Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4964/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbi” barədə kommersiya mübahisəsi üzrə Açar sözlər: subroqasiya tələbi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qarşı “subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış sığorta müqaviləsinə əsasən sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, K.Atatürk prospekti 37A ünvanında yerləşən mebel dəstləri və ofis avadanlıqları növündə daşınar əmlak (bundan sonra – Sığortalanmış əmlak) “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növü üzrə sığortalanmış və bu barədə AZ044336 nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Sığorta şəhadətnaməsi ilə sığortalı qismində "xxxx" MMC göstərilmiş, sığorta məbləği 45000 manat, azadolma məbləği 900 manat (zəlzələ, yanğın, sel və su basma risklərinə münasibətdə hər bir hadisə üzrə ümumi sığorta məbləğinin 2%-i həcmində hesablanmaqla) müqavilənin qüvvədə olma müddəti xx.xx.2017-ci il müəyyən edilmişdir.
2. xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-yə məxsus Sığortalanmış əmlaka su basma nəticəsində zərər dəymiş, dəymiş zərərin həcmi mütəxəssis Orxan Məmmədov tərəfindən 3900 manat qiymətləndirilərək bu barədə xx.xx.2017-ci il tarixdə hesabat tərtib edilmişdir.
3. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli Sığorta aktı tərtib edilmiş, dəymiş zərərdən 900 manat azadolma məbləği çıxılmaqla, ödənilməli olan sığorta ödənişi 3000 manat məbləğində müəyyən edilmiş və xx.xx.2017-ci il tarixdə köçürmə yolu ilə ilə faydalanan şəxs - "xxxx" MMC-yə ödənilmişdir.
4. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə verilmiş sorğuya cavab məktubunda qeyd edilir ki, "xxxx" MMC-nin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 37A saylı bina ayrıca tikili olmaqla qeyri-yaşayış sahəsidir, xüsusi mülkiyyətdədir. Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin və Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında deyildir.
İDDİA ƏRİZƏSİNİN VƏ İDDİA ƏRİZƏSİNƏ ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı əvvəlcə Nərimanov Rayon MKTB-dən və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” PHŞ-dən müştərək qaydada 3000 manat əsas və 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3050 manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” PHŞ-dən məhkəməyə 3000 manat əsas və 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3050 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, AZ/044336 nömrəli, xx.xx.2016-cı il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi üzrə "xxxx" MMCyə iddiaçı tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 37 A, ünvanında yerləşən "xxxx" MMC-nin su şəbəkə xəttində baş vermiş qəza nəticəsində subasma hadisəsi olmuş və sığortalanmış obyektə 3900 manat məbləğində zərər dəymişdir. Tərtib olunmuş sığorta aktına əsasən 900 manat şərtsiz azadolma məbləği çıxılmaqla, 3000 manat məbləğində sığorta ödənişi edilmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim edərək bildirmişdir ki, Nərimanov Rayon Mənzil kommunal Təsərrüfat Birliyinin 11 iyul 2025-ci il tarixli 3-52-13-5/2- 566/2025 nömrəli məktubunda "xxxx" MMC-nin yerləşdiyi binanın Birliyin balansında olmadığı qeyd edilmişdir. Bildiyiniz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli, 345 saylı sərəncamına əsasən Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri "xxxx" ASC-nin balansına verilmişdir. Bina Nərimanov Rayon Mənzil kommunal Təsərrüfat Birliyinin balansında olmadığı üçün həmin binanın su və kanalizasiya xəttləri cavabdehin balansına verilməmişdir. Həmçinin iddia ərizəsindən görünür ki, qəza "xxxx" MMC-nin daxili su xəttində baş vermişdir. Daxili su xəttində baş vermiş qəzalara görə cavabdeh məsuliyyət daşımır. Həmçinin qəza baş verməsilə bağlı cavabdehə hər hansı bir məlumat verilməmiş və qəza yerində cavabdehin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirik.
8. Cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təkrar etiraz ilə müraciət edərək bildirmişdir ki, əvvəlki etirazımıza əlavə olaraq bildiririk ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentin xx.xx.2025-ci il tarixli məktubunda binanaın ayrıca qeyri-yaşayış sahəsi olması, xüsusi mülkiyyətdə olması və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentin və Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmadığı qeyd edilmişdir. İddiaçının binanın su və kanalizasiya xətlərinin Nazirlər Kabinetinin qərarına istinadən cavabdehin balansında olmasına istinad etməsi bu məktuba əsasən öz təsdiqini tapmır. Bu da bir daha sübut edir ki, bu hadisəyə görə cavabdeh məsuliyyət daşımır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edirik.
Məhkəmə iclasında verilən izahatlar:
9. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla (936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir), sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
11. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizəsinin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
20. Yuxarıda qeyd edilən müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Konkret şəxsə qarşı subroqasiya hüququn yaranması üçün sığorta hadisəsinin baş verməsi, sığorta hadisəsinin baş verməsində şəxsin təqsirli olması və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtlərdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir.
21. Birinci şərt, yəni sığorta hadisənin baş verməsidir ki, bu sığorta obyektinə dəymiş zərərlə bağlıdır. Sığorta obyekti olan Sığortalanmış əmlaka zərər dəyməsi iş materialları əsasında öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli Sığorta aktı və hadisə barədə məlumatda qeyd edilmişdir ki, 2 mərtəbəli mebel mağazasının zirzəmisində yerləşən mətbəx, uşaq otağı dəsti çöl tərəfdən su borusunun nasazlığı nəticəsində yararsız hala düşmüşdür.
22. Göründüyü kimi, Sığortalı əmlaka su basma ilə nəticələnən sığorta hadisəsi baş vermişdir.
23. Subroqasiya hüququnun yaranması üçün ikinci şərtin, yəni zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi də, iş materialları ilə təsdiq edilir. xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, sığortalanmış əmlaka dəymiş zərərə görə hesablanmış 3000 manat sığorta ödənişi iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir.
24. Sığorta hadisəsinin baş verməsində cavabdehin təqsirlilik məsələsinə gəldikdə, bununla bağlı məhkəmə qeyd edir ki, iş materillarına əlavə edilmiş “201 su şəbəkə xəttində baş vermiş qəza” barədə xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, diametri 20 mm, qalınlığı 0,5 m olan su borusu cavabdeh tərəfindən təmir edilmişdir. Eyni zamanda, akta axıntının qarşısının alınması barədə qeyd də aparılmışdır. Həmin aktın əslinin təqdim edilməsi barədə məhkəmənin sorğusuna verilmiş cavabında cavabdeh sənədin saxlama müddəti bitdiyindən onun əslinin təqdim edilməsinin mümükn olmadığı qeyd edilmişdir.
25. Mülki Məcəllənin 1096-cı maddəsinin mənasından da görünür ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.
26. Sığorta hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, M.K.Aatatürk prospekti, 37A ünvanında baş vermişdir. İş materillarına əlavə edilmiş “201 su şəbəkə xəttində baş vermiş qəza” barədə xx.xx.2017-ci il tarixli akt əsasında isə müəyyən edilir ki, qəza baş vermiş su xəttinin təmiri məhz cavabehin özü tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qəza baş vermiş su borusunda texniki və təmir xidmətinin vaxtında göstərilməməsinə görə baş verə biləcək qəzalara görə məsuliyyəti cavabdeh daşıyır.
27. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növü üzrə maddi zərər dəymiş Sığortalanmış əmlakın sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, Sığortalanmış əmlaka zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə cavabdehə qarşı iddia irəli sürməkdə haqlıdır.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən 3000 manat əsas və 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3050 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı