Məhkəmə qərarları › İş №e-2-2(113)-495/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-495/2023

18.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-495/2023 18.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X1 Afat Tofiq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 5.000 manat məbləğində pulun və ödənilmiş olan dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Şəmkir Rayon Əliyaqublu kəndində yerləşən (ümumi sahəsi 1,75 ha) istixana tamamını xx.xx.2018-ci il tarixdə müqavilə bağlayaraq bir illik icarə haqqının 8000 (səkkiz min) manat olmaqla icarəyə götürmüşdür. Həmin pulun 3000 (üç) min manatını həmin gün ödəmişdir. Razılığa əsasən pulun qalan hissəsi xx.xx.2019-cu il tarixinə kimi ödəməli olduğu halda bu günkü tarixə kimi ödənməmişdir. Cavabdeh əvvəllər pulu yaxın vaxtlarda ödəyəcəyini bildirsə də artıq bir ildən çox müddətdir ki, telefonlara və göndərilən məktublara cavab vermir, yəni borcu ödəməkdən yayınır. Nəticədə cavabdeh etibardan sui-istifadə edərək əlverişsiz vəziyyətə salmış, çatacaq 5.000 (beş min) manat pulu qaytarmamış yəni mənimsəmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

12. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Şəmkir rayonu, Əli-Yaqublu kəndində yerləşən mübahisəli icarə müqaviləsinin predmeti olan istixana X5 məxsusdur.

13. İddiaçı tərəf iddiasının faktiki əsası olaraq onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə istinad etmişdir. Müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən (X8) Şəmkir rayonu, Əli-Yaqublu kəndində yerləşən istixananın tamamını Cavabdeh icarəyə verir.

14. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2019-cu il tarixinə kimi müəyyən edilir və onun bitməsinə 10 gün qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürülməzsə icarə müqaviləsi daha 7 ay müddətinə uzadılmış olacaq.

15. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən icarəyə verənə xx.xx.2019-cu il tarixinə kimi 8000 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür.

16. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək 3000 manat ödənişin nəğd qaydada müqavilə bağlandığı gün ödənildiyini, cavabdehin ödənilməmiş 5000 manat borcunun qaldığını bildirmişdir.

17. Cavabdeh tərəf isə cəmi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və xx.xx.2023-cü il tarixdə göndərmiş olduğu ərizə ilə müqavilədəki imzanın ona aid olmadığı və xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir.

18. Məhkəmə cavabdehin bu mövqeyini “uğursuz özünümüdafiə” hesab edir.

19. Belə ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Məhkəməyə göndərilmiş olan ərizənin məzmununa diqqət yetirildiyində aydın olur ki, cavabdeh iddiaçı ilə aralarında icarə hüquq münasibətlərinin olmamasına, torpağı icarəyə götürmədiyinə, qeyd edilmiş torpaqda hər hansı bir təsərrüfat fəaliyyəti ilə məşğul olmadığına istinad etməmiş, ancaq imzanın ona aid olmadığını bildirmişdir.

20. Qeyd edilən hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, iddiaçı ilə cavabdeh arasında həqiqətən də, icarə hüquq münasibətləri olmuş və cavabdeh iddiaçıya məxsus Şəmkir rayonu, Əli-Yaqublu kəndində yerləşən istixananı icarəyə götürmüşdür.

21. Bundan əlavə də, işdə olan xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə nəzər yetirildikdə görünür ki, Cavabdeh şəxsiyyət vəsiqəsinin məlumatları qeyd edilmiş müqavilədə öz əksini tapmışdır. Yəni əgər cavabdeh qeyd edilmiş müqaviləni bağlamamış olsa idi, onun şəxsiyyət vəsiqəsi məlumatlarının da, qeyd edilmiş müqavilədə əks olunması halı da, mümkün deyildi.

22. Bundan başqa da, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək əvvəllər iddiaçının işçisi olduğunu, ona məxsus istixanada işlədiyini, sonradan isə Cavabdeh istixananı icarəyə götürdükdən sonra orada qalıb işlədiyini, icarə müqaviləsinin Cavabdehla bağlandığını, 8.000 manata razılaşdıqlarını, müqaviləyə şahid kimi imza etdiyini, isitaxana Cavabdeh keçdikdən sonra qalıb orada briqadir (inzibatçı) kimi qalıb işlədiyini, ayda 500 manat əmək haqqı aldığını, istixanada pomidor-xiyar əkildiyini, məhsulun isə Cavabdeh tərəfindən xarici bazara satıldığını bildirmişdir.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək Cavabdeh X5 məxsus istixananı icarəyə götürdüyü, 3.000 manat pulu müqavilə bağlanan zaman 5.000 manatı isə sonra verəcəyini razılaşdıqlarını, müqaviləni Cavabdeh bağladığını, müqavilədə şahid kimi imza etdiyini və istixananı Cavabdeh istifadə etdiyini bildirmişdir.

24. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia 5000 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

25. İş materiallarında olan MŞB/4-02362 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2022-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasya xərci Bakı 04 saylı Mediasiya təşkilatına ödənmişdir.

26. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

27. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzlə 10 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.

28. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.

29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli icarə müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində pul Cavabdeh tutularaq X5 ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq X5 ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Cavabdeh tutularaq X5 ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar