Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4969/2025 03.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh2 MMC (bundan sonra - icarəçi) arasında xx.xx.2023-cü il tarixli 36 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən (iddiaçı) Bakı şəhəri, Nizami rayonu, Babək propekti 74 ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 240 kv.m. hissəsini orada yerləşən və İcarəyə verənə məxsus əşyalarla (avadanlıqlar, qurğular və s. inventarla) İcarəçiyə icarəyə verir.
2. Həmin müqavilənin: 2.1. 2-ci bəndinə görə İcarə müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 10 ay müəyyən edilir. Bu müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 30 gün qalmış tərəflər onun pozulmasına dair razılaşmaya gəlməsələr icarə müddəti bu müqavilənin eyni şərtləri ilə 10 ay müddətinə yenidən uzadılmış hesab olunur. Cəmi belə uzadılmış müddətlərin sayı 3 dəfə ola bilər; 2.2. 3.1-ci bəndinə görə bu icarə müqaviləsi üzrə aylıq icarə haqqı (ƏDV daxil) aşağıdakı iki tərkib hissəsinin cəmidir: 3.1.1. Aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahənin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 1400 manat məbləğində müəyyən olunmuşdur; 3.1.2. Aylıq icarə haqqının ikinci tərkib hissəsinə bu müqavilənin qüvvədə olduğu müddətinə daxil olan istənilən ayında bu müqavilənin 6.2-ci bəndində adları çəkilmiş istənilən xidmətlərdən həmin bənddə göstərilmiş kəmiyyət göstəricilərindən daha artıq həcmdə (miqdarda, sayda) İcarəçi tərəfindən istifadə olunduğu təqdirdə, onun (onların) istifadəsinə görə xərclər (haqqlar). 2.3. 3.2-ci bəndinə görə bu müqavilənin 12.2-ci bəndində göstərilmiş hallarda və müddət üçün aylıq icarə haqqı aşğıdakı qaydada hesablanır: bu müqavilənin 3.1.1-ci bəndində göstərilmiş aylıq icarə haqqının birinci tərkib hissəsinin 2 (iki) əmsalına vurmağın nəticəsidir; 2.4. 4.2-ci bəndinə görə aylıq icarə haqqını ödəmiş İcarəçiyə İcarəyə verən tərəfindən verilən elektron vergi qaimələrdə və/və ya elektron vergi ƏDV hesabfakturalarda bu müqavilənin 3.1.1 və 3.1.2-ci bəndlərdə əks olunmuş aylıq icarə haqqının tərkib hissələri göstərilmir. Cari ayın aylıq icarə haqqının ikinci tərkib hissəsini təşkil edən xərclər mövcud olduqda, həmin xərclər növbəti ayın elektron vergi qaimə və/və ya elektron vergi ƏDV hesab-fakturalarda İcarəyə verən tərəfindən qeyd olunur; 2.5. 5-ci bəndinə görə 06 oktyabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək icarəyə götürülmüş sahədə təmizlik və təmir, öz zövqünə uyğun kosmetik təmir işlərinin aparılması İcarəçi tərəfindən İcarəçinin öz vəsaiti hesabına, öz gücü və ya sifarişi ilə yerinə yetirilməsini nəzərə alaraq, 2023-cü ilin 06 oktabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək İcarəyə verən İcarəçini aylıq icarə haqqının ödənişindən tamamilə azad edir; 2.6. 5.1-ci bəndinə görə İcarəçi tərəfindən bu müqavilə ilə nəzərədə tutulmuş aylıq icarə haqqının tam məbləğdə hesablanması 01 yanvar 2024-cü il tarixindən başlanılacaqdır və hər ayın, 2024-cü ilin yanvar ayı da daxil olmaqla, 01-də axımı başlanan 5 təqvim günü ərzində aylıq icarə haqqının ödənişi İcarəçi tərəfindən bu Müqavilənin 3-cü bəndində göstərilmiş qaydada İcarəyə verənə nəğd və ya bank hesabına köçürməklə ödəyir.
3. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə göndərilmiş EBDZ seriyalı, 836507 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, cavabdehin 2024-cü ilin mart ayı üzrə yaranmış icarə haqqı borcu 1400 manat təşkil edir.
4. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, iddiaçı ilə icarəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehin xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş borcu 1400 manat təşkil edir. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı cavabdehlərdən müştərək qaydada 1400 manat pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 700 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 34 manat məbləğində pulun əvəzinin tutularaq onun xeyrinə ödəniməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə İcarəçi arasında xx.xx.2023-cü il tarixli, 36 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 1400 manat məbləğində müəyyən olunmuşdur. İcarə müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixli, EBDZ 836507 nömrəli elektron qaimə üzrə 1400 manat məbləğində borc yaranmışdır. İddiaçı qeyd edir ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək iddiaçının direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə iddiaçı ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan iddiaçıya aid olan sənədlərin, iddiaçının mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin iddiaçıya təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. Lakin hazırkı vaxtadək sözügedən icarə borcları iddiaçının hesabına köçürülməmişdir. Buna görə də, həmin dövrdə ASC-nin direktoru olmuş Cavabdeh1 da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdır.
b) İddiaya qarşı etirazın dəlilləri
7. İddiaya qarşı etiraz yazılı şəkildə təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
8. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
15. Maddə 700.3. bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
16. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
17. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.
Aərbayvan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir..
MƏHKƏMƏNİN MÖVQEYİ
23. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
24. MM-nin 386.1-ci maddəsinin mənasından da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
25. İşi mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2023-cü il tarixli 36 nömrəli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin əsasında iddiaçının əsas öhdəliyi müqaviləyə uyğun şərtlərlə qeyri-yaşayış sahəsinin cavabdehin istifadəsinə və sahibliyinə vermək, cavabdehin başlıca öhdəliyi isə icarə oyektini qəbul edərək müqavilə ilə müəyyən edilmiş icarə haqqını, o cümlədən digər haqları vatında ödəməkdən ibarət olmuşdur. Mübahisəli hüquq münasibətində icarəyə verən olan İddiaçı MMC müqavilə göstərilən qeyri-yaşayış sahəsini icarəçiyə təhvil verərək həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmişdir.
26. İcarəçi isə müqavilə ilə icarə haqqını vaxtında və tam həcmdə ödəmək öhdəliyini götürsə də, öhdəliyini lazımınca icra etməmiş və icarə haqqı üzrə ödənilməmiş borcu qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.1-ci bəndinə görə hər ayın 1-də axımı başlanan 5 təqvim günü ərzində aylıq icarə haqqının ödənişi İcarəçi tərəfindən bu Müqavilənin 3-cü bəndində göstərilmiş qaydada İcarəyə verənə nəğd və ya bank hesabına köçürməklə ödənilir. İddiaçı tərəfindən icarəçiyə göndərilmiş EBDZ seriyalı, 836507 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, cavabdehin 2024-cü ilin mart ayı üzrə yaranmış icarə haqqı borcu 1400 manat təşkil edir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, iddiaçı ilə icarəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə icarəçinin xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 1400 manat ödənilməmiş borcu mövcuddur. Cavabdeh tərəfindən icarə haqqının ödənilməsinə dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh2 MMC-yə qarşı icarə haqqı üzrə yaranmış borcun ödənilməsinə dair tələb irəli sürməkdə haqlıdır.
27. Lakin məhkəmə hesab edir ki, iddia Cavabdeh1 dair hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh1 İddiaçı ASC-nin direktoru olduğu dövrdə onun qanuni nümayəndəsi qismində çıxış edərək məhz Cəmiyyətin adından mülki hüquqi əqdlər bağlamış və Cəmiyyətin mənafeyi üçün onun adından mülki hüquq münasibətlərini həyata keçirmişdir. Lakin Cavabdeh2 MMC-nin öz öhdəliklərini icra etməməsində, yəni icarə haqqının vaxtında ödəməsində Cavabdeh1 təqsirinin nədən ibarət olması barədə iddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2022-xx.xx.2024-cü il üzrə dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 MMC tərəfindən sonuncu icarə haqqı xx.xx.2024-cü il tarixində iddiaçının bank hesabına köçürülmüşdür. İddiaçının tələbi isə 2024-cü ilin mart ayı üzrə ödənilməmiş icarə haqqı ilə bağlıdır. Cavabdeh2 MMC tərəfindən qeyd edilən sonuncu ay üzrə icarə haqqının İddiaçı ASC-nin bank hesabına köçürmə qaydasında deyil, nağd formada Cavabdeh1 ödənilməsi, yaxud hər hansısa səbəbdən icarə haqqının ödənişinin mənimsənilməsi barədə iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməldir.
28. Məhkəmə şərh edilənləri, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərini müqavilə üzrə tam icra etmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış icarə müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı icarə haqqını Cavabdeh2 MMC-dən tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir.
29. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin və dövlət rüsumunun cavabdehdən tutulması hissəsində qismən əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.
30. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə Cavabdeh2 MMC-dən 400 manat məbləğində pulun tutulmasını məhkəmə daha ağlabatan hesab edir.
31. Həmçinin məhkəmə hesab edir ki, ********** saylı qəbz üzrə ödənilmiş 34 manat dövlət rüsumu da Cavabdeh2 MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən 1400 manat məbləğində pul, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 400 manat xidmət haqqı və ödənilmiş 34 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı