Məhkəmə qərarları › İş №e-2-2(113)-5012/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5012/2025

05.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5012/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş zərərin ödənilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdeh1 iştirakı ilə, digər cavabdehlin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 7920,01 (yeddi min doqquz yüz iyirmi manat, bir qəpik) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 99.3 (doxsan doqquz manat, otuz qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin keçmiş direktoru Cavabdeh1 fəaliyyəti dövründə heç bir əsas (müqavilə, təhviltəslim aktı və ya digər sənədlər) olmadan aşağıdakı e-qaimələr üzrə İddiaçı ASC-nin hesabından Cavabdeh2 MMC-yə ödənişlər edilmişdir. Belə ki, 1. xx-xx-2022-ci il tarixli, EBBX 972320 nömrəli elektron qaimə üzrə 10/xx-xx-2022-ci il tarixdə 3150 manat, 2. xx-xx-2022-ci il tarixli, EBBY 376743 nömrəli elektron qaimə üzrə xx-xx-2022-ci il tarixdə 1218 manat, 3. xx-xx-2022-ci il tarixli, EBCA 190099 nömrəli elektron qaimə üzrə xx-xx-2022-ci il tarixdə 2000,01 manat 4. xx-xx-2022-ci il tarixli, EBCC 262172 nömrəli elektron qaimə üzrə xx-xx-2022-ci il tarixdə 1552 manat olmaqla, ümumilikdə 7920,01 (yeddi min doqquz yüz iyirmi manat, bir qəpik) manat pul vəsaiti heç bir xidmət göstərilmədən, müqavilə və təhvil-təslim aktı olmadan İddiaçı ASC-nin hesabından Cavabdeh2 MMC-yə ödənilmişdir. Qeyd edək ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr üzrə ödənişlər də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə edilmişdir. Lakin aparılmış təftiş nəticəsində hazırda həmin ödənişlərin nə məqsədlə edilməsi, hansı sənədlər (müqavilə, təhvil-təslim aktı və ya digər hər hansı sənəd) əsasında edilməsi müəyyən olunmamışdır. Nəticədə ASC-yə7920,01 (yeddi min doqquz yüz iyirmi manat, bir qəpik) manat ziyan dəymişdir. Buna görə də, hesab edirik ki, 7920,01 (yeddi min doqquz yüz iyirmi manat, bir qəpik) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5012/2025 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 7920,01 (yeddi min doqquz yüz iyirmi manat, bir qəpik) manat məbləğində pul vəsaiti, vəkil xərcinin əvəzi olaraq 700 (yeddi yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 99,3 manat tutlaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

4. 12.05.2025-ci il tarixində Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməməyini üzürlü hal hesab edərək, 2- 2(113)-5012/2025 saylı qiyabi qətnamənin ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-5012/2025 saylı qiyabi qətnaməsinə əsasən iddiaçı İddiaçı ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilərək: cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 7.920,01 (yeddi min doqquz yüz iyirmi manat, bir qəpik) manat məbləğində pul vəsaitinin, vəkil xərcinin əvəzi olaraq 700 (yeddi yüz) manatın və dövlət rüsumunun əvəzi olaraq 99,3 manatın tutularaq İddiaçı ASC-yə ödənilnəsi qət edilmişdir. Göstərilən işin mövcudluğundan bir neçə gün əvvəl məlumatı olmuşdur və maraqlarına toxunan məhkəmə aktınının ləğvi üçün zərurət yaranmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5012/2025 saylı qərdadına əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 5012/2025 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edlməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xidmət müqaviləsi bağlanmışdır. Görülmüş işlərin yalnız video görüntüləri onda mövcüddur. İş üzrə bütün sənədlər digər cavabdeh və iddiaçıda var, onda heç bir sənədin surəti qalmamaışdır. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış müqaviləyə əsasən təmizlik işləri, səki düzəltmə, ərazinin təmizlənməsi, betonların yerə basdırılması və s. işlər görülmüşdür və təhvil-təslim iki şirkət arasında olmuşdur. Onda olan video görüntülərdə sadəcə işlərin nəticəsi görünür. İddiaçı ASC-dən ayrıldıqdan sonra ASC-yə aid heç bir sənədi götürməmişdir, ona görə sənəd təqdim edə bilmir. Müqaviləyə əsasən Cavabdeh2 MMC artıqlaması ilə işləri görmüşdür. İddianın rədd edilməsini xahiş edir.

9. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

10. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixindən İddiaçı ASC-də direktor vəzifəsinə təyin edilmişdir.

13. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.

14. Əsası müqavilə göstərilməklə Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli EBBY 376743 saylı e-qaiməyə əsasən 1218 manat məbləğində **********-xidmət göstərilməsinə dair, xx.xx.2022-ci il tarixli EBCA 190099 saylı e-qaiməyə əsasən 2000,01 manat məbləğində **********-Cınqılın yayılması xidməti göstərilməsinə dair, xx.xx.2022ci il tarixli EBCC 262172 saylı e-qaiməyə əsasən 1552 manat məbləğində **********- Xidmət göstərilməsinə dair, xx.xx.2022-ci il tarixli EBBX 972320 saylı e-qaiməyə əsasən 3150 manat məbləğində **********-Təmizlik işləri xidmətləri göstərilməsinə dair eqaimələr göndərilmişdir.

15. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-nin hesabına təyinatı qaimələr və xx.xx.2022-ci il tarixli müqavilə göstərilməklə xx.xx.2022-ci il tarixində 1800 manat, xx.xx.2022-ci il tarixində 1350 manat məbləğində ödənişlər edilmişdir.

16. Ödəniş tapşırıqlarına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 hesabına təyinatı e-qaimlər göstərilməklə xx.xx.2022-ci il tarixində 1218 manat, xx.xx.2022-ci il tarixində 2000,01 manat, xx.xx.2025-ci il tarixində 1552 manat məbləğində ödəniş edilmişdir.

17. Məhkəmə iş materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

20. 49.3-cü maddəsinə əsasən Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.

21. 49.4-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır:

22. 49.4.1-ci maddəsinə əsasən hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;

23. 49.4.2-ci maddəsinə əsasən hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi;

24. 49.4.3-cü maddəsinə əsasən hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması;

25. 49.4.4-cü maddəsinə əsasən hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;

26. 49.4.5-cü maddəsinə əsasən özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi;

27. 49.4.6-cı maddəsinə əsasən səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.

28. 49.5-ci maddəsinə əsasən hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.

29. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

30. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

31. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Göründüyü kimi iddiaçı iki cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və müştərək qaydada onlardan pulun tutulmasını xahiş edir. Məhkəmə iddianı əsassız hesab edir. Belə ki, Cavabdeh2 MMC-yə münasibətdə məhkəmə qeyd edir ki, baxmayaraq ki, iclasda iştirak edən cavabdeh (iddiaçı şirkətin əvvəlki direktoru) tərəflər (ASC ilə MMC) arsında yazılı müqaviləni məhkəməyə təqdim edə bilməmişdir (direktor vəzifəsindən azad olunandan sonra heç bir sənədin sürətlərini özü ilə götürmədiyi üçün), lakin izahatından müəyyən edilir ki, MMC tərəfindən ASC-yə vaxtı ilə eqaimələrdə göstərilən xidmətlər göstərilmişdir və ödənişlər də məhz həmin xidmətlərə görə olmuşdur.

34. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

35. Hətta zənn edilsə belə ki, tərəflər arasında yazılı müqavilə olmamışdır, lakin iş materiallarında olan sənədlər ASC ilə MMC arasında xidmətlərin göstərilməsinə dair münasibətlərin mövcüd olmasını (elektorn e-qaimələrin göndərilməsi və hər qaimədə dəqiq olaraq hansı işlərin görüldüyü qeyd edilməklə və təyinatı bilavasitə qaimə göstərilməklə ödənişlərin edilməsi) təsdiq edir. ASC-nin əvvəlki direktoru izahat verərək bildirmişdir ki, ASC-nin ərazisində görülən çınqılın yayılması və digər işlər məhz Cavabdeh2 MMC tərəfindən görülmüşdür. Yazılı müqavilənin cavabdehlər tərəfindən təqdim edilə bilməməsi (direktorun işdən çıxması və özü ilə heç bir sənədin surətinin götürülməməsi) işlərin görülməməsi anlamına gəlməməlidir. Görülmüş işlərə görə isə pulu MMC-dən geri tələb edilməsi tamamilə əsassızdır.

36. Digər Cavabdeh1 münasibətdə isə məhkəmə qeyd edir ki, hüquqi şəxs adından çıxış edən şəxsin (hazırda MMC-nin əvvəlki direktorun olan cavabdehin) mülki məsuliyyətə cəlb edilməsi üçün Mülki Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan əsaslardan hərhansı biri müəyyən edilmədiyi və iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün iddia ona münasibətdə də təmin edilə bilməz.

37. Belə ki, hazırkı işin hallarına tətbiq edilə biləcək MM-nin 49.4.4-cü (maddəsinə əsasən hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;) 49.4.5-cü (maddəsinə əsasən özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi;), 49.4.6-cı (maddəsinə əsasən səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması) maddələrində göstərilən hallar, ələxsus da malların və ya xidmətlərin real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı giymətlə satın alınması iş materialları ilə müəyyən edilmir, iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

39. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri (dövlət rüsumu və vəkil xərci) iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu və vəkil xərci iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar