göstərdi ki, əksər hallarda icarəçilər işlərin təhvili ilə bağlı aktın təsdiqindən yayındığından 07 aprel 2023-cü il tarixli icarə müqaviləsinin 2.3-cü bəndində bu hal üçün cərimə nəzərdə tutulmuşdur. Lakin icarə haqqının gecikdirilməsi üçün müqavilədə hər hansı cərimə nəzərdə tutulmamışdır. İddianın obyektini təşkil edən faiz məbləği Mülki Məcəllənin 445.7 və 449-cu maddələrinə əsasən hesablanmışdır.
8. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə 07 aprel 2023-cü il tarixli icarə müqaviləsindən xəbərsiz olduğunu, lakin müqavilədəki imzanın ona aid olduğunu bildirdi və eyni zamanda ifadə etdi ki, cavabdeh hüquqi şəxsə faktiki rəhbərlik başqa şəxs tərəfindən edilir, o, formal olaraq hüquqi şəxsin qanuni təmsilçisi kimi qeyd edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icarəyə verən qismində) ilə cavabdeh (icarəçi qismində) arasında bağlanmış 07 aprel 2023-cü il tarixli 07/04 nömrəli icarə müqaviləsinin şərtlərindən görünür ki, icarəçinin tapşırığı əsasında icarəyə verən, Xudafərin – Qubadlı – Laçın avtomobil yolunun 00+000-66+000 və Xanlıq – Qubadlı avtomobil yolunun 00+000-17+000 km hissəsinin tikintisi Layihəsində torpaq qatının tikintisini həyata keçirir, icarəçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini icarəyə verənə ödəyir (1.1). Xidmətlər icarəçi tərəfindən Təhvil-Təslim Aktı əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır (1.2). Müqavilə üzrə 1 aylıq xidmətlərin dəyəri aşağıda göstərilmişdir: malın adı – “Liu Gong CLG 6614” torpaq vərdənəsi, D.Q.N AZ1** FA ***; aylıq iş günü – 26; günlük icarə haqqı (ƏDV xaric) – 269,23; aylıq icarə haqqı (ƏDV xaric) – 7000. İcarəyə verən, bu müqavilənin 1.1-ci bəndində qeyd edilən işləri bir təqvim ayı ərzində icra etdikdən sonra təhvil-təslim aktı əsasında xidmət haqqı 45 gündən sonra nağdsız qaydada (bank) icarəçi tərəfindən icarəyə verənə ödənilir (2.2).
13. Məhkəməyə təqdim edilən (hər iki tərəfin möhürü ilə təsdiqlənmiş) təhvil-təslim aktlarından görünür ki, icarə haqqının faktiki məbləği 001-NGB/SK-2023 nömrəli aktla ƏDV daxil 5083,07 manat, 002-NGB/SK-2023 nömrəli aktla ƏDV daxil 7624,61 manat, 003-NGB/SK-2023 nömrəli aktla ƏDV daxil 6735,07 manat kimi təsdiq edilmişdir.
14. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDF 007639 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil 5083,07 manat, xx.xx.2023-cü il tarixli EBDJ 157443 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil 7624,61 manat, xx.xx.2023-cü il tarixli EBDJ 158023 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil 6735,07 manat məbləğində icarə haqqı üçün tərtib edilmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 07 aprel 2023-cü il tarixli tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Liu Gong CLG 6614” markalı, AZ1** FA *** dövlət qeydiyyat nişanlı torpaq vərdənəsini aylıq 26 iş günü üçün 7000 manat icarə haqqını ödəmək şərtilə cavabdehin istifadəsinə verməyi, cavabdeh isə təhvil-təslim aktı əsasında icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcarə obyektindən istifadə üzrə 001- NGB/SK-2023, 002-NGB/SK-2023 və 003-NGB/SK-2023 nömrəli təhvil-təslim aktları əsasında cavabdehin 2023-cü ilin aprel, may və iyun ayları üçün ümumilikdə ƏDV daxil olmaqla 19442,75 manat icarə haqqı borcu sonuncu tərəfindən təsdiqlənmişdir.
16. İddiaçı adıçəkilən icarə müqaviləsi üzrə 18667,37 manat icarə haqqını (ƏDV daxil olmaqla) tələb edir.
17. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi 07 aprel 2023-cü il tarixli icarə müqaviləsindəki imzanın ona məxsus olduğunu, lakin formal olaraq cavabdehin qanuni təmsilçisi olduğunu bildirir.
18. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.
19. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
20. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
21. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.
22. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.
23. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
28. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 07 aprel 2023-cü il tarixli icarə müqaviləsi üzrə 18667,37 manat icarə haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) İcarə müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
29. İddia ərizəsində iddiaçı həmçinin 358,98 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
30. 07 aprel 2023-cü il tarixli 07/04 nömrəli icarə müqaviləsinin 2.3-cü bəndinə əsasən, bildirişin icarəçi tərəfindən təqdim edilmədiyi halda, hər təqdim edilməmiş və ya gecikdirilmiş bildirişə görə ümumi məbləğin 0,01 % həcmində cərimə tətbiq edilir.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
32. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
33. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
34. Göründüyü kimi, mülki qanunvericilikdə öhdəliklərin icrasının təmin edilməsinin ənənəvi üsulu kimi çıxış edən dəbbə pulu barədə razılaşmanın məhz yazılı qayda bağlanması nəzərdə tutulmuşdur. Həmçinin dəbbə pulunun ödənilməsinin qanunla müəyyənləşdirilməsi imkanı da istisna edilməmişdir. Başqa sözlə dəbbə pulunun tutulması qismində əsas kimi ya yazılı razılaşma, ya da qanunun müddəası çıxış etməlidir.
35. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında bağlanmış 07 aprel 2023-cü il tarixli 07/04 nömrəli icarə müqaviləsində icarə haqqının gecikdirilməsi üçün dəbbə pulu razılaşdırılmamış, razılaşdırılan cərimə isə bildirişin cavabdeh tərəfindən təqdim edilməməsi və ya gecikdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu fakt iddiaçının nümayəndəsi tərəfindən də məhkəmə iclasında qəbul edilmişdir. Digər tərəfdən, mülki qanunvericilikdə icarə haqqının gecikdirilməsi üçün təsbit edilən hər hansı cərimə məbləği və ya həddi də yoxdur.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi 358,98 manat məbləğində cərimənin tutulması hissəsində əsassızdır və rədd edilməlidir.
c) İcarə müqaviləsi üzrə faiz məbləğinin tutulması tələbi ilə bağlı
37. İddiaçı həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 466,6 manat, 449cu maddəsinə əsasən 784 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş edir.
38. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
39. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).
40. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin icarə müqaviləsi üzrə ödənilməmiş 18667,37 manat məbləğində icarə haqqından faydalandığını, yəni Mülki Məcəllənin 152.3cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini təsdiq edəcək hər hansı sübut təqdim etməmiş, formal mülahizələr irəli sürmüşdür.
41. Eyni zamanda iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmir. Bu mənada Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (Mülki Məcəllənin icarə müqaviləsi üzrə öhdəliklərin icrası gecikdirilərkən qüvvədə olan redaksiyası).
42. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
43. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 445.7-ci maddəsi tətbiq edilməklə müvafiq pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
44. Mülki Məcəllənin 427-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (427.1). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (427.2). Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (427.4).
45. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2).
46. Tərəflər arasında bağlanmış 07 aprel 2023-cü il tarixli 07/04 nömrəli icarə müqaviləsində təhvil-təslim aktı əsasında xidmət haqqının 45 gündən sonra nağdsız qaydada ödənilməsi şərtləndirilsə də, iş materiallarına əlavə edilmiş 001-NGB/SK-2023, 002-NGB/SK-2023 və 003-NGB/SK-2023 nömrəli təhvil-təslim aktlarından onların tərtib edilmə tarixləri müəyyən oluna bilmir. Belə olan halda, mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına uyğun olaraq öhdəliyin icra müddəti tələbetmə anına uyğun olaraq müəyyənləşdirilməlidir.
47. Məhkəməyə təqdim edilən 07 avqust 2023-cü il tarixli 001/23 nömrəli xəbərdarlıqdan görünür ki, cavabdehdən 07 aprel 2023-cü il tarixli 07/04 nömrəli icarə müqaviləsi üzrə borcu 5 iş günü müddətində ödəmək tələb olunmuşdur. Həmin məktub cavabdehə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır.
48. Belə olan halda, həmin tarixdən 5 iş günü sonrakı müddətin başlanğıcı (xx.xx.2023-cü il) öhdəliyin icrasının gecidikdirilməyə başlandığı gün hesab olunmalı, iddia tələbindən kənara çıxmamaqla əsas borca illik 5 faizlə hesablanmaqla 91 gün üçün 232,7 manat (18667,37 manat x 5% / 100% /365 gün x 91 gün) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
d) Məhkəmə xərcinin tutulması ilə bağlı
49. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
50. İddia ərizəsinə əlavə edilmiş 29 sentyabr 2023-cü il tarixli, MŞB\9\2023-01915 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
51. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
53. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
54. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
57. İş materialları ilə müəyyən olunur ki, icarə haqqının lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
58. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2023-cü il tarixli icarə müqaviləsi üzrə 18 667 (on səkkiz min altı yüz altmış yeddi) manat 37 (otuz yeddi) qəpik əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 232 (iki yüz otuz iki) manat 70 (yetmiş) qəpik pul olmaqla ümumilikdə 18 900 (on səkkiz min doqquz yüz) 07 (yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova