Məhkəmə qərarları › İş №e-2-2(113)-4949/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4949/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4949/2023 18.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X3 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 24/12 saylı icarə müqaviləsi üzrə yaranmış 5.193,74 manat məbləğində pulun, hüquqi yardım üçün vəkilə ödənilən 150 manat məbləğində pulun, ilkin mediasiya xərci üçün ödənilən 100 manat pulun Cavabdeh MMC-dən tutularaq X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə Cavabdeh arasında 22 sentyabr 2021-ci il tarixli, № 24/12 saylı müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədilə icarəçinin sahibliyinə və istifadəsinə vermək haqqında müqavilə imzalanmışdır. Müqavilə üzrə öhdəliklər tərəflərindən tam şəkildə yerinə yetirilmişdir. Yerinə yetirilən işlərə dair aktdan görünür ki, cavabdehin 9.193,74 manat borcu olmuşdur. Lakin, həmin borcdan 4.000 manat ödəyib. Hazırda cavabdehin 5.193,74 manat borcu vardır.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

6. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

7. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, X3 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 22 sentyabr 2021-ci il tarixli № 24/12 saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilənin predmeti müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədilə icarəçinin sahibliyinə və istifadəsinə vermək olmuşdur.

10. İşdə olan xx.xx.2022-ci il tarixinə yerinə yetirilən işlərə dair aktdan görünür ki, Cavabdeh MMC 9.193,74 manat borcunun olduğunu qəbul etmişdir. Qeyd edilmiş akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı tərəf hazırda qeyd edilmiş 9.193,74 manat puldan 4.000 manat ödənişin edildiyini bildirərək, 5.193,74 manat borcunun qaldığını qeyd edir.

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

13. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

14. Ona görə də, Məhkəmə hesab edir ki, 5.193,74 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X3 tərəfindən Bakı 18 saylı Mediasiya Təşkilatına 100 manat məbləğində pul ödənilmişdir.

16. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul da Cavabdeh MMC-dən tutularaq X2 verilsin.

17. Beləliklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. 22 sentyabr 2021-ci il tarixli № 24/12 saylı icarə müqaviləsi üzrə 5.193,74 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq X2 verilsin. Hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq X2 verilsin. Mediasiya xərcinin əvəzi olaraq 100 (altmış beş) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq X2 verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar