Məhkəmə qərarları › İş №e-2-2(113)-5005/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5005/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5005/2024 29.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, öhdəliyin icrası, müqavilədən imtina) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi, daha sonra isə tələbin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə xx.xx.2024-cü il tarixli 1011-ƏKM nömrəli Əsas kredit müqaviləsi və xx.xx.2024-cü il tarixli, 1011-KQ saylı Əlavə kredit müqaviləsi üzrə 631640.3 manat əsas və 6333.95 manat faiz borcu olmaqla, cəmi 637974.25 manat məbləğinin tutulması, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 970.41 AZN dövlət rüsumu və 1.46 AZN bank xidmət haqqının, MTT ilə bağlı məhkəməyə müraciət etmək üçün ödənilmiş 99.15 AZN dövlət rüsumu və 0.4 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1011-ƏKM nömrəli Əsas kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətində ******* manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açılmışdır. xx.xx.2024-cü il tarixli, 1011-KQ saylı Əlavə kredit müqaviləsinə əsasən Cavabdeh onun xx.xx.2024 tarixli AKB çıxarışının 3.3-cü və 3.5-ci bəndində qeyd edilən kreditlərin ("xxxx" ASC-lə bağlanmış xx.xx.2023-cü il tarixli K6136 kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli K6603 müqavilə) bağlanması təyinatı ilə illik 14 faiz, 36 ay müddətinə 728723 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli 1011-ƏKM nömrəli Əsas kredit müqaviləsinin 4.7.1-ci yarımbəndinin (k) hissəsinə əsasən Borcalan tərəfindən bu Müqavilənin 5.4.9-5.4.12-ci yarımbəndlərində nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsi Borc verənə öz mülahizəsinə əsasən bu Müqavilə çərçivəsində verilmiş bütün Kreditlərin və ya onlardan birinin yaxud bir neçəsinin, həmçinin Borc alanla bağlanmış bütün kredit müqavilələri (kredit riski yaradan digər müqavilələr) üzrə borcların qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini Borc alandan tələb etmə, o cümlədən Borc alana yeni Kreditin verilməsindən imtina etmə hüququ verir. Belə ki, bu müqavilənin 5.4.12-ci yarımbəndinə əsasən cavabdeh bu müqavilə çərçivəsində 36 (otuz altı) ay müddətinə, illik 14 (on dörd) faiz dərəcəsi ilə 728 723 (yeddi yüz iyirmi səkkiz min yeddi yüz iyirmi üç) manat məbləğində Borc alana verilməsi nəzərdə tutulan kreditin rəsmiləşdirildiyi tarixdən etibarən 10 (on) iş günü müddətində Borc alana məxsus ünvan 1 ünvanda yerləşən (Reyestr nömrəsi: **********44-05301-093027), ünvan 2 ünvanda yerləşən (Reyestr nömrəsi: **********44-05301-093004) və ünvan 3 ünvanda yerləşən (Reyestr nömrəsi: **********43-10301) əmlakları Borc verənin xeyrinə ipoteka hüquqları ilə yüklü edilməsini təmin etməli idi. İş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixli 1011-KQ nömrəli Əlavə Kredit müqaviləsinə əsasən cavabdehə verilməsi nəzərdə tutulan kredit xx.xx.2024-cü il tarixində rəsmiləşdirilmişdir. Bununla da bank müqavilə üzrə öz öhdəliyini tam yerinə yetirərək xx.xx.2024-cü il tarixində 728 723 (yeddi yüz iyirmi səkkiz min yeddi yüz iyirmi üç) manat məbləğində vəsaiti cavabdehin ******************** nömrəli hesabına köçürmüşdür. Lakin, cavabdeh təminat olaraq ABB ASC-ə yüklü edilməli olan əmlakları banka təqdim etməyərək müqavilə üzrə öhdəliklərini pozmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli 1011-ƏKM nömrəli Əsas kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən bu müqavilə, o cümlədən bu Müqavilə çərçivəsində bağlanan Əlavə kredit müqavilələri üzrə Borc alanın Borc verən qarşısında öhdəliklərinin təminatı qismində: 1011-İZG/1 saylı, 1011-İZG/2 və 1011-İZG/3 saylı İpoteka müqavilələri üzrə ipoteka predmeti olan əmlak obyektləri çıxış etməli idi. Göründüyü kimi cavabdeh kredit üzrə vəsaiti əldə etmiş, lakin təminat olaraq "xxxx" ASC-ə yüklü edilməli olan əmlakları banka təqdim etməmiş və bu səbəbdən də yuxarıda qeyd olunan ipoteka müqavilələri imzalanmamışdır. Cavabdeh məxsus ünvan 4 ünvanında 10 mərtəbəli binanın, 2-ci girişi, 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 150.55 kv.m. ümumi, 86.0 kv.m. yaşayış, 64.55 kv.m. köməkçi sahədən ibarət olan 3 otaqlı 39 saylı mənzil (Reyestr nömrəsi: **********44-05301-093027); 2 . Cavabdeh məxsus ünvan 4 ünvanında, 2012-ci il tikili, 10 mərtəbəli binanın, 2-ci girişi, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 146.5 kv.m; 86.0 kv.m yaşayış; 60.5 kv.m köməkçi sahədən ibarət olan 24 saylı 3 otaqlı mənzil (Reyestr nömrəsi: **********44-05301-093004); 3. Cavabdeh məxsus ünvan 5 ünvanında mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.08 ha torpaq sahəsinin üzərində yerləşən 2003-cü il tikili, 588.9 (A-570.60; B-18.3 tikilisi) kv.m ümumi, 106.9 (A-88.6, B-18.3) kv.m yaşayış, 482.0 kv.m köməkçi sahədən ibarət olan 2 (A-2, B-1) mərtəbəli 5 (A-4, B-1) otaqlı fərdi yaşayış evi (Reyestr nömrəsi: **********43-10301). Əlavə olaraq, iddiaçıda olan məlumata əsasən cavabdeh krediti təyinatı üzrə istifadə etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 1011-KQ nömrəli Əlavə kredit müqaviləsinə əsasən kredit müqaviləsinin təyinatı Cavabdeh xx.xx.2024 tarixli AKB çıxarışının 3.3-cü və 3.5-ci bəndində qeyd edilən kreditlərin ("xxxx" ASC-lə bağlanmış xx.xx.2023-cü il tarixli K6136 kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli K6603 müqavilə) bağlanması olmuşdur. Lakin, çıxarışdan da göründüyü kimi cavabdeh digər bankda olan borclarını bağlamamış və bununla da vəsaiti təyinatdan kənar istifadə etmişdir. Çünki AKB-dən əldə olunan çıxarışa əsasən cavabdehin "xxxx" ASC-ə olan aktiv öhdəliyindən əlavə olaraq, 5 aktiv öhdəliyi qalmaqda davam edir. xx.xx.2024-cü il tarixli 1011-ƏKM nömrəli Əsas kredit müqaviləsinin 4.7.2-ci bəndinə əsasən Borcalan borcverənə kredit təyinatı üzrə istifadə edilməsinə Müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya kredit Borc alan tərəfindən təyinatı üzrə istifadə edilmədikdə əlavə kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, Borc verən öz mülahizəsinə əsasən bu Müqavilə çərçivəsində verilmiş bütün Kreditlərin və ya onlardan birinin yaxud bir neçəsinin, həmçinin Borc alanla bağlanmış bütün kredit müqavilələri (kredit riski yaradan digər müqavilələr) üzrə borcların qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini Borc alandan tələb edə, o cümlədən Borc alana yeni Kreditin verilməsindən imtina edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi son dəqiqləşmə ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən kimi tərəflə ilk öncə əsas kredit müqaviləsi, daha sonra isə əlavə kredit müqaviləsi bağlanılmışdır. Əlavə kredit müqaviləsinə əsasən verilən məbləğ tərəfin "xxxx" ASC-də olan borc məbləğini bağlaması üçün verilmişdir. Həmin borc məbləği də bağlandıqdan sonra oradakı ipoteka yüklü əmlaklar yüklülükdən azad olunaraq ABB-nin hesabına keçməli idi. Müqavilənin bəndində də qeyd edilib ki,10 gün ərzində həmin girovda olan əmlakarla bağlı məlumatı tərəf ABByə təqdim etməli idi. ABB öz üzərinə düşən öhdəliyi yerinə yetirərək borc məbləğinin bağlaması üçün lazım olan vəsaiti cavabdehə ayırmışdır. Lakin cavabdeh təminat olaraq ABB ASC-yə yüklü edilməli olan əmlakları banka təqdim etməyərək müqavilə üzrə öhdəliklərini pozmuşdur. Vəsait cavabdeh tərəfindən istifadə olunmasına baxmayaraq təminatlar ABB-yə gətirilməmişdir. Qarşı tərəfin hazırda qeyd etdiyi hər hansı razılıq məktubunun verilməsi barədə isə tərəflər arasında hər hansı danışıqlar olmamışdır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində kredit ödənişi edilsə də, bununla bağlı məlumatlı deyildir. Ödəniş edildiyi zaman həmin ödəniş məbləğ bir gün sonra sistemə yerləşir. Sonda o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə bildirmişdir ki, iddianı qəbul etmir. Cavabdeh vaxtlı-vaxtında ödənişlərini etmişdir. Cavabdeh özü bildirir ki, "xxxx" ASC ilə müqavilə bağlayarkən qarşı tərəfə bildirmişdir ki, ipoteka müqaviləsində qeyd edilən əmlaklar Paşa Bank ASC-də girovdadır, ipoteka ilə yüklüdürlər. Onlar da tərəfə krediti götürməyində maneçilik olmadığını bildirmişlər. Tərəf ipoteka ilə yüklü edilmiş əmlakların Paşa Bank ASC-dən çıxarılması barədə qarşı tərəfdən soruşduqda bankın nümayəndələri bildirmişlər ki özləri Paşa Bank ASC-yə əmlakların ipotekadan çıxarılması barədə razılıq məktub verəcəklər. Daha sonra tez bir zamanda heç nə gözləmədən Cavabdehlə ipoteka müqaviləsini rəsmiləşdirilmişdir. Lakin daha sonradan tərəfə heç bir razılıq məktubu təqdim edilməmişdir. "xxxx" ASC isə məktub olmadığı təqdirdə 5% cərimələnəcəyini tərəfə bildirmişdir. İddiaçının səhvinə görə cavabdeh pis vəziyyətə düşmüşdür. Cavabdehin nümayəndəsi məhkəmə ərizə ünvanlaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən ödəniş olduğundan həmin ödənişi nəzərə alaraq, iddiaçı ilə barışıq məqsədli danışıqların aparılması üçün məhkəmə baxış iclasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 mart 2024-cü il tarixli, 1011-ƏKM №-li Əsas kredit müqaviləsindən görünür ki, Müqaviləyə əsasən Borc verən Borc alana 60 (altmış) ay müddətində (xx.xx.2029-cu il tarixədək) ******* (iki milyon) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı, Borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş Krediti müvafiq Əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və Kreditə hesablanmış faizləri Borc verənə ödəməyi, habelə Kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə çərçivəsində Borc alana verilən Kreditlərin qaytarılması şərtləri və dövriliyi, o cümlədən Kreditlərin məbləğinə hesablanmış faizlərin miqdarı, hesablanma qaydası və ödənilməsi dövriliyi Əlavə kredit müqavilələri ilə müəyyən olunur. Müqavilənin 4.7 və 4.7.1 bəndinin k) yarımbəndinə əsasən Əlavə kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, Borc verən Borcalan tərəfindən bu Müqavilənin 5.4.9-5.4.12-ci yarımbəndlərində nəzərdə tutulmuş öhdəliklər icra edilmədikdə öz mülahizəsinə əsasən bu Müqavilə çərçivəsində verilmiş bütün Kreditlərin və ya onlardan birinin yaxud bir neçəsinin, həmçinin Borc alanla bağlanmış bütün kredit müqavilələri (kredit riski yaradan digər müqavilələr) üzrə borcların qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anmadək hesablanmış faizlərin ödənilməsini Borc alandan tələb edə, o cümlədən Borc alana yeni Kreditin verilməsindən imtina edə bilər. Müqavilənin 5.4.12-ci bəndinə əsasən müqavilə çərçivəsində 36 (otuz altı) ay müddətinə, illik 14 (on dörd) % dərəcəsi ilə 728723 (yeddi yüz iyirmi səkkiz min yeddi yüz iyirmi üç) manat məbləğində Borc alana verilməsi nəzərdə tutulan kreditin rəsmiləşdirildiyi tarixdən etibarən 10 (on) iş günü müddətində Borc alana məxsus ünvan 6 ünvanda yerləşən (reyestr nömrəsi; **********44-05301-093027). ünvan 7 ünvanda yerləşən (reyestr nömrəsi: **********44- 05301-093004) və ünvan 8 ünvanda yerləşən (reyestr nömrəsi: **********43-10301) Borc verənin xeyrinə ipoteka hüquqları ilə yüklü edilməsini təmin etmək; Borc alan bu yarımbənddə qeyd olunmuş öhdəliklərini icra etmədikdə, Borc verən birtərəfli qaydada kreditdən istifadəyə görə Əlavə kredit müqavilələrində müəyyən olunmuş illik faiz dərəcəsini əlavə 5 (beş) %-dək artırmaq hüququna malikdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 mart 2024-cü il tarixli, 1011-KQ №-li Əlavə kredit müqaviləsinə əsasən Borc verən Borc alana 36 (otuz altı) ay müddətində (xx.xx.2027-ci il tarixədək) 728 723 (yeddi yüz iyirmi səkkiz min yeddi yüz iyirmi üç) manat məbləğində, kreditdən istifadəyə görə illik 14 (on dörd) % ödəmək şərtilə kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən Kreditin təyinatı: Cavabdeh xx.xx.2024 tarixli AKB çıxarışının 3.3-cü və 3.5-ci bəndində qeyd edilən kreditlərin ("xxxx" ASC-İə bağlanmış xx.xx.2023-cü il tarixli K6136 kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli K6603 müqavilə) bağlanmasıdır.Müqavilənin 1.5-ci bəndinə əsasən Borc alan bu Müqavilə rəsmiləşdirildikdən sonra 2 (iki) aydan gec olmayaraq bank hesab dövriyyələrinin minimum 80 (səksən) % (illik minimum 1 203 000 (bir milyon iki yüz üç min) manat və ya həmin məbləğ ekvivalenti həcmində xarici valyutada) həcmində hissəsinin Borc verən vasitəsi ilə həyata keçirilməsini təmin etməyi öhdəsinə götürür. Borc alan bu bənddə qeyd olunmuş öhdəliyini icra etmədikdə. Borc verən birtərəfli qaydada kreditdən istifadəyə görə bu Müqavilədə müəyyən olunmuş illik faiz dərəcəsini 3 (üç) %-dək artırmaq hüququna malikdir. Borc alan Borc verənin bu bənddə qeyd edilən hüququnu tanıyır və bu Müqaviləni imzalamaqla razılığını bildirir. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu Müqaviləyə 1 nömrəli əlavədə əks olunan Annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Borcalan tərəfindən ödəniş cədvəlində müəyyən olunmuş ödəniş tarixindən əvvəl və/və ya ödəniş məbləğindən artıq miqdarda edilmiş ödəniş məbləğləri onun seçimi ilə kredit üzrə əsas borc qalığında nəzərə alınmaqla ödənişin həyata keçirildiyi gün və ya ödəniş cədvəli üzrə növbəti ödəniş günü silinir. Borcalan tərəfindən ödəniş cədvəlində müəyyən olunmuş ödəniş tarixindən əvvəl aparılmış ödəniş məbləğlərinin ödənişin həyata keçirildiyi gün silinməsi onu ödəniş cədvəli üzrə növbəti ödənişdən tam və ya qismən azad etmir. 16 oktyabr 2024-cü il tarixə verilmiş maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh "xxxx" ASC-yə olan əsas borcu 631640,30 manat, ödənilməmiş faiz borcu 6333,95 manat olmaqla, ümumilikdə 637974,25 manat təşkil edir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 150.55 kvadrat metr olan mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 146,50 kvadrat metr olan mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 599,90 kvadrat metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. 27 mart 2024-cü il tarixli, 1011-KQ №-li Əlavə kredit müqaviləsinə 1 nömrəli Əlavə üzrə tərtib edilmiş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 728723 manat olan illik faiz dərəcəsi 14 % olmaqla 36 ay müddətinə verilmiş kreditə görə Cavabdeh 27 aprel 2024-cü il tarixdən 27 mart 2027-ci il tarixinə qədər hər ayın 27-i olmaqla 24906,02 manat, sonuncu ay 24906,24 manat ödəməlidir. xx.xx.2024-cü il tarixli 28522 saylı qəbzə əsasən 25600 manat, xx.xx.2024-cü il tarixli 24657 saylı qəbzə əsasən 23040 manat, xx.xx.2024-cü il tarixli 21347 saylı qəbzə əsasən 26620 manat, xx.xx.2024-cü il tarixli 19086 saylı qəbzə əsasən 24620 manat, xx.xx.2024-cü il tarixli 19085 saylı qəbzə əsasən 2000 manat, xx.xx.2024-cü il tarixli 7433 saylı qəbzə əsasən 1609 manat, xx.xx.2024-cü il tarixli 13719 saylı qəbzə əsasən 11 manat, xx.xx.2024-cü il tarixli BPM**********50 saylı qəbzə əsasən 25012,50 manat məbləğ Cavabdeh tərəfindən ABB ASC-yə ödənilmişdir. 38509 saylı xx.xx.2024-cü il tarixli qəbzə əsasən X2 tərəfindən 15000 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC 970,41 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki şəxs və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.4-cü maddəsinə əsasən müqavilədən imtina üçün əsasların baş verəcəyi aşkar olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək imtina edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə 27 mart 2024-cü il tarixli, 1011-KQ №-li Əlavə kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 14 % olmaqla 36 ay müddətinə 728723 manat məbləğində kredit vermiş, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri iddiaçıya ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh müqavilənin 5.4.12-ci bəndinə əsasən kreditin rəsmiləşdirildiyi tarixdən etibarən 10 iş günü müddətində ona məxsus ünvan 6 ünvanda yerləşən mənzili, ünvan 7 ünvanda yerləşən mənzili və ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka hüquqları ilə yüklü edilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan, yəni cavabdeh kredit müqavilələri üzrə öhdəlikləri icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının müqavilədən imtina edərək cavabdehdən xx.xx.2024-cü il tarixli 1011-ƏKM nömrəli Əsas kredit müqaviləsinin 4.7.1-ci yarımbəndinin (k) hissəsinə uyğun olaraq müqavilə çərçivəsində verilmiş kredit borcunun qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Digər tərəfdən məhkəmə cavabdehin xx.xx.2024-cü il tarixində təqdim etdiyi ödəniş qəbzinə münasibətdə hesab edir ki, həmin ödənişin Cavabdeh adına deyil, müştəri X1 adına ödənildiyi qeyd edilmiş və ödənişin məhz mübahisə edilən kredit müqaviləsi üzrə ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də həmin ödəniş nəzərə alınmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 27 mart 2024-cü il tarixli, 1011-KQ №-li Əlavə kredit müqaviləsi üzrə 631640,3 manat əsas borc, 6333,95 manat faiz borcu tutulmalıdır. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 970,1 manat məbləğində dövlət rüsumunun əvəzi, 1,46 manat bank xidmət haqqı, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin verilməsi üçün ödənilmiş 99,15 manat və 0.40 manat bank xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 1011-ƏKM nömrəli əsas kredit müqaviləsi və xx.xx.2024-cü il tarixli, 1011-KQ saylı əlavə kredit müqaviləsi üzrə 631640,3 manat əsas və 6333,95 manat faiz borcu olmaqla, cəmi 637974 (altı yüz otuz yeddi min doqquz yüz yetmiş dörd) manat 25 (iyirmi beş) qəpik pul vəsaitinin, 970 (doqquz yüz yetmiş) manat 41 (qırx bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi, 1 (bir) manat 46 (qırx altı) qəpik bank xidmət haqqının, MTT ilə bağlı məhkəməyə müraciət etmək üçün ödənilmiş 99 (doxsan doqquz) manat 15 (on beş) qəpik və 0,4 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar