Məhkəmə qərarları › İş №e-2-2(113)-497/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-497/2023

05.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-497/2023 05.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X1 Cavabdeh Kredit İttifaqı Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X5 Cavabdeh Kredit İttifaqı Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətindən 124.212,44 manat əsas, 414,19 manat faiz, 5.522,59 manat cərimə borcu və 400 manat ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş xidmət haqqı məbləği olmaqla, ümumilikdə 130.549,22 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sahibkarlığın X3 Hüquqi Şəxsi ilə “İnci Kredo" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Əməkdaşlıq müqaviləsi”nə əsasən Fond tərəfindən sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli keditlərin verilməsi məqsədilə “İnci Kredo" Kredit İtttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 250.000 manat məbləğində vəsait ayrılmışdır. Nəzərinizə çatdırırıq ki, 2022-ci ilin may ayından etibarən “İnci Kredo" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Müqavilə üzrə öhdəliklər lazımınca icra edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2020-ci il tarixli 1052 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 3.5-ci bəndinə və Müqavilənin 3.2.8-ci yarımbəndinə əsasən müvəkkil kredit təşkilatları güzəştli kredit vəsaiti üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 (üç) iş günündən gec olmayaraq ödəməlidirlər. Eyni zamanda Müqavilənin 2.1.16-cı yarımbəndinə əsasən Fondun Qayda və bu Müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etməyən müvəkkil kredit təşkilatından ayrılmış bütün vəsaitlərin vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X1 nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Sahibkarlığın X3 Hüquqi Şəxsi ilə “İnci Kredo" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2018-ci il tarixdə və sonra xx.xx.2020-ci il tarixdə “Əməkdaşlıq müqaviləsi” bağlanmışdır. Azərbaycan Respublikası Sahibkarlığın X3 Hüquqi Şəxsi ilə “İnci Kredo" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli Müqavilənin: 1-ci bəndinə əsasən bu müqavilə tərəflər arasında fondun vəsaiti hesabına güzəştli kreditin verilməsi, uçotun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqi, geri qaytarılması, müvəkkil kredit təşkilatının Fond qarşısında hesabatlılığına dair münasibətləri tənzimləyir; 2.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında” xx.xx.2009-cu il tarixli 162 nömrəli, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” xx.xx.2018-ci il tarixli 224 nömrəli və xx.xx.2020-ci il tarixli 1052 nömrəli Fərmanlarından irəli gələn vəzifələrin və Fondla bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərin icrasını müvəkkil kredit təşkilatlarından tələb etmək Fondun hüququdur; 2.1.16-cı bəndinə əsasən Qayda və bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etməyən müvəkkil kredit təşkilatından ayrılmış bütün vəsaitlərin vaxtından əvvəl qaytarılmasını tələb etmək Fondun hüququdur; 3.2.8-ci bəndinə əsasən Güzəştli kredit vəsaitləri üzrə əsas borcun və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 iş günündən gec olmayaraq Fondun hesabına ödəmək; Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 35.000 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki 5.000 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, 50.000 manat, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, 15.000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 30.000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 20.000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 50.000 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh tərəf məhkəmə hazırlıq iclasında ümumilikdə 250.000 manat pulun Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu X1 “İnci Kredo" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi halını qəbul etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisənin həlli baxımından aşağıdakı normalara da nəzər yetirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2020-ci il tarixli 1052 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın: 3.5-ci bəndinə əsasən Müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsait üzrə əsas borcu və hesablanmış faizləri Fondla bağladıqları müqaviləyə uyğun olaraq, hər ay üzrə növbəti ayın 3 (üç) iş günündən gec olmayaraq Fonda ödəməlidirlər; 6.1-ci bəndinə əsasən Fondun güzəştli kreditlərinin müddətləri (bu Qaydanın 8.1.2-ci yarımbəndi istisna olmaqla) aşağıdakı kimi müəyyən edilir: 6.1.1. kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək; 6.1.2. ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək; 6.1.3. böyükhəcmli kreditlər üçün -10 (on) ilədək. 6.3-cü bəndinə əsasən Bu Qaydanın 8.1.3-cü yarımbəndi istisna olmaqla, Fondun kreditlərinin illik faiz dərəcəsi 1 (bir) faizdən, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 (dörd) faizdən artıq olmamaq şərtilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 (beş) faizədək müəyyən edilir. 9.1-ci bəndinə əsasən Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizləri və ya əsas borcu müvəkkil kredit təşkilatı 3 (üç) iş günündən gec olmayaraq Fondun hesabına köçürməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Fondun hesabına köçürülməsini gecikdirdikdə, onlar bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Gecikdirmə 30 (otuz) iş günündən çox olarsa, X2 müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatlan sırasından çıxara bilər. 9.3-cü bəndinə əsasən Sahibkarlıq subyektlərinin krediti geri qaytarmaması və ya gecikdirməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir. Hazırkı halda da, görünür ki, 32 sahibkarlıq subyektinə Cavabdeh Kredit İttifaqı Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən kreditlər ayrılmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən “İnci Kredo" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə bildirmişdir ki, bəzi sahibkarlıq subyektlərinin borcun qaytarılması ilə gecikmələri mövcuddur və bəziləri barəsində də, “İnci Kredo" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sahibkarlıq subyektlərinə qarşı məhkəmədə borcun ödənilməsi tələbinə dair iddialar qaldırılmışdır. Məhkəmə bu xüsusda qeyd edir ki, sahibkarlıq subyektlərinin krediti geri qaytarmaması və ya gecikdirməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir və tərəflər arasında bağlanmış müqavilənin 2.1.16-cı bəndinə əsasən ayrılmış bütün vəsaitlərin vaxtından əvvəl qaytarılmasını tələb etməyə Fondun hüququ vardır. Ona görə də, məhkəmə hesab edir ki, iddia 124.212,44 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2020-ci il tarixli 1052 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 6.3-cü bəndini rəhbər tutaraq hesab edir ki, iddia 414,19 manat faiz borcunun tələb edilməsi hissəsində də, əsaslıdır. Məhkəmə 5.522,59 manat cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Müqavilənin 4-cü bəndində nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan və ödəniş qrafikinin təhlilindən aydın olur ki, cavabdeh əsas borc üzrə ödənişlərin edilməsini gecikdirmişdir. Ona görə də, iddiaçının cərimə borcunun tələb etməsi üçün əsaslar yaranmışdır. Hazırki işin hallarından görünür ki, cavabdehin 124.212,44 manat əsas borcuna münasibətdə 5.522,59 manat cərimə borcu ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Sahibkarlığın X3 Hüquqi Şəxsi tərəfindən mediasiya xərcinin əvəzi olaraq olaraq 400 manat məbləğində pul ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 124.212 (yüz iyirmi dörd min iki yüz on iki) manat 44 (qırx dörd) qəpik, faiz bоrcu üzrə 414 (dörd yüz on dörd) manat 19 (on doqquz) qəpik, cərimə borcu üzrə 5.522 (beş min beş yüz iyirmi iki) manat 59 (əlli doqquz) qəpik olmaqla, cəmi 130.149 (yüz otuz min yüz qırx doqquz) manat 22 (iyirmi iki) qəpik məbləğində pul Cavabdeh Kredit İttifaqı Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X4 ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh Kredit İttifaqı Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X4 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar