Məhkəmə qərarları › İş №e-2-2(113)-497/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-497/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-497/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, müqavilənin ləğvi, iradə ifadəsi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi üzrə 13271,18 manat əsas, 1332,44 manat faiz və 767,59 manat cərimə borcu olmaqla ümumilikdə 15371,21 manat, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi üzrə 2050,16 manat əsas, 129,36 manat faiz və 57,66 manat cərimə borcu olmaqla ümumilikdə 2237,18 manat məbləğində borcun və ödənilmiş 142,8 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 və zaminlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 002L**********35 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 300 000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ilə bağladığı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 11728,82 manat ödəmiş, onun 13271,18 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 173 gün üçün hesablanmış faiz borcu 1332,44 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 173 gün üçün hеsablanmış cərimə 767,59 manat təşkil edir. 2.2. Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6900 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 4849,84 manat ödəmiş, onun 2050,16 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 128 gün üçün hesablanmış faiz borcu 129,36 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 128 gün üçün hеsablanmış cərimə 57,66 manat təşkiledir. 2.3. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 467, 472.2-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verdi və məhkəmənin suallarına cavab olaraq 12 dekabr 2024cü il tarixli 9/9354 nömrəli ekspert rəyinə etiraz etmədiklərini göstərdi.

6. İddiaçının nümayəndəsi X4 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclaslarında iştirak edərək borc məbləğinə və 12 dekabr 2024-cü il tarixli 9/9354 nömrəli ekspert rəyinə etiraz etmədiklərini bildirdilər.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə olunmuş İddiaçı QSC (bank qismində) ilə Cavabdeh2 (kredit alan qismində) və Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (zamin qismində) arasında bağlanmış 26 iyul 2022-ci il tarixli 002L**********35 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci hissəsinə əsasən, bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana uzunmüddətli kredit xəttini açır (2.1). Kreditlər ümumi şərtləri bu müqavilə ilə aşağıdakı razılaşdırılmış çərçivədə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir: kreditin məqsədi/təyinatı – sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi; uzunmüddətli kredit xəttinin məbləği – 300 000 manat; kreditin maksimum müddəti 120 ay; kreditin son müddəti – kredit sazişində həmin kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə, 22 iyul 2032-ci il; FİFD-in yuxarı həddi – 30 faiz; aylıq ödənişin yuxarı həddi – 50000 manat (2.2). Verilən hər bir kredit üzrə kredit məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti, məqsədi, FİFD, olduğu təqdirdə ödəniş planı və digər xüsusi şərtlər hər dəfə müqavilənin tələbləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən edilir (2.3). Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir (2.5)

12. Adıçəkilən uzunmüddətli kredit və təminat müqaviləsinin 11-ci hissəsinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır (11.1). Kredit alan bu müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini banka ödəyə bilmədikdə, zamin kredit faizi və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış istənilən məbləğlərin ödənilməsi də daxil olmaqla kredit alanın müqavilə üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur (11.3).

13. İş materiallarında olan İddiaçı QSC (bank qismində) ilə Cavabdeh2 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 6900 manat olan krediti illik faiz dərəcəsi 24% olmaqla 24 ay müddətinə kredit alana verir.

14. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmanın ödəniş planından görünür ki, ilk ödəniş 01 sentyabr 2022-ci il, son ödəniş tarixi isə 01 avqust 2024-cü il olmaqla 6900 manat kredit məbləği və 1920,39 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

15. İddia ərizəsinə əlavə olunmuş İddiaçı QSC (bank qismində) ilə Cavabdeh2 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 002L**********35 saylı uzunmüddətli kredit müqaviləsinin şərtlərindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300 000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1). Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir (1.2). Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 22 dekabr 2031-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kredit razılaşmalarının illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur (1.3).

16. İş materiallarında olan İddiaçı QSC (bank qismində) ilə Cavabdeh2 (kredit alan qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit razılaşmasının şərtlərindən görünür ki, bank məbləği 25000 manat olan borc pulu aylıq faiz dərəcəsi 2,0833% olmaqla 36 ay müddətinə kredit alana verir (1.1). Kredit alan kredit məbləğini, ona hesablanmış faizlə birlikdə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq həmin ödəniş planında razılaşdırılmış tarixlərdə banka qaytarmağı öz öhdəsinə götürür (1.2). Kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: fərdi mikro kredit (1.3)

17. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit razılaşmasının ödəniş planından görünür ki, ilk ödəniş 18 aprel 2022-ci il, son ödəniş tarixi isə 18 mart 2025-ci il olmaqla 25000 manat kredit məbləği və 10996,83 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

18. İş materiallarına əlavə edilmiş iddiaçı (bank qismində) ilə Cavabdeh3 (zamin qismində) arasında bağlanmış 18 mart 2022-ci il tarixli 002S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli 002L**********35 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Uzunmüddətli Kredit Müqaviləsinin məbləği: 300 000 manat; müddəti: 120 ay; faiz dərəcəsinin yuxarı həddi: 28%.

19. İş materiallarına əlavə edilmiş iddiaçı (bank qismində) ilə Cavabdeh4 (zamin qismində) arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 002S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixli 002L**********35 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Uzunmüddətli Kredit Müqaviləsinin məbləği: 300 000 manat; müddəti: 120 ay; faiz dərəcəsinin yuxarı həddi: 28%.

20. İş materiallarına əlavə edilmiş iddiaçı (bank qismində) ilə Cavabdeh1 (zamin qismində) arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 002S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli 002L**********35 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Uzunmüddətli Kredit Müqaviləsinin məbləği: 300 000 manat; müddəti: 120 ay; faiz dərəcəsinin yuxarı həddi: 28%.

21. İş materiallarına əlavə edilmiş iddiaçı (bank qismində) ilə Cavabdeh5 (zamin qismində) arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli 002S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 xx.xx.2021-ci il tarixli 002L**********35 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Uzunmüddətli Kredit Müqaviləsinin məbləği: 300 000 manat; müddəti: 120 ay; faiz dərəcəsinin yuxarı həddi: 28%.

22. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli OUT-2024/06/10-96 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh2 əsas borcu 2050,16 manat, faiz borcu 129,36 manatdır.

23. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli OUT-2024/06/10-95 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh2 əsas borcu 13271,18 manat, faiz borcu 1332,44 manatdır.

24. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli OUT-2024/06/14-114 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh2 əsas borcu 350,16 manat, faiz borcu 163,7 manatdır.

25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6952/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 12 dekabr 2024-cü il tarixli 9/9354 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 2236 manat, faiz borcu 195,28 manat, xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 12630,35 manat, faiz borcu 1306,87 manat təşkil edir.

26. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli 002R********** nömrəli və xx.xx.2021-ci il tarixli 002L**********35 nömrəli uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli 002R********** nömrəli kredit sazişindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı müvafiq olaraq 6900 manat və 25000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini müvafiq olaraq 24 ay müddətə illik 24 faiz dərəcəsi və 36 ay müddətinə aylıq 2,0833 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə zaminlik müqavilələri bağlanmış, sonuncular borcalanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh2 pul məbləğinə mülkiyyət hüququnu əldə etsə də, həmin vəsaiti iddiaçıya tam qaytarmamışdır.

27. İddiaçı xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit müqaviləsi üzrə 2050,16 manat əsas, 129,36 manat faiz, xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit müqaviləsi üzrə 13271,18 manat əsas, 1332,44 manat faiz borcunun tutulmasını xahiş edir.

28. Cavabdehlər borc məbləğinə və 12 dekabr 2024-cü il tarixli 9/9354 nömrəli ekspert rəyinə etiraz etmirlər.

29. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

30. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

32. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

33. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

34. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh2 X1 Sistemi vasitəsilə göndərdiyi xx.xx.2024-cü il tarixli məktublarda hər iki saziş üzrə bütün əsas borc məbləğini tələb etmiş, başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iradəsini ifadə etmişdir.

35. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

36. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

37. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

38. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə məktub ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

39. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə Cavabdeh2 pretenziya məktubları yollayaraq kredit müqavilələri üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda da iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir.

40. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

41. 12 dekabr 2024-cü il tarixli 9/9354 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 2236 manat, faiz borcu 195,28 manat, xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 12630,35 manat, faiz borcu 1306,87 manat təşkil edir.

42. Məhkəmə qeyd edir ki, ekspert rəyində xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixdən sonrakı tarixdə 2081,36 manat ödəniş edildiyi göstərilsə də, hesabdan çıxarış məlumatından cəmi 1700 manat ödəniş edildiyi təsdiq olunur. Odur ki, rəydə qeyd olunan 2081,36 manat ödəniş məbləğinin yanlış qeyd olunduğu aydın olur.

43. Belə ki, məhkəməyə təqdim edilən hesabdan çıxarışlardan xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə 1700 manat ödənişin edildiyini və həmin ödənişin xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit müqaviləsi üzrə əsas borca silindiyi görünür.

44. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir.

45. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 002R********** nömrəli kredit sazişi üzrə 350,16 (tələb olunan 2050,16 manat-ödənilən 1700 manat) manat əsas borc, 129,36 manat faiz borcu, xx.xx.2022-ci il tarixli 002R********** nömrəli kredit sazişi üzə 12630,35 manat əsas borc, 1306,87 manat faiz borcu mövcuddur.

46. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

47. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

48. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

50. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2021-ci il tarixli 002L**********35 nömrəli uzunmüddətli kredit müqaviləsində və zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit razılaşması uzunmüddətli kredit müqaviləsində və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adıçəkilən kredit razılaşması üzrə digər Cavabdeh2 iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar.

51. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli 002R********** nömrəli kredit sazişi üzrə 350,16 manat əsas borc, 129,36 manat faiz borcu, xx.xx.2022-ci il tarixli 002R********** nömrəli kredit sazişi üzə 12630,35 manat əsas borc, 1306,87 manat faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

52. İddia ərizəsində iddiaçı xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit müqaviləsi üzrə 767,59 manat cərimə, xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit müqaviləsi üzrə 57,66 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

53. xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit razılaşmasının 4.2.2-cü bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməyə borcludur.

54. 18 mart 2022-ci il tarixli 002S**********02 saylı, 22 dekabr 2021-ci il tarixli 002S**********01 saylı, 22 dekabr 2021-ci il tarixli 002S**********01 saylı və 22 dekabr 2021-ci il tarixli 002S**********02 saylı zaminlik müqavilələrinin 3.1.2-ci bəndinə əsasən, uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir.

55. 26 iyul 2022-ci il tarixli 002L**********35 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə görə, bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

56. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

57. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

58. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

59. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlər ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsi, ödənişləri məhkəmə icraatında olarkən də icra etmələri, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin xx.xx.2022-ci il tarixli 002R********** saylı saziş üzrə 57,66 manat, xx.xx.2022ci il tarixli 002R********** saylı saziş üzrə 600 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

60. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq xx.xx.2022-ci il tarixli 002R********** saylı saziş üzrə 57,66 manat, xx.xx.2022-ci il tarixli 002R********** saylı saziş üzrə 600 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

61. İddiaçı eləcə də 142,8 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

62. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən 142,8 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

63. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 12 dekabr 2024-cü il tarixli 9/9354 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

64. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

65. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

66. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

68. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən (bax §59) məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehlərdən tutulmalıdır.

69. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142,8 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı QSC-yə, ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

70. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli 002R********** nömrəli kredit sazişi üzrə 350,16 manat əsas borc, 129,36 manat faiz borcu və 57,66 manat cərimə məbləği, xx.xx.2021-ci il tarixli kredit razılaşması çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli 002R********** nömrəli kredit sazişi 12630,35 manat əsas borc, 1306,87 manat faiz borcu və 600 manat cərimə məbləği olmaqla ümumilikdə 15074,4 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142,8 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar