Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5014/2025 04.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 12432,48 (on iki min dörd yüz otuz iki manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 1200 (min iki yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 127,5 (yüz iyirmi yeddi manat beş qəpik) manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin keçmiş direktoru Cavabdeh1 fəaliyyəti dövründə heç bir əsas (müqavilə, təhvil-təslim aktı və digər sənədlər) olmadan aşağıdakı e-qaimələr üzrə İddiaçı ASC-nin (VÖEN: **********) hesabından Cavabdeh2 MMC -yə ödənişlər edilmişdir. Belə ki, 1) xx-xx-2023-cü il tarixli, EBDK 426571 nömrəli elektron qaimə üzrə 14/xx.xx.2023-cü il tarixdə 6296,48 manat; 2) xx-xx-2023-cü il tarixli, EBDN 393179 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 177 manat olmaqla, ümumilikdə 12432,48 (on iki min dörd yüz otuz iki manat qırx səkkiz qəpik) manat pul vəsaiti heç bir xidmət göstərilmədən, müqavilə və təhvil-təslim aktı olmadan İddiaçı ASC-nin hesabından "xxxx" MMC-yə ödənilmişdir. Qeyd edək ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr üzrə ödənişlər də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə edilmişdir. Lakin aparılmış təftiş nəticəsində hazırda həmin ödənişlərin nə məqsədlə edilməsi, hansı sənədlər (müqavilə, təhvil-təslim aktı və ya digər hər hansı sənəd) əsasında edilməsi müəyyən olunmamışdır. Nəticədə ASC-yə12432,48 (on iki min dörd yüz otuz iki manat qırx səkkiz qəpik) manat ziyan dəymişdir. Buna görə də, hesab edirik ki, 12432,48 (on iki min dörd yüz otuz iki manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, cavabdehlərdən müştərək qaydada tarixdə 6136 (altı min yüz otuz altı) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 1200 (min iki yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 127,5 (yüz iyirmi yeddi manat beş qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinə etiraz edib, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında xx.xx.2023cü il tarixdə müqavilə bağlanmış, həmin müqavilənin əlavələri üzrə razılaşdırılmış işlər icra edilərək iddiaçıya təhvil verilmişdir. Görülmüş işlərlə bağlı hazırkı günə qədər cavabdeh MMC-yə hər hansı irad bildirilməmiş, pretenziya verilməmişdir. Ödənilmiş vəsaitin onlardan geri tələb edilməsi barədə iddia əsassızdır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, gəlməməsinin səbəbinin üzrlü olması barədə hər hansı sübut təqdim etməmişdir. Digər cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.
6. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (sifarişçi) ilə Cavabdeh2 MMC (icraçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11/2023 nömrəli müqaviləyə əsasən “Sifarişçi” tapşırır, “İcraçı” isə öz malmaterialları, texniki imkanları hesabına və özünün işçi qüvvəsi ilə birlikdə “Sifarişçi’nin mülkiyyətində olan və hal-hazırda icarəyə verilmiş AMZ/RV150-1 modelli avadanlığını təmir, quraşdırma, sazlama işlərini bu müqavilənin ayrılmaz və ayrıla bilməyən əlavəsi olan AMZ/RV 150-1 modelli avadanlığında görülməli təmir, quraşdırma, sazlama işlərinin və əvəz olunan ehtiyyat hissələrinin, istifadə olunan materiallarının Spesifikasiyaya uyğun yerinə yetirir, “Sifarişçi” isə görülmüş işlərin təhvil-təslim aktının tərtibatı və imzalanması ilə sənədləşdirildikdə, bu müqavilənin şərtlərinə uyğun olduqda və müqavilədə göstərilmiş məbləğdə, bu işlərin haqqını “İcraçı”ya ödəyir.
9. Müqavilənin 1.2-ci bəndinə görə görüləcək işlər, onların həcmi və dəyəri tərəflərin bu müqaviləyə Əlavə kimi tərtib etdikləri Spefikasiyaya əsasən müəyyənləşdirilir.
10. AMZ/RV150-1 modelli avadanlığı üçün görülməli təmir, quraşdırma, sazlanma işlərinin və əvəz olunan ehtiyat hissələrinin, istifadə olunan materiallarının spesifikasiyasının 1 nömrəli, xx.xx.2023-cü il tarixli əlavəsinə əsasən görülməli olan işlərin ümumi dəyəri 6296,48 AZN təşkil edir.
11. Tərəflər arasında imzalanmış 02 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə qiymətlərinin razılaşdırılması protokoluna əsasən görülməli olan işlərin ümumi dəyəri 6296,48 manat təşkil edir.
12. AMZ/RV150-1 modelli avadanlığı üçün görülməli təmiri, quraşdırma, sazlanma işlərinin və əvəz olunan ehtiyat hissələrinin, istifadə olunan materiallarının spesifikasiyasının 2 nömrəli, xx.xx.2023-cü il tarixli əlavəsinə əsasən görülməli olan işlərin ümumi dəyəri 6136,00 manat təşkil edir.
13. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 07 iyul 2023-cü il, 09/23 saylı müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən işlər görülmüş, iddiaçı tərəfindən təhvil alınmışdır.
14. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 07 iyul 2023-cü il, 09/23 saylı müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən işlər görülmüş, iddiaçı tərəfindən təhvil alınmışdır.
15. Cavabdeh2 MMC tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, EBDK 426571 nömrəli 6296,48 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDN 393179 nömrəli 6136,00 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.
16. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü ildə 2668 manat, xx.xx.2023-cü ildə 480,24 manat, xx.xx.2023-cü ildə 2668 manat, xx.xx.2023-cü ildə 480,24 manat vəsait ödənilmişdir.
17. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
18. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli, EBDN 393179 nömrəli elektron qaimə üzrə 6136 manat və xx.xx.2023-cü il tarixli EBDK 426571 nömrəli elektron qaimə üzrə 6296,48 manat pul vəsaiti heç bir xidmət göstərilmədən, müqavilə və təhvil-təslim aktı olmadan iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə ödənilmişdir.
19. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız hesab edir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 11/2023 saylı podrat müqaviləsi bağlanmış, həmin müqavilənin əlavələri üzrə 6296,48 manat və 6136 manat dəyərində işlər icra edilərək hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil aktları əsasında cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmişdir. Cavabdeh MMC-nin təqdim etdiyi elektron qaimələr əsasında görülmüş işlərin dəyəri iddiaçı tərəfindən 2023-cü ildə tam şəkildə ödənilmişdir.
21. Materiallarda olan təhvil aktlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş işlərin nədən ibarət olması aktlarda ətraflı şəkildə qeyd edilmiş (görülmüş iş, onun həcmi), həmin aktlar iddiaçı tərəfindən təsdiq edilmişdir. Həmin aktların mötəbərliyi (iddiaçının nümayəndəsinin imzaları və möhür) iddiaçı tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
23. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
24. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
25. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
26. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
27. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
28. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
29. Məhkəmə qeyd edilənləri və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən sifariş edilmiş işlər cavabdeh MMC tərəfindən vaxtında icra edilmiş və iddiaçıya təhvil verilmişdir. İddiaçı görülmüş işlərlə bağlı heç bir irad bildirmədən işləri təhvil almış və dəyərini ödəmişdir.
30. İddiaçının icra edilmiş işlərin müqabilində podratçıya ödədiyi muzdun geri qaytarılmalı olması barədə tələbi əsassızdır və təmin edilməməlidir.
31. Məhkəmə iddia tələbini Cavabdeh1 aid hissədə də əsassız hesab edir.
32. Belə ki, iddiaçı tərəfindən məhkəməyə Cavabdeh1 tərəfindən iddiaçıya zərər vurulmasını təsdiq edən hər hansı sübut ümumiyyətlə təqdim edilməmişdir.
33. Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.
34. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən çəkilmiş məhkəmə xərcləri (iş üzrə ödənilmiş 127,50 manat dövlət rüsumu və 1200 manat hüquqi yardıma görə xərc) iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən çəkilmiş məhkəmə xərcləri (iş üzrə ödənilmiş 127,50 manat dövlət rüsumu və 1200 manat hüquqi yardıma görə xərc) İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova