Məhkəmə qərarları › İş №e-2-2(113)-497/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-497/2022

10.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-497/2022 10.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-nin Xətai rayon Enerji Təchizat və Satış İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC tərəfindən ünvan 1 ünvanda iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektində elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 2777.85 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinə 04 yanvar 2018-ci il tarixdə "xxxx" ASC-in Xətai Rayon Enerji Təchizat və Satış İdarəsi tərəfindən 2777.85 manat məbləğində borcun olmasına dair xəbərdarlıq olunmuşdur. Həmin tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və borcun olmasına dair məlumat verilməmişdir. Bildirir ki, həmin qeyri-yaşayış obyekti artıq uzun müddətdir ki, işləmir, orada təmir-bərpa işləri aparılır. Bu böyük bir məbləğdə borcun əsassız olaraq haradan yaranması, yaranma tarixinin hansı vaxtları əhatə etməsinə dair hər hansı bir məlumat yoxdur. İddiaçı tərəfindən "xxxx" ASC-in Xətai Rayon Enerji Təchizat və Satış İdarəsinə yaxınlaşaraq yaranmış borca dair məlumat almaq istəsə də, lakin buna nail ola bilməmişdir. Hal-hazırda yaranmış borc üzrə işıq idarəsinin əməkdaşları tərəfindən işığın verilməsi dayandırıldığından iddiaçı həmin obyektdə hər hansı bir işlər görə bilmir. Yaranmış borcun hansı tarixlərdə yarandığı məlum deyil. Belə ki, iddiaçı hər ay istifadə olunmuş işığa dair haqq ödəmişdir. Belə olan halda hər hansı borcun yaranması mümkün olan məsələ deyil. Bu səbəbdən hesab edir ki, bir halda ki, "xxxx" ASC-nin Xətai rayon Enerji Təchizat və Satış İdarəsi ünvan 3 ünvanda xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinə dair 04.01.2018-ci il tarixdə yaranmış borca dair hər hansı məlumat verə bilmir. Bu məsələ ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən araşdırılaraq qanun müstəvisində öz həllini tapmalıdır. 12 yanvar 2022-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən hesablanmış 3201.9 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-nin Xətai rayon Enerji Təchizat və Satış İdarəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair işə "xxxx" ASC-nin Xətai rayon Enerji Təchizat və Satış İdarəsinə dair hissədə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İddiaçı verdiyi izahatda bildirdi ki, tərəflər arasında elektrik enerjisindən istifadə edilməsi ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır. Bundan əlavə iddiaçının qeyd etdiyi abonent kodu “Günəşli” kiçik müəssisəsinə məxsusdur. Hesab edir ki, iddiaçının ümumiyyətlə iddia qaldırılması üçün subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, keçən məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 7 G ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. - "xxxx" ASC tərəfindən 04 yanvar 2018-ci il tarixdə “Günəşli” kiçik müəssisəsinə xəbərdarlıq ünvanlanaraq, müəssisə tərəfindən istifadə edilmiş elektrik enerjisinin sərfinə görə 04 yanvar 2018-ci il tarixədək hesablanmış 2777.85 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. - "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 27.12.2017-ci il tarixli akta və "xxxx" ASC-nin Akt Komissiyası tərəfindən tərtib edilmiş 29.12.2017-ci il tarixli texniki sahə üzrə tələblər barədə icra vərəqəsinə əsasən “Günəşli” aptekə məxsus sayğaca baxış keçirilmiş və yoxlama zamanı sayğacın dövlət möhüründə müdaxilə izləri aşkar edilmiş və sayğac yenisi ilə əvəz edilmişdir. -"xxxx" ASC tərəfindən 28 dekabr 2017-ci il tarixdə tərtib edilmiş sayğacların və cərəyan tranformatorların yoxlanılması barədə 097421 nömrəli protokola əsasən “Günəşli” kiçik müəssisəsinə məxsus sayğaca baxış keçirilmiş və sayğacın alt qapaq və dövlət möhürlərinin pozulması və sayğaca müdaxilə olunması müəyyən olunmuşdur. - Abonent haqqında məlumatdan görünür ki, “Günəşli” kiçik müəssisəsinə 3256.53 manat məbləğində borc hesablanmışdır. Beləliklə işin hallarından görünür ki, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ünvanında yerləşən “Günəşli” kiçik müəssisəsinə elektrik enerjisindən istifadə olunmasına görə 3201.9 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı (VOEN **********) hesablanmış borc məbləğinin silinməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra - MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Belə ki, cavabdehin nümayəndəsi “Günəşli” kiçik müəssisəsi barəsində "xxxx" ASC nümayəndələri tərəfindən 28.12.2017-ci il tarixli akt (№003781) və "xxxx" ASC-nin Akt Komissiyası tərəfindən tərtib edilmiş 29.12.2017-ci il tarixli texniki sahə üzrə tələblər barədə icra vərəqəsi tərtib edildiyini və “Günəşli” kiçik müəssisəsi tərəfindən elektrik enerjisindən qeyriqanuni istifadə etməklə "xxxx" ASC-yə ziyan vurulmasını bildirmişdir. Göründüyü kimi, işdə olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında deyil, “Günəşli” kiçik müəssisəsi ilə "xxxx" ASC arasında öhdəliklərin yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər...iddiaçılar hesab edilirlər. Hazırki işdə iddia tələb hüququ olmayan İddiaçı tərəfindən verilmişdir. Məhkəmə işə baxarkən Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələbinə əsasən İddiaçı nümayəndəsinə iddiaçının əsl tərəf ilə əvəz edilməsini təklif etmiş, lakin iddiaçı razı olmamışdır. Belə ki, İddiaçı yaranmamış subyektiv hüququnun cavabdeh "xxxx" ASC tərəfindən pozulmasını iddia edir və məhkəmə müdafiəsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Belə ki, qüvvədə olan mülki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olundu ki, İddiaçı ilə "xxxx" ASC arasında ümumiyyətlə hər hansı bir müqavilə bağlanmamışdır. Bundan əlavə hazırda iddiaçı tərəfindən silinməsi tələb edilən borc məbləği İddiaçı deyil, “Günəşli” kiçik müəssisəsinə (aptek) hesablanmışdır. **********10003 nömrəli abonent kodu da məhz “Günəşli” kiçik müəssisəsinə (aptek) məxsusdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 1.1-ci bəndinə əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ilə "xxxx" ASC arasında elekrtik enerjisindən istifadə edilməsi ilə bağlı hər hansı bir müqavilə mövcud olmadığından və abonent olaraq cavabdeh tərəfindən iddiaçıya heç bir borc məbləği hesablanmadığından onun iddiaçı kimi tələb irəli sürməyə subyektiv hüququ mövcud deyildir. Odur ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar