Məhkəmə qərarları › İş №e-2-2(113)-5010/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5010/2022

01.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5010/2022 01.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc, borcun silinməsi, abonent kodu, subyektiv hüquq, akt) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, Cavadeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent koduna əsassız hesablanmış 574 (beş yüz yetmiş dörd) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Seriya RX № ******* saylı X1 haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2012-ci tarixli, 154 nömrəli torpaq icarəsi müqaviləsi əsasında xx.xx.2012-ci ildən xx.xx.2027-ci ilədək icarəyə götürdüyü Sumqayıt şəhəri, 9 mikrorayon,Üzeyir Hacıbəyov küçəsində yerləşən 0,0430 ha torpaq sahəsində olan ticarət obyektində fərdi sahibkar kimi fəaliyyət göstərir. Fərdi sahibkar kimi fəaliyyət göstərdiyi ticarət obyektində qanunvericliyin tələbinə uyğun olaraq bağlanılmış müqavilələr əsasında kommunal xidmətlərdən, o cümlədən elektrik enerjisindən istifadə edir və X2 Cəmiyyətinin Sumqayıt Enerji satış İdarəsində **********50454 abunə kodu olmaqla qeydiyyata alınaraq elektrik sayğacı üzrə sərfiyyata görə ödəniş edir. 18 iyul 2021-ci ildə Sumqayıt Enerji satışı İdarəsinin işçiləri tərəfindən sayğaca baxış keçirilərək RQ041458 saylı Baxış Aktı tərtib edilmiş və müəyyən edilmişdir ki, obyektə məxsus elektrik sayğacı sıxaclarda baş vermiş qızmadan ərimişdir. Ona görə də Elektrik Enerjisindən İstifadə Qaydalarına uyğun olaraq elektrik sayğacının yenisi ilə əvəz edilməsinə rəy verilərək sayğac çıxarılmışdır. Sayğac olmadığı müddətdə ümumi qəbul edilmiş qaydaya uyğun olaraq enerji sərfiyyatı hesablanmış və onun tərəfindən ödənilmişdir. 18 avqust 2021-ci il tarixdə X2 Cəmiyyəti Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən elektrik enerjisi uçotu və “Elektrik Enerjisindən İstifadə Qaydaları”na riyayət olunmasına dair AKT NDQ № 010071 tərtib edilərək göstərilmişdir ki, elektrik sayğacı tamamilə yanmışdır, elektrik işlədiciləri şəbəkəyə birbaşa qoşulmuşdur. Ölçmə zamanı qaydaların pozulması müəyyən edilmişdir. Aktla yeni elektrik sayğacı quraşdırılması rəyi verilmiş və sayğacın olmadığı müddət üçün əvvəlki orta aylıq ödəmələr nəzərə alınmadan əsassız olaraq 574 manat həcmində elektrik enerjisi sərfiyyatı hesablanmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, aktlarda qeyd olunan abonent kodu iddiaçıya məxsusdur və iddiaçının adının baş hərfinin aktlarda səhv yazılması onun təqsirinə görə deyil, "xxxx" ASC-nin müvafiq idarəsinin əməkdaşlarının təqsirinə görə olub. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, texniki şərtdə obyektin adı anbar kimi qeyd olunsa da, müxtəlif vaxtlarda obyektdən fərqli məqsədlər üçün istifadə olunmuşdur.

4. Cavabdeh tərəf məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, abunə haqqında məlumatdan, abonentlə bağlanmış müqavilədən, abonent barəsində tərtib olunmuş aktdan və icra vərəqəsindən görünür ki, abonentlə iddiaçı eynilik təşkil etmir, yəni iddiaçının subyektiv hüququ yoxdur. Ona görə də, iddia rədd olunmalıdır.

5. Məhkəmə iclasında iştirak edən cavadehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, sayğac abonentin balans mənbəyində quraşdırılmış, sayğaca baxış zamanı elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulduğu müəyyən olunaraq xx.xx.2021-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 574 manat borc hesablanmışdır. Yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa bildirmişdir ki, abunə haqqında məlumatda və aktlarda **********9 nömrəli abonent kodu üzrə istehlakçı kimi Orucov A. qeyd olunub, həmin abonent kodu üzrə hesablanmış borcun silinməsinə dair İddiaçı subyektiv hüququ yoxdur, ona görə də iddia rədd olunmalıdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının adına texniki şərt olsa da, ola bilər ki, sonradan addan ada dəyişmə olub. İddiaçıya aid texniki şərtə dair məlumatların "xxxx" ASC-nin elektron məlumat bazasında aşkar edilməməsinin səbəbi texniki şərtin verildiyi dövrə aid məlumatların kağız daşıyıcıda olması, "xxxx" ASC-nin elektron məlumat bazasında isə 2015-ci ildən sonrakı dövrə aid məlumatların mövcud olmasıdır. Həmin məlumatlarda isə **********9 nömrəli abonent kodu üzrə istehlakçı kimi Orucov A. qeyd olunub.

6. Sonuncu məhkəmə baxış iclasında iddiaçı tərəf iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə ilk növbədə İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququn olubolmamasını araşdırır və bununla bağlı aşağıdakıları qeyd edir.

9. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2012-ci il tarixli ******* nömrəli Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən 0.0430 ha torpaq sahəsi İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2027-ci il tarixədək icarəyə verilmişdir.

10. İş materiallarında olan 1xx-xx/0564 nömrəli, xx.xx.2012-ci il tarixli Texniki Şərtdən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən obyektə dair İddiaçı adına texniki şərt verilmişdir.

11. İddiaçının nümayəndəsi/vəkili tərəfindən məhkəməyə təqdim olunmuş vəkil sorğusuna Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli, 50-01/559 saylı cavab məktubunda qeyd olunmuşdur ki, 1xx-xx/0564 nömrəli texniki şərtə əsasən **********9 abunə kodu İddiaçı adına açılmış, lakin 2015-ci ildə "xxxx" ASC-nin fəaliyyətə başlaması ilə əlaqədar kompüter məlumat bazasında ETAİS proqramından ORACLE proqramına keçid zamanı İddiaçı əvəzinə səhvən “Orucov A.” qeyd edilmişdir.

12. Göründüyü kimi, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən obyektə dair İddiaçı adına texniki şərt verilmiş və obyektin yerləşdiyi ərazi üzrə səlahiyyətli qurum olan Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi həmin texniki şərtə əsasən İddiaçı adına **********9 abunə kodunun açıldığını, kompüter məlumat bazasında İddiaçı əvəzinə səhvən “Orucov A.” qeyd edildiyini qeyd etmişdir.

13. Bundan başqa, Abunə haqqında məlumatdan da görünür ki, Sumqayıt şəhəri 9 mikrorayon ünvanı üzrə **********9 nömrəli abonent kodu üzrə sayğac xx.xx.2012-ci il tarixdə quraşdırılmışdır.

14. Məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli cavab məktubunda İddiaçı barəsində ASC-nin elektron məlumat bazasında heç bir məlumatın olmadığı qeyd olunsa da, məhkəmənin sorğusunda qeyd olunan ziddiyyətli məsələlərə aydınlıq gətirilməmiş, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi isə qeyd olunan məsələni aydınlaşdıraraq "xxxx" ASC-nin elektron məlumat bazasında İddiaçı əvəzinə səhvən “Orucov A.” qeyd edildiyini bildirmişdir.

15. Beləliklə, müəyyən olunur ki, 1xx-xx/0564 nömrəli texniki şərtə əsasən **********9 nömrəli abonent kodu İddiaçı adına açılmış, kompüter məlumat bazasında isə İddiaçı əvəzinə səhvən “Orucov A.” qeyd edilmişdir.

16. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı cavabdehin etirazı əsassızdır və iddianın rədd olunması üçün əsas ola bilməz.

17. **********9 (**********50454) nömrəli abonent kodu üzrə hesablanmış borc məbləği ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

18. İş materiallarında olan **********9 abonent kodu üzrə tərtib olunmuş 18 avqust 2021-ci il tarixli, NDQ № 010071 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 18 avqust 2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən obyektə istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı obyektin çöl divarında quraşdırılmış “Viko” tipli 05160267 nömrəli sayğacın sıfır qrifinin tamamilə yandığı, elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulduğu müəyyən olunmuş, sayğacın yenisi ilə əvəz olunması tələbi qoyulmuşdur.

19. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixə çap olunmuş abunə haqqında məlumatdan görünür ki, 20 avqust 2021-ci il tarixdə yeni sayğac quraşdırılmış, 2021-ci ilin 06 iyul, 19 avqust və 06 sentyabr tarixlərində müvafiq sərfiyyat abonentin hesabında qeydə alınmış, xx.xx.2021-ci il tarixdə isə NDQ № 010071 saylı akt əsasında 574 manat borc hesablanmışdir. Eyni zamanda görünür ki, çap tarixinə ödənilməmiş 586,9 manat borc mövcuddur.

20. Məhkəməyə təqdim edilmiş 03 sentyabr 2021-ci il tarixli icra vərəqindən görünür ki, **********9 (**********50454) nömrəli abonent kodu üzrə “elektrik sayğacının 0 qrifinin tamamilə yandığı, elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulduğu” qüsur kimi göstərilərək 18 avqust 2021-ci il tarixli, NDQ № 010071 saylı akta əsasən günlük sərfiyyat 13.64 kvt, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 45 gün qəbul edilməklə hesabat aparılıb 6378 kvt itirilmiş sərfiyyat qeyd olunaraq zərərin məbləği 574 manat müəyyən olunmuşdur.

21. Məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, istehlakçı İddiaçı məxsus **********9 saylı abonent kodu üzrə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən obyektə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 18 avqust 2021-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı “Viko” tipli 05160267 nömrəli sayğacın sıfır qrifinin tamamilə yandığı, elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulduğu müəyyən olunmuş, 18 avqust 2021-ci il tarixli, NDQ № 010071 saylı akta əsasən zərərin məbləği 574 manat müəyyən olunmuşdur.

22. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

23. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6 və 7-ci hissələrinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

24. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

25. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

26. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

27. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

28. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

29. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

30. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir.

31. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təbii inhisarçı olan "xxxx" ASC-nin əməkdaşları sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi yerə gəlməklə yoxlama apararaq elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulduğunu, yəni sayğacdan kənar qanunsuz qoşulma aşkar etsə də, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

32. Vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından və bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilmədiyindən məhkəmə hesab edir ki, yoxlamanın nəticəsi qanunsuz hesab edilməli və 18 avqust 2021-ci il tarixli, NDQ 010071 nömrəli akt əsasında hesablanmış borc silinməlidir.

33. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi tam təmin edilməli, **********9 (**********50454) nömrəli abonent koduna hesablanmış 574 manat borc silinməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus **********9 (**********50454) nömrəli abonent koduna 18 avqust 2021-ci il tarixli, NDQ 010071 nömrəli akt əsasında hesablanmış 574 (beş yüz yetmiş dörd) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar