Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-50/2022 26.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh ASC-nin 19 dekabr 2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 1165,75 manat, DSMF-yə ödənilməmiş 22671,46 manat və işsizlikdən sığorta fonduna ödənilməmiş 347,53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh ASC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 19 dekabr 2019-cu il tarixli qərar çıxarmışdır. Qarar əsasında vergi ödəyicisinin 19 dekabr 2019-cu il tarixə yaranan 18447,64 manat borcuna görə ******* manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 20 dekabr 2019-cu il tarixli **********0 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 29 dekabr 2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra iddiaçı tərəfindən Cavabdeh ASC-nin 16 may 2022-ci il tarixinə vergi borcu üzrə 262,54 manat, icbari tibbi sığorta üzrə 135,6 manat borcu və məcburi dövlət sosial sığorta haqqı üzrə 15204,2 manat borcu, işsizlikdən sığorta üzrə isə borcunun olmaması barədə məlumatı məhkəməyə daxil olmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh ASC-yə vergi borcunun 5 gün müddətində ödənilməsi tələbi ilə bağlı bildiriş göndərilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; - Məhkəmə qərarı üzrə borcun məbləğı haqqında arayışdan görünür ki, Cavabdeh ASC-nin 16 may 2022-ci il tarixinə vergi borcu üzrə 262,54 manat, icbari tibbi sığorta üzrə 135,6 manat borcu və məcburi dövlət sosial sığorta haqqı üzrə 15204,2 manat borcu, işsizlikdən sığorta üzrə isə borcunun olmamadığı qeyd olunmuşdur; - vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərardan görünür ki, Cavabdeh ASC-yə vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakı siyahıya alınmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: - 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. - 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. - 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. - 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. - 90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmiş, lakin borcun ödənilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisi üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir və ona məxsus əmlakı satılmaqla dövlət büdcəsinə olan vergi borcu ödənilməlidir. İddia tələbində əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması xahiş olunsa da, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.3-cü maddəsində olunan dəyişikliyə əsasən siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiası qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin siyahıya alınmış ******* manat məbləğində əmlakı satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 15204,2 manat məbləği, 262,54 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-50/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-50/2022
26.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver