Məhkəmə qərarları › İş №e-2-2(113)-5076/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5076/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5076/2023 05.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, iddianın etirafı, əsas borc, faiz borcu, cərimə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 021R********** saylı krеdit razılaşması üzrə 7550,18 manat məbləğində əsas bоrc, 1061,59 manat məbləğində faiz bоrcu və 261,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8873 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8,73 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat pulun cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin хеyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı QSC ilə Cavabdeh2 (kredit alan) və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 021L**********00 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 300 000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2022-ci il tarixli 021R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında sonuncu 36 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində krеdit götürmüş, lakin uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 449,82 manat ödəmiş, onun 7550,18 manat məbləğində kredit borcu qalmışdır. 2.2. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. xx.xx.2023-cü il tarixə 209 gün üçün hesablanmış faiz borcu 1061,59 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 209 gün üçün hеsablanmış cərimə 261,23 manat təşkil edir. 2.3. Məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmiş, xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq iddiaçı tərəfindən 100 manat haqq ödənilmişdir. İddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləği 108,73 manat olduğundan, lakin İddiaçı QSC tərəfindən 100 manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 8,73 manat dövlət rüsumu ödənilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.2.1, 448.1, 465.2 və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5076/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh2 krediti sahibkarlıq fəaliyyəti ilə bağlı götürdüyünü, maddi vəziyyətinə görə ödəniş edə bilmədiyini və iddianı qəbul etdiyini bildirmişdir.

7. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh1 maddi vəziyyətləri ilə bağlı ödəniş edə bilmədiklərini və iddianı qəbul etdiyini bildirmişdir.

8. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməklərinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişlər. İddiaçı tərəf işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə mübahisəyə tərəflərin iştirakı olmadan baxmağı qərara almışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh2 (kredit alan) və Cavabdeh1 (zamin) arasında xx.xx.2022-ci il tarixli 021L**********00 saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 8000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərin icrasına Cavabdeh1 həmin müqaviləyə imza etməklə zamin durmuşdur. Cavabdeh2 kredit məbləğini təşkil edən 8000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

11. İddiaçı QSC adıçəkilən kredit razılaşması üzrə 7550,18 manat əsas, 1061,59 manat faiz, 261,23 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.

12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı Kommersiya Məhkəməsinin dəftərxanası vasitəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddianın etirafı barədə ərizələr təqdim edərək 8873 manat tələbə dair iddianı etiraf edir.

13. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

14. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

15. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

16. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

17. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdehlər tərəfindən iddianın etiraf edilməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.

18. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.

19. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

20. İddia cavabdehlər tərəfindən etiraf edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında 18 avqust 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış 18 avqust 2022-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə 7550,18 manat əsas borc, 1061,59 manat faiz borcu, 261,23 manat cərimə məbləği olmaqla ümumilikdə 8873 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

21. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8,73 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

22. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-01654 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və 100 manat məbləğində mediasiya xərcini ödəmişdir.

23. Elektron iddia ərizəsindən görünür ki, iddiaçı 8,73 manat dövlət rüsumu ödəmişdir.

24. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

26. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

27. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

28. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. İddia tələbi tam təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8,73 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 18 avqust 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış 18 avqust 2022-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə 7550 (yeddi min beş yüz əlli) manat 18 (on səkkiz) qəpik əsas borc, 1061 (bir min altmış bir) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 261 (iki yüz altmış bir) manat 23 (iyirmi üç) qəpik cərimə məbləği olmaqla ümumilikdə 8873 (səkkiz min səkkiz yüz yetmiş üç) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8 (səkkiz) manat 73 (yetmiş üç) qəpik, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar