Məhkəmə qərarları › İş №e-2-2(113)-506/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-506/2024

29.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-506/2024 29.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, işgüzar münasibət, lazımi keyfiyyətdə olmayan əşyanın verilməsinin nəticələri, dəbbə pulunun azaldılması, sübutetmə vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli müqavilə üzrə 283788 manat əsas borcun, 56757 manat dəbbə pulunun və ödənilmiş 630,54 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 01 mart 2022-ci il tarixində A064-22 saylı müqavilə bağlanmışdır. Belə ki, cavabdeh bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan mebel aksesuarları (laminat parket) və digər malların alınması üçün sifariş vermiş və iddiaçı tərəfindən qəbul edilərək 18 aprel 2023-cü il tarixli EBDD 827921 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil 138747,14 manat və 18 aprel 2023-cü il tarixli EBDD 828200 seriya və nömrəli elektron qaimə üzrə isə 145039,86 manat olmaqla ümumilikdə ƏDV daxil 283788 manat dəyərində mal cavabdehə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin bütün şərtlərinə və öhdəliklərinə iddiaçı tərəfindən tam əməl edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri və bağlanmış müqavilənin tələblərini kobud şəkildə pozaraq qəbul etdiyi malların dəyərini bu günədək ödəməmişdir. 2.2. Borcun ödənilməsi ilə bağlı 04 sentyabr 2023-cü il tarixdə 293/23 saylı məktubla müraciət edilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirməklə ödəniş etməkdən yayınmışdır. 2.3. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən, cavabdeh tərəfindən malların dəyəri vaxtında ödənmədiyinə görə hər ötən gün üçün ödənilməyən məbləğin 1%-i həcmində (ümumi məbləğin 10%-dən çox olmamaqla) alıcıdan tələb etmək hüququna malikdir. Beləliklə, cavabdehin əsas borcu 283788 manat olduğu halda xx.xx.2023-cü il tarixli elektron qaimələr üzrə (5 ay x 30 = 150 gün), (1% < 10%=) 28378,80 manat dəbbə pulu əlavə edilməklə ümumilikdə 340545 manat pul cavabdehdən tələb edilməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386.1, 442, 448-ci və s. maddələr göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz təqdim edərək, iddiaçı "xxxx" Birgə Müəssisəsinin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmiş və etirazın faktiki əsası kimi göstərmişdir ki, tərəflər arasında 01 mart 2022-ci il tarixli A064-22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş, alınmış mallar cavabdehə tam şəkildə təhvil verilməmiş, təhvil verilən malların bir qismi qüsurlu olmuşdur. İddiaçıya dəfələrlə qüsurlu malları gəlib götürmələri barədə məlumat verilmiş, lakin heç bir nəticəsi olmamışdır. Malların hansı tarixdə və ya harada təhvil verilməsi barədə hər hansı sübutun olmaması bunun bariz göstəricisidir. 01 mart 2022-ci il tarixli A064-22 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 283788 manat borc məbləğinin hansı qaydada hesablandığı da məlum deyildir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 01 mart 2022-ci il tarixində A064-22 saylı müqavilə üzrə əvvəllər də mal dövriyyəsi olmuş, satılan malların dəyəri ödənilmişdir. Lakin hazırda cavabdeh iki elektron qaimə üzrə təqdim edilmiş malların dəyərini ödəməkdən yayınır.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, təhvil verilən malların qüsurlu olması ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı müraciət olmamışdır. Sifariş verilmiş malları isə elektron qaimələr əsasında təhvil verilmişdir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaya qismən etiraz edərək göstərdi ki, 100 000 manat dəyərində mal təhvil verilib, həmin mallardan da 70%-i keyfiyyətsiz olmuşdur. Mallardakı qüsurlar barədə şifahi qaydada iddiaçıya məlumat verilsə də, sonuncu malları götürməmişdir. Həmçinin malların təhvil-təslim aktları da mövcud deyildir.

8. Məhkəmənin sonrakı baxış iclasında cavabdehin nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddiaçı tərəfindən təqdim edilmiş malların böyük bir qisminin yararsız olduğuna görə utilizasiya edildiyini bildirmiş və məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 01 mart 2022-ci il tarixli A064-22 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında müxtəlif çeşidli laminat parket, DSP, MDF, mebel aksesuarları, qapılar, boyalar və sair malları cavabdehə satılmasını, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların iddiaçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli EBDD 828200 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 145039,86 manat, xx.xx.2023-cü il tarixli EBDD 827921 seriya və nömrəli elektron qaimə 143964,19 manat olmaqla ümumilikdə 289004,05 manat dəyərində malın təqdim edilməsi üçün tərtib edilmişdir.

13. İddiaçı adıçəkilən iki elektron qaimə üzrə malların qalıq dəyərinin – 283788 manat məbləğində pulun tutulmasını tələb edir.

14. Cavabdeh iddiaya etiraz edir və malların qismən təqdim edildiyini, təqdim edilən mallarında 70%-nin yarasız olduğunu və bu səbəbdən utilizasiya edildiyini bildirir.

15. Məhkəmə mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

16. İddiaçının təqdim edilən mallardan bir qisminin lazımi keyfiyyətdə olmaması və utilizasiya edildiyi ilə bağlı arqumentlərinə münasibətdə göstərilməlidir ki, Mülki Məcəllənin 587-ci maddəsində lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri təsbit edilmişdir.

17. Belə ki, həmin maddəyə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin (587.1): alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə (587.2): alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir (587.5).

18. Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.

19. Mülki Məcəllənin qeyd edilən normalarını müqayisəli təhlil etdikdə aydın olur ki, əşyanın keyfiyyəti ilə bağlı tələblər pozulduqda, əvvəla, alıcı tərəfindən satıcıya bu barədə bildiriş verilməlidir. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur.

20. Göründüyü kimi, cavabdeh təqdim edilən məhsulların əhəmiyyətli dərəcədə yararsız olduğunu bildirsə də, bu barədə iddiaçıya hər hansı bildiriş verməmiş, şifahi qaydada məlumat verdiyini isə sübut edə bilməmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 587.5-ci maddəsinə əsasən, qüsurlu əşyanı satıcıya qaytarmaq vəzifəsini alıcı daşıdığı halda, cavabdeh bu vəzifəsini də yerinə yetirməmiş, məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi 29 fevral 2024-cü il tarixli arayışında həmin malların utilizasiya edildiyini bildirmişdir.

21. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun 2006cı il tarixdə nəşr etdiyi 4 cildlik Azərbaycan dilinin izahlı lüğətinin İV cildinin (Bakı şəhəri, “Şərq-Qərb” nəşriyyatı, 2006, 712 səh.) 409-cu səhifəsində “utilizasiya” sözü istifadə etmə (edilmə), səmərəli istifadə, tullantıların, yarımfabrikatların, yanacaq materiallarının və s.nin xammal kimi istifadə edilməsi kimi izah edilmişdir.

22. Belə olan halda, cavabdeh yararsız kimi istinad etdiyi malları utilizasiyası – səmərəli istifadəsi Mülki Məcəllənin 529.2-ci maddəsi baxımından da cavabdehin sübut etmə vəzifəsini müəyyən edir. Belə ki, həmin maddəyə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

23. Beləliklə, məhkəmə cavabdehin lazımi keyfiyyətdə olmayan məhsulların təqdim edilməsi barədə iddiaya etirazının dəlillərini əsassız sayır.

24. Cavabdehin digər dəlilləri isə xx.xx.2023-cü il tarixli EBDD 828200 və EBDD 827921 seriya və nömrəli elektron qaimələrdə göstərilən malların tam təqdim edilmədiyi, iş materiallarında hər hansı təhvil-təslim sənədinin olmaması ilə bağlıdır.

25. 01 mart 2022-ci il tarixli A064-22 nömrəli müqavilənin 1.8-ci bəndinə əsasən, sifariş verilmiş mallar “Alıcı”ya elektron qaiməyə əsasən göndərilir.

26. Digər tərəfdən, iş materiallarına cavabdeh tərəfindən dəyəri ödənilən xx.xx.2022-ci il tarixli EBBT 080893 seriya və nömrəli (sistem tərəfindən təsdiqlənmiş), xx.xx.2022-ci il tarixli EBBT 838819 seriya və nömrəli (sistem tərəfindən təsdiqlənmiş), xx.xx.2022-ci il tarixli EBBX 215691 seriya və nömrəli (sistem tərəfindən təsdiqlənmiş) və s. elektron qaimələr də əlavə olunmuşdur ki, həmin qaimələrdə də hər hansı təhvil-təslim aktına istinad olunmamışdır.

27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili dəyəri ödənilən elektron qaimələr üzrə təhvil-təslim aktlarının mövcud olduğuna istinad etsə də, məhkəmənin həmin aktları təqdim etmək təklifinə biganə yanaşmışdır.

28. Belə olan halda, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə malların elektron qaimə əsasında verilməsi şərtləşdirilmiş, işgüzar münasibətlər də bu yöndə inkişaf etmişdir. Belə ki, iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabından çıxarışdan görünür ki, cavabdeh məhz həmin elektron qaimələrə istinad etməklə ödənişlər etmişdir. Həmçinin cavabdeh adıçəkilən 2 elektron qaiməni iddiaçıya düzəliş üçün də qaytarmamışdır.

29. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

30. Beləliklə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli EBDD 828200 və EBDD 827921 seriya və nömrəli elektron qaimələrdə göstərilən malların tam təqdim edilməməsi ilə bağlı cavabdehin arqumentləri əsassızdır.

31. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

32. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

33. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

34. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

35. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

36. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

37. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

38. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

39. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

41. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

42. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

43. Tutulmalı məbləğ ilə bağlı isə göstərilməlidir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışa əsasən, ƏDV daxil olmaqla 30 elektron qaimə üzrə ümumilikdə 2 005 938,35 manat dəyərində mal verilmiş, iddiaçının bank hesabından adıçəkilən çıxarışa əsasən, ümumilikdə 1 459 449,45 manat əsas borc üzrə, “ƏDV sub-hesabı”ndan çıxarışa əsasən 262 700,89 manat ƏDV borcu üzrə olmaqla ümumilikdə 1 722 150,34 manat ödəniş edilmişdir.

44. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 27 aprel 2020-ci il tarixli 38 nömrəli mallar üzrə satınalma müqaviləsi üzrə 283788 manat (2 005 938,35-1 722 150,34) məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

45. İddia ərizəsində iddiaçı həmçinin 56757 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

46. 01 mart 2022-ci il tarixli A064-22 nömrəli müqavilənin 5.2-ci bəndinə əsasən, “Alıcı” “Satıcı” tərəfindən satılmış malların dəyərini vaxtında ödəmədikdə “Satıcı” hər ötən gün ödənilməyən məbləğin 1% (bir) həcmində (ümumi məbləğin 10%-dən çox olmamaqla) dəbbə pulunu “Alıcı”dan tələb etmək hüququna malikdir.

47. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

48. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

49. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

50. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 01 mart 2022-ci il tarixli A064-22 nömrəli müqavilə üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

51. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 14000 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

52. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 14000 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

53. İddiaçı həmçinin 630,54 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.

54. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02107 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixli sessiyada iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 410 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir.

55. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi ilə iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 230,54 manat məbləğində dövlət rüsumu köçürülmüşdür.

56. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

57. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

58. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

59. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

60. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilməlidir.

V. Nəticə:

62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Birgə Müəssisəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə 283788 (iki yüz səksən üç min yeddi yüz səksən səkkiz) manat əsas borc, 14000 (on dörd min) manat cərimə məbləği olmaqla ümumilikdə 297788 (iki yüz doxsan yeddi min yeddi yüz səksən səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142 (bir yüz qırx iki) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar