Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4994/2023 21.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "X1 LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) hərrac və qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: hərrac və qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs “X1 LTD” MMC-nin nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs “X1 LTD” MMC-nin nümayəndəsi Abdulaziz Alkılıcın iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "X1 LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) hərrac və qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "X1 LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən keçirilmiş 24 iyul 2023-cü il tarixli, 112 saylı hərracın yekunları barədə protokolun və "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” LTD MMC cavabdeh İddiaçı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı Yerli İqtisad məhkəməsinin 1-3/01/2007 saylı, 21 may 2007-ci il tarixli məhkəmə aktı ilə iddia tam, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı ASC-dən “X1” LTD MMC-nin xeyrinə 1077056,08 manat təmir-tikinti və abadlaşdırma işlərinə çəkilmiş xərclər və ödənilmiş 68164,99 manat icarə haqqının və hüquqi xidmətə görə 2000 manat haqq olmaqla, cəmi 1147221,07 manat vəsaitin tutulması qət edilmiş və məhkəmə aktı qüvvəyə mindiyindən icra sənədi verilmişdir. İcra sənədi xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Səbail rayon İcra Şöbəsinin icra məmuru Toğrul Baxşəliyevin təqdimatına əsasən Səbail Rayon Məhkəməsinin 8(009)-952/2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli qərardadı ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 1-3/01/2007 saylı, 21 may 2007-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı ASC-nin balansında olan ünvan 1 ünvanında yerləşən 1 saylı ayaqqabı fabrikinin, ünvan 2anındakı qeyri-yaşayış sahəsinin (keçmiş “Pioner” düşərgəsi) və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində Cəmiyyətə məxsus anbarın üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən anbarla bağlı qiymətləndirmə həyata keçirilmişdir. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən anbar "xxxx" Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən 303551,30 manat qiymətləndirilmişdir. Səbail rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, 17492/2013-16-22/326 nömrəli sifariş məktubu ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən anbarla bağlı hərracın keçirilməsi Cavabdeh MMC-yə tapşırılmışdır. Həmçinin Cavabdeh MMC tərəfindən keçirilmiş 24 iyul 2023-cü il tarixli, 112 saylı hərracın yekunları barədə protokola əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən anbar tələbkar “X1 LTD” MMC tərəfindən 303551,30 manata əldə edilmişdir. Lakin iddiaçı tərəf sözügedən qiymətləndirmənin və hərracın nəticələri ilə razılaşmırlar. Çünki sözügedən əmlak çox ucuz qiymətləndirilmişdir. Belə ki, həmin əmlakın real bazar dəyəri 1 milyon 700 min manat dəyərindədir. Sözügedən hərrac prosesi düzgün keçirilməmişdir. Cavabdeh MMC tərəfindən göndərilmiş açıq hərracın keçirilməsi barədə bildiriş həm İddiaçı ASC, həm də “X1 LTD” MMC-yə göndərilmişdir. Hərrac keçirilmədən öncə İddiaçı ASC-nin nümayəndəsi hərracda olmuş və hərracın keçirilməsini qeyri-qanuni hesab etdiklərini bildirmişlər. Belə ki, hərracın rəhbərliyinin diqqətinə çatdırılmışdır ki, əmlakın dəyəri bazar qiymətindən aşağı olduğundan məhkəmədə iddia qaldırılacaqdır. Lakin hərrac təşkilatı xəbərdarlıqlara baxmayaraq, hərracı keçirmiş və tələbkar “X1 LTD” MMC tərəfindən alınmışdır. Əmlak dəyərindən dəfələrlə aşağı qiymətə satılmışdır. Hərracın nəticəsi olaraq 24 iyul 2023-cü il tarixli protokol tərtib edilmişdir. İddiaçı ASC-nin balansında olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən anbar dəyərindən çox ucuz qiymətləndirilməməli və həmin dəyərdə hərraca çıxarılmamalı idi. İddiaçı ASC-nin balansında olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən anbarla bağlı hərracın nəticələri məhkəmə qaydasında etibarsız hesab edilməli və əmlak yenidən qiymətləndirilərək hərraca çıxarılmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 416.2, 560.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Üçüncü şəxs “X1 LTD” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi.
8. Üçüncü şəxs “X1 LTD” MMC-nin nümayəndəsi Abdulaziz Alkılıc məhkəmə iclasında izahat verərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi.
9. İş materiallarında olan Cavabdeh MMC tərəfindən tərtib edilmiş hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 112 nömrəli protokoldan görünür ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 1-3/01/2007 saylı, xx.xx.2007-ci il tarixli icra vərəqi və Səbail rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli, 17492/2013-16-22/326 saylı sifariş məktubu əsasında İddiaçı ASC-nin icarə hüquqi ilə qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində anbarın yerləşdiyi torpaq sahəsinin qalan icarə müddətinə görə icarə hüququ və həmin torpaq sahəsində yerləşən tikililər üzrə hərrac keçirilmiş, hərracın alış qiyməti 303551,30 (üç yüz üç min beş yüz əlli bir manat otuz qəpik) manat təşkil etməklə, hərracın qalibi “X1 LTD” MMC olmuşdur.
10. Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 17492/2013-16- 22/326 nömrəli sifariş məktubundan görünür ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 1- 3/01/2007 saylı, 21 may 2007-ci il tarixli sənədinə əsasən İddiaçı ASC-dən “X1" LTD MMC-nin xeyrinə 1077056,08 manat təmir-tikinti və abadlaşdırma işlərinə çəkilmiş xərclərin və ödənilmiş 68164,99 manat icarə haqqının və hüquqi xidmətə görə 2000 manat haqq olmaqla, cəmi 1147221,07 manat vəsait tutulmalı, qarşılıqlı iddia olan hissədə rədd edilməli, 50 manat məbləğində ekspertiza xərclərinə görə tərəflərin hər birindən 25 manat tutulmalıdır. İcra sənədi xx.xx.2013-cü il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icra tədbirlərinə başlanılmışdır. İcra sənədi üzrə borclu İddiaçı ASC-nin icarə hüququ ilə qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində anbarın yerləşdiyi torpaq sahəsinin qalan icarə müddətinə görə icarə hüququnun dəyəri (qiyməti) və həmin torpaq sahəsi üzərində olan tikililərin inşa dəyəri (qiyməti) ümumilikdə 303551,30 manat təşkil edir.
11. xx.xx.2023-cü il tarixli, 111 (6158) nömrəli 525-ci qəzetdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində anbarın yerləşdiyi torpaq sahəsinin qalan icarə müddətinə görə icarə hüququ və həmin torpaq sahəsində yerləşən tikililərin dəyəri 303551,30 manat olmaqla, 24 iyul 2023-cü il tarixində saat 11:00-da ünvan 3 ünvanında açıq hərrac keçiriləcəyi ilə bağlı elan dərc edilmişdir.
12. Cavabdeh MMC tərəfindən tərtib edilmiş açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 169 nömrəli bildirişin məzmunundan görünür ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1-3/01/2007 saylı icra vərəqəsinə və Səbail Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 17492/2013-16-22/326 nömrəli sifariş məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində anbarın yerləşdiyi torpaq sahəsinin qalan icarə müddətinə görə icarə hüququ və həmin torpaq sahəsində yerləşən tikililərin dəyəri 303551,30 manat olmaqla, 24 iyul 2023-cü il tarixində saat 11:00da ünvan 3 ünvanında açıq hərracı keçiriləcəkdir. Hərracın keçirilməsinə dair “525-ci” qəzetdə 25 iyun 2023-cü il tarixində elan dərc edilmişdir. Hərracda alıcı qismində iştirak etmək üçün sənədlərin son qəbul günü 21 iyul 2023-cü il tarixdə bitir. İştirak hüququnun əldə edilməsi üçün tələb olunan sənədlər: fiziki şəxslər üçün-şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər üçün-hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və səlahiyyəti təsdiq edən sənədlər. Hərracda iştirak üçün beh məbləği: 15177,57 (on beş min yüz yetmiş yeddi manat əlli yeddi qəpik) manat təşkil edir.
13. "xxxx" Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2023-cü il tarixli, 0254/23 ekspert rəyindən görünür ki, 1) özəlləşdirilən dövlət müəssisə və obyetlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 540 nömrəli müqavilə əsasında İddiaçı ASC-nin icarə hüququ ilə adına qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində anbarın yerləşdiyi torpaq sahəsinin qalan icarə müddətinə görə icarə hüququnun dəyəri (qiyməti) 3551,30 (üç min beş yüz əlli bir manat otuz qəpik) manat; 2) özəlləşdirilən dövlət müəssisə və obyetlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa, edilmiş müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 540 nömrəli müqavilə əsasında İddiaçı ASC-nin icarə hüququ ilə adına qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində anbarın yerləşdiyi torpaq sahəsinin üzərində olan tikililərin inşa dəyəri (qiyməti) 300000 (üç yüz min) manat; 3) Arena” ASC-nin icarə hüququ ilə adına qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində anbarın yerləşdiyi torpaq sahəsinin qalan icarə müddətinə görə icarə hüququnun dəyəri (qiyməti) və həmin torpaq sahəsi üzərində olan tikililərin inşa dəyəri (qiyməti) ümumilikdə 303551,30 manat təşkil edir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən 641255 nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən dövlətə məxsus 0,6567 ha torpaq sahəsi İddiaçı ASC-nin adına icarə hüququ əsasında xx.xx.2021-xx.xx.2023-cü illər üzrə yüklü edilmişdir.
15. Beləliklə, müəyyən olunur ki, “X1” LTD MMC cavabdeh İddiaçı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 1 saylı Bakı Yerli İqtisad məhkəməsinin 1- 3/01/2007 saylı, 21 may 2007-ci il tarixli məhkəmə aktı ilə iddia tam, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı ASC-dən “X1” LTD MMC-nin xeyrinə 1077056,08 manat təmir-tikinti və abadlaşdırma işlərinə çəkilmiş xərclər və ödənilmiş 68164,99 manat icarə haqqının və hüquqi xidmətə görə 2000 manat haqq olmaqla, cəmi 1147221,07 manat vəsaitin tutulması qət edilmiş və məhkəmə aktı qüvvəyə mindiyindən icra sənədi verilmişdir. İcra sənədi xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Səbail rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına əsasən Səbail Rayon Məhkəməsinin 8(009)-952/2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli qərardadı ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 1-3/01/2007 saylı, 21 may 2007-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı ASC-nin balansında olan ünvan 1 ünvanında yerləşən 1 saylı ayaqqabı fabrikinin, ünvan 2anındakı qeyri-yaşayış sahəsinin (keçmiş “Pioner” düşərgəsi) və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində Cəmiyyətə məxsus anbarın üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən anbarla bağlı qiymətləndirmə həyata keçirilmiş, əmlak "xxxx" Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən 303551,30 manat dəyərində qiymətləndirilmişdir. Səbail rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, 17492/2013-16- 22/326 nömrəli sifariş məktubu ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən anbarla bağlı hərracın keçirilməsi Cavabdeh MMC-yə tapşırılmışdır. Hərrac keçirilmiş və hərracın yekunları barədə 24 iyul 2023-cü il tarixli, 112 saylı protokola əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən anbar tələbkar “X1 LTD” MMC tərəfindən 303551,30 manata əldə edilmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi
18. İddia tələbi Cavabdeh MMC tərəfindən keçirilmiş 24 iyul 2023-cü il tarixli, 112 saylı hərracın yekunları barədə protokolun və "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsindən ibarətdir.
19. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrini mübahisələndirmiş, qiymətləndirmənin nəticələri ilə razılaşmamış və hesab etmişdir ki, sözügedən əmlak çox ucuz qiymətləndirilmişdir və əmlak həmin dəyərdə hərraca çıxarılmamalı idi.
20. Məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd olunmalıdır. Belə ki, iddiaçı Cavabdeh MMC-ni, yəni hərrac təşkilatını cavabdeh qismində qoyaraq, həmin iddia tələbini ona qarşı yönəltmişdir, halbuki, qiymətləndirməni həyata keçirən "xxxx" MMC olmuşdur.
21. İddia tələbinin digər hissəsini Cavabdeh MMC tərəfindən keçirilmiş 24 iyul 2023cü il tarixli, 112 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi təşkil edir. İddiaçı etibarsızlığın əsası kimi əmlakın bazar qiymətindən aşağı qiymətləndiriərək hərraca çıxarılmasını göstərilmişdir. İddiaçı qeyd etmişdir ki, əmlak dəyərindən çox ucuz qiymətləndirilməməli və həmin dəyərdə hərraca çıxarılmamalı idi.
22. İddia tələbinin həmin hissəsi ilə bağlı bağlı məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçının qeyd etdiyi əsasla hərrac təşkilatına qarşı yönələn iddia həmin hissədə də təmin edilə bilməz. Göstərilən nəticəyə gələrkən nəzərə alınır ki, qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hazırkı halda isə hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilməsi öz təsdiqini tapmır.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova