Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4967/2025 17.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi. İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə Cavabdeh1 ( bundan sonra – kredit alan) arasında xx.xx.2021-ci il tarixli, 005L**********18 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqavilənin predmetini bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün 120 ay müddətinə (xx.xx.2031-ci il tarixinədək), illik faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla, 100000 manat məbləğində uzunmüddətli kredit xəttinin açılması təşkil etmişdir (müqavilənin 1.1 və 1.3-cü bəndləri).
2. İddiaçı ilə kredit alan arasında xx.xx.2021-ci il tarixli, 005L**********18 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli, 05R********** saylı Kredit Razılaşmasına əsasən, kredit alana 36 ay müddətinə, aylıq 1,9167 % dərəcəsi ilə, 15000 manat məbləğində fərdi mikro kredit verilməsi razılaşdırılmışdır. Müqavilənin 4.2.2-ci bəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur. İş materiallarına əlavə edilmiş ödəniş planından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq ödənilməli məbləğ 583 manat (sonuncu ay üzrə 592,88 manat olmaqla) məbləğində müəyyən edilmişdir.
3. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli kreditin verilməsinə dair köçürməyə əsasən 15000 manat məbləğində kredit vəsaiti kredit alanın bank hesabına köçürülmüşdür.
4. Bundan başqa, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, 005S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin, kredit alanın xx.xx.2021-ci il tarixli, 005L**********18 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır (zamanlik müqaviləsinin 1.1-ci bəndi).
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə - 005R********** saylı krеdit razılaşması üzrə 741,47 manat krеdit bоrcu, 11,51 manat faiz və 79,57 manat cərimə olmaqla, ümumilikdə 832,55 manat məbləğində bоrcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alana iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli 005L**********18 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə kredit alan iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit götürmüşdür. Kredit alan krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Kredit alan götürdüyü krеdit bоrcundan 14258,53 manat ödəmiş, onun 741,47 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən iddiaçı bildirir ki, kredit alan kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 190 gün üçün hesablanmış faiz borcu 11.51 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 190 gün üçün hеsablanmış cərimə 79,57 manat təşkil edir 7. b) İddiaya qarşı etirazın dəlilləri
8. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
14. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
15. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
17. Maddə 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
18. Maddə 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
19. Maddə 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
20. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixinə qədər olan redaksiya)
21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (xx.xx.2023-cü il tarixinə qədər olan redaksiya)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
26. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
27. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borc alan arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 005L**********18 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli, 05R********** saylı Kredit Razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 15000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb edir.
29. xx.xx.2025-ci il tarixli maliyyə arayışından da görünür ki, kredit alanın xx.xx.2021-ci il tarixli, 05R********** saylı Kredit Razılaşması üzrə iddiaçıya 741,47 manat əsas, 11,51 manat faiz, 79,57 manat cərimə olmaqla, cəmi 832,55 manat ödənilməmiş borcu qalmışdır.
30. Məhkəmə qeyd edir ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
31. Tələbin 79,57 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edir ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.
32. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
33. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 005R********** saylı krеdit razılaşması üzrə 741,47 manat krеdit bоrcu, 11,51 manat faiz bоrcu və 79,57 manat cərimə borcu olmaqla, ümumilikdə 832,55 (səkkiz yüz otuz iki manat əlli beş qəpik) manat məbləğində bоrc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSCnin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı