Məhkəmə qərarları › İş №e-2-2(113)-4948/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4948/2022

01.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4948/2022 01.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X8 qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Təvəkkül oğlunun nümayəndəsi, Vəkil1 və cavabdehlər Cavabdeh1 və “X4” MMC-nin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Təvəkkül oğlunun cavabdehlər Cavabdeh1 və “X3” MMC-yə qarşı mənfəətin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Təvəkkül oğlu iddia ərizəsi ilə cavabdehlər Cavabdeh1 və “X3” MMC-yə qarşı məhkəməyə müraciət edərək, 01 yanvar 2020-ci il tarixdən etibarən “X4” MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi və həmin mənfəətin paylara uyğun olaraq “X4” MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq xeyrilərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti X9 oğlunun təsisçiliyi ilə 02 aprel 2018-ci il tarixində yaradılmış və ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçıların bildirdiyinə görə onların övladları olan X9 oğlu 15 noyabr 2020-ci il tarixində odlu silahdan açılmış atəş nəticəsində öldürülmüşdür və hazırda ölüm faktı üzrə açılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam edir. Mərhumun ölməsi barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin dekabrın 12-də 1482 №-li qeyd aparılmışdır. Bakı şəhəri 14 saylı notariat ofisində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 143B, mənzil 238 hüquqi ünvanla Azərbayca Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ********** (VÖEN) nömrə ilə qeydiyyatdan keçmiş MMCdə mərhum X9 oğluna məxsus 100% paydan ibarət miras əmlakın ½ hissəsinə mülkiyyət hüququ üzrə və 4/12 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələri İddiaçı2 və İddiaçı1dır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışına (**********886200) əsasən MMC-nin qanuni təmsilçisi Cavabdeh1dır və aşağıdakı payda təsisçiləri vardır: 1. Cavabdeh1 – 58.34 %, 2. X10 – 8.33 %, 3. X7 – 8.33 %, 4. X5 – 8.33 %, 5. İddiaçı2 – 8.33 %, 6. İddiaçı1 – 8.33%. İddiaçılar bildirir ki, mərhumun sağlığında təsisçi vəsaiti hesabına MMC-yə, - Mercedes Benz S450L markalı 10AA317 dövlət qeydiyyat nişanlı, buraxlış ili 2017, rəngi qara, mühərrik **********7755, ban WDD2221661A358809- dəyəri 140000 ABŞ dolları (manat ekvivalenti 238000 manat), - Lexus LX570 markalı, 90AA141 dövlət qeydiyyat nişanlı dəyəri 130000 ABŞ dolları (manat ekvivalenti 221,000.00 manat) dəyərində ayrı-ayrı vaxtlarda nəqliyyat vasitələri alınmış və satılaraq gəlir əldə edilmişdır. Mərhum X9 oğlunun qanun üzrə vərəsələri rəsmi qaydada müəyyən edildikdən sonra MMC-nin iştirakçılarının ümumi yığıncağı keçirilməmiş, bununla yanaşı MMC-nin cari fəaliyyəti ilə bağlı, o cümlədən gəlir və xərcinə dair, mənfəətə dair qanuni təmsilçisi Cavabdeh1 rəsmi məlumat almaq mümkün olmamışdır, təsisçilər arasında mənfəət bölüşdürülməmişdir. Mərhum X9 oğlunun qanun üzrə vərəsələri olaraq MMC-nin balansında olan əmlakları barədə məlumatların və sənədlərin verilməsi, layihələrin icrasında iştirakı, ümumi yığıncağın çağırılması və Cəmiyyətin cari fəaliyyətindən irəli gələn və iştirakçıların müstəsna səlahiyyətlərinə dair digər məsələlərə dair mübahisə üzrə mediasiyanının tətbiqi barədə MMC-yə təklif etmişik. Lakin MMC tərəfindən təklifə münasibət bildirilmədiyi üçün tərəfimizdən mübahisəyə baxılması ilə əlaqədar Bakı 2 saylı Mediasiya Təşkilatına mediatorun təyin edilməsi ilə bağlı müraciət olunmuş və müvafiq qaydada mediator təyin edilmişdir. Mediasiya prosesində tərəflər yuxarıda qeyd edilən mübahisə üzrə razılığa gəlmədikləri üçün 18 iyun 2022-ci il tarixində ilkin X1 X6 Bilməməsi Barədə MŞB/2-00820 nömrəli arayış verilmişdir. Bundan sonra yenidən tərəfimizdən xx.xx.2022-ci il tarixində MMC-yə müraciət olunmuş və 15 gün müddətində gündəliyə aşağıdakı məsələlər daxil edilməklə iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılması xahiş olunmuşdur: - Yaşayış binasının tikintisi üçün MMC-yə sərəncamın verilməsi və layihənin təsdiq edilməsi haqqında, - MMC-nin balansına alınmış əmlaklar haqqında. Bildirir ki, MMC-nin cari fəaliyyətinə dair heç bir məlumat və ya sənəd almaq mümkün olmamışdır. ümumiyyətlə mərhum X9 oğlu vəfat etdiyi tarixdən sonra bütün sənədlər, möhür Cavabdeh1 tərəfindən götürülmüşdür. Hazırda 83.34% pay və səs hüququnun Cavabdeh1 və uşaqlarına məxsus olduğundan MMC-nin məlumat balansında olan nəqliyyat vasitələrindən iddiaçılara çatan payları idarəetmədə olan üstünlük hüquqlarından istifadə etməklə verməkdən cavabdeh imtina edir və bununla da cəmi 16.66 % pay və səs hüququ olan iddiaçı olan vərəsələrin hüquqları pozulur və MMC-dən, eyni zamanda Cavabdeh1 pay haqlarının alınması üçün məhkəmədənkənar qaydada bütün vasitələrdən istifadə etsək də mümkün olmamışdır. Mülki Məcəllənin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. İddiaçılar bildirir ki, MMC-nin balansında olan Lexus LX570 markalı, 90AA141 dövlət qeydiyyat nişanlı avtomobil mərhumun miras əmlakı üzərində paylar müəyyənləşmədən özgəninkiləşdirilmişdir. MMC-nin balansında olan LEXUS LX570 markalı, 90AA141 dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsindən iddiaçıların xəbəri olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışından məlum olmuşdur ki, MMC-nin maliyyə ili 1 yanvar-31 dekabr tarixi aralığındadır. İddiaçıların bildirdiyinə görə Mərhum X9 oğlu xx.xx.2020-ci il tarixində öldürüldükdən sonra MMC-nin bütün idarəçiliyi Cavabdeh1 və onun ailə üzvlərinə keçmişdir. İddiaçılar bildiririr ki, cavabdeh mövcud vəziyyətdən yararlanaraq mərhumun ölümündən sonra MMC-nin Lexus LX570 markalı, 90AA141 dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq özgəninkiləşdirmiş və satışdan əldə edilən gəliri mənimsəmişdir. Bununla belə Mülki Məcəllənin 91.1- 2-ci maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Qeyd etmək istəyirik ki, tərəfimizdən MMC ilə bağlı həqiqətə nail olmaq üçün məhkəmədənkənar qaydada bütün vasitələrdən istifadə etsək də, bu mümkün olmamışdır. MMC-nin hazırki direktoru Cavabdeh1 həqiqətə nail olmaq üçün iddiaçılara qanuni şəkildə şərait yaratmamışlar. Cavabdehlər Cavabdeh1 və “X3” MMC iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti 02 aprel 2018-ci il tarixində ********** nömrə ilə dövlət qeydiyyatına alınmaqla, təsis edilmişdir. MMC-nin fəaliyyət istiqaməti yaşayış binaların inşasının həyata keçirilməsi olmuşdur. MMC-nin təsisçisi X2 olmuşdur. Sonuncu 15 noyabr 2020-ci il tarixində vəfat etmişdir. MMC-nin idarə olunması və fəaliyyətinin təmin edilməsi üçün iki avtomobil alınmışdır. “Mercedes Benz S450L” markalı 10AA317 dövlət qeydiyyat nişanlı və Lexus L:X570 markalı, 90AA141 dövlət qeydiyyat nişanlı avtomobil. Həmin avtomobillər təsisçiyə deyil, MMC-yə aiddir. Onun balansında olmaqla fəaliyyətində iştirak edən əsas vəsaitlərə aiddir. Onların saxlanılmasına mütəmadi olaraq xərclərin edildiyi də bəllidir. İddiaçılar MMC-dən əmlakdan pay almaq deyil, nizamnamə paylarında mövcud paylarına uyğun mənfəətdən pay almaq hüququna malikdirlər. Əmlakdan pay isə hüquqi şəxsin ləğvi zamanı meydana çıxa bilər. MMC təsis edildiyi gündən gələcək fəaliyyəti üçün hazırlıq işləri aparılmış, lakin hər hansı təsərrüfat fəaliyyəti olmamışdır. Qeyd olunan 2 il müddətində MMC-nin saxlanılması və idarə edilməsinə görə müəyyən xərclərə başa gəlmişdir. Bunların içərisində qeyd olunan avtomobillərin alınmasına sərf edilmiş vəsait də daxildir. Lakin fəaliyyəti olmadığından, daxil olmalar və gəlirləri olmamışdır. MMC-nin balansında olan adı çəkilən iki avtomobildən biri “Mercedes Benz S450L” markalı 10AA317 dövlət qeydiyyat nişanlı avtomobil təsisçi öləndən sonra yoxa çıxmışdır və hazırda axtarılır. Digəri adı çəkilən Lexus LX570 markalı, 90AA141 dövlət qeydiyyat nişanlı avtomobil isə satılmışdır. Həmin avtomobilin satışından əldə edilmiş vəsait iddiaçıların iddia etdiyi kimi MMC üzrə hələ mənfəət demək deyildir. Həmin daxil olan vəsaitdən MMC üzrə faktiki xərclər və vergilər çıxılandan sonra, yerdə qalan mənfəətdən pay alınması mümkündür. Mənfəət olmadığı təqdirdə, payçılara çatası məbləğ də mövcud olmur. Mənfəətin formalaşması xüsusi hesabatlar üzrə qeydə almır. Lakin MMC-nin fəaliyyətində belə bir hal müəyyən edilmir. Faktiki olaraq mənfəət barədə dəlil də iddia ərizəsinə əlavə edilməmişdir. Ona görə də iş üzrə qətnamə qəbul edilərkən, qeyd edilənlərində nəzərə alınmasını, İddiaçı2 və İddiaçı1 cavabdeh “X3” MMC-yə və Cavabdeh1 qızma qarşı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin təsisçilər arasında bölüşdürülməsi və həmin mənfəətin paylarına uyğun olaraq “X3” MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı2 və İddiaçı1 verilməsi barədə iddiasının rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1, 90-1.2, 91.1-1 və 91.1-2-ci maddələrinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. əmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Məhkəmə iddia ərizəsini və qanunvericiliyin normalarını tədqiq edərək hesab edir ki, hazırki tələbə məhkəmədə baxılmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan maddi hüquq normalarının məzmunundan da müəyyən olunur ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi yalnız cəmiyyətin ümumi yığıncağı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada qəbul edilən qərar əsasında həyata keçirildiyinə görə iddiaçıların əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi və həmin mənfəətin paylara uyğun olaraq tutulması tələbi ilə bağlı iddiaya məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Odur ki, hazırki tələbə məhkəmədə baxılmadığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Təvəkkül oğlunun cavabdehlər Cavabdeh1 və “X3” MMCyə qarşı əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi və həmin mənfəətin paylara uyğun olaraq tutulması tələbi barədə iş üzrə icraata məhkəmədə baxılmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Təvəkkül oğlunun cavabdehlər Cavabdeh1 və “X3” MMC-yə qarşı əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi və həmin mənfəətin paylara uyğun olaraq tutulması tələbi barədə iş üzrə icraata məhkəmədə baxılmaması əsası ilə xitam verilsin. İddia ərizə və ona əlavə edilmiş sənədlər, eləcə də ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılara (səlahiyyətli nümayəndə Vəkil1) geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar