Məhkəmə qərarları › İş №e-2-2(113)-507/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-507/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-507/2025 14.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilənin ləğvi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 19 dekabr 2023-cü il tarixdə, Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı xeyrinə 9000 manat məbləğində kredit borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 110 manat dövlət rüsumu və vəkil xidmətlərinə ödənilmiş 500 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 19 dekabr 2023-cü il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 19 dekabr 2024-cü il tarixədək hər ay 750 manat ödəniş etmək şərtilə 9000 manat məbləğində borc vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, bu günədək borcu qaytarmaqdan boyun qaçırır. Öhdəliyin yerinə yetirilməsi ilə bağlı cavabdehə pretenziya məktubu da göndərilmiş, amma nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 406.1, 407, 425.1, 425.2, 442, 448.2, 739.1, 741.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, borc verən qismində İddiaçı ilə borc alan qismində Cavabdeh arasında xx.xx.2023-cü tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən borc verən borc alana 9000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc verir; 2-ci bəndinə əsasən borc alan borcu ayda 750 manat olmaqla, xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür; 3-cü bəndinə əsasən tərəflər borcun faizsiz verilməsini şərtləndirir; 5-ci bəndinə əsasən borc alan borc müqaviləsinin ləğv edilməsinə dair bildiriş vermədən borcu qaytara bilər; 6-cı bəndinə əsasən borc alan müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə notariusun depozit hesabı vasitəsilə həyata keçirir; 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır; 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur; 10-cu bəndinə əsasən bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.

7. İddiaçı tərəfindən Cavabdehya göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə aralarındada bağlanmış borc müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.5.2-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa,borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

10. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı (borcverən) pul vəsaitinə mülkiyyət hüququnu cavabdehə (borcalana) verməyi öhdəsinə götürmüş, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti şəklində borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqavilə şərtlərini pozaraq aldığı pul vəsaitini qaytarmamışdır. Belə ki, müqavilə şərtlərinə əsasən borcalan borcu ayda 750 manat olmaqla, xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyinə əməl etməmişdir.

11. İddia tələbinin bir hissəsini İddiaçı ilə Cavabdeh arasında 19 dekabr 2023-cü il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinin ləğv edilməsi təşkil edir.

12. Tərəflər arasında bağlanmış müqavilənin 10-cu bəndinə əsasən bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Əvvəla, qeyd olunmalıdır ki, tərəflər arasında müqavilənin ləğv edilməsinə dair yazılı razılıq yoxdur.

13. Digər tərəfdən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi üçün əsaslar mövcuddur. Belə ki, müqavilə üzrə aldığı borcu müqavilədə göstərilən müddətlərdə geri qaytarmaq öhdəliyini götürən cavabdeh öhdəliyini pozaraq borcu qaytarmamış, bu pozuntu əhəmiyyətli pozuntu olmuşdur. Ona görə də iddia həmin hissədə təmin edilməli və İddiaçı ilə Cavabdeh arasında 19 dekabr 2023-cü il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış kredit müqaviləsi ləğv edilməlidir.

14. İddia tələbinin digər hissəsini Cavabdeh xx.xx.2023-cü tarixli kredit müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 9000 manat pulun tutulması təşkil edir.

15. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, yəni müqavilə üzrə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti şəklində borcverənə qaytarmadığını, belə olan halda isə iddiaçının cavabdehdən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməli, Cavabdeh 9000 (doqquz min) manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

16. Eləcə də, iddiaçı 110 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 500 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

17. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110 (yüz on) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hüquqi yardımla bağlı 500 manatın cavabdehdən tutulması hissəsində hesab edir ki, həmin məbləğin ödənilməsi ilə bağlı sübut təqdim edilmədiyindən göstərilən məbləğ cavabdehdən tutulmamalıdır.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 19 dekabr 2023-cü il tarixdə, Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 9000 (doqquz min) manat kredit borcu, ödənilmiş dövlət rüsumununa görə 110 (yüz on) manat olmaqla, ümumilikdə 9110 (doqquz min yüz on) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar