Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5045/2025 22.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Bank VTB(Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (kredit müqaviləsi üzrə əsas borc, faiz borcu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2024-cü il tarixli 356401-CNS52226 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Banka 11.417,24 manat məbləğində əsas borc, 757,24 manat məbləğində faiz borcu, ümumilikdə isə 12.174,48 manat məbləğində pulun və 126,52 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 05 fevral 2024-cü il tarixli 356401-CNS-52226 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 15000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 11.417,24 manat məbləğində əsas borc, 757,24 manat məbləğində faiz borcu, ümumilikdə isə 12.174,48 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən imzalanmış 05 fevral 2024-cü il tarixli 356401-CNS-52226 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək müştərinin, yəni “kredit alan”ın vəzifəsidir (7.5, 7.16 və 10.9.7-ci bəndlər). “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən «ödəniş cədvəli» ilə müəyyən edilən müddətlər “kredit alan” tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda (11.1.3-cü bənd) və ya “kredit alan” bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (11.1.4-cü bənd) Bank kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.26.3-cü bəndinə əsasən Bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, birdəfəlik kreditlər üzrə, hər gecikdirilən gün üçün ərizə-razılaşmada göstərilən cərimə tətbiq edilir. 05 fevral 2024-cü il tarixli 356401-CNS- 52226 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 AZN üçün 0,02 AZN məbləğində cərimə hesablanır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən 05 fevral 2024-cü il tarixli 356401- CNS- 52226 saylı kredit müqaviləsi üzrə Cavabdeh Bank qarşısında məsuliyyət daşıyır. Həmçinin Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 126,52 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutulmalıdır. xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 13.1-ci bəndinə əsasən qarşılıqlı razılıqla həll edilməyən mübahisələrin qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll edilməsi nəzərdə tutulmuşdur. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq cavabdehlə müqavilənin 5 fevral 2024-cü il tarixində və 36 müddətinə müqavilə bağlanıldığını, müddətinin 5 fevral 2027-ci ildə bitəcəyini, pulun 21 may 2025-ci il tarixə tələb edilməsi ilə bağlı qarşı tərəfə pretenziya göndərildiyini, qismi ödənişlər aparıldığını, tam ödənişlərin yerinə yetirilmədiyini, o cümlədən Bank xidmətlərinin göstərilməsi müqavilənin ümumi şərtləri müqaviləsi olduğunu, şərtlərin saytda yerləşdirildiyini və vətəndaş tanış olduqdan sonra ərizə təqdim ediliyini, şərtlərin xx.xx.2024-cü il tarixində qəbul edildiyini, akseptin razılıq ərizəsi vasitəsilə olduğunu, borcun 22%-lə sahibkarlıqla bağlı verildiyini, ödəniş cavabdehin bank hesabına əlavə edildiyini, pulun hesabda çıxarışda sol tərəfdə qeyd edildiyi kimi 5 fevral tarixində görüldüyünü, hal-hazırda fevral ayından bəri ödənişlər edilmədiyini və buna dair maliyyə arayışının da əlavə edilyinidi bildirdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ASC və Cavabdeh arasında bağlanan “Bank xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli müqavilənin ümumi şərtlərinin: 7.1-ci bəndinə əsasən kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov (ipoteka) predmeti barədə məlumatlar müvafiq Ərizə-Razılaşmada qeyd olunur. 7.3-cü bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş şərtlərin Müştəri (kreditləşmə məqsədləri üçün sonradan mətn üzrə Kredit alan və ya borc alan adlandırıla bilər) tərəfindən yerinə yetirilməsindən sonra Kreditin təqdim edilməsi Bank tərəfindən Kreditin cari hesaba köçürülməsi yolu ilə həyata keçirilir. Müvafiq Ərizə-Razılaşma əsasında təqdim edilən Kredit məbləği Müştərinin ona dair sərəncam hüququnun yarandığı gün Kreditin verildiyi gün hesab olunur. 7.4-cü bəndinə əsasən, faizlər kreditin verilmə tarixindən etibarən kredit tam qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilən kredit hesabı üzrə borc məbləğinə aylıq 30 təqvim günü, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqqlar yalnız kreditin qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğində hesablanır. 7.26.3-cü bəndinə əsasən, bank Kredit vəsaitini Kredit və Girov barədə Ümumi Şərtlər rəsmiləşdirildikdən və Komisyon Haqqı ödənildikdən sonra Müştərinin müvafiq Ərizə-Razılaşmada göstərdiyi Cari Hesabına köçürür. Kreditin həmin cari hesaba köçürüldüyü tarix kredit və girov barədə ümumi şərltər üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən kredit faizlərinin hesablanması başlayır. Müqavilə üzrə gecikdirilmiş kreditə görə, birdəfəlik kreditləri üzrə, hər gecikdirilən gün üçün ərizərazılaşmada göstərilən cərimə tətbiq edilir.
8. Müştəri Ərizə-Razılaşmasına əsasən Cavabdeh kreditin məbləği 15000 manat, illik faiz dərəcəsi 22%, aylıq ödəniş məbləği 57,62 manat olmaqla kreditin götürülməsinə razılıq vermişdir, kreditin müddəti 36 ay, təyinatı dövriyyə vəsaitlərinin artırılması (malmaterial qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) təşkil edir.
9. xx.xx.2024-cü il tarixli, ********* saylı ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh hesbaına 356401-CNS-52226 saylı kredit müqaviləsi üzrə 15000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
10. “Bank VTB(Azərbaycan)” ASC tərəfindən Cavabdeh 23 may 2025-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 11417,24 manat məbləğində əsas borc, 757,24 manat faiz borcu olmaqla ümumilikdə 12174,48 manat təşkil edən borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
11. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışa maliyyə arayışına əsasən Cavabdeh 356401-CNS-5226 saylı, xx.xx.2024-cü il tarixli “krediti müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixə banka 11417,24 manat əsas borc, 757,24 manat faiz borcu olmaqla, cəmi 12174.48 manat məbləğində borcu vardır.
12. 13.06.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən İddiaçı ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinin hesabına 126,52 manat dövlət rüsumu ödənilmişdir.
13. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 356401- CNS-5226 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliklərini lazımınca icra etməməsi İddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1 (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olduqdan sonra ona xx.xx.2024-cü il tarixli 356401-CNS-5226 saylı “birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi əsasında 36 ay müddətinə illik 22 % hesablanması şərtilə 15000 manat məbləğində kredit verilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
16. Əsas borc məbləğinə münasibətdə məhkəmə sözügedən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən edilmiş ödənişləri və 11417,24 manat ödənilməmiş borc qaldığını nəzərə alaraq hesab edir ki, cavabdehdən 11417,24 manat əsas borc İddiaçının xeyrinə tutulmalıdır.
17. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2025-ci il tarixdə İddiaçı Cavabdehə bildiriş ünvanlayaraq müqavilə üzrə möhdəliklərin icrasından yayındığı üçün əsas borcdan əlavə faiz borcunun da ödənilməsi tələb etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə faiz borcu 757.24 manat təşkil edir. Odur ki, İddiaçı həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (757,24 manat) tələb etməkdə haqlıdır.
18. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını və cavabdeh tərəfindən edilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 11417,24 manat əsas borc, 757,24 manat məbləğində faiz borcu, ümumilikdə 12174,48 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
19. İddiaçı həmçinin iddia qaldırılması üçün ödənilmiş 126,52 manat məbləğində dövlət rüsumunun da cavabdehlərdən tutulmasını xahiş etmiş, qeyd edilən faktı təsdiq edən qəbzi iş materiallarına əlavə etmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 126,52 manat məbləğində pul cavabdehdən tutulmalıdır. V. Nəticə
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 356401- CNS52226 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 11.417,24 manat məbləğində əsas borc, 757,24 manat faiz borcu olmaqla, ümumilikdə 12.174,48 (on iki min yüz yetmiş dörd manat qırx səkkiz qəpik) manat pul məbləği və 126,52 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlham Əhmədov