Məhkəmə qərarları › İş №e-2-2(113)-504/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-504/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-504/2024 09.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, təhvil aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 fevral 2018-ci il tarixli, 2521 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 2.580 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 309 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.889 manat məbləğində pul tələbinin, ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzinin iddiaçının xeyrinə tutularaq ödənilməsi, habelə müvafiq qeyriyaşayış sahəsinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 2521 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 2521 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 180 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verən 30 oktyabr 2021-ci il tarixli 447 nömrəli əmri ilə 01 fevral 2018-ci il tarixli, 2521 nömrəli icarə müqaviləsinə borc öhdəlikləri istisna olmaqla xitam verilmişdir. İcarəçi qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş 10 avqust 2023-cü il tarixli, 02-01/446 nömrəli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli, 2521 nömrəli icarə müqaviləsi üzrə 30 oktyabr 2021ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 2.580 manat, ona hesablanmış cərimə borcu 309 (üç yüz doqquz) manat olmaqla, cəmi borc 2.889 manat məbləğindədir. Habelə, icarəçi şəxs tərəfindən bu günə kimi müvafiq qeyri-yaşayış sahəsi boşaldılaraq icarəyə verənə təhvil verilməmişdir. Bununla da, icarəçi şəxs tərəfindən icarəyə verənə həmin qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı (digər icarəçiyə icarəyə verilməsi və s.) maddi ziyan vurulmuşdur.

3. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 01 fevral 2018-ci il tarixli, 2521 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 2.580 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 309 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.889 manat məbləğində pul tələbinin, ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzinin iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Dadaşov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə sahəsi xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya geri təhvil verilmiş, bu barədə akt tərtib edilmişdir. İcarə müqaviləsi birtərəfli qaydada iddiaçı tərəfindən ləğv edildikdən sonra icarə sahəsi bağlı olmuş, açarları cavabdehdə olması səbəbindən onun geri alınması mümkün olmamışdır. Tələb edilən borc isə cavabdehin icarə sahəsindən faktiki istifadə etdiyi dövrlər üzrədir. Belə ki, pandemiya dövrü üçün cavabdehdən hər hansı icarə haqqı tələb edilmir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

6. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı və cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2521 nömrəli icarə müqaviləsinə əsasən müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı icarəyə verməyi, icarəçi isə icarə obyektini istifadəyə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən icarə obyekti Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən 34 m2 olan 2521 nömrəli mağaza - qeyri-yaşayış sahəsidir.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 180 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqında əlavə, vergiləri, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir.

11. Müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin bir faizi həcmində cərimə ödəməlidir.

12. İddiaçı tərəfindən tərtib olunmuş 30 oktyabr 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi üçün aktdan görünür ki, icarəçi icarə haqqını ödəmədiyi üçün müqaviləyə xitam verilir. İcarəçinin icarəyə verənə borcu 2580 manat müəyyən edilmişdir.

13. İddiaçı tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli 02-01/446 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2521 saylı icarə müqaviləsinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixə olan icarə haqqı borcu 2580 manat, ona hesablanmış cərimə borcu 309 manat, ümumilikdə borcu 2889 manat təşkil edir.

14. İddiaçı tərəfindən təqdim edilmiş obyektin əməliyyat tarixçəsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borcun məbləği 2580 manat təşkil edir.

15. Tərəflər arasında tərtib edilmiş icarə obyektinin qaytarılması barədə akta əsasən icarə sahəsi xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış, akt cavabdeh tərəfindən imzalanmışdır.

16. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

19. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 01 fevral 2018-ci il tarixli 2521 nömrəli icarə müqaviləsi bağlanmış, icarə sahəsi xx.xx.2024-cü il tarixə qədər cavabdehin sahiblik və istifadəsində olmuş, cavabdeh icarə sahəsinə görə yaranmış ümumilikdə 5370 manat icarə haqqı üzrə borcdan cəmi 2790 manat ödəniş etmiş, qalan 2580 manat borc ödənilməmiş qalmışdır.

21. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən icarə haqqı borcunun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

22. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2521 nömrəli icarə müqaviləsinin 4.3-cü bəndinə əsasən hesablanmış 309 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

23. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

24. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

25. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir.

27. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2580 manat məbləğində əsas borc, 100 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2580 manat əsas borc, 100 manat dəbbə pulu, 70 manat mediasiyaya dair xərc, ümumilikdə 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar