Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5020/2025 09.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 20092 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 1200 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 150,28 manat məbləğində pulun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin keçmiş direktoru Cavabdeh2 fəaliyyəti dövründə heç bir əsas (müqavilə, təhviltəslim aktı və digər sənədlər) olmadan aşağıdakı e-qaimələr üzrə İddiaçı ASC-nin (VÖEN: **********) hesabından Cavabdeh1na ödənişlər edilmişdir. Belə ki, xx-xx-2021-ci il tarixli, EBNN 261514 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 300 manat, xx-xx-2021-ci il tarixli, EBNN 648325 nömrəli elektron qaimə üzrə xx.xx.2021-ci il tarixdə 790 manat, xx-xx-2021-ci il tarixli, EBBO 718152 nömrəli elektron qaimə üzrə xx.xx.2021-ci il tarixdə 1590 manat, xxxx-2022-ci il tarixli, EBBQ 457382 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 788 manat, xx-xx-2022-ci il tarixli, EBBS 021669 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 3160 manat, xx-xx-2022-ci il tarixli, EBBU 834353 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 689 manat, xx-xx-2022-cİ il tarixli, EBBX 159906 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 2200 manat, xx-xx-2022-ci il tarixli, EBBZ 063982 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 780 manat, xx-xx-2022-ci il tarixli, EBCB 548242 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 810 manat, xx-xx-2022ci il tarixli, EBCD 204207 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 920 manat, xx-xx-2022-ci il tarixli, EBCG 354295 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 810 manat, xx-xx-2022-ci il tarixli, EBCİ 497592 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 790 manat, xx-xx-2022-ci il tarixli, EBCK 266552 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 790 manat, xx-xx-2022-ci il tarixli, EBCL 909896 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 2310 manat, xx-xx-2023-cü il tarixli, EBCN 819311 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 715 manat, xx-xx-2023-üi il tarixli, EBCO 490504 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 1200 manat, xx-xx- 2023-cü il tarixli, EBDA 737544 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 650 manat, xx-xx-2023-cü il tarixli, EBDG 168611 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 1600 manat, xx-xx-2024-cü il tarixli, EBDX 454372 nömrəli elektron qaimə üzrə xx.xx.2024-ci il tarixdə 1880 manat olmaqla, ümumilikdə 20092 (iyimi min doxsan iki) manat pul vəsaiti heç bir xidmət göstərilmədən, müqavilə və təhvil-təslim aktı olmadan İddiaçı ASC-nin hesabından Cavabdeh1na ödənilmişdir. Qeyd edək ki, Cavabdeh2 2021ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh2 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr üzrə ödənişlər də Cavabdeh2 fəaliyyət göstərdiyi dövrdə edilmişdir. Lakin aparılmış təftiş nəticəsində hazırda həmin ödənişlərin nə məqsədlə edilməsi, hansı sənədlər (müqavilə, təhvil-təslim aktı və ya digər hər hansı sənəd) əsasında edilməsi müəyyən olunmamışdır. Nəticədə ASC-yə 20.092 (iyimi min doxsan iki) manat ziyan dəymişdir. Buna görə də, hesab edirik ki, 20092 (iyimi min doxsan iki) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib, məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Cavabdeh3 tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli, EBCN 819311 nömrəli 715,00 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDA 737544 nömrəli 650,00 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCO 490504 nömrəli 1200,00 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDX 454372 nömrəli 1880,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBBX 159906 nömrəli 2200,00 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDG 168611 nömrəli 1600,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCL 909896 nömrəli 2310,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCK 266552 nömrəli 790,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCİ 497592 nömrəli 790,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCG 354295 nömrəli 810,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCD 204207 nömrəli 920,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCB 548242 nömrəli 810,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBBZ 063982 nömrəli 780,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBBU 834353 nömrəli 689,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBBQ 457382 nömrəli 788,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBBS 021669 nömrəli 3160,00 manat məbləğində, xx.xx.2021-ci il tarixli, EBBO 718152 nömrəli 1590,00 manat məbləğində,xx.xx.2021-ci il tarixli, EBBN 648325 nömrəli 790,00 manat məbləğində, xx.xx.2021-ci il tarixli, EBBN 261514 nömrəli 300,00 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.
8. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 18 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Cavabdeh3 EBCN 819311 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 605,93 manat ödəniş olunmuşdur.
9. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 29 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Cavabdeh3 xx.xx.2023-cü il tarixli, EBCO 490504 nömrəli e-qaimə üzrə 1016,95 manat ödəniş olunmuşdur.
10. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 41 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Cavabdeh3 xx.xx.2023-cü il tarixli, EBDA 737544 nömrəli e-qaimə üzrə 550,85 manat ödəniş olunmuşdur.
11. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 42 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Cavabdeh3 xx.xx.2023-cü il tarixli, EBDA 737544 nömrəli e-qaimə üzrə 99,15 manat ödəniş olunmuşdur.
12. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 89 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Cavabdeh3 xx.xx.2023-cü il tarixli, EBDG 168611 nömrəli e-qaimə üzrə 1355,93 manat ödəniş olunmuşdur.
13. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 10 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Cavabdeh3 xx.xx.2024-cü il tarixli, EBDX 454372 nömrəli e-qaimə üzrə 1593,22 manat ödəniş olunmuşdur.
14. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 11 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Cavabdeh3 xx.xx.2024-cü il tarixli, EBDX 454372 nömrəli e-qaimə üzrə 286,78 manat ödəniş olunmuşdur.
15. İddiaçıya məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh3 iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 286,78 manat, xx.xx.2023-cü il tarixdə 244,07 manat, xx.xx.2023-cü il tarixdə 55,22 manat, xx.xx.2023-cü il tarixdə 99,15 manat, xx.xx.2023-cü il tarixdə 396,00 manat, xx.xx.2023-cü il tarixdə 183,05 manat, xx.xx.2023cü il tarixdə 109,07 manat məbləğində, xx.xx.2022-ci il tarixdə 352,37 manat məbləğində, xx.xx.2022-ci il tarixdə 120,51 manat, xx.xx.2022-ci il tarixdə 120,51 manat, xx.xx.2022-ci il tarixdə 123,56 manat, xx.xx.2022-ci il tarixdə 140,34 manat məbləğində, xx.xx.2022-ci il tarixdə 533,9 manat, xx.xx.2022-ci il tarixdə 123,56 manat, xx.xx.2022-ci il tarixdə 118,98 manat, xx.xx.2022-ci il tarixdə 335,59 manat, xx.xx.2022-ci il tarixdə 105,10 manat, xx.xx.2022-ci il tarixdə 482,03 manat, xx.xx.2022-ci il tarixdə 120,20 manat, xx.xx.2021-ci il 242,54 manat, xx.xx.2021-ci il tarixdə 120.51 manat, xx.xx.2021-ci il tarixdə 45,76 manat məbləğində vəsait ödənilmişdir.
16. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
17. Məhkəmə iddianı Cavabdeh3 aid hissədə aşağıdakılara görə əsassız hesab edir.
18. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ümumilikdə 20092 manat pul vəsaiti heç bir xidmət göstərilmədən, müqavilə və təhvil-təslim aktı olmadan iddiaçı tərəfindən Cavabdeh3 ödənilmişdir.
19. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız hesab edir.
20. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh3 arasında 2021-ci ildən alqı-satqı münasibətləri yaranmış, Cavabdeh3 tərəfindən iddiaçıya 2021-ci ilin noyabr ayından 2023cü ilin fevral ayına qədər ümumi dəyəri ƏDV daxil olmaqla 22772 manat olan mal (dizel və benzin) satılmış, satılmış malların dəyəri cavabdeh tərəfindən təqdim edilmiş elektron qaimələr üzrə iddiaçı tərəfindən ödənilmişdir.
21. İddiaçı iddia ərizəsində tərəflər arasında hər hansı yazılı müqavilənin olmamasını bildirir.
22. Məhkəmə bununla bağlı qeyd edir ki, qaimələrdə göstərilmiş malların (müxtəlif yanacaq məhsulu) satılması ilə bağlı yazılı alqı-satqı müqaviləsinin olması tələb edilmir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
24. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
25. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
27. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
28. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
29. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. İddiaçı hazırda ödənilmiş 20092 manat vəsaitin geri qaytarılmasını tələb etsə də, məhkəmə hesab edir ki, satılmış malların dəyərinin geri qaytarılması üçün hər hansı əsas müəyyən edilmir.
31. Belə ki, Cavabdeh3 tərəfindən iddiaçıya təqdim edilmiş elektron qaimələrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər (16 ay) hər hansı irad bildirilməmiş, elektron qaimələr üzrə satılmış malların dəyəri ödənilmişdir.
32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, satılmış malların dəyərinin geri qaytarılması barədə iddia tələbi təmin edilə bilməz.
33. Məhkəmə iddianı Cavabdeh2 aid hissədə də əsassız hesab edir.
34. Belə ki, iddiaçı tərəfindən məhkəməyə Cavabdeh2 tərəfindən 20092 manat pulun mənimsənilməsi və ya israf edilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4.5-ci maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır.
36. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
37. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
38. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
39. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
40. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
41. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
42. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
43. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
44. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
45. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
46. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər” (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
47. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
48. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 20092 manat zərərin tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.
49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
50. İddia ərizəsində 1200 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehlərdən tutulması tələb edilir.
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
52. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 1200 manat xərc iddiaçının özünə aid edilməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 150,28 manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən çəkilmiş məhkəmə xərcləri (ödənilmiş 150,28 manat dövlət rüsumu və 1200 manat hüquqi yardıma görə xərc) İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova