Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4972/2025 12.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, dəbbə pulunun azaldılması, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 23123,04 manat əsas, 730,06 manat faiz, 2276,26 manat cərimə borcu olmaqla ümumilikdə 26129,36 manat məbləğində pulun və ödənilmiş 168,39 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli 40100***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən artıq olmamaq şərti ilə 1 000 000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və onlar kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 2.2. Kredit limitinin açılmasına dair razılaşmanın şərtlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən iddiaçı tərəfindən Cavabdeh2 9 ay müddətinə illik 16% dərəcəsi ilə 50 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamin Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2025-ci il tarixə iddiaçıya 23123,04 manat məbləğində əsas borcu, 730,06 manat faiz, 2276,26 manat cərimə borcu olmaqla cəmi 26129,36 manat məbləğində borcu qalmaqdadır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421, 443, 472, 739.3-cü və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri, “SMS” xəbərdarlıq göndərilməklə məlumat verilmiş, lakin cavabdehlər məhkəmənin iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli 40100***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşma çərçivəsində xx.xx.2024-cü il tarixli kredit razılaşmasından irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 50 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədi ilə müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 9 ay müddətə illik 16 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixli 40FİZAM167531809 nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncu borcalanın iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit məbləğini təşkil edən 50 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir.
11. İddiaçı xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 23123,04 manat əsas borc, 730,06 manat faiz borcunun cavabdehlərdən tutulmasını tələb edir.
12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
13. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
16. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
17. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır.
18. Belə ki, Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
19. Həmin Məcəllənin 743.1 və 743.2-ci maddələrinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
20. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
21. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
22. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ilə bağlı qeyd edir ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə əsas borc 23123,04 manat, faiz borcu 730,06 manat təşkil edir.
23. Hesabdan çıxarışı və ödəniş cədvəlini müqayisəli şəkildə təhlil etdikdə aydın olur ki, xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə əsas borc 23123,04 manat, kredit müddətinin sonuna faiz borcu isə 730,06 manat təşkil edir.
24. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
25. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
26. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
27. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
28. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 23123,04 manat əsas borc, 730,06 manat faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
29. İddia ərizəsində iddiaçı 2276,26 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
30. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli ******* nömrəli qoşulma razılaşmasının 1-ci bəndindən görünür ki, bu Qoşulma razılaşmasını imzalamaqla Müştəri təsdiq və bəyan edir ki, o, Bankın rəsmi internet səhifəsində davamlı daşıyıcıda yerləşdirilmiş Kompleks Bank Xidmətləri Müqaviləsinin şərtlərini əvvəlcədən ətraflı şəkildə oxumuşdur, tanış olmuşdur, anlamışdır və həmin şərtlərlə razıdır. Müqavilədə anlaşılmayan və ya qeyri-nniəyyən şərtlər yoxdur. Müştəri Müqavilənin kredit məhsullarına dair bölmələrində nəzərdə tutulan “borcun qaytarılması”, “Bankın vaxtından əvvəl tələb hüququ”, “Müştəri tərəfindən borcun vaxtından əvvəl qaytarılması”, “Monitorinq", “Ödənişlərin gecikdirilməsinə görə məsuliyyət”, o cümlədən bank xidmətlərinin elektron qaydada (məsafədən) göstərilməsi proseduru, Müqavilədə nəzərdə tutulan anlayışlar və Müqavilənin digər şərtləri ilə ayrıca tanış olduğunu qəbul edir.
31. Kompleks Bank Xidməti Müqaviləsinin (məsafədən bank xidmətlərinin göstərilməsinə dair) 11.5.4-cü bəndinə əsasən, bank Borcalanın kredit üzrə ödənişləri gecikdirməsinə görə ondan əlavə faizlər (gecikdirmə faizləri) tələb edə bilər. Bu halda gecikdirmə faizləri kredit üzrə illik faiz dərəcəsinə 5 (beş) faiz bəndi əlavə edilməklə hesablanır. Əgər Banka dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, Bank Borcalandan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
32. xx.xx.2024-cü il tarixli 40FİZAM167531809 nömrəli zaminlik müqaviləsinin 1.3cü bəndinə əsasən, tələb edilə biləcək borc 1000000.00 (bir milyon) AZN kredit limiti çərçivəsində veriləcək kreditlər, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarıİmamasına görə kredit üzrə illik faiz dərəcəsinə öhdəliyin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanan cərimədir.
33. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
34. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
36. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlərlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdehlər tərəfindən öhdəlik hissəvi olaraq icra edilməmişdir
37. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 1150 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
38. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 1150 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı eləcə də 168,39 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********70 nömrəli mədaxil qəbzi ilə 168,39 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
44. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən (bax §36) məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehlərdən tutulmalıdır.
45. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 168,39 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 40100***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşma çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli razılaşma üzrə 23123,04 manat əsas borc, 730,06 manat faiz borcu, 1150 manat cərimə məbləği olmaqla ümumilikdə 25003,1 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 168,39 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova