Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5074/2025 19.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh MTK-ya qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə təhvil verilməsi” tələbinə dair kommersiya mübahsəsi üzrə Açar sözlər: istifadə hüququnun müdafiəsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı X1 Cavabdeh MTK-ya qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ
1. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-cı il tarixli, 688 sərəncamı ilə Nərimanov rayonu, Həsənoğlu küçəsi, 859-860 saylı məhəllədə inzibati bina layihələşdirilməsi və tikintisi üçün 90 kv.m torpaq sahəsi (bundan sonra- Torpaq sahəsi) iddiaçının istifadəsinə verilmiş və həmin sərəncam əsasında Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həmin torpaq sahəsinin aytrılmasına dair xx.xx.2000-ci il tarixli, 246 nömrəli Ayrıc aktı tərtib edilmişdir. Eləcə də, iddiaçının Torpaq sahəsinə dair istifadə hüququ xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə (əsas kimi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000cı il tarixli, 688 sərəncamı və xx.xx.2002-ci il tarixli icarə müqaviləsi göstərilmişdir) verilmişdir.
2. İddiaçının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” barədə iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11658/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı qəzetinin redaksiyasının Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli, 688 nömrəli Sərəncamı ilə ona inzibati binanın tikintisi üçün Torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1622/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, bu sonuncu qətnamədən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1818/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır.
3. AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən iddiaçının Torpaq sahəsinə dair istifadə hüququ xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024-cü il tarixdə ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İradəsi tərəfindən Torpaq sahəsinin yeni plan və ölçüsü təsdiq edilmişdir.
4. Həmçinin, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı, 11 mart 2020-ci il tarixli sərəncamı əsasında (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, **********94 saylı, Azərbaycan Resbublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin "Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alın) Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,7520 hektar torpaq sahəsi həmin tikilililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında sonuncunun istifadəsinə verilmişdir.
5. Cavabdehlə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1572 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən torpaq sahəsi 49 il müddətnə cavabdehə icarəyə verilmişdir.
6. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən cavabdehə tikinti aparılmasına Tİ-38/21 saylı xx.xx.2021-ci il tarixli və Tİ-30/23 saylı, xx.xx.2023-cü il tarixli icazələr verilmişdir.
7. Bundan başqa, AR İİN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İradəsinin Bakı İnzibati Məhkəməsinin hakimi Fərid İsmayılzadəyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən İddiaçı qəzeti redaksiyası adına istifadə hüquqları dövlət qeydiyyatına alınmış 0.009 ha torpaq sahəsi Cavabdeh MMC-yə yaşayış binalarının tikintisi məqsədi ilə ayrılmış 2.7790 ha torpaq sahəsinə dair tərtib edilmiş yerquruluşu planında göstərilən ərazinin daxilində yerləşir.
MƏHKƏMƏDƏ İCRAAT a) İddia tələbi və iddia tələbinin dəlilləri
8. İddiaçı Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi, giriş 66A, 859-860 saylı məhəllədə ona ayrılmış 90 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi, həmin sahəni əhatə edən hasarın sökülməsi və torpaq sahəsinin boşaldılaraq redaksiyaya təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 iyul 2000-ci il tarixli 688 saylı Sərancamı ilə İddiaçı qəzeti redaksiyasına inzibati binanın tikintisi üçün Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi, giriş 66A, 859-860 saylı məhəllədə 90 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsinin ayrıc aktı, tikiləcək inzibati binanın eskiz lahiyəsi, inşaat pasportu və digər sənədlər hazırlanaraq təqdim edilmişdir. Həmçinin, qeyd edilən sənədlər əsasında 29 mart 2002-ci il tarixli 61 saylı torpaq icarə müqaviləsi də bağlanmışdır. Həmin müqavilənin müddəti 29 mart 2017-ci il tarixdə bitdikdən sonra onun müddətinin uzadılması məqsədi ilə yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, verilmiş 3-52/2-714/2023 saylı xx.xx.2023 tarixli cavab məktubunda Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 688 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatının müvafiq dövlət orqanı tərəfindən həyata keçirildiyi bildirilmiş və bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edilməsi izah edilmişdir. Torpaq sahəsi üzərində hüquqların təkrar dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı aidiyyəti quruma müraciət edilmiş, lakin həmin qurum bundan imtina etmişdir. Ona görə də, Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11658/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaları təmin edilərək redaksiyaya ayrılmış torpaq sahəsi üzərində hüquqların qeydə alınması və çıxarışın verilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)- 1622/2024 nömrəli, xx.xx.2024-cü il tarixli vəAzərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1818/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarları ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə qərarının icrası məqsədi ilə torpaq sahəsinin redaksiyaya məxsus olması ilə bağlı müvafiq çıxarış verilmiş və həmin qurumun nümayəndəsinin iştirakı ilə torpaq sahəsinin sərhədlərinin nişanlanması aparılaraq torpaq sahəsinin yerləşməsinə dair koordinantların naturada (yerində) müəyyənləşdirilərək onlara göstərilməsinə dair xx.xx.2025 tarixli məktub verilmişdir. Həmin qurumun nümayəndəsi ilə ərazidə olarkən redaksiyaya verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən hasara alınması və onlar tərəfindən istifadə olunması müəyyən edilmişdir. Ona görə də müvafiq sənədləri rəsmi qaydada cavabdehə təqdim edərək torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə təhvil verilməsini xahiş etsələr də, torpaq sahəsi könüllü olaraq boşaldılmamışdır. Torpaq sahəsi cavabdeh tərəfindən hasara alınaraq mühafizə altında saxlanıldığı üçün həmin əraziyə daxil ola bilmirlər və bununla bağlı müxtəlif çətinliklərlə üzləşirlər. Cavabdeh tərəfin bu hərəkətləri onların hüquqlarını pozmaqla yanaşı, onların torpaq sahəsində tikinti aparılması ilə bağlı işlərinə də maneə yaradırlar.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmçinin həmin Məcəllənin 139.3-cü maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi qanunun tələblərinə uyğun olaraq redaksiyanın hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alınmış və müvafiq sənəd verilmişdir. Mülki Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə əsasən mülkiyyətçilər və mülkiyyətçi olmayan şəxslərin əmlak hüquqları qanunla qorunduğundan onların mülkiyyətlərində və istifadələrində olan əmlakları kənar qəsdlərdən qorumaq hüquqları vardır.
b) İddiaya qarşı etirazın dəlilləri
11. Cavabdeh iddia ərizəsəsinə etirazını yazılı formada təqdim etməmişdir.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
12. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
13. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etmədiklərini bildirmiş, sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
17. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
18. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
19. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
20. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.
23. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
24. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
25. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi
31. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
32. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
33. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, mübahisə istifadə hüququnun müdafiəsi, istifadə və sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və bərpa edilməsi ilə bağlıdır.
34. İşin mübahisəsiz hallarıdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000cı il tarixli, 688 sərəncamı ilə Torpaq sahəsi inzibati binanın tikilməsi üçün iddiaçının istifadəsinə verilməklə bərabər, Torpaq sahəsinə dair istifadə hüququ da xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Daha sonra, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11658/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icrası nəticəsində iddiaçının istifadə hüququ AR İİN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə yenidən dövlət qeydiyyatına alınmışdır.
35. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı, 11 mart 2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən köhnə tipli tikililərin yerləşdiyi 2,7520 hektar torpaq sahəsi həmin sahədə tikilililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün cavabdehə icarəyə verilmiş, həmin sərəncam əsasında da cavabdehlə Bakı şəhər İcra Hakimiyyəti arasında həmin torpaq sahəsinin 49 il müddətnə icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixli, 1572 saylı icarə müqaviləsi bağlanmışdır.
36. Mülki Məcəllənin 152.2-ci 152.3-cü maddələrinin məzmunundan da göründüyü kimi sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməklə, əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qanun sahibliyin maneəsiz həyata keçirilməsinə istənilən qanunsuz müdaxiləni istisna edərək onu qadağan edilmiş özbaşınalıq kimi qiymətləndirir və bu hüquq sahibinə qanunla müəyyən edilmiş üsullardan (qanunla müəyən edilmiş şərtlər daxilində özbaşınalıqdan müdafiə üçün güc işlətmək, pozuntuya yol verən şəxsdən belə hərəkətlərə son qoymağı tələb etmək və pozuntunun davam etməsi halında isə müvafiq iddia qaldırmaq yolu ilə hüquqlarının müdafiəsinə nail olmaq) istifadə edərək sahiblik və istifadə hüququnun müdafiəsi imkinanı verir.
37. Eyni zamanda, Mülki Məcəllənin 158.1.2-ci maddəsi də mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququnu da əmlak (əşya) hüququ kimi təsbit etmişdir. Həmin müddəanın mənasından da görünür ki, əşya hüququ kimi istənilən fiziki əmlak (əşya) üzərində mülkiyyət hüququndan başqa, həm də ondan törəyən sahiblik və istifadə hüququ da (məhdud əşya hüququ) qanunla qorunur. Qanun əşya hüququna malik olan şəxsə pozulmuş hüququnu bərpa etmək və qorumaq üçün istənilən şəxsə, hətta mülkiyyətçiyə qarşı iddia irəli sürmək imkanın verir. Məhkəmə qeyd edir ki, iddiaçının Torpaq sahəsindən istifadə hüququ həmin hüququn dövlət reyestrindəki qeydin mövcud olduğu müddətdə, Mülki Məcəllənin 158-ci maddəsi ilə təminat altına alınmaqla qorunur.
38. Həmçinin, Mülki Məcəllənin 140-cı maddəsi də əksi sübuta yetirilməyincə dövlət reyestrində qeydə alınmış hüququn (mülkiyyət və ondan törəyən əşya hüququnun) həqiqiliyi və tamamlığı prezumpsiyasını tanıyır. İddiaçının da Torpaq sahəsinə dair istifadə hüququnun əvvəl xx.xx.2002-ci il tarixdə sonradan isə xx.xx.2024-cü il tarixdə yenidən dövlət qeydiyyatına alınması, həmçinin həmin hüququn həqiqiliyi və tamlığının da hazırda qüvvədə olduğu işin mübahisəsiz hallarıdır.
39. AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İradəsinin Bakı İnzibati Məhkəməsinin hakimi Fərid İsmayılzadəyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan da göründüyü kimi, iddiaçının adına istifadə hüquqları dövlət qeydiyyatına alınmış 0.009 ha torpaq sahəsi cavabdehə yaşayış binalarının tikintisi məqsədi ilə ayrılmış 2.7790 ha torpaq sahəsinə dair tərtib edilmiş yerqurluşu planında göstərilən ərazinin daxilində yerləşir. Cavabdeh tərəfindən iddiaçının istifadə hüququna malik olduğu torpaq sahəsini hasara alınmaqla orada tikinti işlərinin yerinə yetirilməsi sonuncunun əşya hüququnun pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
40. Cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinə dair icarə hüququna gəldikdə isə, məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı, 11 mart 2020-ci il tarixli sərəncamından da görünür ki, cavabdehin üzərinə həmin torpaq sahəsində yerləşən tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə tikinti işlərinin həyata keçirilməsinə icazə verilmişdir. Lakin iddiaçıya hələ xx.xx.2002-ci il tarixdən dövlət qeydiyyatına alınmaqla isitfadə hüququ əsasında verilmiş torpaq sahəsinin cavabdehin icarəsində olan 2,7520 hektar torpaq sahəsinin daxilində yerləşməsinə baxmayaraq sonuncu tərəfindən iddiaçı ilə hər hansı qarşılıqlı razılıq əldə olunmamışdır.
41. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkdiyindən iddia tələbi ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir.
42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, giriş 66A, 859-860 saylı məhəllədə ayrılmış 90 kv.m torpaq sahəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin qanunsuz sahibliyindən azad edilsin, həmin sahəni əhatə edən hasar sökülsün və torpaq sahəsi boşaldılaraq iddiaçı "Xronika" Qəzeti Redaksiyasına təhvil verilsin. 100 manat dövlət rüsumu cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı "Xronika" Qəzeti Redaksiyasının xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı