Məhkəmə qərarları › İş №e-2-2(113)-509/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-509/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-509/2023 12.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı 01 may 2021-ci il tarixli, 19/0521 saylı müqavilə üzrə xidmət haqqının tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5.500 manat xidmət haqqının və mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında bağlanmış 01 may 2021-ci il tarixli, 19/0521 saylı müqavilə üzrə öz mülkiyyətində olan “Hyundai Tucson” markalı nəqliyyat vasitəsini 1.000 manat olmaqla 31 dekabr 2021-ci il tarixə kimi həmin MMC-yə icarəyə vermişdir (müqavilənin 1.1, 2.1 və 16.7-ci bəndləri). Onun tərəfindən həmin müqavilə şərtlərinə əməl edilərək, həmin avtomobil X7” MMC-nin istifadəsinə verilmiş və xx.xx.2022-ci il tarixə kimi cavabdehin istifadəsində qalmışdır. Lakin MMC tərəfindən ilk olaraq yəni, may ayı üçün müvafiq ödəniş edilməsinə baxmayaraq, sonradan heç bir ödəniş edilməmiş və bununla bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq, həmin ödənişin veriləcəyi vəd edilsə də, edilməmiş, nəticədə məcbur qalıb nəqliyyat vasitəsini icarədən çıxarmış və bununla bağlı X4 tərəfindən müvafiq şikayət edilmiş və ona müraciət etmək tövsiyyə edilmişdir (bank hesabından çıxarış və həmin məktub əlavə edilir). Qeyd edir ki, hazırda cavabdehin ona ödəməli 5.500 manat icarə haqqı vardır. Yəni, 01 may 2021-ci il tarixdən 15 oktyabr 2021-ci il tarixə kimi olan icarə haqqının ümumi məbləği 6.500 manat edir ki, ondan cavabdeh cəmi 1.000 manat ödəniş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı 01 may 2021-ci il tarixli, 19/0521 saylı müqavilə üzrə xidmət haqqının tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, may ayı ödənildiyi üçün cavabdeh “X7” MMC-dən 4.500 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-509/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə Cavabdeh MMC (direktor Javad Talıbovinin imzası ilə) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-509/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-509/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. S.Xudaquliyev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, avtomobil konkret şəxslərin daşınması ilə bağlı şirkətə verilib. Nəqliyyat vasitəsini bir müddət iddiaçının oğlu idarə edib. Həmin vaxt iddiaçının oğlu cavabdeh şirkətdə işləyirdi. Nəqliyyat xidmətləri nəqliyyat vasitəsinin icarəyə verilməsindən ibarət idi. Faktiki icarə münasibətləri idi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı hər hansı iş görməyib və işlərin görülməsini təsdiq edən hər hansı sübutlar yoxdur. A.Tağıyev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 1000 manat məbləği avans kimi ödəmişlər. 1000 manat məbləği geri tələb etməmələrinin səbəbi işçilərinin olmaması şirkətin isə faktiki fəaliyyət göstərməməsi ilə bağlı olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X5 Şakir oğlu məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-də mühəndis vəzifəsində çalışmağa başlamışdır. Aralarında bağlanan müqavilədə mühəndisin nəqliyyat vasitəsi ilə təmin edilməsi ilə bağlı bənd də var idi. Həmin vaxt MMCnin bütün nəqliyyat vasitələri istifadə edildiyindən şirkət 2019-cu ilin noyabr ayında nəqliyyat vasitəsini icarəyə götürdü. Daha sonra 2021-ci ilin aprel ayında həmin şəxs xidmət haqqının ödənilməməsi ilə bağlı müqaviləni ləğv etdi. Rəhbərlik ona nəqliyyat vasitəsi tapmağını təklif etdi. O da atasının yəni, İddiaçı avtomobilini icarəyə götürməyi təklif etdi. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il müddətində nəqliyyat vasitəsindən istifadə edilib. Sadəcə 1 ay ödəniş edildi, daha sonra nə onun əmək haqqı, nə də ki iddiaçının xidmət haqqısını ödəmədilər. Avtomobilə dair hər ay müqavilə bağlanırdı. Daha sonra şahid ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, xx.xx.2021-ci ilədək şirkətdə çalışmışdır. Nəqliyyat vasitəsini etibarnamə əsasında o idarə etmiş, lakin etibarnamənin müddəti keçdiyindən nüsxəsi onda qalmamışdır. Hazırda nəqliyyat vasitəsini satmışlar. O, avtonəqliyyat vasitəsindən ofisə və sahəyə gedmək üçün istifadə edirdi. Başqa mühəndislərə də nəqliyyat vasitəsi verilirdi. Əvvəl istifadəsində olan avtonəqliyyat vasitəsi Toyota markalı, qeydiyyat nömrəsi 10-287 idi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış 01 may 2021-ci il tarixli KTTX 19/0521 saylı xidmət müqaviləsinə əsasən müəyyən edilir ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı, ona məxsus olan bir ədəd “Hyundai Tucson” markalı nəqliyyat vasitəsilə (tip: universal, D.N.N: ** OR ***, Buraxılış ili: 2008) nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqı ödəyir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə aylıq xidmət haqqı vergilər daxil 1.000 manat təşkil edir. 2.3-cü bəndinə əsasən hər növbəti ayın ilk 5 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında “Xidmətlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir. 2.4-cü bəndinə əsasən müqavilə üzrə ödəmələr bank köçürmə yolu ilə aparılır. 3.1.3-cü bəndinə əsasən sifarişçi müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə işləri yerində qəbul edərək dəyərini ödəyir. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan 1 gün ərzində işlərin icrasına başlamalıdır və 5.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən yekun təhvil-təslim aktına əsasən həyata keçirilir. 16.7-ci bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədə qalacaq. Müqavilənin bitməsinə ən azı 7 gün qalmış tərəflərdən biri müqaviləyə xitam verilməsi barədə digər tərəfə yazılı bildiriş göndərməzsə müqavilə davamlı olaraq eyni müddətə (xx.xx.2022-ci ilədək) uzadılmış hesab edilir. Müqavilə sifarişçinin imzası və möhürü, icraçının imzası ilə təsdiq edilmişdir. EBBF seriyalı, 313381 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən 01 may 2021-ci il tarixli KTTX 19/0521 saylı müqaviləyə əsasən may ayı üçün 900 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir. EBBF seriyalı, 314231 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən 01 may 2021-ci il tarixli KTTX 19/0521 saylı müqaviləyə əsasən iyun ayı üçün 1.000 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir. EBBL seriyalı, 712904 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən 01 may 2021-ci il tarixli KTTX 19/0521 saylı müqaviləyə əsasən iyul ayı üçün 900 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir. EBBL seriyalı, 712904 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən 01 avqust 2021-ci il tarixli AX 196/0921 saylı müqaviləyə əsasən avqust ayı üçün 1.000 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir. EBBL seriyalı, 713628 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı tərəfindən 01 avqust 2021-ci il tarixli AX 196/0921 saylı müqaviləyə əsasən sentyabr ayı üçün 1.000 manat dəyərində nəqliyyat xidmətlərinin göstərilməsinə görə elektron qaimə tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı aid) hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrdə İddiaçı hesabına xx.xx.2022-ci il tarixdə 1.010 manat ödəniş edilmişdir. Verdiyev Fərmail Şakir oğlunun sosial arayış və əmək kitabçasından müəyyən edilir ki, Verdiyev Fərmail Şakir oğlu Cavabdeh MMC-də 2019-2021-ci illərdə müxtəlif vəzifələrdə (müvafiq olaraq mühəndis (mülki və tikinti/magistrallar və küçələr) və iş icraçısı (tikintidə)) çalışmışdır. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 01 may 2021-ci il tarixli KTTX 19/0521 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ona məxsus olan bir ədəd “Hyundai Tucson” markalı nəqliyyat vasitəsilə (tip: universal, D.N.N: ** OR ***, Buraxılış ili: 2008) nəqliyyat xidmətlərini icra etməyi və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı 2021-ci ilin iyun, iyul, avqust, sentyabr və oktyabr ayının birinci yarım ayı ərzində həmin müqavilə üzrə xidmətlər göstərdiyini, lakin göstərdiyi xidmətlərə görə haqqının cavabdeh tərəfindən ona ödənilmədiyini əsas göstərərək cavabdehdən 4500 manat məbləğində xidmət haqqı borcunun tutulmasını tələb edir. Cavabdeh sözügedən xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən xidmətlərin göstərilmədiyini və borcunun olmadığını əsas göstərərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi 2021-ci ilin iyun, iyul, avqust, sentyabr və oktyabr ayının birinci yarım ayı ərzində İddiaçı tərəfindən 01 may 2021-ci il tarixli KTTX 19/0521 saylı xidmət müqaviləsi üzrə xidmətlərin göstərilib-göstərilməməsi işin mübahisəli halını təşkil edir. İddiaçı mübahisəli aylarda xidmətlərin göstərilməsi faktlarını təsdiq etmək üçün xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2021-ci ilin iyun, iyul aylarında və 2021-ci ilin xx.xx.2021-ci il tarixli müqavilə üzrə avqust, sentyabr aylarında göstərilmiş nəqliyyat xidmətlərinə dair cavabdehə göndərilmiş elektron qaimələri məhkəməyə təqdim etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, təqdim edilmiş elektron qaimələrdən yalnız ikisi iyun, iyul ayları üzrə xx.xx.2021-ci il tarixli EBBF seriyalı 314231 saylı və xx.xx.2021-ci il tarixli EBBL seriyalı 712904 saylı elektron qaimələr 01 may 2021-ci il tarixli KTTX 19/0521 saylı mübahisəli xidmət müqaviləsi əsasında tərtib edilmişdir. Digər iki qaimədə elektron qaimənin tərtib edilməsi əsası kimi xx.xx.2021-ci il tarixli AX 196/0921 saylı müqaviləyə istinad edilmişdir. İkincisi, tərəflər arasında bağlanmış mübahisəli xidmət müqaviləsində xidmətlərin göstərilməsi faktının təhvil-təslim aktları ilə rəsmiləşdirilməli olması göstərilsə də, mübahisəli aylarda müqavilə üzrə xidmət göstərilməsinə dair aktlar məhkəməyə təqdim edilməmişdir. Üçüncüsü, cavabdeh tərəfindən 2021-ci ilin may ayı üzrə xidmət haqqıya görə 1100 manat məbləğində ödəniş edilməsi barədə iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, təqdim edilmiş hesabdan çıxarışa əsasən yalnız iddiaçıya məxsus bank hesabına xx.xx.2022-ci il tarixdə 1100 manat məbləğində pul yüklənməsi görünməklə həmin pul vəsaitinin kimin tərəfindən, hansı müqavilə və elektron qaimə üzrə ödənildiyi müəyyən edilmir. Odur ki, həmin ödəniş barədə sənədə əsasən mübahisəli dövrdən əvvəlki dövrdə mübahisəli müqavilə üzrə xidmət haqqı ödənişinin məhz elektron qaimə əsasında həyata keçirilməsi barədə əsaslı nəticəyə gəlmək mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 2021-ci ilin iyun, iyul, avqust, sentyabr və oktyabr ayında mübahisəli müqavilə üzrə Cavabdeh MMC-yə xidmət göstərməsi faktı iş materialları ilə öz təsdiqini tapmadığından xidmət haqqının ödənilməsi tələbinə dair iddia əsassız olmaqla rədd edilməlidir. Müqavilədə iddiaçının cavabdehə avtomobillə nəqliyyat xidmətlərini göstərməli olması qeyd olunsa da, həmin müqavilə əsasında faktiki olaraq iddiaçı tərəfindən cavabdehə avtomobilin icarəyə verilməsi və həmin avtomobilin Cavabdeh MMC-də mühəndis vəzifəsində işləmiş Fərmail Verdiyev tərəfindən idarə olunması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı göstərilən dəlilləri, o cümlədən müqavilə əsasında avtomobilin cavabdehin sahibliyinə və sərəncamına verilməsi, eləcə də cavabdehin göstərişi ilə iddiaçı tərəfindən cavabdehin nümayəndəsinin adına avtomiobili idarə etmək hüququ verən etibarnamə verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şahid ifadəsinə münasibətdə məhkəmə qeyd eidr ki, şahid iddiaçı ilə yaxın qohumluq əlaqəsində olmaqla hazırkı işin nəticəsində maraqlı olduğundan həmin ifadələr mübahisəli dövrdə avtomobilin Cavabdeh MMC-nin sahibliyində və istifadəsində olmasını müəyyən etmək üçün yetərli sübut deyildir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı 01 may 2021-ci il tarixli, 19/0521 saylı müqavilə üzrə xidmət haqqının tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar