Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-501/2024 04.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, prosessual maraq, müqavilədən imtina, ekspertiza xərci, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 7682,76 manat əsas borc, 1435,56 manat məbləğində faiz borcu olmaqla cəmi 9118,32 manat məbləğində kredit borcunun və ödənilmiş 110 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 (borcalan qismində) arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli 101875-528798/4 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 20% dərəcəsi ilə 10 000 manat məbləğində krеdit verilmişdir. Eyni zamanda iddiaçı və digər cavabdehlər Cavabdeh1 arasında 18 noyabr 2022-ci il tarixli 101875-528798/4 nömrəli və Cavabdeh3 arasında 18 noyabr 2022-ci il tarixli 101875- 528798/4/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər bank qarşısında borcalanla eyni dərəcədə - kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən krеdit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. 2.2. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar iddiaçıya olan borclarını ödəməmişlər. 01 noyabr 2023-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 7682,76 manat məbləğində əsas bоrcu və 1435,56 manat faiz borcu оlmaqla ümumilikdə 9118,32 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının iddiaçıya ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Cavabdehlər krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 443, 445-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6137/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddiaya etiraz etdi və eyni zamanda bildirdi ki, kreditin restrukturizasiyası ilə bağlı bir neçə dəfə iddiaçıya müraciət edilsə də, müsbət cavab verilməmişdir. İddiaçı ilə iki kredit müqaviləsi bağlanmışdır, 2023cü ilin iyun ayında hazırkı kredit müqaviləsi üzrə 5700 manat borcu qalmış, hazırda isə borc məbləği çoxalmışdır.
7. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh2 14 fevral 2024-cü il tarixli 9/680 nömrəli ekspert rəyi ilə razı olmadığını, ödənişlərinin daha çox olduğunu göstərdi.
8. Məhkəmənin birinci hazırlıq iclasında iştirak edən Cavabdeh3 borcalanın maddi çətinliklərlə bağlı borcunu ödəyə bilmədiyini, özünün də digər krediti olduğundan əsas borcluya kömək edə bilmədiyini qeyd etdi.
9. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlərlə hər hansı razılıq əldə olunmadığını, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
10. Cavabdeh3 məhkəmənin növbəti iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
11. Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyat ünvanına məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri çatdırılmış, mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilmiş, lakin adıçəkilən cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Bank qismində) ilə Cavabdeh2 (Borcalan qismində) arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli 101875-528798/4 nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, Bank Borcalana 10000 manat məbləğində kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 №-li əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 20 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür (1.1). Kredit 12 ay müddətinə verilir (1.2). Kredit Dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədi üçün verilir (1.3). Kredit, bu müqavilə ilə müəyyən olunan şərtlər Borcalan tərəfindən icra edildikdən sonra Bank tərəfindən Borcalanın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Kreditin uçotu Borcalanın müvafiq ssuda hesabında aparılır (1.4). Bu Müqavilə üzrə Əsas borc və Faizlər Ödəniş cədvəlinə (Əlavə №1) əsasən Borcalanın Bankdakı AZ58AZEN******************** nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə Kredit müddətində tam həcmdə qaytarılır (3.1). Faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30 (otuz), illik isə 360 (üç yüz altmış) gün hesabı ilə gündəlik olaraq hesablanır (3.4).
16. Adıçəkilən müqaviləyə əlavə olunan ödəniş cədvəlindən görünür ki, 18 dekabr 2022-ci il tarixdən 18 noyabr 2023-cü il tarixə hər ay üçün 926,35 manat (sonuncu ay 926,29 manat) olmaqla ümumilikdə 10000 manat əsas borc, 1116,14 manat faiz borcu ödəmək barədə iddiaçı və Cavabdeh2 razılığa gəlmişlər.
17. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli TT22322S6R4X nömrəli kassa məxaric orderindən görünür ki, 9759 manat məbləğində pul AZ58AZEN******************** hesabından çıxarılmış və Cavabdeh2 tərəfindən təhvil alınmışdır.
18. Məhkəməyə təqdim edilən iddiaçı (Bank qismində), Cavabdeh2 (Borcalan qismində) və Cavabdeh1 (Zamin qismində) arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli 101875-528798/4 nömrəli və Cavabdeh3 (Zamin qismində) arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli 101875-528798/4/2 nömrəli zaminlik müqavilələrinin şərtlərindən görünür ki, bu müqaviləyə görə Zamin, Borc alanın 18 noyabr 2022-ci il tarixli 101875- 528798/4 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürür (1.1). Bankla Borc alan arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli 101875-528798/4 nömrəli kredit müqaviləsinə əsasən Bank Borc alana dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədi ilə illik 20 faiz dərəcəsi ilə 12 ay müddətinə 10000 manat məbləğində kredit verir (2.1). Zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar (4.1). Zamin Kredit müqaviləsi üzrə öhdəliklərin Borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında Borc alanla eyni həcmdə məsuliyyət daşıyır (4.2).
19. İş materiallarına əlavə edilmiş 01 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, arayışın verildiyi tarixə Cavabdeh2 18 noyabr 2022-ci il tarixli 101875- 528798/4 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 7682,76 manat, faiz borcu isə 1435,56 manat təşkil edir.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-501/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 14 fevral 2024-cü il tarixli 9/680 nömrəli ekspert rəyindən görünür ki, 01 noyabr 2023-cü il tarixə (maliyyə arayışının verildiyi) Cavabdeh2 18 noyabr 2022-ci il tarixli 101875-528798/4 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 7682,76 manat, faiz borcu 1506,06 manat təşkil edir.
21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında 18 noyabr 2022-ci il tarixli 101875-528798/4 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 10000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 12 ay müddətə illik 20 faiz dərəcəsi ilə və müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış, sonuncular Cavabdeh2 öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh2 pul məbləğinə mülkiyyət hüququnu əldə etsə də, həmin vəsaiti iddiaçıya tam qaytarmamışdır.
22. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 7682,76 manat əsas borc, 1435,56 manat məbləğində faiz borcunun tutulmasını xahiş edir.
23. Cavabdeh2 iddiaya etiraz edir, ödənişlərinin daha çox olduğunu bildirir.
24. Cavabdeh3 kredit müqaviləsi üzrə ödənişlərin maddi çətinliklərlə bağlı həyata keçirilə bilmədiyini qeyd edir.
25. Cavabdeh1 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
26. Məhkəmə adıçəkilən cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
28. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
29. Buna görə də məhkəmə həmin cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
30. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
31. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
33. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
34. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
35. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Onlayn kargüzarlıq” sistemi vasitəsi ilə Cavabdeh2 (borclu) xəbərdarlıq məktubu yollayaraq kredit müqaviləsi üzrə gecikmədə olan borc məbləğinin ödənilməsini tələb etmişdir. Digər tərəfdən, 18 noyabr 2022-ci il tarixli 101875-528798/4 nömrəli kredit müqaviləsindən yaranan mübahisənin mediasiya vasitəsilə həlli üçün göndərilən mediasiya prosesinin tətbiqi barədə təklifdən də kredit borcunun qaytarılmasının mübahisənin predmeti kimi seçildiyi, lakin iddiaçı tərəfindən hansı məbləğdə borcun tələb edildiyinin göstərilmədiyi görünür. Əsas borcun bütünlüklə tələb edildiyi iddia ərizəsinin isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Onlayn kargüzarlıq” sistemi vasitəsi ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixdə çatdırıldığı aydın olur.
36. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
37. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
38. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
39. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri üçün həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə borcalan Cavabdeh2 iddia ərizəsini yollayaraq kredit müqaviləsi üzrə bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda, iddiaçı xx.xx.2023-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.
40. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı isə qeyd edir ki, bu ödənişlərin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı tərəfindən ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verilməmişdir.
41. Cavabdeh2 ekspertiza rəyi ilə razı olmadığını, digər ödənişlərinin olduğunu bildirsə də, ekspert tədqiqatına təqdim edilən hesabdan çıxarışda hansı ödənişinin əks olunmadığı barədə məhkəmənin suallarına cavab verə bilməmiş, digər ödənişlərin edilməsi ilə bağlı təsdiqedici sənədlərinin olmadığını bildirmişdir. Bu səbəbdən məhkəmə Cavabdeh2 14 fevral 2024-cü il tarixli 9/680 nömrəli ekspert rəyi ilə bağlı mülahizələrini əsassız hesab edir.
42. Qeyd edilən kredit müqaviləsi üzrə 14 fevral 2024-cü il tarixli 9/680 ekspert rəyinə əsasən, kredit müqaviləsinə xitam verilən xx.xx.2023-cü il tarixə əsas borc 7682,76 manat, faiz borcu isə 1506,06 manat təşkil edir.
43. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir.
44. İddia ilə tələb olunan faiz borcunun ekspert rəyində qeyd olunan məbləğdən az olduğunu və məhkəmənin iddia tələbi ilə bağlı olduğunu nəzərə alan məhkəmə hesab edir ki, 18 noyabr 2022-ci il tarixli 101875-528798/4 kredit müqaviləsi üzrə müqavilənin xitam tarixinə tutulmalı əsas borc 7682,76 manat, faiz borcu isə 1435,56 manat təşkil edir.
45. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
46. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
47. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
48. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, 18 noyabr 2022-ci il tarixli 101875- 528798/4 nömrəli kredit müqaviləsi üzrə 7682,76 manat əsas borc, 1435,56 manat faiz borcu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
49. İddiaçı eləcə də 110 manat mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.
50. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18-01368 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmiş, digər cavabdehlər xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat məbləğində mediasiya xərcini ödənmişdir.
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 14 fevral 2024-cü il tarixli 9/680 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
54. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
55. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
56. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 100 manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 18 noyabr 2022-ci il tarixdə bağlanmış 101875-528798/4 saylı kredit müqaviləsi üzrə 7682 (yeddi min altı yüz səksən iki) manat 76 (yetmiş altı) qəpik əsas borc, 1435 (bir min dörd yüz otuz beş) manat 56 (əlli altı) qəpik faiz borcu olmaqla ümumilikdə 9118 (doqquz min yüz on səkkiz) manat 32 (otuz iki) qəpik məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova