Məhkəmə qərarları › İş №e-2-2(113)-5015/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5015/2025

23.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5015/2025 23.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, xidmət müqaviləsinin forması, sübutetmə, hüquqi şəxs adından çıxış edən şəxsin dəyən zərərə görə məsuliyyəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6096,01 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 700 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçının keçmiş direktoru Cavabdeh1 fəaliyyəti dövründə heç bir əsas (müqavilə, təhviltəslim aktı və ya digər sənədlər) olmadan aşağıdakı e-qaimələr üzrə iddiaçının hesabından Cavabdeh2 MMC-yə ödənişlər edilmişdir. Belə ki, xx-xx-2022-ci il tarixli EBCC 582411 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 3500,01 manat, xx-xx-2023-cü il tarixli EBDA 175651 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 2596 manat olmaqla ümumilikdə 6096,01 manat pul vəsaiti heç bir xidmət göstərilmədən, müqavilə və təhvil-təslim aktı olmadan iddiaçının hesabından Cavabdeh2 MMC-yə ödənilmişdir. Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək iddiaçının direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə iddiaçı ilə fərqli hüquqi və fiziki şəxslər arasında bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. 2.2. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan iddiaçıya aid olan sənədlərin, iddiaçının mülkiyyətində olan əsas vəsaitlərin, video-müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin iddiaçıya təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr üzrə ödənişlər də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə edilmişdir. Lakin aparılmış təftiş nəticəsində hazırda həmin ödənişlərin nə məqsədlə edilməsi, hansı sənədlər (müqavilə, təhvil-təslim aktı və ya digər hər hansı sənəd) əsasında edilməsi müəyyən olunmamışdır. Nəticədə iddiaçıya 6096,01 manat ziyan dəymişdir. Buna görə də 6096,01 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunan pul vəsaitinin ödənilməsi ilə bağlı cavabdehlərə müvafiq pretenziya göndərilməsinə baxmayaraq, heç bir ödəniş edilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 49.3, 49.4.5-ci maddləri və s. göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddiaçının keçmiş direktoru Cavabdeh1 dövründə iki elektron qaimə üzrə Cavabdeh2 MMC-yə ödənişlər edilmişdir. Araşdırma zamanı elektron qaimədə ödənişin təyinatı qeyd olunsa da, əsasında dayanan müqavilə, təhvil-təslim aktı iddiaçının balansında tapılmadığından məsələnin aydınlaşdırılması ilə bağlı cavabdehlərə pretenziya göndərilmişdir. Lakin pretenziyaya cavab təqdim edilməmişdir. Məhkəmə araşdırması nəticəsində pulun əsassız köçürüldüyü müəyyən olunarsa, müştərək qaydada cavabehlərdən tutulmalıdır.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, iddiaçının soyuducu anbarları mövcuddur.

7. Cavabdeh2 MMC-nin nümayəndəsi – qanuni təmsilçi Qanuni nümayəndə2 xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak edərək iddiaya etiraz etdi və göstərdi ki, tərəflər arasında xidmət müqaviləsi bağlanmış və iddiaçının soyuducu anbarları təmir edilmişdir. Müqavilə hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.

8. Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemi iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 01 avqust 2022-ci il tarixli TC/2022/05 nömrəli xidmət müqaviləsi və qiymət razılaşdırma protokolunu təqdim etmiş, lakin məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzüyü ilə bağlı məlumat verməmiş, Cavabdeh2 MMC isə məhkəmənin sonuncu baxış iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzüyü ilə bağlı məlumat verməmiş, məhkəmə mübahisəyə cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İddia tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixli TC/2022/05 nömrəli müqaviləyə istinad edilməklə xx.xx.2022-ci il tarixli EBCC 582411 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3500,01 manat, xx.xx.2023-cü il tarixli EBDA 175651 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2596 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli EBCC 582411 seriya və nömrəli elektron qaiməyə istinadla xx.xx.2022-ci il tarixdə 2966,11 manat, xx.xx.2023-cü il tarixli EBDA 175651 seriya və nömrəli elektron qaiməyə istinadla xx.xx.2023-cü il tarixdə 2200 manat məbləğində ödəniş köçürmə yolu edilmişdir.

13. İddiaçı xidmətlərin göstərildiyinin təsdiq olunmadığı, tərəflər arasında yazılı müqavilə və təhvil-təslim aktı imzalanmadığı halda edilən ödənişlərin əsassız olduğunu bildirir və 6096,01 manat məbləğində pulun tutulmasını tələb edir.

14. Cavabdeh2 MMC tərəflər arasında yazılı müqavilə bağlandığını, xidmətlərin göstərildiyini və həmin xidmətlər üçün ödənişlərin edildiyini bildirir.

15. Cavabdeh1 məhkəmə iclaslarında iştirak etmir, lakin 01 avqust 2022-ci il tarixli TC/2022/05 nömrəli xidmət müqaviləsi və qiymət razılaşdırma protokolunu təqdim edir.

16. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən, o cümlədən xidmət müqaviləsi üçün imperativ forma müəyyən edən hər hansı müddəa mövcud deyildir.

21. Bu mənada mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiyasından çıxış edərək Cavabdeh2 MMC-nin xidmətlərin göstərilməsi ilə bağlı elektron qaimələri iddiaçıya göndərməsi, iddiaçının isə hər hansı etiraz etmədən xidmətlərin dəyərini ödəməsi tərəflər arasında xidmət münasibələrinin yarandığına (şifahi və ya yazılı qayadada) dəlalət edir. Əksini, yəni qeyd edilən halın yalnız görüntü üçün baş verməsi, əslində tərəflər arasında hər hansı müqavilə münasibətinin olmadığını iddia edən şəxs isə həmin halı sübutetmə vəzifəsini daşıyır.

22. Mülki Məcəllənin 49.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.

23. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən, hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.

24. İddiaçının təqdim etdiyi sübutlarla sonuncunun həmin dövrdə direktoru olan Cavabdeh1 özü üçün maddi əmlak nemətləri əldə etmək məqsədi ilə hüquqi şəxsin əmlakını mənimsəməsi təsdiq edilmir.

25. Əksinə, Cavabdeh1 tərəfindən “Eelektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə 01 avqust 2022-ci il tarixli TC/2022/05 nömrəli xidmət müqaviləsi və qiymət razılaşdırma protokolunu təqdim edilmişdir.

26. Həmin sənədlərdən görünür ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında adıçəkilən xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçının sifariş etdiyi soyuducu hissələrini tədarük etməyi və soyuducuların quraşdırılması xidmətini göstərməyi, iddiaçı isə onları qəbul edib dəyərini müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olan qiymətlərin razılaşdırılma protokolu ilə ƏDV daxil olmaqla 3500,01 manat dəyərində xidmət üçün razılaşdırılma aparılmışdır.

27. Mülki Prosessual Məcəllənin 78.1-1-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.

28. Məhkəmə qeyd edir ki, təqdim edilən sübutlarda Cavabdeh2 MMC-nin direktorunun imzası, möhürü və iddiaçının qanuni təmsilçisinin imzası aydın görünmüş, bu səbəbdən həmin sənədin əlavə olaraq iddiaçının möhürü ilə təsdiq edilibedilməməsinin müəyyən edilməsi üçün sənədin əslinin təqdim edilməsinə zərurət olmamışdır.

29. Belə ki, məhkəmə qeyd edir ki, qanunverici möhürdən istifadəni Mülki Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla əqdin forması ilə bağlı əlavə tələb kimi tərəflərin iradəsindən asılı etmişdir.

30. Mülki Məcəllənin 331.2-ci maddəsinə əsasən, tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.

31. Bu mənada sənədə iddiaçının möhürünün vurulub-vurulmaması xidmət müqaviləsinin etibarsızlığını şərtləndirmir.

32. İddiaçı tərəfin tərəflər arasında bağlanmış müqavilə olsa belə, təhvil-təslim aktının olmadığına istinad edərək pulu tələb etməsi ilə bağlı mövqeyini məhkəmə əsassız hesab edir və bildirir ki, azad bazar iqtisadiyyatı şəraitində mülki hüquq münasibətinin iştirakçıları müqavilələr azadlığı prinsipinin tələblərinə uyğun olaraq müqavilənin formasını (qanunvericilikdə forma ilə bağlı məcburi tələb müəyyən olunan hallar istisna olmaqla), məzmununu, təhvil-təslim qaydasını müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan işgüzar münasibətləri formalaşdırmaqda sərbəstdirlər. Bu mənada müqavilə tərəfi kimi çıxış edən iddiaçı və Cavabdeh2 MMC-nin göstərilmiş xidmətin təhvil-təslimini aktla rəsmiləşdirməmələri xidmətin göstərilmədiyi nəticəsinə gəlməyə əsas verə bilməz.

33. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

34. İddiaçı ödənilmiş 81 manat dövlət rüsumunun, 700 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Beləliklə, iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. V. Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar