Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5097/2021 08.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18.02.2021-ci il tarixli ******* saylı akta görə hesablanmış 1620 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bütün kommunal ödənişləri vaxtıvaxtında ödəyərək istehlakçı hüquqlarından tam şəkildə yararlanmışdır. Tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqaviləyə əsasən iddiaçı fasiləsiz olaraq qazla təmin edilmişdir. 18 fevral 2021-ci ildə Binəqədi xidmət sahəsinə zəng vurmuş, qazın zəif olduğu barədə məlumat vermişdir. Cavabdeh orqanın əməkdaşları tərəfindən bağçanın sayğacına baxış keçirilmişdir. Sayğacın istismar müddəti başa çatdığı üçün təzə sayğacla əvəzlənmişdir. Bundan sonra aylıq ödənilməli olan borc məbləğinin elektron qaydada 1622 manat olduğunun şahidi olmuşdur. Bu barədə idarəyə etdiyi müraciətə cavab olaraq bildirildi ki, sayğacın çıxış plasmas borusu kənar təsir nəticəsində deşilmişdir. Tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Çünki belə olacağı təqdirdə isə ən azından aylıq ödənişlər arasında ziddiyətli fərqlər yaranmış olardı. Sayğac bağçada istismarda olan zaman əməkdaşlar tərəfindən heç bir foto şəkil çəkilməmiş, bu hal barəsində ona heç bir məlumat verilməmişdir. Akta nəzər yetirdikdə dəyəri ödənilməli olan qaz həcminin hesablanmasının hansı qaydada müəyyən edildiyi belə çox maraqlı faktdır. Belə ki, cavabdehin əməkdaşlarının iddia etdikləri həcmdə qazdan artıq istifadə etməyi barədə heç bir mütəxəssis araşdırması aparılmadan gözəyarı rəqəm yazılmışdır. Sayğacın istismara yararsız vəziyyətə gəlməsi barədə məlumat isə özləri tərəfindən aşkar edilmişdir. Sayğac bağçanın içərisində deyil, çöldə yəni 30-40 metr aralıda yerləşdiyindən, ona edilmiş müdaxilənin (əgər belə halın həqiqətən də mövcud olduğu sübüta yetirilibsə), onun tərəfindən edilməsi belə aşkarlanmamışdır. Bu səbəblərə görə də hesab edir ki, cavabdeh tərəfindən əsassız olaraq qeyd edilmiş 1622 manat məbləğində borcun silinməsi tamamilə əsaslı və qanunidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, köhnə sayğac çıxarılarkən ona məlumat verilməmiş, bu barədə aktda olan imza da ona məxsus deyildir. Cavabdehin əməkdaşları tərəfindən fevral ayında sayğaca baxış keçirilmiş, yay aylarında isə ona borcunun olması bildirilmişdir. Həmin sayğac bağçadan kənarda yerləşdiyi üçün ona nəzarət edilməsi mümkün deyildir. Bundan əlavə, yeni sayğac qoyulduqdan sonra sərfiyyat əvvəlki sayğacın olduğu dövrlə eynidir. Tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. Bundan əlavə, iddiaçı özü cavabdehə müraciət etmişdir, sayğaca müdaxilə etdiyi halda, o, bu müraciəti etməzdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi, bildirdi ki, iddiaçının istifadəsində olmuş qaz sayğacı çıxarılaraq dövlət yoxlanılmasına göndərilmiş, keçirilmiş yoxlamanın nəticəsi olaraq sayğacın istismara yararsız hesab olunduğu müyyənləşdirilmiş, bu səbəbdən itirilmiş qaz həcminə görə iddiaçıya “Qazdan İstifadə” Qaydalarına əsasən borc yazılmışdır. Bundan əlavə, sayğaca müdaxilədə kimin təqsirinin olmasını sübut etmək mümkün deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Qazdan İstifadə” Qaydalarına əsasən qaz sayğacının işlək vəziyyətdə saxlamaq sahibkarlıq subyektinin vəzifəsidir. Əgər sayğaca müdaxilə aşkar edilərsə, hesab edirlər ki, burada sahibkar təqsirlidir, müvafiq akt tərtib edilir. Hazırkı halda, sayğac iddiaçının balansında olduğundan sayğaca nəzarət etmək onun vəzifəsidir. Müdaxilədə məhz iddiaçının təqsirinin olmasını sübut edə bilməzlər, belə bir mütəxəssis də yoxdur ki, bunu müəyyən edə bilsin. Əlavə olaraq bildirdi ki, iddiaçı nümunəvi abonentdir, təbii qazdan istifadəyə görə yaranmış borcları daim vaxtlı-vaxtında ödəyir. Köhnə sayğac çıxarılarkən işlək vəziyyətdə olduğundan fevralın 18-nə qədər olan sərfiyyat onun göstəricilərinə əsasən hesablanmışdır. Hazırda quraşdırılmış müvəqqəti sayğacın aylıq göstəriciləri ilə əvvəlki sayğacın göstəriciləri demək olar ki, eynidir, hər hansı artma və ya azalma görünmür. Bundan əlavə, sayğac dəyişdirilməsi halında sahibkarlıq sahəsində aparılan yoxlamanın dövlət reyestrində qeydə alınması zəruriyyəti olmadığından, aparılmış baxış dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh tərəfindən tərtib olunmuş ******* nömrəli 18.02.2021-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılıması və istismara qəbulu haqqında aktdan görünür ki, G6 28258534 nömrəli sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. İddiçıya məxsus abonent saldosundan görünür ki, 2021-ci il tarixə **********00090 nömrəli abonentin 1620 manat akt üzrə qalıq borcu mövcuddur. Cavabdeh tərəfindən tərtib olunmuş 10 iyun 2021-ci il tarixli MS-29/1640-00645-0G nömrəli aktdan görünür ki, G6 markalı mexanika tipli qaz sayğacına 10 iyun 2021-ci il tarixdə baxış keçirilməsi nəticəsində müəyyən olunmuşdur ki, çıxış plastmas boru kənar təsir nəticəsində deşilmiş, xətalar normaya aid deyil. Cavabdeh tərəfindən tərtib olunmuş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda cavabdehin MS-29/1640-00645-0G saylı akta əsasən dəymiş ziyanın hesablanması qeyd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞİH-02194 nömrəli arayışdan görünür ki, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya təbii qazdan istifadə üzrə hesablanmış borc qanuni sayıla bilməz. Bu qənaət ondan irəli gəlir ki, qaz sayğacında aşkar edilmiş qüsurların iddiaçının iradəsindən asılı, təqsiri ucbatından yaranmasını, habelə sayğaca iddiaçı tərəfindən qəsdən müdaxilə edildiyini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sayğacın iddiaçının təqsirli hərəkəti və kənar müdaxilə nəticəsində yararsız vəziyyətə düşməsi cavabdeh tərəfindən məhkəmə iclasında sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 6 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə sahibkarlıq sahəsində aparılan yoxlamalar cavabdeh tərəfindən vahid dövlət reyestrində qeydə alınmadığından yoxlamanın nəticəsi əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1-ci maddə). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2-ci maddə). Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (13.1-ci maddə). Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (13.2-ci maddə). Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (13.3-cü maddə). Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonrayoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə quraşdırılmış qaz sayğacına baxış keçirərək çıxarıb yenisi ilə əvəz etmiş, ona əlavə sərfiyyat hesablanmışdır. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 1620 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 1620 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. İş materiallarından da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilməlidir. MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC-yə əsassız olaraq hesablanmış 1620 (bir min altı yüz iyirmi) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. 60 (altmış) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5097/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5097/2021
08.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver