Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5086/2025 19.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, icarə müqaviləsi, qanuni faiz və borclunun icranı gecikdirməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi və xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə 8243 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 344,45 manat məbləğində pulun və ödənilmiş 103 manat dövlət rüsumu, 1000 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. cavabdehə (əvvəlki "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) “Ağdam-Ağdərə- Kəlbəcər xətti” layihəsində podrat işləri yerinə yetirilməsi üçün müxtəlif maşın mexanizmlər lazım olmuşdur. Bununla əlaqədar iddiaçı ilə cavabdeh arasında 27 may 2024-cü il tarixli NVƏ/24 №-li xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçıya məxsus bir ədəd bortlu 22BO849 dövlət nömrə nişanlı “ZİL-131” markalı yük maşını sürücü ilə birlikdə onun xidmətinə verilmiş, aylıq xidmət haqqı ƏDV xaric 5500 müəyyən edilmişdir. Müqavilənin 3.2-ci bəndin tələbinə görə bu qiymət aylıq 26 gün, nahar fasiləsi nəzərə alınmadan 10 saat iş üçün nəzərdə tutulmuşdur və əlavə saatlar olacağı halda nəzərdə tutulmuş məbləğdən savayı əlavə ödəniş olacaqdır. Müqavilənin 3.7-ci bəndinin tələbinə görə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 30 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 4.1.8-ci bəndinin tələbinə görə sifarişçi yük maşını idarə edən sürücünü yemək və qalmaq yeri ilə təmin edir. İddiaçı tərəfindən 22BO849 dövlət nömrə nişanlı “ZİL-131” yük avtomobili sürücüsü X5 ilə birlikdə cavabdehin sərəncamına verilmişdir. Sürücünün aylıq əmək haqqı iddiaçı tərəfindən ödənilmişdir. Göstərilən yük avtomobili (beş) ay cavabdehin xidmətində olmuşdur. 2.2. Bundan sonra cavabdeh iddiaçıya məxsus bir ədəd “Mitsubishi” pikap avtomobili icarəyə götürmək istədiyini də bildirmişdir. Bununla əlaqədar olaraq tərəflər arasında xx.xx.2024-cü il tarixli NVƏ-ND/24 saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçıya məxsus bir ədəd “Mitsubishi” pikap markalı 99NF159 dövlət nömrə nişanlı avtomobil aylıq icarə haqqı vergi xaric 2500 manat olmaqla icarəyə verilmişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən icarəçi bu müqavilənin Əlavə 1-də qeyd edilmiş xidmət haqlarını icarəyə verən tərəfindən təqdim edilmiş və icarəçi tərəfindən təsdiqlənmiş forma-2 və ya akt əsasında növbəti ayın 10-a kimi ödəyəcək. 2.3. Hər iki müqavilənin işlərin görülməsi haqqında xidmət aktının tərtib edilməsi tələblərinə uyğun olaraq 2024-cü ilin iyun ayından başlayaraq oktyabr ayı da daxil olmaqla görülən işlər barəsində aktlar tərtib edilmiş və ödəniş üçün iddiaçı tərəfindən cavabdehə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura təqdim edilmişdir. Cavabdeh bu aylar üzrə təqdim olunan xidmətlərin pulunu yalnız iyul ayında tam və qalan digər aylarda isə kəsrlərlə ödəmişdir. Belə ki, 2024-cü ilin iyun ayı üçün xidmət aktında razılaşdırılmış və elektron qaimə-fakturada göstərilən 2797 manat cavabdeh tərəfindən tam ödənilmişdir. Lakin iyul ayı üçün təqdim olunan 7276 manat məbləğində işin 1776 manatı, avqust ayı üçün təqdim olunan 9787 manat məbləğində işin 5787 manatı, sentyabr ayı üçün təqdim olunan 10020 manat məbləğində işin 257 manatı, oktyabr ayı üçün təqdim olunan 3682 manat məbləğində işin 423 manatı, cəmi 8243 manat cavabdeh tərəfindən ödənilməmişdir. 2.4. Göstərilən borc məbləğinin ödənilməsi barədə cavabdehin vergi elektron poçtuna xx.xx.2025-ci il tarixdə məktubla müraciət edilsə də, hazırkı vaxta qədər cavab verilməmişdir. Beləliklə, cavabdeh 2024-cü ilin avqust ayı üçün ödənilməmiş 1776 manatın illik beş faizi olaraq 81,40 manat, 2024-cü ilin sentyabr ayı üçün ödənilməmiş 5787 manatın illik beş faizi olaraq 241,10 manat, 2024-cü ilin oktyabr ayı üçün ödənilməmiş 257 manatın illik beş faizi olaraq 9, 60 manat manat, 2024-cü ilin noyabr ayı üçün ödənilməmiş 423 manatın illik beş faizi olaraq 12,35 manat, cəmi 344,45 manat məbləğində gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehə 04 iyun 2025-ci il tarixli nömrəli pretenziya göndərilmişdir. Lakin cavabdeh həmin pretenziyaya cavab verməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 445.7-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdeh iddiaya etiraz təqdim edərək iddiaçının xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini, ərizə məhkəmənin icraatına daxil olmamışdan əvvəl, yəni xx.xx.2025-ci il tarixdə tələb olunan məbləğin iddiaçının hesabına köçürüldüyünü və bu barədə ona məlumat verildiyini bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda bildirdilər ki, iddia tələbini əsas borc hissəsində müdafiə etmirlər. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, ödəniş iddiaçının hesabına xx.xx.2025-ci il tarixdə köçmüş, cavabdeh ödənişin edilməsi barədə iddiaçıya məlumat versə də, bu barədə xx.xx.2025-ci il tarixdə məlumatlı olmuş, ona qədər isə artıq iddia ilə müraciət olunmuşdur. Buna qədər isə cavabdehə pretenziya göndərilmiş, iddia hazırlanmışdır.
6. Cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək göstərdi ki, iddiaçı Qarabağda tikinti-quruculuq işlərində podratçı kimi iştirak edir və sifarişçilər ödənişləri gecikdirdiyindən iddiaçıya pul vaxtında ödənilmir. Lakin xx.xx.2025-ci il tarixdə iddiaçıya olan borc ödənilmiş, bu barədə şifahi qaydada iddiaçı məlumatlandırılmışdır. Buna rəğmən, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bu səbəbdən də iddia rədd edilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət və icarə müqaviləsi üzrə əsas borcun və qanuni faizin tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli NVƏ/24 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı qanuni əsaslarla ona məxsus texnikanı müqavilə müddətində cavabdeh tərəfindən tələb olunan müddətlərdə “Ağdam-Ağdərə-Kəlbəcər xətti” layihəsində xidmətə verməyi, cavabdeh isə xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə və ona xx.xx.2024-cü il tarixli 01 nömrəli əlavə ilə texnika kimi “ZİL-131” yük markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, aylıq xidmət haqqı kimi ƏDV xaric 5500 manat razılaşdırılmış, xidmət haqqının təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 30 iş günü ərzində bank köçürməsi yolu ilə həyata keçirilməsi şərtləşdirilmişdir; – iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli NVƏ-ND/24 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, İddiaçı qanuni əsaslarla ona məxsus texnikanı müqavilə müddətində cavabdeh tərəfindən tələb olunan müddətlərdə icarəyə verməyi, cavabdeh isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə və ona xx.xx.2024-cü il tarixli 01 nömrəli əlavə ilə texniki kimi “Mitsubishi L200” markalı **-NF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, aylıq icarə haqqı kimi vergi xaric 2500 manat razılaşdırılmış, icarə haqqının icarəçi tərəfindən təsdiq edilmiş Forma-2 və akt əsasında növbəti ayın 10-na kimi ödənilməsi şərtləşdirilmişdir; – xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 8243 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülməsi banka tapşırılmış, xx.xx.2025-ci il tarixdə ödəniş cavabdehin bankı tərəfindən qəbul edilmişdir.
11. İddiaçı xx.xx.2024-cü il tarixli NVƏ/24 nömrəli xidmət müqaviləsi və xx.xx.2024-cü il tarixli NVƏ-ND/24 nömrəli icarə müqaviləsi üzrə 8243 əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 344,45 manat məbləğində pulun tutulmasını tələb edir, lakin əsas borc ödənildiyindən həmin hissədə iddianı müdafiə etmir.
12. Cavabdeh borc məbləği xx.xx.2025-ci il tarixdə ödənildiyindən iddianın rədd edilməsini xahiş edir.
13. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
16. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
17. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
18. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Göstərilən yanaşma – xəbərdarlığın göndərilməsi hələ qədim Roma hüququnda kreditor tərəfindən borcluya “interpellatio” göndərilməsi formasında məlum idi.
19. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
20. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli NVƏ/24 nömrəli xidmət müqaviləsinin 3.7-ci bəndi ilə xidmət haqqının növbəti ayın ilk 30 iş günü, xx.xx.2024-cü il tarixli NVƏ-ND/24 nömrəli icarə müqaviləsinin 3.5-ci bəndi ilə icarə haqqının növbəti ayın 10-kimi ödənilməsi razılaşdırılsa da, faktiki olaraq işgüzar münasibət fərqli olmuş, iddiaçı tərəfindən uzun müddət borc tələb edilməmiş, cavabdehin hissə-hissə ödənişlərinə razı olunmuş, yalnız xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə borcun ödənilməsi tələb edilmişdir. Bu isə Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqini istisna edir.
21. İddiaçının xx.xx.2025-cü il tarixdə pulun tələb edilməsi barədə (10 may 2025-ci il tarixədək ödənilməsi) pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmaqla borcun ödənildiyi xx.xx.2025-cü il tarixə qədər 39 gün üçün həyata keçirilməlidir.
22. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 44,04 manat (8243 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 39 gün (gecikdirilən gün sayı)) təşkil edir.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 44,04 manat məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
24. İddiaçı ödənilmiş 103 manat dövlət rüsumunun, 1000 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
25. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə 116,9 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
26. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, 87 saylı müqavilə (xx.xx.2025-ci il tarixli ******* nömrəli orderdə qeyd edilən müqavilə) 1000 manat məbləğində pul “İsmayılbəyli və partnyorları” vəkil bürosunun hesabına köçürülmüşdür.
27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
29. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
30. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
31. Cavabdehin arqmentlərinə münasibətdə isə göstərilməlidir ki, iddiaçı öz vəkili ilə xx.xx.2025-ci il tarixdə müqavilə bağlamış, vəkil işin məhkəməyə hazırlanması üçün zəruri sübutları toplamış, iddia ərizəsinin tərtib etmiş, onun məhkəməyə verilməsini həyata keçirmişdir. Həmçinin iddiaçı öz tələbini əsas borca münasibətdə müdafiə etməsə də, faiz borcuna münasibətdə müdafiə etmişdir. Belə olan halda, cavabdehin vəkil xərcinin bütünlüklə iddiaçıya aid edilməsi mövqeyi əsassız olmuşdur.
32. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
34. Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 106 manat olmuş, iddiaçı da ona uyğun rüsum ödəmişdir. Lakin xx.xx.2025-ci il tarixdə – iddia ərizəsinin verilməsi ilə eyni gündə cavabdeh 8243 manat ödəniş etmiş, iddiaçı isə iddia tələbini həmin hissədə müdafiə etməmişdir. Belə olan halda, məhkəmə mübahisənin birbaşa cavabdeh tərəfindən tələbin cavabsız qoyulması səbəbindən yarandığını və tələbin cavabdehin sonradan edilən ödənişinə əsasən qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumu işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.
35. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103 manat məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 iyul 2022-ci il tarixli icarə müqaviləsi, 27 may 2024-cü il tarixli xidmət müqaviləsi üzrə əsas borca illik 5% ilə hesablanmış 44,04 manat pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova